Azərbaycan, Rusiya, İran prezidentlərinin Bakı sammiti dünyada baş verən geopolitik proseslər, Xəzər regionu ölkələrinin əməkdaşlığı, Cənub Qafqazda inteqrasiya və rəqabət məsələləri kontekstində çox əhəmiyyətli hadisə oldu. Artıq Rusiya, İran, Türkiyə nəşrləri və analitikləri Bakı sammitini müxtəlif aspektlərdən təhlil edirlər. Doğurdan da ilk dəfə bu formatda keçirilən sammit bütün region üçün çox böyük əhəmiyyətə malikdir və əsas oyunçuların mövqeyinin, xarici siyasətinin konturlarının müəyyənləşməsi, prioritetlərin qismən də olsa uzlaşdırılması, ən vacibi – əməkdaşlıq üçün ortaq nöqtələrin tapılması baxımından, mühümdür.
Azərbaycan qitələri, Rusiya və İranı birləşdirən “dünyanın ən böyük körpüsü” statusunda
Bu sammitin keçirilməsi və qəbul edilən qərarların Azərbaycan üçün hansı əhəmiyyəti kəsb etməsi də ayırca təhlil edilməlidir. Əslində, Bakının ev sahibi kimi seçilməsi də rəmzi məna daşıyır. Geosiyasət analitikləri çoğrafi mövqeyinə və beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyinə görə, Azərbaycanı “dünyanın ən böyük körüpüsü” adlandırırlar.
Bu baxımdan Cənubi-Şərqi Asiyadan Avropaya alternativ tranzit marşrutu kimi nəzərdə tutulan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində də Azərbaycan İran və Rusiya arasında körpü rolunu oynayır. Obrazlı ifadə etsək, Şərq və Avropa məhz Azərbaycanda birləşir.
Bakı sammiti Azərbaycanın yalnız coğrafi yox, “siyasi körüpü” rolu oynamaq iddiasını və bacarığını da nümyiş etdirdi. Sammitin gedişi göstərdi ki, Moskva və Tehran da Azərbaycanın çox məharətlə “siyasi körpü” rolunu bacarıqla oynmasından məmnundur.
Bakı sammiti ilə Xəzər bölgəsində, Cənub Qafqazda böyük güclərin maraqlarından doğan mürəkkəb geosiyasi proseslərə, ixtilaflara baxmayaraq, Azərbaycan hələ də “formada olduğunu” və fəal oyunçu potensialını nümayiş etdirdi. Bir daha göründü ki, Azərbaycan xarisi siyasəti dünyadakı geosiyasi konteksti yaxşı duya bilir və sığortalanma fəaliyyətlərini həyata keçirməyə qabildir. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəlqiyyat dəhlizi layihəsinin reallaşdırlması üçün Bakının təşəbbüsləri məhz bu kontekstdə dəyərləndirilməlidir.
Əvvəlki təhlillərimizdə qeyd etdiyimiz kimi, indiyədək Azərbaycan məhz “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub qaz dəhlizi” layihələri ilə dünyanın diqqətini çəkib. Növbəti dəfə isə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işləməsi üçün atılan addımlarla gündəliyə gəlir. Azərbaycanın bu təşəbbüsləri ölkəmizin qlobal müstəvidə yerini və rolunu müəyyənləşdirməklə, həm də potensialını nümayiş etdirir.
Şübhəsiz, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çox mühüm geosiyasi layihədir və Cənub Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir.
Azərbaycan Rusiyanın Cənuba, İranın isə Şimala önünü açmaqla region üçün geosiyasi sabitliyin təmin edilməsi və risklərin önlənməsidə çox mühüm rola malik olur.
“Qitələrarası körpü” statusu Azərbaycanın perspektivi və qlobal müstəvidə mövqeyi baxımdan çox vacibdir. Geosiyasi riskərin getdikcə artdığı və qlobal miqyasda rəqabət və qarşıdurma meyillərinin güclənməsi fonunda Azərbaycanın bu rolu ölkənin sabit məcrada inkişafına yeni təminatlar yarada biləcək potensiala malikdir.
Azərbaycan tarazlığı necə saxlayır?
Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, neytral qalmaq lyüksu yoxdur. Azərbaycan böyük qonşu ölkələrin xarici siyasətindəki kiçik dəyişiklikləri belə, nəzərə almaq, daim tarazlığı saxlamaq məcburiyətindədir.
İndiki məqamda məhz əməkdaşlıq layihələri təklif etməklə, hazırda dünyada baş verən geosiyasi burulğandan minumum itkilərlə çıxmaq mümkündür.
Bakı artıq 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla, daha sonra “Bakı-Ceyhan” neft kəmərinin çəkilməsi ilə bu istiqamətdə uğurlu nümunələr ortaya qoyub. 22 ildən sonra “Şimal-Cənub” beynəlxalq nəlqiyyat dəhlizi layihəsinə də eyni prizmadan baxmaq gərəkdir. Çünki “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi iqtisadi olduğu qədər də, siyasi layihədir.
Bakı sammiti Azərbaycanın rəqabəti yox, əməkdaşlığı təşviq etdiyini də nümayiş etdirdi. Bir çoxlarının gözləntilərinin əksinə olaraq, Bakı sammitində Qərb əleyhinə də bəyanatlar səslənmədi. Halbuki bir çox analitiklər Bakı sammitinin Qərbdə qıcıq doğuracağını qeyd edirlər. Bu, istisna deyil, amma Azərbaycan Qərb ölkələri ilə layihələrini də gündəlikdən çıxarmayıb. Bakı sammiti də nümayiş etdirdi ki, Moskva və Tehranda Azərbaycanın bu mövqeyi ilə bağlı ciddi narahatçılıq yoxdur.
Məlumdur ki, “Cənub qaz dəhlizi” layihəsi məhz Qərbin himayəsi ilə həyata keçirilir. Bu layihənin əsas həlqələrindən biri Türkiyədir və Ankara-Moskva əməkdaşlığı ilə yaranmış imkanlar kontekstində rusların da “Cənub qaz dəhlizi”nə dözümlü yanaşacağı gözləniləndir. Bakı “Cənub qaz dəhlizi” ilə paralel olaraq "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üçün ciddi təşəbbüs göstərir. Qərbdə bunu çox yaxşı görürlər və hiss olunur ki, Bakının bu səyləri kifayət qədər anlayışla qarşılanır. Bır sıra analitiklərin bütün şübhə və tərəddüdlərinə baxmayaraq, Bakı uzun müddətdir ki, bu cür təşəbbüslərlə regionda maraqları olan güclərin mənafelərini tarazlaşdıra bilir. Bakı sammiti isə bunun əyani nümayişi oldu.
Cənubi Qafqazdakı, geniş götürüldükdə, Xəzər bölgəsindəki vəziyyət, şübhə yoxdur ki, xeyli dərəcədə və uzun müddət Rusiya və İranın xarici siyasətindən və yanaşmasından asılı olaraq qalacaq. Azərbaycan xarici siyasət kursunda bu, nəzərə alınmalı olan ən önəmli məqamdır.
Bakı mümkün risklərin azaldılması, önlənməsi üçün qabaqlayıcı addımalar atmağa məcbur və məhkumdur. Türkiyə ilə çox sıx əməkdaşlıq müəyyən önləmə mexanizmləri yaratmağa imkan verir. Amma tarix sübut edir ki, bu, yetərli deyil. Bakı üçün ən strateji vəzifə regionda elə qüvvələr nisbətinə nail olmaqdır ki, Azərbaycan üçün sığortalanma imkanları yaratsın. Azərbaycan, Rusiya, İran prezidentlərinin Bakı sammiti isə bu istiqamətdə çox mühüm addım kimi qiymətləndirilməlidir.
Zaur İBRAHİMLİ
Strateq.az