XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 09:36

Rusiya -Türkiyə münasibətləri:Qərblə Şərqin ayrılma və birləşmə nöqtəsində - Təhlil

erdogan-putin1469519558

 

“Avropa Birliyi (AB) siyasiləri antitürkiyə reflekslərini nəzarət altına almalıdırlar. Türkiyənin qanlı çevriliş cəhdindən sonra yaşadığı şokun ardından asanlıqla əvvəlki əhval-ruhiyyəyə qayıda bilməməsini anlayışla qarşılamaq lazımdır. Qərbdən gələn bəzi özündənrazı bəyanatlarda isə bu təmkini görmək mümkün deyil”.

Strateq.az xəbər verir ki, bu sözləri İsveçrənin məşhur mətbu orqanlarında olan “Neue Zürcher Zeitung” qəzeti öz müəllif yazısında qeyd edir.

Qəzet xüsusilə də Türkiyənin AB üzvlüyü ilə təhdid olunmasını anlaya bilmir: “Türkiyə ilə AB-yə üzvlük müzakirələrinin rəsmi olaraq dayandırılmasını tələb etməyin nə mənası var? Onsuz da Türkiyənin AB üzvlüyü dərhal baş tutası bir şey deyil və üzvlüyü rədd üçün xeyli səbəblər var. Amma bunu türklərə dərhal bu qədər sərt şəkildə bildirmək lazım deyil."

Qeyd edək ki, bir müddət əvvəl Avstriya və İsveçin baş nazirləri AB-nin müvafiq orqanlarında Türkiyənin ittifaqa daxil olmasıyla bağlı müzakirələri dayandırmaq təklifi irəli sürəcəklərini bildirmişdilər. Avropa rəsmilərinin bu mövqeyi Ankara tərəfindən ciddi etirazla qarşılanmışdı. Görünür, bu fakta istinad edən “Neue Zürcher Zeitung”un fikrincə, Türkiyənin Rusiyaya yönəlməsində Avropa siyasilərinin onu qıcıqlandırması da mühüm rol oynayıb.

Sözsüz ki, mətbu orqanın irəli sürdüyü bu fikirlərdə həqiqət payı az deyil. Uzun illərdən bəri AB-yə qəbul olunmaq istəyən Türkiyənin müxtəlif bəhanələrlə ittifaqdan kənarda tutulması, iqtisadi, hərbi qüdrət, insan potensialı baxımından ondan xeyli geridə qalan Şərqi Avropanın daha erkən birliyə daxil edilməsi Ankarada hər zaman narazılıqla qarşılanıb. Rəsmi Ankara bu ayrıseçkiliyi xristian təəssübkeşliyi kimi qiymətləndirib və zaman-zaman Rusiyaya meyllənməklə Avropa ölkələrini “haqq yoluna” gətirib. Türkiyə qurulandan bəri Qərblə Rusiya arasında gedib-gələn bu meyllənmə, bizdə olduğu kimi, Ankarada da balanslaşdırılmış xarici siyasətin başlıca gərəklərindən biri kimi qəbul edilib.

Tarixə nəzər salanda görərik ki, Türkiyə yarandığı ilk gündən indiyə qədər bu iki qütb arasında get-gəllərlə özünü qoruya bilib. Hələ Qurtuluş savaşında Türkiyənin əldə etdiyi qələbədə Çar Rusiyası ərazisində qurulan SSRİ-yə yaxınlaşmasının xüsusi rolu olmuşdur. I Dünya müharibəsindən əslində qaliblər cərgəsində ayrılan Rusiyada baş verən sovet inqilabı onu müttəfiqləriylə qarşı-qarşıya gətirmişdi. Kommunizm təhlükəsini beşikdəcə boğmaq istəyən müttəfiqlərinə qarşı mübarizə Rusiyanı Osmanlıdan miras qalan Türkiyəyə yaxınlaşdırmışdı. Həmin müharibədən məğlublar sırasında ayrılan Türkiyə də Rusiyanın bu mövqeyindən kifayət qədər faydalanmış, ondan silah və maddi dəstək almışdı. Hətta Mustafa Kamal Atatürkün nitqlərinə baxanda zaman-zaman kommunistlərlə eyni cizgiyə yaxınlaşan çıxışlar etdiyini görə bilərik.

Quruluşunun ilk illərində Türkiyənin Rusiyaya yaxınlaşması bu ölkəni paramparça etməyə çalışan Qərb imperializminin geri addım atmasına, bir sıra məsələlərdə Ankaraya güzəştə getməsinə səbəb olmuşdu. İkinci Dünya müharibəsinə qədər davam edən bu yaxınlıq SSRİ-nin yardımları ilə Türkiyənin bir sıra beynəlxalq təşkilatlarda iştirakı və iqtisadiyyatının infrastrukturunu qurmağa çalışması ilə yadda qalıb.

II Dünya müharibəsindən sonra Rusiyanın Türkiyədən torpaq və boğazlarda hərbi baza yaratmaq üçün yer tələb etməsi qardaş ölkəni Qərb cizgisinə yaxınlaşdırdı. 1952-ci ildə Türkiyənin NATO-ya qəbul olunmasıyla SSRİ öz ərazi tələblərindən geri çəkildi. İndiyə qədər Qərb cizgisində dayanmasına baxmayaraq, yeni müttəfiqlərinin hər sıxışdırmasında Ankaranın ortaya qoyduğu ilk reaksiya Rusiyaya meyllənmək olub. Türkiyə siyasi tarixinə dövlət çevrilişləri kimi düşən bütün hadisələrin arxasında Rusiya ilə yaxınlaşmağın qarşısını almaq məqsədinin dayandığını təsdiqləyən faktlar mövcuddur. Qərb nəyin bahasına olursa olsun, bu yaxınlaşmaya laqeyd qalmamış, ya iqtisadi həvəsləndirmə, ya da hərbi çevrilişlər yoluyla Türkiyəni öz yanına çəkməyə çalışmışdır.

Əslində 15 iyul hadisəsi də Qərbin on illər boyu yürütdüyü siyasətin davamı idi. Ərdoğan hakimiyyəti Rusiyaya qarşı Qərbin yanında yer almağın iki tərəfə də heç bir faydası olmadığını anlamış və xarici siyasi kursunda kardinal dəyişikliyə getmişdi. Qərbin adamı kimi tanınan və uzun illər boyu ölkənin xarici siyasətini müəyyənləşdirən Əhməd Davudoğlu hökumətini istefaya göndərən Türkiyə prezidenti bununla da Rusiya ilə münasibətlərini normallaşdırmağa qərar vermişdi. Türkiyənin yeni baş naziri Binali Yıldırımla başlayan Rusiyaya yönəlmə niyyətinin qarşısını kəsmək istəyən qüvvələr öz çevriliş cəhdlərində uğur qazanmayınca, rəsmi Ankara yenidən rus kartını ortaya atdı.

Maraqlıdır ki, Rusiyanın hazırkı vəziyyəti də I Dünya müharibəsindəkidən çox da fərqlənmirdi. Şimal qonşumuz da eynilə 100 il bundan əvvəlki kimi, Qərbin sanksiyalarına məruz qalır və ölüm-dirim mübarizəsini davam etdirir. Hər iki ölkənin ortaq taleyi onları birləşdirir, birgə mübarizəsini şərtləndirir.

Bununla belə, iki müttəfiqin uzun müddət bir yerdə olacağını proqnozlaşdırmaq da mümkün deyil. Həm Türkiyə, həm də Rusiya Qərbə qarşı dirənişlərində özlərinə sərfəli divident əldə etməyə çalışırlar. Sözsüz ki, hansı tərəf öz məqsədinə daha tez çatarsa, digərindən rahatlıqla üz döndərə bilər.

İstər Türkiyə, istərsə də Rusiya üçün bu müttəfiqliyin vazkeçilməz olmamasının başlıca səbəbi iqtisadi amillə bağlıdır. Rusiyanın da, Türkiyənin də xarici ticarətdə bir nömrəli tərəfmüqabili Avropadır. Məsələn, Rusiya xarici ticarətdə Türkiyənin ikinci ən böyük  partnyorudur. Birinci yeri isə Almaniya tutur.

Eynilə Rusiyanın da ən çox neft və qaz satdığı ölkə yenə Almaniyadır. Nəzərə alsaq ki, AB təkcə Almaniyadan ibarət deyil, digər ölkələr də ticarət əlaqələrində çox mühüm yer tuturlar, o zaman tərəflərin heç biri digərini Qərbə alternativ görə bilməzlər. Deməli, Rusiya üçün də, Türkiyə üçün də bir-biriylə müttəfiqlik Qərbin onlara qarşı sanksiyalarını azaltmasına və ya tamamilə ortadan qaldırmasına qədərdir.

Türkiyə-Rusiya münasibətlərinin ən yüksək səviyədə olduğu dövr təyyarə böhranından bir müddət əvvələ təsadüf edir. Getdikcə bir-biriləri arasındakı ticarət dövriyyəsini artıran bu ölkələr ticari əlaqələrini ildə 100 milyard dollara yüksəltmək barədə müqavilə bağlamışdılar. Daha sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da əslində Türkiyənin qarşısında öz məqsədlərinə çatmaq üçün münbit şərait yaratmışdı. Bəlkə də Avropa ölkələrinin yerini tədricən Türkiyənin alması ehtimalı elə rus təyyarəsinin vurulmasını şərtləndirən amillərdən biri idi. Faktiki olaraq, bu böhranla Türkiyə illər ərzində damla-damla artırdığı ticarət dövriyyəsini bir anda itirdi.

Baxmayaraq ki, Türkiyə və Rusiya təyyarə böhranından əvvəl də hədəflədikləri 100 milyard dollarlıq ticarət dövriyyəsi həddinə çata bilməmişdilər. Onlar təyyarə vurulan il bu hədəfin sadəcə 3/1-ni reallaşdırmış, ticarət dövriyyəsini 33 milyarda çatdırmışdılar. Bütün arzulara rəğmən, bu hədəfin reallaşa bilməməsinin səbəbi Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla izah olunur. Xüsusilə neftin qiymətlərinin ucuzlaşması, Rusiyadan xarici valyutanın qaçması və nəticədə yaşanan iqtisadi böhran ticarət dövriyyəsi hədəfinin baş tutmamasında mühüm rol oynamışdı. Digər tərəfdən, Qərbdən ümidi kəsilən Rusiyanın Uzaq Şərqə, özəlliklə Çinə yönəlməsi də bu məsələdə təsirli faktor olmuşdu.

Məsələyə bu aspektdən nəzər salanda, Türkiyə və Rusiyanın heç vaxt bir-biriləri üçün alternativsiz tərəfmüqabili olmayacaqları qənaəti yaranır. Qərbdən tamamilə əli üzülən Rusiya Çinə yönələcəyi kimi, Türkiyə də ən böyük ticarət ortağı olan Qərbə qapılarını tam bağlaya bilməyəcək. Türkiyə üçün Çin də Qərbi əvəz edəcək alternativ olmaqdan uzaqdır. Deməli, onun Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması mövcud şərtlər daxilində qeyri-mümkün görünür. Çünki Türkiyənin Çindən ancaq alacağı nə isə var. Qarşılıqlı və davamlı ticari əlaqə üçün isə həm də sata biləcəyin nəsnə olmalıdır.

Qərbin də Türkiyədən asanlıqla vaz keçməsi mümkün deyil. Ələlxüsus da ona görə ki, Türkiyə Rusiyanın dünya hegemoniyasının əsas hədəfinə çevrilən Qara dənizdən Aralıq dənizinə açılan boğazlara sahibdir. Qərb isə bu boğazların daha güclü düşmənin əlinə keçməsini istəmir. Odur ki, ən azı, Rusiya çökənə qədər ya Türkiyə hökuməti ilə razılaşmalı, ya da Rusiyaya yönələn müttəfiqini yarızorakı, yarıkönüllü yollarla ənənəvi yerinə qaytarmalıdır.

Qısası, bu cür mürəkkəb şəraitdə Türkiyə ilə Rusiya yaxınlaşır. Hər iki dövlətin yaxınlaşmasında başlıca rol oynayan amil isə geopolitik zərurətlərdən yox, onlara rəhbərlik edən liderlərin fərdi keyfiyyətlərindən irəli gəlir. Əsrlər boyu demokratik dövlətçilik ənənəsindən uzaq olan Putin Rusiyası üçün bu mövqe başadüşüləndir. Amma Atatürkdən indiyə qədər formalaşa-formalaşa gələn balanslaşdırılmış xarici siyasət kursundan birmənalı şəkildə imtina olunması isə nə türk siyasi ənənələriylə, nə də Türkiyənin geopolitik durumuyla bir araya sığmır.

Türkiyə ona görə yüzillik ənənəyə zidd siyasi kursa yuvarlanır ki, onun xarakter etibarilə maksimalist olan prezidenti hər iki qütb arasında eyni məsafədə durmağı, sadəcə, bacarmır. Ərdoğan üçün ya mütləq müttəfiq, ya da mütləq rəqib anlayışı var. Bu mütləqçi anlayış isə, istər-istəməz, Türkiyənin manevr imkanlarını daraldır, dayandığı tərəfdəki mövqeyini zəiflədir. Təsadüfi deyil ki, bu xarizmatik liderin idarəçiliyi ilə Türkiyə bir müddət əvvəl rus təyyarəsini vuraraq və deməli, həm də sahib olduğu körpüləri yandırıraq, Qərbə yönəlmişdi. İndisə Qərbdən umduğu dəstəyi ala bilməyincə, yenə eyni iri addımlarla Rusiyaya yönəlmək xəttini tutur. Və bu dəfə də Qərblə körpüləri yandıraraq…

Halbuki, geosiyasi mövqeyi Türkiyəyə Qərblə Şərqin həm ayrılma, həm də birləşmə  nöqtəsi olmaq imkanı verir. Ayrılma nöqtəsi olmaq Türkiyənin özünü də daxili qarşıdurmalara aparır. Birləşmə nöqtəsi kimi isə bu ölkə incə balanslaşdırılmış siyasətlə hər iki tərəflə qurulan əlaqələr sayəsində bütün böyük dövlətlərdən belə daha çox qazana bilər…

Heydər Oğuz

Strateq.az