XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 09:11

Yaxın Şərqdən Azərbaycana baxış

Və ya ölkədaxili məzhəb münaqişələrdən ölkələrarası müharibəyə keçiş

Kerry: İsrail'in ihlallerine fazla odaklanmayın

ABŞ-ın dövlət katibi Con Kerri iki gün öncə çıxış edərək bütün dünya dövlətlərini Misirə maliyyə yardımı göstərməyə çağırdı. Dövlət katibinin bu çağırışı dərhal əks-səda doğurdu. Dünən Səudiyyə Ərəbistanı, ardından Kuveyt Misirə 4 milyard ABŞ dolları yardım verəcəklərini açıqladılar. Birləşmiş Ərəb Əmirlikləri də bu yardım kampaniyasına qoşulacağını bildirdi. O da digər ərəb ölkələri kimi bu xeyirxah təşəbbüsə 4 milyard pul ayıracaq.

Neft zəngini olan bu dövlətlərin pul kisələrini eyni ölçüdə açması təsadüfə oxşamır. Sanki “böyük patronları” onların hər birinin üzərinə bu cür öhdəlik qoyub. Misirə “xərac” verənlərin sırasına başqa dövlətlərin də qoşulacağı təxmin edilir. Zira 3 dövlətdən eyni həcmdə alınan “xərac” “Quzey Afrika aslanı”nın heç dişlərinin dibində belə qalmaz. İqtisadi statistikalara görə, Misirin ayaqda dura bilməsi üçün ən azı 35 milyard dollara ehtiyacı var.

Sual oluna bilər; hər il dünyanın müxtəlif ölkələrindən külli miqdarda pul alan, buna baxmayaraq heç cür özünü dirçəldə bilməyən Misir niyə bu hala gəlib?

Əslində yüksək iqtisadi potensiala, təbii zənginliklərə, Nil çayının üzərində qurulan aqrar sənaye və turizm iqtisadiyyatı imkanlarına malik ölkə həm də yüksək intellektual bazaya sahibdir. üstəlik, Suveyş kanalı da onun iqtisadi və geosiyasi potensialına yeni imkanlar qatır. Nə yazıq ki, Misirdə bütün bunlar sadəcə potensial halındadır. ölkədə demokratik mühitin tam oturuşmaması, iqtisadi azadlıqların olmaması, ən əsası isə hərbi xuntaların məsrəfləri bu “Afrika aslanı”nın ac-yalavac həyat sürməsinə səbəb olur.

Musrinin Misiri

Misir xalqı ölkələrini geridə qoyan bu diktaturaya qarşı 2011-ci ildə göstərdiyi dirənişlə demokratikləşmənin əsasını qoymağa çalışdı. Bir ildən sonra Mursinin qələbəsiylə nəticələnən bu inqilabın ömrü isə uzun sürmədi. Ona ən böyük zərbəni də yenə hazırda dünyanı yardıma çağıran və bu çağırışa cavab verən ölkələr vurdu.

Statistikalara inansaq, Mübarək hakimiyyəti dövründə hər il 6-7% faiz böyüyən Misir iqtisadiyyatının inkişafı Musri dönəmində 2.3%-ə gerilədi. Ona özünü dirçəltmək üçün verilən iqtisadi dəstək isə çox cüzi oldu. Musrinin bütün səylərinə baxmayaraq ərəb ölkələrindən sadəcə Səudiyyə Ərəbistanı və Qətər Misirə 4 milyard dollar pul ayırdı. Bu hakimiyyətin ən yaxın müttəfiqi kimi çıxış edən Türkiyənin göstərdiyi maddi dəstək isə 1 milyard dollar həcmindəydi. Həmişə ABŞ-ın maraqlarından çıxış edən İMF (Beynəlxalq Valyuta Fondu) isə verəcəyi yardım qarşlığında hökumətdən “ekonom” duruma keçməyi, yəni büdcə xərclərini azaltmağı tələb etdi. Bu tələb onsuz da kasıbçılığından zəncir gəmirən əhalini hökumətin üzərinə qaldırmaq mənasına gəldiyindən Musri məcburən verdiyi qərarı bir gündən sonra ləğv etdi. Bu da azmış kimi, demokratik Misirin ümid yeri olan hakimiyyət daxili sobatajlara məruz qaldı. Mübarək dövründə formalaşan iqtisadi güclər öz yetkilərini xalqla bölüşmək istəmədiklərindən qınlarına çəkildilər. Beləcə, Qahirənin səmasında yenicə doğan günəşin üzərini qara buludlar aldı və onu batmağa məcbur etdu.

Misiri duman kimi ağuşuna alan Sisi- ələ baxan Qahirənin sisi

Musrini hərbi çevrilişlə yıxıb taxta yiyələnən Əbdül Fəttah əl-Sisiyə də əslində yaxşı miras qalmamışdı. O, hakimiyyət başına keçəndə ölkənin xəzinəsində yalnız üç aylıq zəruri idxalat xərclərini ödəyəcək qədər pul vardı. ölkəni bürüyən ixtişaşlar isə Misir iqtisadiyyatında böyük payı olan turizm sektorunu da bərbad hala gətirmişdi. Bu zamana qədər Sisinin Fars körfəzi ölkələrindən aldığı 12 milyard dollarlıq yardım isə narazı kütlələri sakitləşdirmək üçün maaşları artırmağa sərf olunmuşdu. “Xilas paketi” siyasətiylə minimum əmək haqqısı 40% artırılaraq 170 ABŞ dollarına çıxarılan ölkənin ələ baxımlı hala gətirilməsi üçün bu gün də dünyanın bütün ölkələri əlindən gələni edir.

“Afrika aslanı” niyə ram olunur?

Təbii ki, “Afrika aslanı”nın bu cür ram edilməsinin səbəbi var. Misir ərəbcə danışan ölkələrdən olsa da bir çox xarakterik özəllikləriylə onlardan fərdlənir. Dünyanın ən qədim mədəniyyətlərindən birini yaradan bu ölkədə dövlətçilik ənənələri var və bu şüurun ətrafdakı coğrafiyalara təlqin olunması bir çox neft səltənətlərinin taleyini şübhə altında qoya, ərəb ölkələrini sivil dünya gerçəkləriylə qaynaşdıra bilər. Bununla da Qərb imperializminin acımasız istismarına söykənən neft strategiyası məhvə uğrayar. Ərəb ölkələrində yaranan yeni demokratik quruluşlar bütün islam dünyasına mütərəqqi ideyalar yayar. Dini təəssüfkeşlikdən uzaqlaşan coğrafiyalarda məhzəb müharibələrinin kökü kəsilər. Nəticədə bölgəyə gətirilən barış yalnız Yaxın Şərq ölkələrinin inkişafıyla qalmaz, bu coğrafiyanın yüyənini öz əlində tutmağa çalışan İsrailin də çətin vəziyyətə düşməsinə səbəb olar.

Dünyanı idarə edənlərə isə İŞİD tipli təfəkkür tərzlərini yaymağa çalışan Səudiyyə Ərəbistanı, Kuveyt, BƏƏ lazımdır. Təsadüfi deyil ki, Musrinin də hakimiyyətdən uzaqlaşdırılmasında onun Suriya məsələsində tərəddüdləri də önəmli rol oynamışdı. Bəşər Əsəd səltənətində baş verənləri “Suriya xalqı regional və beynəlxalq dövlətlər tərəfindən dəstəklənən planlı bir etnik təmizmə və məhvetmə kampaniyası ilə qarşı-qarşıyadır. Suriyalılar heç kimin vecinə deyil” (qaynaq: http://www.amerikaninsesi.com/content/misirin-suriye-politikasi-sorgulaniyor/1689260.html) sözləriylə qiymətləndirən Musri dönəmində Misir beynəlxalq hərbi kaolisiyada yer alsa da vəzifəsini ümumi sözlərlə icra etməyə, gərəkli əsgəri fəaliyyətlərdən uzaq durmağa çalışırdı. Bu tərəddüdlər isə, təbii ki, Yaxın Şərqi qan gölündə boğmaq istəyənlərin işinə yaramırdı.

Niyə İŞİD sıradan çıxarılır?

Zənnimcə, İraq və Suriyanın bu günkü durumuna baxanda yeni Misirə niyə neft dollarlarının axışmağa başladığı daha gözəl anlaşılır. Bildiyimiz kimi, bir zamanlar bölgədəki ərəb dövlətləri tərəfindən dəstəklənən İŞİD-in indi sıradan çıxarılmasına start verilib. Maraqlıdır ki, ABŞ-ın çaldığı hər havaya oynayan Körfəz dövlətləri də bir müddət əvvəlki mövqelərini tam dəyişiblər. İndi onların hərbi təyyarələri İŞİD-in başına bombalar yağdırır. Havadan sünni ərəb ölkələrinin də yer aldığı koalisiya qüvvələri tə
rəfindən bombalanan İŞİD qurudan isə şiə və kürd silahlılarının birgə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində məhv olunur. Şiə silahlılarının İran tərəfindən dəstəklənməsi, hətta sırf bu məqsədlə iki ay kimi qısa müddət ərzində yaradılan Həmədani hərbi birləşməsinin asanlıqla Şimali İraqı İŞİD-çilərdən təmizləməsi ağla müxtəlif versiyalar gətirir.

ölkəiçi münaqişədən ölkələrarası müharibəyə

Görünən budur ki, ABŞ-ın İŞİD-i sıradan çıxarmasının məqsədi heç də İraq və Suriya xalqının rifahını yüksəltmək deyil. Əksinə, bölgənin daha artıq tari-mar olunması üçün məhvetmə planını böyütmək, onu hansısa terror təşkilatı çərçivəsində çıxarıb sünni və şiə dövlətləri arasında münaqişəyə çevirməkdir. Bu gün İŞİD-ə qarşı hava hücumlarında rol alan güclərin sabah bölgənin tamamən şiə İranının əlinə keçməsindən narahat olmayacağına və ona qarşı mübarizə aparmaq istəməyəcəyinə heç kim qarantiya verə bilməz.

Maraqlıdır ki, ABŞ-ın bu məkrli planı onun “strateji müttəfiqləri” olan Yaxın Şərq dövlətləri tərəfindən də sezilir. Bu yaxınlarda Körfəz liderlərində yaranan nigarançılığı ortadan qaldırmaq üçün Kerrinin Səudiyyə Ərəbistanına getməsi və orada bölgə dövlətlərinin xarici işlər nazirləriylə görüşməsi bu mənada təsadüfi deyil. Mətbuata sızan məlumatlara görə, ABŞ diplomatı onlara İranın nüvə silahına sahib olmayacağına qarantıya verib. İranın düşməni olan və aralarında heç bir diplomatik əməkdaşlığın olmadığı bilinən (və ya bildirilən) ABŞ sözcüsünün necə bu cür əminliklə danışa bilməsi, əlbəttə ki, əsl cavabı axtarılası sualdır.

Məzhəb müharibələrində İran

Yavaş-yavaş İraq və Suriyanın daxili münaqişəsinin dövlətlərarası müharibəyə çevrilməsi, daha böyük məzhəb savaşının baş tutması üçün İranın bölgəyə hakim olması tələb olunur. Əfqanıstan sərhədindən Aralıq dəninizinə qədər uzanan şiə zolağında İran hegemonluğu tam qurulduqdan sonra böyük ehtimalla sünnüləri zülmdən qurtarmaq əndişəsi yaranacaq. Bu zaman isə bölgəyə quru qüvvələrinin cəlb olunması problemi ortaya çıxacaq.

İstər Səudiyyə Ərəbistanı, istər Küveyt, istərsə də BƏƏ və sair kimi sünni dövlətlərin hərbi potensialı quruda vuruşmaq qabiliyyətində deyil. Onlar uzaqbaşı havadan nəyəsə ümid edə bilərlər. Quruda vuruşmaq üçün isə daha çox əhalisi olan dövlətlərə ehtiyac var. Yaxın Şərqdə bu potensiala sahib iki ölkə ön plana çıxır. Bunlardan biri Türkiyə, digəri isə Misirdir.

Türkiyənin ən böyük yalnışı

Türkiyə bütün beynəlxalq səylərə baxmayaraq sözü gedən proyektdə iştiraka müsbət yanaşmır və yəqin ki, bunun bədəlini də ödəyəcək. İraqdakı türkmənlərin İran çətiri altında birləşdirməsi və İŞİD-ə qarşı kürdlərlə bərabər mübarizəyə başlamaq məcburiyyətində qalması rəsmi Ankaranın Yaxın Şərq siyasətində yol verdiyi ən böyük yalnışlardan oldu. Bəlkə də sünni təəssübkeşliyindən doğan instiktlə Türkiyə bölgədəki kürdlərə “stavka” etdi. Halbuki bu coğrafiyada kürd varlığının əsas söz sahibinə çevrilməsi Türkiyənin öz torpaq bütövlüyünü təhlükə altına ata bilərdi. Rəsmi Ankaranın əsl strateji tərəfdaşına çevriləcək türkmənlər isə şiə olduqlarından dolayı daha çox İŞİD zülmünə məruz qaldılar və çarəni İrana sığınmaqda gördülər.

Bir neçə gün öncə İranın dəstəyi ilə Mosulda keçirilən hərbi əməliyyatlarda 5000 türkmənin yer alması bunun ən bariz sübutudur. Maraqlıdır ki, həmin əməliyyatda türkmənlər Quzey İraq kürdləriylə bərabər hərəkət edirdilər. Bu fakt Türkiyənin Quzey İraq siyasətində “stavka” etdiyi kürdlərin də İranın təsir dairəsinə düşəcəyindən və bəlkə də artıq düşdüyündən xəbər verir. Beləcə, məzhəb savaşlarına girməyənə qədər Türkiyənin daxili problemlərlə başının ağrıyacağı ehtimalı hər zaman gündəmdə olacaq.

Məzhəb savaşına ələ baxan “Afrika aslanı” çıxarılacaq

Hələlik isə məhzəb savaşlarına canlı qüvvə ilə dəstək verəcək yeganə qüvvənin Misir olduğu görünür. Körfəz ölkələrindən asılı vəziyyətə gətirilən Misirin ələ baxımlılığının sirri də, zənnimizcə, burda axtarılmalıdır. Ərəb ölkələrinə demokratiya təlqin edə biləcək durumdan, onları arxasınca aparacaq potensialdan məhrum olunan Misir indi məkrli bir startegiyanın quluna çevrilib və bundan qaçması da mümkün deyil. Sisinin bu yaxınlarda ABŞ mediasına verdiyi müsahibəsində İsrail rəsmiləriylə tez-tez əlaqə saxladığını gizlətməməsi və ardından ölkəsinə ABŞ dollarının yağması bu mənada təsadüfə oxşamır.

Biz Yaxın Şərqdən uzaqda olsaq da o, bizə çox yaxındır

Qeyd etmək yerinə düşərdi ki, Yaxın Şərq coğrafiyası nə qədər bizdən uzaq görünsə də onun əsas oyunçusuna çevrilən qüvvələrdən biri bizimlə həmsərhəddir. Bəli, səhv anlamadınız, söhbət həm də bizdən dəfələrlə çox azəri türkünün yaşadığı İrandan gedir. Kim bilir, bəlkə də Azərbaycanın bu zamana qədər İran təsirindən uzaq qalmasının başlıca səbəbi də bizim ABŞ, İsrail, Qərb himayəsi altında olmağımızdan irəli gəlmir. Təxminlərimə görə, bunun yeganə səbəbi ölkəmizdə imperialist maraqları olan Rusiyanın varlığıdır.

İndi həmin Rusiyanın başı Ukraynadakı problemlərə qarışıb. Bu isə yaxın gələcəkdə Rusiyadan boşalan yerin İran tərəfindən doldurulmasına zəmin hazırlayır. üstəlik, neftin dünya bazarında ucuzlaması ölkəmizdə narazı qrupların artacağından xəbər verir. İranın ucuz səhiyyə sistemi, iqtisadi və sosial fəaliyyətləri get-gedə kasıblaşan Azərbaycan xalqının cazibə mərkəzinə çevrilir. Digər tərəfdən yaxın zamanlarda pərən-pərən düşməsi gözlənilən İŞİD-ə qoşulanların və günü-gündən iqtisadiyyatı çökən Rusiyaya çörək dalınca gedənlərin geri qayıdacağını da bu hesaba qatsaq, Azərbaycan hakimiyyəti hər cür sürprizlərə hazır olmalıdır.

Heydər Oğuz