XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

13 Avqust 2016 - 20:02

Türkiyənin bozaran “qırmızı cizgiləri”:Böyük strateji əhəmiyyət daşıyan Münbiç PKK-nın əlinə keçdi!

suriye-harita-son-1

Ankaranın başı daxili hesablaşmalara qarışdığı bir zamanda qorxulan oldu.

Strateq.az xəbər verir ki, Türkiyə sərhədləri yaxınlığında yerləşən Münbiç (bəzi qaynaqlarda Menbiç olaraq keçir) mahalı ABŞ-ın dəstəklədiyi Suriya Ərəb Koalisiyası (SAK) və PKK-nın Suriya uzantısı olan PYD-nın əlinə keçib.

Bundan əvvəl İŞİD-in nəzarəti altında olan mahal uğrunda döyüşlərin may ayının sonlarından bəri davam etdiyi bildirilir.  Dünən isə İŞİD müqavimətinin son günü olub. Məlumata görə, əllərindəki son yaşayış yeri olan Sirb məntəqəsini PYD və SAK-a ötürən “xilafət”çilər 500-ə yaxın girovla birlikdə yenə Türkiyə üçün strateji əhəmiyyət daşıyan Cerablusa çəkiliblər. Cerblusun bir tərəfdən Münbiç mahalının əhatəsində, digər tərəfdən isə Türkiyə ilə həmsərhəd olduğunu nəzərə alsaq, yaxın günlərdə son qalalarına sığınan “xilafətçilər”in tamamilə sıradan çıxarılacağını proqnozlaşdırmaq mümkündür.

SAK və PYD-nin birgə əməliyyatının koalisiya təyyarələri tərəfindən dəstəkləndiyi xəbər verilir.

Münbiç Türkiyənin “qırmızı cizgi” adlandırdığı, eni 45, uzunluğu 90 km olan toxunulmaz bölgəsinin böyük hissəsini əhatə edir. Ankara bu bölgənin kürd separatçılarının əlinə keçməsində ona görə maraqlı deyil ki, İraqın və Suriyanın şimalında yaradılacağı düşünülən kürd dövlətinin Aralıq dənizinə açılan xətti üzərində yerləşir. Bir zamanlar Hafiz Əsəd tərəfindən 6 müxtəlif rayona bölünən və hər bir rayonda müxtəlif milli və etnik qrupların yerləşdirilməsiylə coğrafi bütünlüyü ortadan qaldırılan bu xətdə Suriyada vətəndaş müharibəsi başlayandan sonra avtoritar boşluq yaranmışdı. Ötən il Tel-Abyadı, sonra isə Raqqanı işğal edən PYD qüvvələri Suriyanın şimalında bir zolaq kimi keçən kürd bölgəsinin yarısına hakim olmuşdular. Bundan sonra onların qarşısında dayanan əsas hədəf Münbiçi işğal edib digər kürd rayonu sayılan Afrinlə əlaqəni təmin etmək idi. Afrinlə Aralıq dənizi arasında isə sadəcə Türkmən dağı yerləşir ki, bu ərazilər də Rusiya və Suriya ordusunun keçirdikləri birgə hərbi əməliyyat nəticəsində Türkiyəyə bağlı qüvvələrdən faktiki olaraq “təmizlənib”. Qısası, Münbiç mahalı kürd separatizminin dövlət idealını reallaşdırması yolunda həlledici önəmə malikdir, bu da istər Türkiyə, istər Suriya və İraq, istərsə də İranın milli maraqlarına ziddir və onlar həmin idealın reallaşmasına əsla razı ola bilməzlər.

Məlumatlardan o da görünür ki, Münbiçin alınmasında ABŞ PYD və SAK-a hərbi hava dəstəyi verib. Halbuki, ABŞ-ın müttəfiqi hesab olunan Türkiyə Münbiçin İŞİD-dən xilas olunacağı təqdirdə, kürd separatçılarının əlinə keçməməsini və bunun üçün də mahalın azad edilməsində kürd yaraqlılarından faydalanılmamasını şərt qoşurdu. ABŞ isə “əməliyyatlarda kürdlər də iştirak etsin, məqsədə çatılandan sonra onlar ərəblərin xeyrinə mahaldan çıxarlar” bəhanələriylə müttəfiqinin bu əndişəsini aradan qaldırmağa çalışırdı.

Vaşinqtonun başqa bir bəhanəsi isə İŞİD-in Avropadan Suriyaya qədər uzanan lojistik mərkəzlərdən biri rolu oynamasıyla bağlıdır. İstər ABŞ-ın, istərsə də Rusiyanın iddialarına görə, Suriya və İraqda qurulan İŞİD “xilafəti”nə Türkiyədən keçiş Münbiç üzərindən reallaşır. Digər bir keçid məntəqəsi Tel-Abyad idi ki, bu bölgə bir il öncə PYD tərəfindən işğal olundu. Beləcə, indiyədək yeganə keçid nöqtəsi kimi qalan Münbiçin işğalından sonra İŞİD “xilafəti”nin yer üzündən silinəcəyi təxmin olunur.

Səbəb nə olursa olsun, Ankaranın başının daxili hesablaşmalara qarışdığı şəraitdə reallaşan Münbiç əməliyyatı başa çatdı, PYD qüvvələrinin bu mahalı tərk edəcəyi isə inandırıcı görünmür. Əvvəla, ona görə ki, mahalın alınmasında ən ciddi yük PYD silahlılarının çiyinlərinə düşüb və kürd separatçıları kiməsə hədiyyə ediləcək torpaq üçün öz qanlarını, canlarını hədər edəcək qədər sadəlövh deyillər.

İkincisi ona görə ki, PYD-nin Münbiçdə oturmamasını ciddi-cəhdlə təkid edən Türkiyə ilə ABŞ arasında dərin konfliktlər yaranıb. Və təbii ki, bu şəraitdə Türkiyənin  mənafeyini nəzərə almağı ABŞ-dan gözləmək yersiz olardı. Xüsusilə, 15 iyul hadisəsindən sonra ABŞ müttəfiqliyinin qiymətini Ankaraya sübut etmək, Rusiyaya yönəlməyin necə ağır bədəlləri olacağını göstərmək istəyir. Ən ciddi təzyiq vasitələrindən biri isə, təbii ki, Türkiyənin “qırmızı cizgilərini” tapdalamaq, yaxud tapdalayana həyan durmaqdır.

Prinsipcə, Türkiyə-ABŞ arasında ciddi mübahisələrə səbəb olan kürdlərin dəstəklənməsi iki müttəfiq arasındakı münasibətin ən xoş keçdiyi dönəmlərdə də mövcud idi. Əslində bir zamanlar Böyük Yaxın Şərq proyektinə birgə başlayan Vaşinqton-Ankara münasibətlərinin pisləşməsində ABŞ-ın kürd separatçılarına yönəlməsinin də mühüm rolu var. Vaşinqton regionun ən yaxşı döyüşçüləri bəhanəsilə hər zaman kürd separatçılarını dəstəkləyib. Yaxın Şərqin sərhədlərinin yenidən cızılmasında onların göstərdikləri xidmətlər də yetərincə qiymətləndirilib, Şimali İraqda faktiki olaraq Kürdüstanın ilk təməlləri atılıb. Bu yeni təşəkkülün öz ayaqları üzərində dayanması üçün Suriyanın şimalı da ona birləşməli və Kürdüstanın sərhədləri Aralıq dənizinə qədər uzanmalıdır. Əks halda, Şimali İraqda formalaşdırılan rüşeym-dövlətin iqtisadi müstəqillik əldə etməsi mümkün deyil və bu dezavantaj sabah həmin yeni dövləti regional güclərdən asılı vəziyyətə, bununla da onun arzulanan istiqamətdə fəaliyyətini çətinə sala bilər.

Nədən ki, ABŞ-ın hədəfi Yaxın Şərqi bir-birinin qanına susayan və müxtəlif tayfaların iradəsinə bağlı kiçik dövlətciklər halına gətirməkdir. Bu dövlətlər bir-biriylə döyüşdükcə, himayədar kimi İsrailə və ABŞ-a sığınacaq, hər iki himayədar regional stabilliyin qarantına çevriləcək. Belə kiçik şahlıqlardan birinin də Şimali İraqdan Aralığa qədər zolaq şəkilində uzanan Kürdüstan zolağı olacağı gözlənilir. Kürd zolağı həm regionun əsas güc mərkəzi sayılan Türkiyə ilə Yaxış Şərqi bir-birindən ayıran ən təbii sərhəd rolunu oynayacaq, həm də bölgənin bütün dövlətlərində etnik separatizmi dəstəkləyən lojistik mərkəzə çevriləcək.

Kürd zolağının iqtisadi potensialı və coğrafi mövqeyi də bu missiyaya imkan verir. Bilindiyi kimi, İraq neftinin 40%, Suriya enerji mənbələrinin əhəmiyyətli qismi bu zolaqda yerləşir. Sözügedən enerji daşıyıcılarının dünya bazarına çıxarılması isə Aralıq dənizi vasitəsilə mümkündür. Əks halda Şimali İraq nefti ya indiki kimi Türkiyə, ya da Mərkəzi İraq üzərindən açıq dənizlərə və ordan dünya bazarına nəql oluna bilər. Hər iki halda isə yuxarıda da qeyd etdiyimiz kimi, xəyali Kürdüstanın regional asılılıqdan qurtulması və üzərinə düşən missiyanı “vicdanla” yerinə yetirməsi mümkün deyil.

Bu perspektiv plana nəzər salanda, Türkiyənin öz daxili məsələlərinə başı qarışdığı zaman Münbiçin, faktiki olaraq, kürd separatçılarına ötürülməsi, həm də qardaş ölkədə baş tutmayan 15 iyul çevrilişinin əsl səbəbləri aydınlaşır. Görünür, “qırmızı cizgilər” tapdalanmamışdan əvvəl Türk ordusunun təsirsiz hala salınması, öz xalqı qarşısında nüfuzdan düşməsi və qüdrət imicinin korlanması lazım idi.

Bu mənada 15 iyul hadisələrini ABŞ-ın baş tutmayan ssenarisi kimi qiymətləndirmək sadəlövhlük olardı. Bəlkə də hər şey incə düşünülmüş ssenari üzrə gedir. Bu versiyanın nə qədər həqiqət olub-olmadığını isə yaxın gələcək göstərəcək.

Heydər Oğuz

Strateq.az