XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2016 - 00:27

Kürdüstanın qurulması isitiqamətində yeni mərhələ:Mosul əməliyyatı başladı!

 

musul-da-dev-operasyon-basliyor-1457728247

14 avqust 2016-cı il tarixdə səhər tezdən İraqın şimalında Kürd Muxtariyyətinin başçısı Məsud Bərzaninin rəhbərliyi altında peşmərgə gücləri (kürd yaraqlıları) İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar.

Strateq.az xəbər verir ki, peşmərgə güclərinə koalisiya qüvvələri də havadan dəstək veriblər. İlkin məlumata görə, peşmərgələr cəbhə xətti boyunca 10 km irəliləyiblər.

Qeyd edək ki, Mosulun İŞİD-dən təmizlənməsi üçün uzun müddətdən bəri hərbi əməliyyatlara hazırlıq gedirdi. Həm Mərkəzi İraqda, həm də kürd bölgəsində 2 il davam edən hazırlıq prosesində tərəflər dəfələrlə əməliyyat tarixini açıqlayır, həmin tarixə qısa müddət qalanda isə ABŞ ordusunun rəhbərliyi qüvvələrin döyüşə tam hazır olmadığını bildirərək, hücum planını təxirə salırdı. Bu gün isə, deyəsən, İraq xalqının böyük intizarla gözlədiyi əməliyyata start verilib. Məlumata görə, peşmərgələrin top atışları, koalisiya qüvvələrinin isə havadan hücumları ilə başlayan əməliyyatda ilk əvvəl İŞİD-in müxtəlif hədəfləri bombalanıb, daha sonra 3 istiqamətdən quru hərəkatı başlayıb.

Bu dəfəki hərbi əməliyyatlara ABŞ-ın da xeyir-dua verdiyi aydın olur. Əməliyyata koalisiya qüvvələrinin hava dəstəyi bundan xəbər verir. Həmçinin, əməliyyatdan bir gün əvvəl ABŞ yetkilərinin yerli hakimiyyət nümayəndələrilə görüşməsi də bu mənada təsadüfi hesab olunmur. Məlumata görə, dünən ABŞ-dan gələn bir heyət Məsud Bərzanini ziyarət edib. Ziyarətçilər arasında Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Mak-Gurk, İraq Milli Təhlükəsizlik Şurasının sədri Falih Əl Feyyaz, ABŞ-ın Bağdaddakı səfiri Stevart Cones, ABŞ-ın Ərbil baş konsulu Ken Qross və Dövlət Departamentindən bir neçə nəfərlik heyət də yer alıb.

Görüşdə Mak-Gurk İŞİD-lə döyüşdə Bağdad, Ərbil və koalisiya gücləri arasındakı əməkdaşlıqdan məmnun olduqlarını ifadə edərək, ölkəsinin Mosul əməliyyatı ilə bağlı strategiyasını Məsud Bərzaninin diqqətinə çatdırıb. Obamanın İŞİD-i bitirmək məqsədiylə bütün imkanları səfərbər etdiyini deyən nümayəndə əməliyyatın hərbi tərəfilə yanaşı, insani və siyasi müstəvisinin olduğunu bildirib və onun əhəmiyyətindən danışıb.

Bərzani isə görüşdə əməliyyat sonrası başda Yezidi kürdlər və xristianlar olmaqla bütün qrupların birlikdə və güvən içində yaşaya bilməsi üçün təfsilatlı bir razılaşma əldə edilməsinin lazım olduğunu bildirərək, "İŞİD-in Yezidi kürdlərə və xristianlara etdikləri heç bir zaman unudulmayacaq" -deyib.

ABŞ rəsmisi Mosul əməliyyatının 3 qüvvə – Bağdad, Ərbil və koalisiya qüvvələri tərəfindən keçirildiyini desə də, verilən xəbərlər bu faktı təsdiqləmir. Məlumatdan aydın olur ki, İŞİD-ə qarşı əməliyyatda iki qüvvə – peşmərgə və koalisiya qüvvələri iştirak edir. Qeyd edək ki, bundan əvvəl İraq şiələrinin könüllü batalyonlarının birləşdiyi Həşdi Şabi qüvvələri dəfələrlə Mosula qarşı əməliyyatlara başlamaq istəsə də, hər dəfə rəsmi Ərbil buna imkan verməmiş, kürd müxtariyyətinə məxsus olan torpaqlardan bu məqsədlə istifadə oluna bilinməyəcəyini bildirmişdi. Son hərbi əməliyyatların yalnız peşmərgə qüvvələri tərəfindən aparılması isə təbii sərvətlərilə məşhur olan Mosulun alındıqdan sonra kiminləsə bölüşdürülməyəcəyinə işarədir.

Məsud Barzaninin İŞİD zülmündən danışarkən vurğunu Yezidi kürdlər və xristianlar üzərinə qoyması da bu niyyətin göstəricisidir. Ehtimal olunur ki, Mosul işğaldan azad edildikdən sonra bölgənin digər etnik ünsürləri, o cümlədən türkmənlər İŞİD-çi adıyla ya məhv, ya da öz tarixi ərazilərindən çıxmağa məhkum ediləcəklər. Nə yazıq ki, ABŞ-ın ağır texnikalarla silahlandırdığı peşmərgələrin bu genosid siyasətini yürütmək üçün əllərində İŞİD bəhanəsi də var. Zira İŞİD işğalından əvvəl peşmərgələrin Mosulu ələ keçirməsinin ardından başlayan kürdləşdirmə siyasətindən narazı qalan bir çox türkmənin həqiqətən də öz milli haqlarını  geri almaq üçün “xilafət”çilərə qoşulmaq ehtimalı istina oluna bilməz. Təsadüfi deyil ki, zaman-zaman öldürülən “xilafət” liderləri və onları əvəz edən yeni rəhbərlər arasında türkmən adlarına sıx-sıx rast gəlinir. Bu da peşmərgələrə Mosulu İŞİD bəhanəsilə türkmənsizləşdirmə siyasətinə başlaması üçün əsas verə bilər.

Türkmənsizləşdirilmiş Mosul Şimali İraqdan Aralıq dənizinə qədər uzanacağı güman olunan Kürdüstan zolağının formalaşdırma mərhələlərindən biridir. Maraqlıdır ki, bundan əvvəlki mərhələ dünən Suriyanın Münbiç mahalının İŞİD-dən təmizlənməsilə başa çatmış, faktiki olaraq Şimali Suriyanın şərqindən Afrinə qədər ərazilər kürdlərin əlinə keçmişdi. Aralıq dənizinə çıxmaq üçün arada sadəcə Türkmən dağı əraziləri qalmışdı ki, Rusiyanın Suriyaya müdaxiləsindən sonra bu ərazilərdə türkmən dirənişi xeyli zəiflədilib.

Kürdüstan zolağının Suriya hissəsində Türkiyənin “qırmızı cizgiləri” kimi elan olunan Münbiçin kürdlərin əlinə keçməsiylə ciddi qələbə əldə edən kürd separatçılarının bir gün sonra Mosul əməliyyatına başlaması təsadüfə bənzəmir. Belə görünür ki, dünyanı yenidən nizamlamaq istəyənlər bu dəfə Kürdüstan zolağının İraqla Suriya hissəsini birləşdirməyə qərar veriblər. Bu gün xilasetmə əməliyyatına başlanılan Mosul da elə bu birləşmə nöqtəsinin tam özüdür.

Bütün bu əməliyyatların Türkiyənin başının daxili işlərinə qarışdığı bir zamanda başladılması da düşündürücüdür. Məsələyə bu aspektdən nəzər salanda 15 iyul uğursuz çevriliş cəhdinin nəyə xidmət etdiyini anlamaq çətin deyil…

Heydər Oğuz

Strateq.az