Eduard Ştayner
“Die Welt” (Almaniya), 16.08.2016
Milyarder Leonid Mixelson yazda Rusiyanın ən varlı adamı olub – hər şeydən öncə Çinlə sərfəli sazişlərin sayəsində. O keçən ilin dekabrında Rusiyanın ən böyük “Sibur” neft-kimya konserninin on faizini Çinin Sinopec şirkətinə 1,3 milyard dollara satıb.
Çinin “İpək yolu” fondu da Mixelosonun qazın sıxılması üzrə Çinin CBPC konserninin layihənin artıq 20%-ə sahib olduğu eyniadlı adadakı "Ямал СПГ” layihəsinin 9,9%-ni alıb. Bu yaxınlarda isə məlum olub ki, Çinin iki bankı dörd aylıq danışıqlardan sonra 2017-ci ildən qaz istehsalına başlamalı olan layihəyə 12 milyard dollardan çox kredit təqdim edəcək. Mixelson nümunəsi tipik və səciyyəvi olsaydı, Rusiya rəhbərliyi çox şad olardı. Kreml Krımın ilhaqı və Şərqi Ukraynada separatçı münaqişə üzündən, nəhayət, Avropadan üz çevirib Şərqi Asiyaya, xüsusən də Çinə üz tutmağı qət edib. Lakin iki il keçəndən sonra demək olar ki, böyük dönüş baş tutmayıb. Çin layihəsi uğursuzluğa düçar olub. Bunun səbəbi heç də çinliləri yoldan çıxartmaq üçün bütün üsullara əl atan rusların özündə deyil. Səbəb daha çox maraq göstərib, lakin həm də sərt danışıqçı çıxan, ruslarn təcridindən yaxşı xəbərdar olan və bundan istifadə edən çinlilərdədir.
Ticarətə texniki və innovasiya məhsulu ilə yardım üzrə Rusiya-Çin palatasının məsul katibi İrina Sorokina bu yaxınlarda bildirirb: “Bizim hazırda Şərqə döndüyümüz haqda elana Rusiya hədsiz dərəcədə emosioanal reaksiya verdi. Daha doğrusu, çinlilərin bizim diqqətimizə reaksiyası təmkinli və soyuq oldu”.
Ticarət dövriyyəsi 28% azalıb
Hətta hər iki ölkənin eyni dərəcədə maraqlı olduğu ikitərəfli ticarət işlək deyil. Ticarətin həcmi ötən il 28% , yəni 63,6 milyard dollaradək düşüb. Məsələ əməkdaşlığa qarşılıqlı şəkildə hazır olmamaqda deyil – Çin Rusiyanın S-400 zenit-raket kompleksini alan və 24 ədəd Su-35 qırıcısı sifariş edən ilk xarici müştəri olub.
Ticarədəki durğunluq daha çox hər iki ölkə iqtisadiyyatındakı tənəzzüllə izah olunur: 2015-ci ildə Çinin iqtisadi inkişafı son 25 ildə ilk dəfə yedi faizədək azalıb, Rusiya iqtisadiyyatının istehsalı isə 3,7% aşağı düşüb. Hər iki ölkə heç nəyə fikir vermədən bəyan olunmuş məqsədi – ikitərəfli ticarəti 2020-ci ilə doğru 200 milyard dollara çatdırmaq – saxlayır. Hətta bu yöndə bəxt gətirsə də, ticarətin həcmi AB ilə Çin arasında keçən ilki həcmdən (210 milyard avro) az olacaq.
Çin Rusiyaya, demək olar, heç bir yatırım qoymur
Ticarət bir işdir, Rusiyaya investisiya qoymaq qisə tam başqa bir məsələdir. Eyni zamanda məqam daha əlverişli ola bilməzdi. Deməli, bir tərəfdən rublun dəyərinin radikalcasına düşməsi var ki, bu da heyətin saxlanmasına əvvəlki yüksək xərcləri, həmçinin əcnəbi yatırımçılar üçün torpaq sahələri və obyektləri ucuzlaşdırıb. Rusiyanın NRA reytinq agentliyinin başçısı Viktor Çetverikov belə hesab edir.
Və hökumətin sərəncamı var ki, dövlət şirkətləri daxili məhsulu eyni keyfiyyətdə alsın. Bu isə xarici şirkətləri yerlərdə istehsal təşkil etməyə və "Сделано в России" brendləşməsinə məcbur edir. Bu fakt da diqqətçəkəndir ki, çinlilər Rusiyaya pul qoymağa tələsmirlər. Çinin ötən il xaricə qoyduğu 116 milyard dollardan şimaldakı həmsərhəd ölkəyə cəmi 794 milyon dolları, yəni 0,7%-i yönəldilib.
Lakin aydınlaşır ki, Avrasiya inkişaf bankının baş iqtisadçısı Yaroslav Lisovolikin öz təhlilində ifadə etdiyi kimi, çinlilər postsovet məkanına birbaşa investisiyalarında 2015-ci ilə qədər də son dərəcə seçimli olublar.
Çinlilərin birbaşa investisiyaları Qazaxıstana gedib
Lisovolikə görə, diqqət çəkir ki, çinlilər ümumən Rusiyaya heç bir diqqət ayırmırlar: Çinin 2015-ci ilədək MDB-nin ən böyük iqtisadiyyatlarına 27 milyard dollar həcmdə birbaşa investisiyanın cəmi 3,4 milyardı Rusiyaya yönəldilib. Qazaxıstan isə Çindən 23,6 milyard dollar alıb. Çinlilər Qazaxıstanda pulun böyük hissəsini xammal hasilatı və onun nəqli üçün nəqliyyat infrastrukturuna yatırıblar ki, bu qayda ilə xammal tədarükçülərindən çox asılı olmasınlar.
Mixelsonun qaz və neft-kimya imperiyasının timsalında göründüyü kimi, Rusiyada da durum fərqlənmir. Həm də Çin xammalı Avropanın Moskvadan əldə edə bildiyindən daha əlverişli şərtlərlə almaq istəyir.
Qaz tədarükü üçün hələ qaz kəmərləri çəkmək lazımdır
Bu, qaz sahəsində təzahür edir. Çin hələ Ukrayna böhranına görə Moskvanın Avropa ilə ixtilafına qədər rusları əsəbiləşməyə məcbur edirdi. “Qazprom” konserni 2014-cü ilin mayında – Ukrayna böhranının pik dövründə Çinə qaz tədarükü ilə bağlı ilk müqaviləsini bağlayana qədər danışıqlar on ildən çox çəkib. 400 milyard dollar rəqəmi təsirli görünür. Lakin hələ Moskva üçün sərfəli olası qaz tədarükü üçün çəkilməli qaz kəmərləri ekspertlər arasında böyük mübahisələr doğurur.
Ammma yenə də müqavilənin imzalanması “Qazprom” üçün AB-dəki sadiq, lakin ehtiyatlı olmuş müştəriləri masqaraya qoymaq və onları Rusiya-Çin kartı ilə hədələmək üçün arzulanan, münasib məqam oldu. Həm də Rusiya dövləti Asiyaya mümkün dönüş mövzusuna artıq dəfələrlə toxunub – məsələn, 2009 və 2012-ci illərdə.
Moskvanın Çinə sarı dönüşü baş tutmur
Ən nəhayətdə, bütün hədələr uydurma çıxıb. Rusiyanın iqtisadiyyat haqda "Власть" dərgisi bir müddət əvvəl yazıb ki, hər şeydən əvvəl, xammmal sektorundan savayı çinlilərin Rusiya iqtisadiyyatına sərmayə qoymağa səbəbi yoxdur: Çinin iqtisadi məntiqinə əsasən, onlar ya texnologiya və “nou-hau” əldə etməkdən ötrü “birinci dünya” ölkələrinə, ya da öz resurs və əkin sahələrini nisbətən ucuz və ciddi müqavimətsiz verən “üçüncü dünya” ölkələrinə para yatırırlar. “Rusiya nə birinci, nə də ikinci kateqoriyaya aiddir”.
Əslində, çinlilər Rusiyada hansısa şirkətin nəzarət zərfini əldə etməyə can atarkən – daha çox son zamanlar – uğursuzluğa düçar olurlar. Və əksinə, rusiyalılar Çində kredit əldə etməyə çalışarkən maneələrlə üzləşirlər. Bununla belə, ümid var idi ki, sanksiyalar vasitəsilə rusların Qərb bazarlaırna çıxışı güclü şəkildə məhdudlaşdırıldıqdan sonra Çin alicənablıqla pullarının bağını açacaq. Mixelsonla, həmçinin Çin bankından iki milyard avrodan çox kredit almış “Qazprom”la bağlı əhvalatın göstərdiyi kimi, Çin əlini bəzən cibinə salır. Lakin bunlar yalnız ayrı-ayrı epizodlardır. ING analitiki İqor Fedorov deyir: “Hələlik Çin bankları Rusiya şirkətlərinə krediti çox da həvəslə vermir”.
"Левада-центр" İctimai rəyin öyrənilməsi institutunun sorğusu göstərir ki, Rusiya əhalisi “Orta imperiya”ı əvvəlki tək təhlükə kimi qəbul edir, lakin Çini müttəfiq sayanların miqdarı 2013-2015-ci illərdə 43%-ədək artıb. "Ведомости" qəzetinin baş məqalələrinin birində bu günlərdə yazılmışdı: “Bilmirik ki, bu müttəfiqdən bizə nə fayda var”.
Tərcümə Strateq.az-ındır.