XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

17 Avqust 2016 - 14:45

Şoyqunun Bakı səfərinin qapalı mesajı:Suriya və Qarabağı nə birləşdirir? - TƏHLİL

soyqu baku

Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana və Ermənistana səfərinin gündəliyinə regional təhlükəsizlik, Qarabağ problemi və hərbi-texniki əməkdaşlıq məsələləri daxil idi.

Rusiya müdafiə naziri Sergey Şoyqunun avqustun 14-də Bakıya və 15-də Yerevana səfəri, daha sonra İranda Həmədan aviabazasında Rusiya HHQ-nin yerləşdirilməsi, Suriyadakı hədəflərə növbəti dəfə qanadlı "Kalibr" raketlərinin buraxılmasına hazırlıq açıq-aşkar göstərir ki, əsas müzakirə mövzusu əsas elementi Suriya böhranının tənzimlənməsi və terrorizmə qarşı mübarizə olan regional təhlükəsizlik məsələsi olub.

Hələ 2015-ci ilin dekabrında Moskvada Azərbaycan və Rusiyanın müdafiə nazirlikləri 2016-cı il üçün Hərbi Əməkdaşlıq Planı imzalayıblar. Onun təfsilatı açıqlanmayıb. Yalnız bu əməkdaşlığın üç aspekti qeyd edilib – azərbaycanlıların Rusiya ali hərbi məktəblərində təhsil alması, hərbi idman tədbirlərində və silah sərgisində iştirak.

Avqustun 9-da prezident Vladimir Putinin Bakıya səfərindən sonra artıq əməkdaşlıq planına düzəlişlər edilməsi, hər iki ölkənin cənub bölgələrində qarşılaşdığı regional terror təhlükəsi və radikal dini təhlükələrə qarşı mübarizə elementinin gücləndirilməsi zərurəti haqqında bəyanat səslənib. "Bu regionda və Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyətini müzakirə etmək lazımdır. Bundan başqa, hərbi və hərbi-texniki əməkdaşlıq proqramına düzəlişlər edilməli və bir sıra məsələlər həll olunmalıdır", – deyə Şoyqu Zakir Həsənovla görüşdə bildirib.

Şoyqunun səfərinin gündəliyini Putin İlham Əliyevlə görüşündə müəyyən edib. "Səfəriniz Rusiya prezidentinin səfərindən dərhal sonra baş tutur. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsi bir çox regional təhlükəsizlik məsələlərini həll etməyə imkan verir", – deyə Əliyev Şoyqunun Bakıda qarşılayarkən bildirib.

Hazırki halda proqnozlaşdırmaq olar ki, ilk növbədə tərəflər hərbi sahədə Yaxın Şərq üzrə məlumat mübadiləsini gücləndirəcək, ikincisi isə, Azərbaycandan qüvvə və vəsait göndərilməsi üçün körpü kimi istifadə olunacaq.

Azərbaycan həmçinin Suriya böhranının bəzi tərəfləri və Moskva arasında da bir körpü rolu oynaya bilər. Məsələ ondadır ki, bu gün əsas hadisələr strateji Hələb rayonunda baş verir və Rusiya tərəfi bildirib ki, ABŞ və Rusiyanın Suriyanın bu mühüm regionu üzrə mövqeləri yaxınlaşır. Türkiyə üçün də böyük əhəmiyyət daşıyan bu məsələ Peterburqda Putin və Ərdoğan arasında müzakirə olunub. Bakıda Əliyevlə də bu məsələnin müzakirə olunduğu istisna deyil. Latakiya və Hələb Əsəd qoşunlarına qarşı mübarizə aparan Suriya türkmənlərinin (Cənubi Azərbaycan şivəsilə danışırlar) sıx yaşadığı yer hesab olunur.

Qeyd etmək lazımdır ki, Suriya inqilabçı və müxalifət qüvvələri milli koalisiyasına türkmən Xalid Xoca başçılıq edir. Bir il əvvəl o, Moskvaya səfər etmişdi və XİN rəhbəri Sergey Lavrovla görüşdən sonra qeyd edib ki, Rusiyanın Suriya böhranı üzrə mövqeyi daha elastik hal alıb ki, bu da münaqişənin tənzimlənməsinə kömək edə bilər.

Suriyada "Suriya Türkmən Hərəkatı", "Suriya Türkmən Platforması" fəaliyyət göstərir, Türkiyənin rəsmi hakimiyyəti onları dəstəkləyir. Suriya türkmənlərinin silahlı birləşmələrindən "Suriya Türkmənləri Briqadası", "Cəbəl ət-Türkmən Briqadası" və "Sultan Səlim Briqadası" məşhurdur.

 

Qarabağ problemi

 

Qarabağ münaqişəsi regional təhlükəsizlik məsələsi ilə birbaşa əlaqəlidir və nəzərə almaq lazımdır ki, Suriya və İraq böhranı hərbi müstəvidən siyasi müstəviyə keçdikdən və daha sonra Suriya və İraqda sülh prosesi təşviq olunduqdan sonra o, ön plana çıxacaq. Ləng gedən hərbi-siyasi Qarabağ münaqişəsinin həllinə tarixi, dini, etnik yaxınlıqla əlaqədar və əlbəttə ki, siyasi və iqtisadi maraqlar nöqteyi-nəzərdən mövqeləri üst-üstə düşən Azərbaycan, İran, Türkiyə, habelə Böyük Yaxın Şərqdə real oyunçu olan ərəb ölkələrinin mövqeləri nəzərə alınmaqla nail olunacaq.

Rusiya öz maraqlarını Kiçik Qafqaz hüdudlarından kənara doğru genişləndirmək üçün müəyyən dərəcədə bu məqamları nəzərə almalı olur. Böyük maddi resursları və insan resursları olan region ölkələrinin bərpası və inkişafı üzrə dinc prosesin işə salınmasından sonra daha da güclənəcək. Hazırkı mərhələdə Şoyqunun vəzifələrinə nisbi sülhün qorunub saxlanması üçün tərəflərlə əlaqə yaratmaqdan başqa bir şey daxil deyil.

 

Hərbi-texniki əməkdaşlıq

 

Demək olmaz ki, hərbi təhsil, məlumat mübadiləsi məsələləri istisna olmaqla, hərbi-texniki aspekt danışıqların əsas mövzusu olub. Belə ki, silah satışı və istehsalı məsələsi baş nazirin müavini Dmitri Roqozinin nəzarətindədir və Müdafiə Nazirliyinin bununla dolayı əlaqəsi var. Yeri gəlmişkən, bu məsələdə tərəflər arasında anlayış var. Üçgünlük uğurlu aprel müharibəsindən sonra Azərbaycan bundan sonra da genişmiqyaslı silah alışları həyata keçirməyə və hətta öz ərazisində birgə silah istehsalını və silahların müasirləşdirilməsini inkişaf etdirməyə hazır olduğunu bildirib. Putinin Bakıya səfəri zamanı bu motivlər səslənib. 2017-ci ildə T-90C tankları, döyüş piyada maşınları, özügedən artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, ağır odatan sistemlər, helikopterlər, zenit kompleksləri və s.-dən ibarət silahların satışı haqqında müqavilənin müddəti başa çatır.

Bununla əlaqədar işçi qruplar Rusiya silahlarının bundan sonrakı satışı və Azərbaycan ərazisində Rusiya silahlarının istehsalı və müasirləşdirilməsi üzrə qurumların yaranması məsələləri üzərində işləyir.

 

Turan Analitika Xidməti

 




Yuxarı Əvvələ Ana Səhifə