XƏBƏR LENTİ

27 May 2020

Digər Xəbərlər

18 Avqust 2016 - 13:22

Hərbçi fəallığının görünməyən üzü:Sürətli müharibəyə hazırlıq, yoxsa dinc geopolitik bölgü? - Təhlil

zakir-shoyqu-1

İrina Corbenadze

Rosbalt.ru, 17.08.2016


Azərbaycan və Ermənistan müdafiə nazirləri Moskvadan uçmağa macal tapmamışdı ki, Sergey Şoyqu Bakıya getdi. Hərbçilərin fəallığını təkcə Türkiyə və İranın iştirakı ilə geopolitik bölgü ilə deyil, həm də müharibə təhlükəsi ilə izah etmək olar.

Böyük qüssə ilə gözlənti olmasaydı, gülünc olardı: Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirləri, az qala, hər gün görüşməyə başlayıblar. Deməli, Azərbaycan MN başçısı Moskvadan evə dönməyə macal tapmamış növbəti gün rusiyalı həmkarı Şoyqu Bakıya onun yanına gəldi. Ermənistan müdafiə naziri də bu günlərdə RF paytaxtında olub. Həm də üç ölkənin hərbçisi iki mühüm hadisədən – Rusiya prezidenti Vladimir Putinin Moskva üçün hələ bu yaxınlaradək əlverilməz olan Türkiyə lideri Rəcəb Ərdoğanla görüşü və RF, Azərbaycan və İranın birinci şəxslərinin Bakı sammitindən sonra bir-birinin yanına tez-tez qonaq gəlməyə başlayıb.

Sual doğur: bu, nəyə aparır? Cavabın mümkün variantları haqda bir qədər sonra, hələlik isə Rusiya və Azərbaycan hərbçilərinin, ən azı, Ermənistanı gərginləşdirən sıx təmaslarına diqqət yetirək.

Şoyqu və azərbaycanlı həmkarı Həsənov Moskvada nədən danışıblar və Rusiya naziri nə səbəbə dərhal Bakıya uçub? İstisna deyil ki, Rusiya silahının Azərbaycana tədarükü haqda yeni müqavilələr barədə. Axı Rusiya tərəfi rəsmən təsdiqləyib ki, Moskva Bakıya da, Tehrana da silah satışını davam etdirəcək.

Bundan başqa, Rusiya və Azərbaycan Qarabağ nizamlamasının Bakının xeyrinə, lakin Ermənistandakı iğtişaşlar nəticəsində İrəvan tərəfdən pozula biləcək müzakirəsini davam etdirir.

Uyğun insident artıq vaxtilə baş verib: Bakı və İrəvan 1999-cu ildə barışığa yaxın idi və terrorçular Ermənistan parlamentinin binasına soxulub bir neçə deputatı, spikeri və ölkənin baş nazirini qətlə yetirdilər. Lakin, görünür, bu qədər üz-üzə sıx görüşlərin zərurəti ondan xəbər verir ki, hər şey o qədər də rəvan getmir və bu və ya digər məsələlər üzrə razılaşmalar bölgə təhlükəsizliyi kontekstində təcili məsləhətləşmələr tələb edir. Ünmumiyyətlə, tərəflər məsələləri maksimal şəkildə operativ qaydada  həll etməyə cəhd edir və bölgəsəl təhlükəsizlik deyərkən, təkcə Qarabağ nizamlaması deyil, həm də Moskva və Bakının Ankara və Tehranla qarşılıqlı münasibətlərini nəzərdə tutan Suriya problemi nəzərdə tutulur.

Burada hər şey kaleydoskopik sürətlə dəyişilir. Türkiyə Azərbaycanın strateji tərəfdaşı olmaqla və Moskva ilə ixtilaf daxil olmaqla xarici siyasətdə xeyli səhvə yol verib sürətlə Rusiya ilə yaxınlaşmaya getdi və İranla qarşıdurmaya münasibətini dəyişməyə başlayıb. Hətta Ərdoğan praktik olaraq bütün müttəfiqlərini itirərək Bakını da unutmadan Ankara-Tehran-Moskva alyansının yaradılmasına təşəbbüs göstərir.

Və əlbəttə, bu məqamda şayiələr dolaşmağa başlayıb ki, Ankara yeni Türkiyə-Rusiya-İran-Azərbaycan hərbi qoşqusu yaratmağa cəhd edərək tədricən NATO-dan aralanır. Ərdoğanın (yəqin ki, sözügedən ölkələrin liderləri ilə əvvəlcədən müzakirə edilən) ideyası ilk baxışdan mümkünsüz görünə bilər. Lakin digər tərəfdən Qərb Qafqaz bölgəsi və yaxud Yaxın Şərqdə öz iştirakını genişləndirməyə nə qədər təkidlə can atsa, bu ideya bir o qədər sürətlə gerçəkləşə bilər.

Rusiya və Azərbaycanın Xəzər daxil olmaqla hərbi-texniki əməkdaşlığı aşkarca möhkəmlənən ikitərəfli münasibətlərinə dönək. Rusiyalı naziri prezident Putinin Bakıya bu yaxınlardakı səfərinin uğurunu və önəmini qeyd edən prezident İlham Əliyev qəbul edib. O vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsi bölgə təhlükəsizliyi daxil olmaqla məsələlərin genişl spektrini həll etməyə imkan verir. Şoyqu da Rusiya və Azərbaycanın hərbi-texniki əməkdaşlığının vacibliyini qeyd edib.

"Sputnik" agentliyinin (Bakı) məlumatına görə, Rusiya müdafiə idarəsinin rəhbəri Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin ərazilərində hərbi münaqişənin meydana çıxmasını istisna etmir. O deyib: “Dünyadakı durumun analizi göstərir ki, ən yaxın perspektivdə hərbi münaqişələrin yaranması ehtimalı qalmaqdadır”.

Onun sözlərinə görə, Suriyadakı kimi böhranlı durumlar sözügedən bölgələr daxil olmaqla istənilən yerdə törədilə bilər: “Rusiya bu şəraitdə potensial təhlükələrə adekvat reaksiya verməyə məcbur olacaq”.

O, reaksiya verir də – hər halda ortalıqda olanlara. Xüsusən də Rusiya İŞİD-in Suriyadakı yaraqlılarına zərbə endirməkdən ötrü bugünlərdə uzaqmənzilli bombardmançıları İranın Həmədan bazasında yerləşdirib. Bu, Tehranla Moskva arasında uyğun razılaşma sayəsində mümkün olub. İran aviabazasından istifadə uçuşların hədəfədək müddətini 60% azaltmağa imkan verir.

Belə ki, Rusiya və İranın artan hərbi əməkdaşlığı Rusiya və Azərbaycanınkı kimi göz qabağındadır. Və Bakıda Putin-Əliyev-Ruhani sammitini bu planda epoxal saymaq olar – ola bilsin, Rusiya prezidentinin bu günlərdə Ərdoğanla “isti” görüşündən daha çox perspektivlidir.

Birincisi, Azərbaycanın burada iştirakı göstərdi ki (və Bakı bunu başa düşür), bölgədə qüvvələr tarazlığı Rusiya və İranın xeyrinə dəyişir və Ankara ilə strateji münasibətləri saxlamaqla onun bu yeni “sxem”ə daxil olmağı lazımdır. Daxil olarkən isə Azərbaycanın geopolitik dəyəri dəfələrlə yüksələcək.

İkincisi, Rusiya, İran və Azərbaycanın yaxınlaşması İran prezidenti Ruhaniyə bəyan etmək imkanı verib ki, Rusiya və İran Türkiyəyə ölkədə daxili sabitlik yaratmaq və terrorizmlə mübarizədə, o cümlədən Suriyada yardım edə bilər. Putin bu günlərdə isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşdə “dost Türkiyə ilə tamformatlı münasibətlərin” bərpasında “Rusiyanın səmimi səyləri” haqda bildirib. Putin deyib ki, Rusiyanın bu ölkə ilə “nadir əməkdaşlıq və qarşılıqlı fəaliyyəti” var.

Bax, belə, bu qoca dünyada heç nə yeni deyil – nə dostluq, nə də düşmənçilik. Hələ bir-iki həftə əvvəl bu cür ritorika haqda düşünmək də mümkünsüz idi, lakin bu yaxınlaradək bir-birinin xirtdəyindən yapışmağa hazır olan kəslər indi “qardaş və dost” olublar. Lakin gördüyümüz kimi, gerçəkçi siyasət qalib gəlir – hər halda bununla nə Putin, nə Əliyev, nə də Ruhanini əyləndirmək olar. Və Ərdoğan bu “gerçəkçi siyasət” yoluna məcburən keçib, çünki daxili və xarici məsələlərdə, yumşaq şəkildə deyilsə, qeyri-adiliyi ona başqa seçim qoymayıb. Buna görə də təəccüblü deyil ki, Rusiyaya sarı dönüb, İranla dostlaşıb və var gücüylə çalışır ki, Azərbaycanı yanında saxlasın. Lakin Rusiya və İran amili nəzərə alınmaqla, deyəsən, Azərbaycan onun üçün “pay dostu” olacaq. Budur, olduqca maraqlı Moskva-Bakı-Tehran-Ankara geopolitik konstruksiyası biçimlənir və dayanıqlığı potensialca ancaq Türkiyə poza bilər. Lakin o, indiki mərhələdə bunu çətin ki etsin – hər halda geopolitik iybilmə tədricən Ərdoğana qayıdır.

Əlbəttə, bütün bu yeni “arxitektura” sözügedən ölkə liderlərinin eksperimental siyasi memarlığa deyil, dişbatan hər yerdə – ən azı, Qafqaz və Yaxın Şərqdə ABŞ-ın mövqeyini birgə zəiflətmək ehtirası ilə diktə olunur. Həmçinin bütan maraqlı tərəflərin maraqları nəzərə alınmaqla neft-qaz layihələrinin yeridilməsi arzusu ilə. Və yenə də birlikdə.

Əlbəttə, söhbət hələlik uyğun birgə fəaliyyət sxemindən gedir, lakin hadisələrin inkişaf sürəti nəzərə alınsa, ideyalar çox tezliklə həyata keçirilə bilər. Hər halda, bu, geopoltikadan ayrılmaz olan qaz sahəsində artıq baş verir – “Türk axını” layihəsinin donu açılır; Bolqarıstan isə “Cənub axını”nın da reanimasiyasından danışmağa başlayıb. Belə ki, Rusiyanın həm Türkiyə, həm də AB ilə sövdələşmə imkanı meydana çıxıb, ABŞ və Brüsserlin isə başağrısı güclənib.

Yeri gəlmişkən, bəzi məlumatlara görə, hər şey rəvan getsə, “Türk axını” üzrə saziş artıq payızda imzalana bilər. Rusiya Enerji Nazirlriyuinin başçısı Aleksandr Novakın sözlərinə görə, söhbət, ən azı, “ikinciyədək mümkün genişlənmə” ilə bir şaxənin inşasından gedir. Onun məılumatına görə, bir şaxənin gücü ildə 15,75 milyard kubmetr qaz təşkil edəcək.

Bəs Ermənistan necə olsun? Burada Rusiya və Azərbaycan müdafiə nazirlərinin tez-tez görüşü haqda ən müxtəlif şayiələr dolaşır. Biriləri hesab edir ki, Moskva Qarabağ üzrə Ermənistandan güzəştlər “qoparır” və bu barədə Bakı ilə daim məsləhətləşir. Digərləri isə güman edirlər ki, Rusiya Azərbaycanı Ermənistanla yeni müharibəyə hazırlayır – Cənubi Qafqazda öz təsrini gücləndirmək qəsdilə “düşmən”i silahlandırır, Ermənistanın özünə isə uyğun müqavilədə nəzərdə tutulmuş silahın bir hissəsini də vermir.

Erməni nəşri "Lragir"in icmalçısı Akop Bədəlyan sual edir: “Hazırkı Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığının təməlinə nə qoyulub – tarazlığın bərpası və yaxud Ermənistan qüvvələrinin Azərbaycanın hücumunu dayandıra bilməyəcəyinə qədər tam disbalans?”

Onun fikrincə, "“aprel müharibəsi”ndən sonra Moskva dalanda göründü, lakin bunu həm Ermənistan, həm də Azərbaycana qarşı istifadə etmək istəyir. Moskva Ermənistan tərəfdən ərazi güzəştləri və KTMT sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutan “planlarını” diplomatik baxımdan yeridə bilmir, lakin yeni müharibənin nəticəsi zəmanətli deyilsə, buna da yol verə bilməz. Çünki Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmək zərurəti meydana çıxar”.

Şoyqunun Ermənistana gəlişindən lap öncə Azərbaycana səfərinə gəlincə, Bədəlyanın fikrincə, Rusiya naziri “Bakıya baş çəkib ki, göstərsin: KTMT-nin Qafqaz oriyentiri və tərəfdaşı artıq İrəvan deyil, Bakıdır. Kreml Bakının KTMT-yə de-fakto assosiasiyasına və Ermənistanın de-yure üzvlüyünə oynayaraq durumu düzəltməyə və vaxt udmağa səy edir”.

Hərçənd Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bu günlərdə əmin edib ki, Rusiya hərbçiləri Ermənistanı Cənubi Qafqazdakı müttəfiq və açar tərəfdaş qismində nəzərdən keçirirlər və təhlükəsizlik sahəsində birgə qərarların qəbul edilməsi və hərbi planlaşdırma mexanizmi effektli “fəaliyyətdədir”, bu, İrəvanda az adama təsəlli verib. Bir sözlə, bütün bu mürrəkkəb siyasi oyunların arxasında ən yaxın perspektivdə bölgəni nələrin – Rusiyanın maraqları üçün sürətli və müzəffər müharibəyə hazırlıq və yaxud əksinə, Cənubi Qafqaz və Yaxın Şərqin təhlükəsizliyi məqsədilə dinc geopolitik bölgünün gözlədiyini anlamaq çətindir…

 

Tərcümə Strateq.az-ındır.    




Yuxarı Əvvələ Ana Səhifə