XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2016 - 20:24

İncirlikdə nüvə oyunu:Nüvə arsenalı bir neçə ölkə arasında bölüşdürülə bilər

incirlik

Türkiyədəki son hərbi çevriliş cəhdindən sonra İncirlik bazasında saxlanılan nüvə silahlarıyla bağlı irəli sürülən iddiaların ardı-arası kəsilmir.

Strateq.az xəbər verir k, Avropanın adının çəkilməsini istəməyən təhlükəsizlik qaynaqları bazadakı ABŞ-a aid nüvə silahlarının Rumıniyaya daşınacağını bildirirlər. Bundan əvvəl isə bombaların daşınacağı yerlər arasında İordaniya, Misir və Şimali İraqın adı çəkilirdi.

İncirlik hərbi bazasının gözdən düşməsi isə bir neçə amillə izah olunur. Başlıca amil bazadakı nüvə silahlarının təhlükəsizliyi ilə bağlıdır. Bazaya təhlükə həm daxildən, həm də xaricdən gözlənilir. Belə ki, İncirlik bazası Suriya sərhədlərinin 120 km uzaqlığında yerləşir. Suriyadakı qeyri-müəyyən vəziyyət bu bazaya yönələ biləcək raket hücumlarını gündəmə gətirir və bu da arzuolunmaz faciələrə yol aça bilər.

Son zamanlar Türkiyənin daxilində baş verən və getdikcə genişlənən ziddiyyətlərin də İncirlik bazasına sıçrama ehtimalı yüksəkdir. Nədən ki, 15 iyul çevrilişində əsas rol oynayan hərbi obyektlərdən biri də İncirlik bazası idi. İncirlikdən uçan tanker təyyarələrinin hərbi qiyama qalxan qırıcıları yanacaqla təmin etdiyi iddia olunurdu. Hərbi bazaya rəhbərlik edən türk generalının da adı çevriliş cəhdində hallandırılırdı və o artıq həbsə atılıb. Amerikalıların qorxurlar ki, türk hökuməti onları ümumiyyətlə bazaya buraxmaya bilər.

Super dövlətin nüfuzlu nəşrləri bir müddət əvvəl bəzi mülki vətəndaşların Amerika əsgərlərinin başına çuval keçirib əsir almaq istədiklərini xəbər verirdi. Bilindiyi kimi, başa çüval keçirilməsi İraqın işğalının ilk illərində ABŞ əsgərlərinin Türkiyəli həmkarlarına davranışını xatırladır. Türk əsgərlərinin bu şəkildə həbs edilməsi iki müttəfiq arasında dərin uçurum yaradıb, qardaş ölkə insanında intiqam hissi formalaşdırıb. Hər fürsətdə öz qısasını almaq istəyən türklərin İncirlik bazasında eyni hərəkətə əl atmağa çalışması isə, amerikalıların nəzər nöqtəsincə, daha qorxunc olub. ABŞ mediasının məlumatına görə, hadisə nüvə anbarlarının bir kilometrliyində baş verib.

Hər an daha ciddi insidentlərin yaşanma ehtimali isə getdikcə artır. Xüsusilə 15 iyul hadisəsində Türkiyə hökumətinin açıq şəkildə Vaşinqtonu günahlandırması ABŞ-a qarşı ümumxalq nifrətini böyüməsinə səbəb olub.

Türkiyədə getdikcə dini duyğuların yüksəlməsi də ABŞ-ı qorxudur və İncirlik bazasındakı strateji silahların dərhal başqa ölkəyə daşınmasını şərtləndirir.

Avropa təhlükəsizlik qaynaqlarının yeni nüvə bazası kimi Rumıniyanı işarə etməsi təsadüfi deyil. Bir müddət əvvəl NATO qüvvələri uzaq və orta mənzilli silahlara qarşı bu ölkədə raket qalxanı qurması Rusiyanı bərk qıcıqlandırmışdı. Moskva bu qurğuların sadəcə müdafiə sistemləri olmadığını, istənilən an onlara daha uzaqmənzilli raketlərin quraşdırıla biləcəyini və özünün də buna laqeyd qalmayacağını açıqlamışdı.

Qara dəniz sahilində yerləşən və Moskvaya məsafəsi ortamənzilli raketlərin əhatə dairəsinə olan Ruminiyada nüvə bombalarının yerləşdirmək ehtimalı Kremlin əndişələrini haqlı çıxaracaq mahiyyətdədir. Xatırladaq ki, hələ Rumıniyadakı Aegis hərbi bazasında SM-2 raketdənmüdafiə batareyası aktiv hala gətirildiyi zaman Rusiya bunun 1987-ci ildə ABŞ-la bağlanan Ortamənzilli Nüvə Müqaviləsini pozduğunu bildirmişdi.

Görünür, ABŞ həqiqətən Qərbə atılacağı gözlənilən raketləri Rusiyanın üzərində partlatmaq imkanı əldə etməklə yanaşı, həm də öz nüvə təhdidini coğrafi olaraq hədəfə yaxınlaşdırmaq istəyir.

O da istisna olunmamalıdır ki, Rumıyadan sonra nüvə silahları Polşaya da yerləşdirilə bilər. Bu ehtimalı artıran faktorlardan biri də Rumıniyadakı Aegiz hərbi bazasına bənzər raketdənmüdafiə sisteminin 2018-ci ildə Polşada yaradılması planınıdır. Adətən, bu cür sistemlərin başlıca təyinatlarından biri də nüvə bazalarını qorumaq olur.

Zənnimizcə, avropalı təhlükəsizlik qaynaqlarının İncirliyə alternativ kimi Şərqi Avropa ölkələrinin göstərməsi digər ehtimalları – silahların İordaniya və Şimali İraqa daşınması perspektivini tamamilə inkar etmir. Mümkündür ki, həmin silahlar adı çəkilən bütün ünvanlara köçürülsün. Necə olsa, İncirlik bazasında nüvə silahları sarıdan bolluqdur və onlar bir neçə baza arasında bölüşdürülə bilər.

Məlumata görə, ABŞ-ın Avropa qitəsindəki 160 nüvə bombasından 90-ı İncirliyin payına düşür. Avropa qitəsinin digər hissələrinə İncirlikdəkindən daha az nüvə bombası yerləşdirilməsi bu rəqəmin böyüklüyündən xəbər verir.

Onu da vurğulamaq yerinə düşərdi ki, dünyada 3-cü nüvə ölkəsi sayılan Çinin 300-ə yaxın atom bombası var. Onun 3/1 qədərinin sadəcə bir bazanın ümidinə qalması İncirliyin kifayət qədər nüvəylə yükləndiyini göstərir. Sözsüz ki, həmin silahları yenə başqa ölkədəki bir bazaya daşımaq yüklülüyü azaltmayacaq. Nüvə arsenalının bir neçə bazaya paylanması yalnız bu problemi aradan qaldırar.

Üstəlik, Rumıniya kimi, adıçəkilən digər dövlətlərin də geopolitik önəmi az deyil. Dünyanın ən qaynar nöqtəsi sayılan Yaxın Şərqdə ABŞ-ın nüvə arsenalının olması super dövlətin həmin ərazilərdə hərbi cəhətdən yerləşməsinə də zəmanət verərdi. Bir NATO ölkəsi olan Rumıniyadakı nüvə silahlarını qorumaq Alyansın nizamnaməsinə əsasən, həmin ölkənin öz öhdəsinə düşdüyü halda, Yaxın Şərqdə bu zərurət yoxdur. Axı, Yaxın Şərqin həmin ölkələri NATO üzvü deyillər və onun nizamnamə ilə təsbit edilən hüququndan faydalana bilməzlər. Bu da ABŞ-a öz nüvə arsenalını qorumaq üçün regiona hərbi qüvvələrini yerləşdirmək hüququ verir.

Göründüyü kimi, İncirlikdəki nüvə silahlarının hansı ölkəyə daşınacağı bilinməsə də, onların Türkiyədən çıxarılması qətiyyən mübahisə doğurmur. Türkiyənin nüvəsizləşməsi isə həm də hərbi çəkindirmə gücünün azalması mənasına gəlir. Rusiya ilə yaxınlaşmağa can atan qardaş ölkənin bu çəkindiriciliyini itirməsi, perspektiv baxımından, olduqca təhlükəli nəticələr doğura və onun regional güclərdən asılılığını yarada bilər.

 

Heydər Oğuz

Strateq.az