XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2016 - 15:45

Ermənistan cəmiyyətində Qarabağ şübhələri:Sarkisyana və Moskvaya etmidasızlıq getdikcə güclənir - Təhlil

sarkisyan

1999-cu ildən bəri ilk dəfədir ki, Ermənistanda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan müzakirələr bu qədər gərginlik, tərəddüdlər yaradıb. Eyni zamanda son 22 ildə ilk dəfədir ki, Ermənistanda Rusiyaya qarşı bu qədər etimadsızlıq müşahidə olunur. Bu ilin aprelində Qarabağ cəbhəsindəki 4 günlük müharibədən sonra Rusiyanın Qarabağ münaqişəsinin nizamlanması, Ermənistana münasibəti ilə əlaqədar baş qaldıran şübhələr avqustun 10-da baş tutan Putin -Sarkisyan görüşündən sonra daha da dərinləşib.

Erməni KİV-in və politoloqların açıqlamalarının təhlili göstərir ki, Ermənistan cəmiyyətində Rusiyanın Yerevanı ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana verilməsi, sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi, bunların ardından statusun müəyyən edilməsini nəzərdə tutan formulun qəbul edilməsinə razı salmağa çalışması qənaəti daha da möhkəmlənib.  

Xüsusən prezident Putinin avqustun 8-də keçirilən Azərbaycan-Rusiya-İran prezidentlərinin Bakı sammiti çərçivəsində prezident İlham Əliyevlə görüş zamanı verdiyi açıqlamalardan, Türkiyə prezidentinin bu məsələ ilə bağlı bəyanatından sonra Yerevanda "Moskvanın xəyanəti" mövzusu daha da populyarlaşıb.

Hətta bu vaxta qədər rusiyapərəst açıqlamaları ilə fərqlənən KİV, politoloqlar belə, Sarkisyan və Moskvanı ermənilərə xəyanətdə açıq ittiham etməkdən çəkinmirlər. 

Bununla belə,  Ermənistanda Qarabağ münaqişəsinin ölkənin inkişafı üçün buxova çevrilməsi fikirini irəli sürənlərin da sayı artıb. İşğal olunmuş rayonların Azərbaycana qaytarılması və ölkənin blokadadan çıxmasının vacibliyi ilə bağlı rəylər də daha çox səslənməyə başlayıb. Amma bu fikirdə olanlar hələlik azlıqdadırlar və ilkin müşahidələr onu göstərir ki, erməni cəmiyyətində ənənəvi mövqenin dəyişməsi o qədər də asan olmayacaq.

Ermənistanda açıq etiraf etməyə başlayıblar ki, bütün səylərə baxmayaraq, Azərbaycanın torpaqlarını işğal altında saxlamaq və ölkənin inkişafını təmin etmək yanaşması iflasa uğrayıb. Ermənistan bütün regional layihələrdən kənarda qalıb və yalnız Moskvanın dəstəyi ölkənin inkişafı problemlərini həll etməyə yetərli deyil. Əksinə, Ermənistanın suverenliyi təhdid altında qalır.

Azərbaycanın İran və Rusiya ilə sıx əməkdaşlığı da Ermənistan üçün nəfəsliyi daraldır. Tehran-Bakı iqtisadi əməkdaşlığının dərinləşməsi ermənilərdə daha çox qıcıq doğrur. Rusiya-Türkiyə əməkdaşlığı, Moskva-Ankara yaxınlaşması isə ermənilərin şübhələrini daha da artırır.

Bu günlərdə Yerevanda Sarkisyan iqtidarına qarşı keçirilən etiraz aksiyaları ətrafında yaradılan bütün hay-küyə baxmayaraq, meydanlara onminlər çıxmadı. PR elementlərini bir kənara qoysaq, bu etiraz aksiyaları milli yox, lokal xarakterliydi. Daha çox xaricdəki erməni diasporuna bağlı siyasi qüvvələrin "əzələ nümayişi" idi. Bu aksiyalar da göstərdi ki, erməni cəmiyyətində əvvəlki qədər Qarabağ entuziazmı yoxdur.  

Digər tərəfdən nəzərə almaq lazımdır ki, 1999-cu ildən fərqli olaraq hazırda fərqli geosiyasi konyuktur mövcuddur. Ermənistan üçün hazırkı geopolitik mozaikada öz sabit mövqeyini saxlamaq getdikçə müşkülə çevrilir. Ermənistan İran və Rusiya dəstəyini saxlasa belə, bu, Yerevan üçün artıq əvvəlki qədər həlledici amil xarakterli deyil. Rusiya və İran Azərbaycanla daha sıx iqtisadi əməkdaşlıq layihələrinə imza atırlar. Azərbaycanla əməkdaşlıq dərinləşir, praktikada Yerevan siyasi dəstəyi qoruya biləsə də, onun üçün yeni imkanlar yaranmır. Əskinə, mövcud imkanlar daha da daralır.

Yerevanın siyasi dairələrində bu gerçəklik daha yaxşı dərk olunur və erməni siyasi elitasının geosiyasi vurnuxmaları bununla izah olunmalıdır.

Digər tərəfdən aprel döyüşləri göstərdi ki, erməni diplomatları danışıqlar masasından qaçmağı yaxşı bacardığı qədər, erməni əsgəri, muzdulusu da səngərdən yaxşı qaça bilir…

Zaur İBRAHİMLİ

Strateq.az