Türkiyə Gülən camaatı ilə çarpışır. İllərlə dövlət mexanizminin bütün çarxlarına nüfuz edən FETÖ-çulərin “təmizlənmə” prosesi xeyli ağrılı keçir. Hər gün hansısa dövlət qurumunda kütləvi hal alan işdən qovulmalar, həbslər haqqında məlumatlar alırıq. İndiyə qədər 50 mindən artıq məmur, iş adamı, polis və hərbçinin həbsə atıldığı xəbər verilir. Bu sayın getdikcə daha da artacağı güman olunur. Dövlət mexanizmlərinin ən dərin qatlarına qədər hopan Gülənçi təhlükəsinin Azərbaycanda da qorxunc həddə olduğu bildirilir. Bəs, görəsən, bur təhlükə gücünü hardan alıb? Onunla necə mübarizə aparılmalıdır?
Türkiyənin “Hürriyet” qəzetinin Gülən camaatını yaxından tanıyan professor Hakan Yavuzla müsahibəsi bu və buna bənzər suallara aydınlıq gətirir. Gülənçiliyin Azərbaycan ictimaiyyəti üçün də ciddi təhlükə mənbəyi olduğunu nəzərə alıb, rəsmilərimiz dərs çıxartsın ümidiylə müsahibəni Strateq.az oxucularına təqdim edirik.
İlk öncə professor Hakan Yavuz haqqında:
Dünyada "Gülən camaatı"nı ən obyektiv araşdırmış şəxslərdən biri, hətta bəzilərinə görə, birincisi Utah Universitetinin Politologiya fakültəsinin professoru Hakan Yavuzdur. Yavuz bir zamanlar "Gülən camaatı"na yaxın adam kimi tanınıb, Fətullah Gülənlə dəfələrlə müsahibə alıb, 2000-ci illərin sonunda isə “Hürriyet”də yayımlanan üç məqaləsiylə Camaatla yollarını ayırıb. Daha sonra Camaatla əlaqədar ilk beynəlxalq akademik araşdırma aparıb. Gülənçiliklə bağlı qələmə aldığı kitabı Oksford Universitetinin nəşrlərində işıq üzü görüb.
Beləliklə, Güləni və Gülənçiliyi yaxından tanıyan professorun fikirləriylə aşağıda tanış ola bilərsiniz:
– FETÖ çevrilişlə nəyə nail olmaq istəyirdi?
– Bu, siyasi İslam, yəni AK Partiya ilə sosial İslamdan bəslənən camaat arasındakı iqtidar mübarizəsinin silahlı şəkildə davamı idi. Məqsəd AK Partiya hərəkatının qurucusu və simvolu hörmətli prezidenti aradan götürməkdi. 17-25 dekabrda (2003-cü ildən söhbət gedir-H.O.) yarımçıq qalan işi davam etdirməkdi. Türkiyəni – böyük ölçüdə Amerika və Qərbin gözləntilərinə uyğun şəkildə yenidən quracaqdılar. Öz təbirləriylə desək, "qızıl nəsil diktatorluğu" inşa ediləcəkdi. "Qızıl zabitlər"in istefaya göndərilmə narahatlığıyla çevriliş təşəbbüsü tezləşdirildi. Hədəf isə şəriət və ya İslamçı bir rejim qurmaq deyildi, dövlət gücünü ələ keçirməkdi.
– Bu çevriliş cəhdinin Gülən tərəfindən şəxsən təşkilatlandırıldığı dəqiqdirmi?
– Bu sualınıza "Bəli" deyəcək qədər "qəti dəlillər" yoxdur. Amma ordudakı hadisənin Gülən tərəfdarlarının təşəbbüsü olduğu barədə etiraflar var. Fəthullah Gülən etirafında "mənə rəğbət bəsləyənlər bu hadisəni törətmiş ola bilər, amma əmri mən vermədim" dedi. Bu cür ağır nəticələri olan bir çevriliş təşəbbüsünün razılıq alınmadan edilməsi mümkün deyil. Amma bunun bir Amerikan məhkəməsində isbat edilməsi çox çətindir. Əlimizdə yazılı və ya şifahi bir əmr verildiyi barədə dəlil, hələ ki, yoxdur.
– Bir təşkilat necə iz buraxmadan hərəkət edə bilir?
– Camaatın "görünməyən üzü" həmişə qapalı qaldı, sosioloji heç bir araşdırma aparılmadı. Təşkilatın bu gizli yönünü itaətkar quruluşuna əsaslanaraq “Opus Dei”yə bənzədirəm. Onun qaranlıq tərəfini açmaq istəyənlərin başına oyunlar gətirildi. Təşkilat həmişə qapalı şəraitdə çalışdı.
– Amma necə?
– Təşkilatda jurnalistlər, müəllimlər, həkimlər, polislər, ordu, vəkillər, hakimlər kimi peşə qruplarına görə ayrılan həlqələr var. Bu həlqələrin içində şaquli və üfüqi bir əlaqə şəbəkəsi işləyir. Həlqələrarası münasibətləri tənzimləyən "imamlar" var. Amma üç həlqə gizlidir və təpəyə, yəni Gülənə bağlıdır. Bunlar polis, ordu və maliyyə həlqələridir. Xocanın (Gülən nəzərdə tutulur – red.) ən yaxınındakılar belə, bu üç həlqədə baş verənləri bilməzlər. Xoca özünün həyat hekayəsi olan "Kiçik Dünyam" əsərində həmişə ehtiyatlı olmağı, gizlənməyi vurğulayıb. Sonralar camaatın Ankaradakı yolgöstərəni Polis Akademiyası oldu, kriminal işlərə qarışdılar. Rəhbəri polis olan hərəkatın burnu kriminal işlərdən, qanunsuz dinləmələrdən, şantajlardan ayrılmadı.
– Təşkilatda qərar verənlər, ali idarəçilər kimlərdir?
– Hər həlqə dəyişilən şərtlərə görə əhəmiyyət qazanır və o həlqənin imamının prestiji artır. Türkiyə strukturunda bilinən ən önəmli adlar bunlardır: Harun Tokak, Mustafa Yeşil, Mustafa Özcan, Əkrəm Dumanlı və Hidayət Karaca. Amma o üç həlqə birbaşa Gülənə bağlı qaldı. Adil Öksüz (Hava Qüvvələri İmamı olduğu düşünülür) birbaşa Gülənə bağlıdır. Hərəkat içində tanınmaz. Tanınan, Adil Öksüzün müəllimi İlahiyyat professoru Suat Yıldırımdır. Suat Yıldırım indi ABŞ-da – Gülənin yanındadır və hərəkatın idarəedəni odur. Sakarya Universiteti İlahiyyat fakültəsini öz ağlına görə formalaşdırdı. Adil Öksüzü oraya işə götürdü. Hərəkat içində ən qaranlıq seqment ilahiyyat əsillilərdir.
– Niyə məhz ilahiyyatçılar?
– Türkiyədə sadə bir fərziyyə var: dindar insan əxlaqlı və etibarlıdır. Bu görüntüylə bütün kirli işlərdən çıxdılar. İslamiyyətin mahiyyəti dəyişdirildi, din iqtidar mübarizəsində vasitə halına gətirildi. Hər universitetdə ilahiyyat fakültəsi var. Bu fakültələrin elmi fəaliyyətləri nədir? Məscidlərin, bu fakültələrin artmasına paralel olaraq bir əxlaqsızlaşma və mahiyyətindən uzaqlaşma prosesi yaşadıq. Din əxlaqlı olmaq üçün zəmin yaratmır. Mərhəmət və tolerantlıq adıyla yola çıxan Gülən camaatının gəldiyi nöqtəni anlamaq üçün Umberto Ekonun "Gülün adı" romanını yenidən oxumaq lazımdır.
– Nə deyib Eko?
– Katolik rahiblərin bir iddia uğruna necə caniləşdiklərindən, günahsız insanları rahatlıqla öldürdüklərindən bəhs edib. Dava adamı iddiasına təslim olur. Tənqidi düşüncəni və şübhəni düşmən kimi görür. Dava adamı deyil, tənqid və şübhəçi bir nəsil yetişdirmək lazımdır. "Abilər"in çoxusu ilahiyyatçıdır, amma əxlaqi qayğılardan sıyrılmış adamlardır. Türkiyənin problemi əxlaq məsələsidir. Camaatın gəldiyi nöqtə bu xəstə quruluşumuzun təzahür formasıdır.
– Çevrilişi də ilahiyyat mənşəlilər təşkilatlandırdı yəni?..
(Şəkildə: Haruh Tokak, FETÖ-nün "İsrail imamı")
– Son dərəcə gizli bir təşkilatlanmadan söhbət gedir-adlarını bəlkə heç bir zaman bilməyəcəyimiz imamların fəaliyyətlərindən. Təbii, mərkəzində Baş qərargahın Kadrlar şöbəsinin rəhbəri general-leytenant İlhan Talu ilə qurumun Kadrlar, Plan, İdarəetmə şöbəsinin rəhbəri general Mehmet Partigoç görünür. Amma, məncə, generalların hamısı Fətullahçı deyildi. 15 İyul çevriliş cəhdi orduda yığılan qazın Fətullahçı zabitlər tərəfindən partladılması idi.
– FETÖ-nün xaricdəki güclü adamları hazırda nə edir? Planları nədir? Konkret eşitdikləriniz varmı?
– Təpədəki "A qrupu" və ya "politbüro" üzvləri deyəcəyimiz "abilər"in çoxusu Gülənçilikdən yığdıqları böyük sərvətlərlə yeni həyat qurmaq arzusundadır. Amma hərəkatın Qərbyönümlü təhsilli üzvləri döyüşü itirən Nazı zabitlərinin ruh halını yaşayırlar. Epistemolojik bir böhran yaşayırlar. Eşitdiyimə görə, bəziləri imanlarından şübhə etməyə başlayıblar.
– İman deyəndə nəyi nəzərdə tutursunuz?
– Prosesləri və öz mənəvi şəxsiyyətlərini inşa etdikləri normativ (əxlaqi) xəritələri çöküb. Bir çoxu üsyan halındadır. "Hizmət"in artıq çirklənmiş bir marka olduğunu düşünürlər və arayış içindədirlər. Gəldikləri nöqtədən Fətullah Güləni və Türkiyədəki "abiləri" məsul tuturlar. Əslində çevriliş içində çevriliş var. Camaat içindəki gənc kadrların üsyanı gedərək yayılır. Bəziləri Xocanın Türkiyəyə dönməsinin lazım olduğunu vurğulayırlar.
– Açıq söyləyirlər bunu? Gülən qulaq asarmı onlara?
(Şəkildə: Mustafa Yeşil; Qəzetçilər və Yazarlar Vəqfinin sədri, 15 iyuldan sonra ABŞ-a qaçıb)
– Üsyanın yayılmasına bağlı… Amma ətrafındakı "politbüro"nun bu qayıdışa icazə verəcəyini sanmıram. Əslində Gülən bu "politbüro"nun əlində girovdur. Xarakteri də dönməsinə uyğun deyil. Qorxaq və yaşamağı sevən biridir Gülən. Amma “hizmət” markası istifadə tarixini doldurdu və yaşaması mümkün deyil.
– Etirafçı bir zabit FETÖ-nün yeni hədəfinin prezident Ərdoğana sui-qəsd olduğunu dedi. Bu mümkündürmü?
– Ordudan və polisdən atılan on minlərlə insan var. İtirəcək bir şeyləri qalmayıb… Bu tip insanlar hər an partlamağa hazır mina kimi olurlar. Önümüzdəki illər böyük gərginliklərə hamilədir. Təhlükəsizlik sektoru çöküb, məhkəmə böyük zərər görüb. Ortalıqda fədai olacaq çox adam var.
– MKİ və ABŞ bu işin içindədirmi? Davamlı adı çəkilən iki sabiq MKİ yetkilisi – Qraham Fülleri və Henri Barkeyi tanıyırsınız. Onlar həqiqətən də bu işlərə qarışmış ola bilərlərmi?
– İkisini də yaxşı tanıyıram. Füller Türkiyəni uzun illər araşdırdı, gözəl işlərə imza atdı. Amma artıq ABŞ-da deyil, Kanadada yaşayır. Türkiyəni illərdir təqib edə bilməyən, səhv nəticələrə gələn bir analitikdir. Onun bu işdə rolu olmasını irəli sürmək tamamilə ehtimal nəzəriyyəçiliyidir. Henri Barkey illərdir görüşmədiyim yarıkəşfiyyatçı, yarıalim birisidir. Nə akademik, nə də siyasi sahədə təsir gücü var. Çevriliş gecəsi Türkiyədə olduğunu oxudum, mətbuatda yazılanlar xaricində məlumatım yoxdur. ABŞ-ın sabiq Ankara səfiri Ceyms Cefri Füllerin "axmaq" olduğunu söylədi. Doğrusu, bu ifadə çox səhv bir qiymətləndirmə deyil. Bu ikisini bir kənara qoyaq, amma ABŞ-dakı bəzi qüvvələr çevrilişin müvəffəqiyyətsiz olmasına çox üzüldü, bu təşəbbüsə dərhal reaksiya verməyərək, pis bir imtahan verdilər.
(Şəkildə: Mustafa Özkan; təşkilatın kassası kimi tanınır. Gülənçilər arasında "dəmir yumruq" ləqəbi ilə məşhurdur. 2014-cü ildə ölkədən qaçıb)
–Güləni geri verərlərmi o zaman?
– Türkiyənin bununla bağlı tutarlı bir sənəd hazırlayıb ABŞ-a təqdim etdiyini türk qəzetlərindən oxudum. Amma “Wall Street Journal”ın yazarları Devlin Barrett və Adam Entous "iddiaların bol, məlumatların zəif" olduğunu yazdılar. Türkiyənin siyasi mövqeyi və hazırladığı sənədlərin hüquqi məzmunu Gülənin geri verilib-verilməməsində xüsusi əhəmiyyət daşıyır.
– Rəsmi Ankaranın çevrilişə verdiyi reaksiyanı, tədbirlərini necə qiymətləndirirsiniz?
– Gəlinlər qaynanaları satırmışlar! Xarici mətbuat çevrilişdən çox, insan haqları pozuntuları və bu tətbiqlər üzərində dayanır. Xaricdə dəhşətli bir Ərdoğan düşmənçiliyi var. Bunun altında əsrlərə söykənən İslam və Türk əleyhdarlığı yatır. Türkiyə özünü dünyaya izah edə bilmir. İzah edəcək heyətləri də yoxdur. İşgəncə görüntüləri də işi son dərəcə çətinləşdirdi.
– Necə?
– Alman filosofu Valter Bencamin "Tarix artıq görüntülərdə yaşayır, hekayələrdə yox" deyir. O görüntülər "işgəncəçi Türkiyə" təsəvvürünü yaratdı. Beynəlxalq Aministiya Təşkilatının 24 iyul tarixli hesabatı da bu təsəvvürün yaranmasında çox təsirli oldu. Türkiyə öz fikrini xaricə izah edə bilmədi. Beynəlxalq miqyasda yazan və yaza bilən yeganə adam İbrahim Kalındır. Rəsmilərimiz və siyasət adamlarımız tələb olunan keyfiyyətdən uzaqdır. Kadr seçimində bir qeyri-səlislik hökm sürür. Xaricdə yetişmiş insanlarımız geri dönmək istəmirlər. Kolumbiya Universitetini bitirən bir gənc "Türkiyədə professor olmaqdansa, burada ofisant olmağı üstün tutaram" deyir.
– Niyə, sizcə?
– Çünki sizin müsahibə aldığınız və məncə, ölkəmizdə Gülən camaatını ən yaxşı araşdıran Yavuz Çobanoğlu yalnız Tuncelidə iş tapa bilib. Ona mərkəzdəki universitetlərdə iş verməzlər, çünki hansısa Camaata bağlı həmrəylik quruluşunun üzvü deyil. Boğaziçində də, Bilgidə də işə götürməzlər. Oralardakı strukturlar buna icazə verməz. Türkiyə qabiliyyətli insanların rahat xərcləndiyi bir yerdir.
(Şəkildə: Hidayət Karaca. 2014-dən bəri həbsdə)
– AK Partiyanın bu işlərdə məsuliyyəti nə qədərdir? "Allah bizi bağışlasın" sözlərini necə qarşılamaq lazımdır?
– Camaatın pis yola düşməsində AK Partiyanın günahı böyükdür. Milli Təhsil, Ədalət və Daxili İşlər nazirliklərinə açarları Camaata verən AK Partiya oldu. O dövrün nazirləri onlarla ortaq çalışdı. Hətta bəzi nazirlərin uşaqlarını Camaat oxutdu. Millət vəkili və ya bələdiyyə başçısı olmaq üçün Gülənin əli öpüldü. Bir-birini çox yaxşı tanıyan iki quruluşdan söhbət gedir. İqtidara birlikdə gəldilər, ortaq çalışdılar. Bu gün AK Partiyalı bir çox siyasətçinin üzünü yüngülcə cızsan, altından Camaat çıxar. Zəkəriyyə Öz və o dövrün prokurorlarının qanunsuz davranışlarını hökumət böyük ölçüdə dəstəklədi. Ümid edirəm ki, bu günki siyasətçilər hüquqla daha çox oynamazlar, təşkilatları bu və ya digər Camaata təslim etməzlər.
– Varmı belə bir niyyət?
– Başqa camaatların hakim olacağı bir polis təşkilatı meydana gəlir. Gülənçilərdən boşalan yeri doldurmaq üçün Nəqşibəndiyyə mübarizəyə girişib və bu, çox üzücüdür. Səhiyyə Nazirliyinə müəyyən bir qrupun hakim olduğu deyilir. Əvvəllər Enerji Nazirliyinə da "eyni camaat hakim idi" deyilir (Mənzil camaatından söhbət gedir). Bu, çox narahatedici haldır. 15 iyuldan dərs alaraq dünyəvi quruluşun qorunması və sekuliyar sistemin önə çıxarılması lazımdır.
\
(Şəkildə: Əkrəm Dumanlı, "Zaman" qəzetinin baş redaktoru, axtarışdadır)
– Niyə bu dalanlardan xilas ola bilmirik?
– Keyfiyyətsizlikdən, qeyri-səlislikdən, betondan başqa bir məqsədi olmayan iqtidarların üzündən. Ankarada alaçıq kimi duran Milli kitabxanaya, bir də ətrafındakı ticarət mərkəzlərinə baxın! Sosial sement gözardı edildi. Hər şeyin ikiqat yol, körpü və betonlaşmadan ibarət olduğu sanıldı. Ortaya çılpaq bir cəmiyyət, çılpaq bir dövlət çıxdı. Beton tökməklə dövlət qurulmaz. Dövlət hüquq, cəmiyyət əxlaq baxımından çılpaqdır. Türkiyənin problemi siyasi deyil, əxlaqidir. Onun inşası isə ticarət mərkəzi tikintisinə bənzəmir.
– Bütün bu olanlar hökumətin 'dindar nəsil' proyektinə təsir edəcəkmi?
– Məqsədimiz düşünən, yoxsa itaət edən bir Türkiyədirmi? "Qızıl nəsil" layihəsi başımıza nə işlər açdı, dərs almayacağıqmı? Dövlətin vəzifəsi bu olmamalıdır. Əxlaqın şərti dindarlıq deyil. Üstəlik, Türkiyənin islamçılaşması böyük problemlər yarada bilər. Orta Şərqdə məzhəb savaşları yaşanarkən biz də camaatlar savaşıyla qarşı-qarşıya qala bilərik. Açığı, mən bu perspektivdən çox narahatam. Yırtılan və aşınan əxlaqi quruluşu dinlə inşa edə bilmərik.
– Prezidentin və Baş nazirin son günlərdəki "Atatürkçü" mesajlarını necə şərh edirsiniz?
– Ümid edirəm ki, bu, konyuktura deyil. Dövlət dünyəviliyə söykənən, hüquqa üstünlük verən, Camaat bağlarının yox, vətəndaşlığı vurğulayan və tənqidi düşüncəyə yer verən quruluş fəlsəfəsini canlandırmaq məcburiyyətindədir. Rəsmilərimizin mövqeləri mənə ümid verir.
– Prezident dövlət güclərini konsolidasiya edərkən dünyəvilərlə arası yenidən pozularmı?
– Zənn etmirəm. 17-25 dekabr prosesi və 15 iyul çevriliş cəhdi, məncə, yeni bir siyasi arayışı gətirdi. Uzlaşma mövqeyini davam etdirmək lazımdır.
– AK Partiyanın təmsil etdiyi çevrə dünyəvilərlə barışıq yarada bilərmi?
– Bəli, əsas problem də burdadır. Yalnız "sülh", yoxsa "birlikdə həyata davam"mı? Cəmiyyət olmaq, "sülh" halından daha irəliyə getməyi tələb edir. O mövzuda ciddi narahatlıqlarımız var. Əxlaqi baxımdan çox zəif və çılpağıq.
– AK Partiya təməli Qərbçiliyə dayanan bir demokratiya istəyirmi?
– Əmin deyiləm. Siyasi mədəniyyətimiz, hüquqi mədəniyyətimiz, təşkilatlarımız qərbli tərzində demokratiyanı daşıyacaq gücdə deyil. Demokratiya bir gecədə inşa edilmir. Biz bu prosesin başındayıq. Və yaxşı bir başlanğıc etmədik.
– Azadlıqçı bir demokratiya istəyiriksə, siyasi İslamın basdırılması, nəzarət altında tutulması lazım deyilmi? Güclənəndə özümüzün bir gül bağçasında olmadığımızı gördük … Bu paradoks necə həll edilə bilər?
– İslam dinimizdir. Siyasi mədəniyyətimizi bəsləyən ən əhəmiyyətli simvollarımızın qaynağıdır. Amma digər dinlər kimi demokratiya ilə uzlaşmır və uzlaşması şərt deyil. İlahi qaydalar ilə cəmiyyətin müştərək inşa etdiyi qaydaların hər zaman uzlaşması çətindir. Birinin təməlində vəhy, digərinin təməlində isə ağıl vardır. Müsəlman ölkələrindəki təcrübələr İslami siyasi hərəkatların uğursuz olduğunu göstərdi. Bu, "din təcrid edilsin" demək deyil. Din siyasət və sosial sahədə ola bilər, amma dövlət quruluşunun xaricində tutulmalıdır.
– Araşdırmalarınızda camaatı, AK Partiyanı, İslamın demokratiyaya açılan qapısı olaraq ələ almısınız. Xəyal qırıqlığı yaşadınızmı?
– Çox ümidliydim. İslamla demokratiyanın, müasirliyin sintezinin qurulduğunu düşünmüşdüm. Böyük gözləntilər içində bir çox araşdırmalara imza atdım, amma bu əsərlərimdə əndişələrimə də yer verdim. 2008-ci ildə gedişatın çox pis olduğunu gördüm. “Hürriyet” qəzetində səsləndirdiyim etiraz nidasına Camaat qulaqlarını bağladı və məni hədəf taxtasına çevirdi.
– Ayağa qalxmaq üçün nə edilməlidir?
– Avropadan qopmaq, ABŞ ilə düşmən münasibətlər çox zərərli olur. Türkiyə müttəfiqsiz yaşaya bilməz. Bu müttəfiq də Rusiya ola bilməz. AB-nin bizi aşağılamasına icazə verməməliyik, amma onların anlayacağı bir dillə danışmalıyıq. Siyasi və iqtisadi qibləmiz Brüsseldir. Elə də olmalı və qalmalıdır.
Tərcümə Strateq.az-ındır