XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

23 Avqust 2016 - 17:35

Çini Suriyaya çəkən nədir? –Pekin Türkiyənin Xatay əyalətindən Aralıq dənizinə çıxmağa cəhd edəcək - Təhlil

CT

Sərkis Saturyan

REGNUM İA, 22.08.2016

 

“Çin coğrafi baxımdan Suriya münaqişəsindən uzaqdadır. Pekinlə Dəməşq arasındakı məsafə 6900 km təşkil edir ki, bu da AB-dən fərqli olaraq, Çini müharibənin diddiyi ölkənin milyonlarla qaçqını üçün əlçatmaz edir”, – deyə ingilisdilli "Japan Times" Dəməşqi silahlı müxalifətlə barışdırmaq üzrə Pekinin cəhdləri haqda mühakimə yürütməklə oxuculara xatırladır.

Çini Suriyaya cəlb edən nədir?

 

Nəyin bahasına olur-olsun, Suriya!

 

Bütün məsələ bundadır ki, Yaxın və Orta Şərqi hərbi əməliyyatların əsas meydanına çevirmiş III dünya savaşı həlledici mərhələyə keçir. Səmalar ölkəsi isə “İpək yolu”nun şəhərlərinə nəzarət uğrunda mübarizəni davam etdirir. Deməli, avqustun 16-da Rusiya HKQ-nin İranın Həmədan aviabazasından istifadəsi haqda xəbər dünya KİV-lərində dolaşarkən, ÇXR Mərkəzi Hərbi Komissiyasının beynəlxalq hərbi əməkdaşlıq Departamentinin direktoru Quan Yufey Suriya müdafiə naziri Fəhd Casim əl-Freyclə danışıqlar üçün Dəməşqə gəlib.

Dəməşq Çin hərbi müşavirləri və vətəndaş müharibəsi başlanandan ərəb respublikasına tədarük edilən humanitar yardımı qəbul etməyə razılaşıb. Quan görüşün yekunları üzrə bildirib: “Çin və Suriyanın silahlı qüvvələrinin çoxdan dostluq münasibəti var və Çin hərbçiləri Suriyadan həmkarları ilə mübadilə və əməkdaşlığı möhkəmləndirməyə hazırdır”.

Və burada heç bir sensasiya yoxdur, çünki Dəməşqlə Pekin arasındakı dialoq Bəşər Əsəd hələ ABŞ və Böyük Britaniyanın İraqa müdaxiləsinin şahidi olduğu 2003-cü ildən fəallaşıb. Onun Pekinə cavab səfəri 2004-cü ildə baş tutub. Əsəd on iki ildən sonra bəyan etməyə məcbur oldu: “Nə qədər ki, xalqların öz müqəddəratını təyin etmək hüququ və prinsiplərinə sayğı göstərən və dəstəkləyən İran, Rusiya və ÇXR kimi ölkələr var, terrorizmin darmadağını qaçılmazdır. Buna görə onlara təşəkkürlər”.

Təkcə Suriyanın ÇXR, İran və İraqı Şərqi Aralıq dənizi bölgəsilə bağlayan açar nəqliyyat sahəsi Hələb şəhərinin deyil, həm də Suriyanın Dəməşq, Homs, Tartus, Palmira, Rakka və Dura-Avropos kimi şəhərlərinin gələcəyi təhlükə altındadır.

Səmalar ölkəsi ilə Avropa Birliyi arasında planlaşdırılan və Suriyaya girənədək Qazaxıstan (Taraz, Alma-Ata, Türküstan), Tacikistan (Xocənt, İstərəşvan), Özbəkistan (Əndican, Kokand, Səmərqənd, Şəhrisəbz, Buxara), Türkmənistan (Türkmənabad, Mərv, Ürgənç, Nisa), İran (Kirmanşah, Həmədan, Qəzvin, Yəzd, Məşhəd, Səddərvazeh, Səbzəvar, Nişabur, Tus) və İraqdan (Bağdad, Mosul, Samarra, Fəlucə, Ktesifon, Baakubə) keçən kommunikasiya xətləri bu cür görünür. Lakin Pekinlə Tehranın manevr məkanı ona görə daralır ki, İran Kürdüstanı və Bəlucistanda yaraqlıların dəniz “İpək yolu”nun arteriyalarını sıxan fəallığı artır.

 

İran, Azərbaycan və Rusiya ərazilərindən “Şimal-Cənub” dəhlizi?

 

Problem üzdədir: İranın şimali-qərb və cənubi-şərq bölgələrinin sabitsizləşdirilməsi İran-Türkiyə qaz kəməri, həmçinin Fars körfəzinin sahilindəki və Hörmüz boğazındakı Bəndər-Abbas neftsüzmə limanına təhlükədir. Bu, ABŞ-a təkcə İran ixracatını deyil, həm də Çinin “İpək yolu” layihəsini mühasirəyə almaq imkanı verir.

Əgər xəritəyə geniş baxılsa, bu panoramaya Amerikanın "Stratfor" kəşfiyyat agentliyinin haqqında təşvişlə yazdığı Rusiya da sığışır: “7,2 min km uzunluğunda “Şimal-Cənub” nəqliyyat dəhlizinin layihəsi ilk dəfə 2008-ci ildə müzakirə edilib. O, İrandan Azərbaycan ərazisilə Rusiyayadək uzanmalı olan dəmiryolu, nəqliyyat və liman infrastrukturunun inşasını nəzərdə tutur. Lakin əslində layihənin gerçəkləşməsi iştirakçıların çaşdırıcı çoxluğu və planlaşdırılan 400 milyon dollarlıq məsrəfə görə çətinləşir”.

“Kölgə MKİ"-nin əməkdaşları xülasə edirlər: "“Şimal-Cənub” dəhlizi gerçəkləşcəyi halda bölgənin geopolitik düzəninə ciddi təsir edəcək. O, İranı Rusiyanın Baltika limanları ilə birləşdirməli və bununla da Moskvanın dəmiryollarına Fars körfəzi və Hind okeanına çıxışı təmin etməlidir. Bu, ən azı, kağızda bildirir ki, yük Mumabidən İranın Bəndər-Abbas limanına və sonra da Bakıya daşına bilər. Sonra yüklər Rusiya sərhədini keçməklə Həştərxandan Moskva və Sankt-Peterburqa qədər gedir və Avropaya çıxır. Həm də bu layihə hazırda inkişaf edir – İranla Azərbaycan arasında dəmiryol xətti inşa mərhələsindədir”.

Vaşinqtonun və NATO üzrə müttəfiqlərinin planlarına rəğmən Rusiya-İran dialoqu gözlənildiyindən sürətlə inkişaf edir. Təsadüfi deyil ki, İran “Şimal-Cənub” dəhlizinin ortasında yerləşmiş Həmədan şəhərini RF HKQ-ə təqdim edir. "Stratfor" bu çaları hiss etmir, amma əvəzində ikimənalı eyham vurur: “Tehran və Moskvanın böyük pərtliyinə rəğmən Bakı Qərblə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Azərbaycan hökuməti Bakı-Tiflis-Ceyhan kimi layihələrə qatılır və eyham vurur ki, Bakı-Tiflis-Qars Transanadolu qaz kəmərinin inşasında iştirak etmək istəyir. Bu, Xəzər və Qara dənizi birləşdirməyə imkan verərdi. Xüsusən də ona görə ki, Azərbaycanın “Şimal-Cənub” dəhlizində iştirakı ona əsas rəqibi Ermənistan qarşısında üstünlüyü təmin edir”.

Yəni amerikalılar işarə edirlər ki, Bakının Qərb paytaxtları ilə əməkdaşlığı Çinin “İpək yolu”nun üstündən tamamilə xətt çəkən amildir. Bunun üzərindən isə ancaq sınanılmış bircə üsulla xətt çəkmək olar – Dağlıq Qarabağ uğrunda müharibə ilə.

2008-ci ildə “Şimal-Cənub” dəhlizi ilə yanaşı, mətbuatın Fars kəməri adlandırdığı İran-Avropa qaz kəməri də nəzərdə tutulmuşdu. Kəmərin inşası haqda memorandum noyabrın 17-də İran neft nazirliyi ilə Türkiyə energetika və təbii ehtiyatlar nazirliyi arasında imzalanmışdı. Ankara o zaman öhdəsinə götürmüşdü ki, Avropa Birliyinə ildə 35 milyard kubmetrədək İran qazı tədarük edəcək. Logistika sıradakı şəhərlərdən kerçirdi – Aqra, Ərzrum, Ərzincan, Gümüşxanə, Sivas, Yozqat, Kırşehir, Qırıqqala, Ankara, Eskişehir, Kayseri, Konya, Bursa, Balıkəsir, Çanaqqala və Ədirnə. Layihəyə əsasən, kəmər sonra AB ölkələrinə – Yunanıstan, İtaliya, İsveçrə, Avstriya, Almaniya, Fransa və İspaniyaya çıxırdı. Ümumi uzunluğu 3,300 km və dəyəri 100 milyon dollar olan kəmərin inşasını 2014-cü ilə başa çatdırmaq planlaşdırılırdı, lakin o, “ərəb baharı”na görə artan geopolitik risklər, İrana qarşı beynəlxalq sanksiyalar və Türkiyənin sabitsizləşdirilməsi üzündən beləcə kağız üzərində qalıb.

Hətta layihəni kuratorları o vaxtadək Türkmənistandan Xəzərin dibi ilə Azərbaycanın qaz infrasrukturu ilə birləşdirilməsi planlaşdırılan qaz kəməri salmağa ümid edirdilər. İdeya iflasa uğradı.

Lakin Tehran ruhdan düşmür. "Press TV" telekanalı xəbər verir ki, "National Iranian Gas Company"nin (NIGC) icraçı direktoru Həmidrza Əraqi Türkiyəyə qaz tədarükünü gündə 6 milyon kubmetrədək artırmaq imkanı haqda məlumat verib. İstisna deyil ki, Məhəmməd Cavad Zəriflə Mövlud Çavuşoğlunun danışıqlarında bu məsələyə xüsusi diqqət ayrılıb. Ankara görüşün yekunu üzrə İran qazı alqısının artırılması üçün çıxış edib. Türkiyənin "Bosphorus" şirkətinin rəhbəri Əli Şen öz növbəsində dəqiqləşdirib ki, İran qazının alqısında artım yalnız Rusiyanın 2019-cu ilədək “Türk axını”nı inşa etməyəcəyi halda mümkündür.

İranın ehtiyat potensialını dəyərləndirmək çətindir, lakin hələlik bütün planlar sərt geopolitik gerçəkliklərə çırpılır. Təsadüfi deyil ki, 2 milyon barrel İran neftinin Polşanın Qdansk şəhərinə sınaq tədarükü (bu il avqustun ortalarında) hətta tankerin buraxılmadığı Süveyş kanalından deyil, uzaq XVI əsrdə Vasko de Qamanın gəmiləri kimi Aftrikanı Xoş ümid burnundan dolanmaqla həyata keçirilib.

 

Xatay Hələbə alternativ kimi

 

Nə qədər qəribə olsa da, dünya dövlətlərinin Suriyadakı savaşı Türkiyənin milli ərazisi üzərində nəzarət zərurətini artırır. Bu sətirlərin müəllifi yuxarıda Hələbin və Suriyanın digər şəhərlərinin “İpək yolu” üçün dəyərindən danışıb. Lakin çinlilərin Suriya marşrutuna alternativi var və o, sistemli şəkildə atəşə məruz qalır. Söhbət Türkiyənin Suriya ilə həmsərhəd və Şərqi Aralıq dənizinin sahilində yerləşmiş Xatay əyalətindən gedir. Həm də terrorun coğrafiyası Türkiyənin cənub sərhədlərinə doğru yerini dəyişir. Məsələn, avqustun 15-də Xatayla Suriyanın İdlib şəhərinin sərhədində 25 nəfərin həyatını aparmış avtobus partladılıb. Avqustun 21-də isə qonşu Qaziantəp əyalətində (yeri gəlmişkən, Hələbin 97 km-liyində yerləşir) kürd ailəsinin toyunda qanlı terakt baş verib və nəticədə 50 nəfər həlak olub. Təsadüfdürmü?

Yeni Şafak iyulun əvvəlində süjetlər quraşdırırdı ki, Suriya hərbi kəşfiyyatı Fətullah Gülənin tərəfdarları ilə birlikdə, guya, Xatayı ilhaq etməyə cəhd edir. Yeri gəlmişkən, “ilhaq” termini bu halda xüsusi səsləniş qazanır. Çünki Fransanın Suriyada müstəmləkəçilik ağalığı illərində Aleksndretta sancağı adlanan Xatay əyaləti Paris tərəfindən 1939-cu il iyulun 23-də Kamal Atatürkə verilib ki, bu da indiyədək suriyalılarda qəzəb doğurur.

Müqaviləyə görə, Ankara almanların hücumu halında fransızlara neytrallıq zəmanəti verib, lakin gerçəklikdə hər şey əksinə çıxdı: II dünya savaşı illərində 1942-ci ilin payızından 1944-cü ilin aprelinədək Türkiyə nasist Almaniyasına hərbi sənaye üçün son dərəcə zəruri xrom tədarük edib. Buna baxmayaraq, hazırda başqa məsələ önəmlidir: Çin Türkiyəni “İpək yolu”nun dəmiryol şəbəkəsinə necə qoşmağa hazırlaşır?

Qərar qəbul edilib. Pakistan, İran və Türkiyə hökumətləri avqustun 18-də İslamabadda İslamabad-Tehran-İstanbul dəmiryol və avtomobil dəhlizi yaratmaq haqda razılığa gəlib.

Sonra nə olacaq? Çin cənub istiqamətində Türkiyənin Xatay əyalətindən Aralıq dənizinə çıxmağa cəhd edəcək. Suriyada müharibə Pekinə başqa çıxış yolu qoymur.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə