ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) rəhbəri Con Brennan şok açıqlamasıyla Bəşər Əsəd düşmənlərini əməlli-başlı məyus edib. O, dünən Nyu-York Xarici Əlaqələr Şurasında çıxış edərək nə ABŞ-ın, nə Rusiyanın, nə də digər böyük güclərin Suriyadakı mövcud rejimi devirməkdə maraqlı olmadığıni bildirib. Con Brennana görə, bunun çox məsum bir səbəbi var: Bəşər Əsəd devrilərsə, hakimiyyət İŞİD-ə keçər. Bununla da Yaxın Şərqdə daha idarəolunmaz vəziyyət yaranar.
İnsafən, Con Brannenə haqq qazandırmamaq mümkün deyil. Bəşər Əsəd nə qədər diktator olsa da, müxalif qüvvələri həbsxanalara doldursa da, hər halda İŞİD kimi bütün millətin gözünün qarşısında baş kəsmir, əlinə silah alıb dünyanın müxtəlif ölkələrinə təhdid yağdırmır. Amma zənnimcə, ABŞ-ın baş “çekisti”ni Suriya xalqından çox, Yaxın Şərqin ərköyün övladı düşündürür: söhbət İsraildən gedir.
İŞİD-in Bəşər Əsədi devirib hakimiyyətə yiyələnməsi əslində ərəb dünyasının vaxtilə ən güclü silahlı qüvvələrindən olan Suriya ordusunun lojistik potensialını ələ keçirmək deməkdir. İsrailin tam sərhəddində qurulacaq və hərbi qüdrəti artacaq İŞİD hakimiyyəti isə, ilk növbədə, Təl-Əvivə sərf etmir. Həmişə öz maraqlarını belə İsrailə qurban verməyə hazır olan ABŞ administrasiyasının öz strateji müttəfiqini çətinə salacaq prosesə göz yumması, təbii ki, mümkün deyil. Görünür, CİA rəhbərini belə açıqlamalar verməyə məcbur edən də elə bu həqiqətdir.
Düzdür, bir zamanlar bölgənin ən böyük qüdrətlilərindən sayılan Suriya ordusunun əvvəlki gücü qalmayıb. Uzun illərdən bəri davam edən daxili müharibələr, ölkəyə tətbiq olunan iqtisadi sanksiyalar ən ciddi zərəri ölkənin hərbi potensialına vurub. Verilən məlumata görə, 2011-ci ildən bu yana Suriyada öldürülən vətəndaşların sayı 200 mini keçib. Statiskalar ən qanlı il kimi 2014-cü ili göstərir. Həmin il gündə ortlama 200-dən artıq suriyalı məhv olmuşdur. Elə bu faktın özü qurbanların hər gün daha çox artdığını göstərir. Kim bilir, bəlkə də 2015-ci il öz dəhşətlərinə görə ötən ili də geridə qoyacaq.
Sözsüz ki, öldürülənlərin əksəriyyəti əli silah tuta bilənlərdir. İŞİD-in kölə ticarətində əmtəə kimi istifadə etdiyi qadın və uşaqlara toxunmaması, bu bazarda işə yaramayan kişiləri isə öldürməsi irəli sürdüyümüz iddianı təsdiqləyir. Müharibədən öncəki statistikaya görə, 310 min əsgəri olan Suriya üçün 200 min potensial əsgərini itirmək hərbi potensialından məhrum olmaq deməkdir.
Bununla belə, canlı qüvvəsi dağılan Suriya ordusunun kimyəvi silahları var. İsraili ən çox təhdid edən də elə həmin silahlardır. Az-çox dövlətçilik şüuru olan, öz hakimiyyətinin rahatlığına önəm verən Bəşər Əsəd üçün o silahların son anda istifadə olunması ehtimalı varkən, İŞİD tipli təşkilatların sabah nə edəcəyini proqnozlaşdırmaq mümükün deyil. Zənnimizcə, CİA rəhbərinin dediyi kimi, dünya güclərini narahat edən də budur. Yoxsa, Suriyada hər gün yüzlərlə məsum insanın öldürülməsi heç kimi qətiyyən maraqlandırmazdı. Bunu İŞİD-in nəyə qabil olduğu əvvəlcədən bilindiyi halda, onu böyüdərək indiki qorxunc vəziyyətə gətirilməsi də bir daha təsdiqləyir.
Ən təhlükəli hal budur ki, 4 illik qanlı İŞİD təcrübəsi belə, ABŞ və Qərb dövlətlərini məkrli planından çəkindirmir. İndiyə qədər Suriyanın demokratikləşməsi adıyla Əsəd müxalifətinə 100 milyonlarla dollar xərcləyən Qərb dünyası yenə öz əməllərini davam etdirir. Təsadüfi deyil ki, CİA rəhbəri “Bəşər Əsədi devirmək fikrimiz yoxdur” dediyi sıralarda ABŞ prezidentinin xarici işlər üzrə dövlət katibinin müavini Antoni Blinken Suriya böhranının 4-cü ildönümü münasibətilə bu ölkənin müxalif qüvvələrini öz ətrafına toplayıb onlara növbəti müjdəni verirdi:”Adminstrasiyasımız mülayim Suriya müxalifətinə daha 70 milyon dollar verilməsi üçün Konqresslə çalışmalarını davam etdirir”.
Qeyd edək ki, bu vəsaitlə bərabər, ABŞ-ın Bəşər Əsəd rejimini yıxmaq üçün sadəcə Suriya müxalifətinə ayırdığı kapital 400 milyon dolları keçəcək. Bu hələ super gücün öz verdiyidir. Başda Fransa, İngiltərə olmaqla bir sıra Qərb ölkələri də bu məkrli plana xeyli vəsait xərcləyirlər. ABŞ-ın oyuncaq strateji müttəfiqləri olan ərəb dövlətlərinin Suriya müxalifətinə verdiyi neft pullarını da hesaba qatsaq, gözlərimizin önündə milyarlarla dollar canlanar.
Məlumat üçün bildirmək istərdim ki, Suriyanın iqtisadi gücünü göstərən ən son statistik məlumat 2009-cu ilə aiddir. Bu statistikaya görə, ölkənin ümum Daxili Məhsulu 54.3 milyard dollar idi. 2009-cu ildən bu yana Suriyanın get-gedə zəiflədiyini, Bəşər Əsəd rejiminin sadəcə ölkənin cüzi bir hissəsinə nəzarət etdiyini, ordusunun tari-mar olunduğunu nəzərə alsaq, Suriya müxalifətinə verilən bu qədər kapitalla hələ də Qərb ölkələrinin öz məqsədinə çatmadığını görə bilərik. Belə çıxır ki, Con Brennan, həqiqətən, haqlıdır. Qərbin məqsədi Bəşər Əsədi yıxmaq yox, Suriyanı qan gölünə çevirməkdir…
Qeyd: Bir sıra yazılarımda Suriya və İraqda baş verənlərin məhzəb savaşları üçün törədildiyini bildirdiyimdən, Qərbin bu bölgəni niyə qan gölünə çevirmək istədiyi üzərində durmadım. Fikrimcə, Con Brennanın bu fikirləri də iddiamı təsqidləyir.
Heydər Oğuz
Strateq.az