Andrey İvanov
“Globalaffairs” jurnalı
Ötən 20-ci əsrin bütün birinci yarısıboyu Amerika özünün qlobal qüdrətini möhkəmləndirə bilmişdi. Lakin 1945-ci ildən sonra bu ekspansiya ciddi çətinliklər qarşısında qaldı: ABŞ 1946-cı ildə ilk ərazi itkisini yaşadı (Filippin), 1953-cü ildə ilk dəfə olaraq birbaşa hərbi münaqişədə qalib gələ bilmədi (Koreya müharibəsi), 1959-cu ildə Kubada amerikapərəsət Batista rejimi devrildi.
Bununla yanaşı, xarici siyasətdə uğurlar da olmuşdu: 1952-ci ildə Yunanıstan və Türkiyə NATO-ya daxil oldular.
Bu xarici siyasət sahəsindəki uğurlar və uğursuzluqlar şərti olaraq Amerikanı qüdrətli dövlət kimi yüksəltdi. Özünün maksimum həddinə o, Karib böhranı zamanı çatdı. Bu yüksəliş 1963-cü ildə prezident Kennedinin öldürülməsi ilə dayandı. Belə vəziyyətdə ABŞ-ın xaricdə və daxildə əvvələr əldə edilmiş uğurlarını saxlamaq gücü yox idi. Ölkəni deqradasiya mərhələsinə aparan birinci böhran 1967-ci ildə başladı və 1976-cı ilə qədər davam etdi. Bu mərhələ həm dünya arenasında (Vyetnam müharibəsi, OPEK-in neft embarqosu), həm də ölkə daxilində (“Uotrgeyt” qalmaqalı, antimüharibə nümayişləri, Detroytdakı böyük miqyaslı hərc-mərclik) iflas periodu kimi xarakterizə edilirdi.
İqtisadi və valyuta böhranı, qızıl-dollar standartı sisteminin çökməsi dolların devalvasiyasına gətirdi. Fond bazarı dağıldı. Hərbi xərclər 2011-ci ilin qiymətləri ilə götürdükdə 440 milyarddan 360 milyard dollara qədər ixtisar edildi.
Birinci böhranla üz-üzə qalan ABŞ başa düşdü ki, SSRİ üzərində hərbi qələbə mümkün deyil. Elə SSRİ-də də bundan 10 il əvvəl başlanmış deqredasiya Amerikaya qalib gəlmək imkanı qoymurdu.
ABŞ-da 1976-cı ildə başlanmış ilk kvaziyüksəliş 1980-ci ildə sabit mərhələyə keçdi, 1983-cü ilin sonunda isə aydın şəkildə üzə çıxdı: ÜDM ildə 4,6 faiz artdı, hərbi xərclər isə 1968-ci ilin həddini ötdü.
Hər şey 1987-ci ildə başa çatdı. “Qara bazar ertəsi” adlandırılan 19 oktyabrda fond indeksi özünün tarixində ilk dəfə mənfi 22,6 faizə endi. ABŞ-ın dünya iqtisadiyyatında olan payı aşağı düşməyə, hərbi xərclər artmağa başladı. Konqres prezidentə qarşı müxalifətə keçdi. Qüdrətli Amerika staqnasiya fazasına daxil oldu.
Qeyd edək ki, ABŞ-ın əsas hədəfi geopolitik rəqibi SSRİ ilə mübarizə olsa da, sovet sisteminin dağılması daha çox daxili səbəblərdən baş verdi (sovet dövlətinin ikinci böhranı). Odur ki, 1963-cü ildən deqredasiya mərhələsində, 1987-ci ildə staqnasiya dövründə olan, 1990-cı ildə isə böhran fazasına girən ABŞ sadəcə SSRİ üzərində qələbə çala bilməzdi.
Ancaq əsas rəqibinin iflası ABŞ-a əlavə sabitlik verdi və ikinci “qüdrətli dövlət” böhranı davamlılığına görə o qədər ağır olmadı. 1990-cı ilin iyunundan başlanan bu böhran 2 il yarım davam etdi. ABŞ-ın dünya iqtisadiyyatındakı payı 3 il ərzində 22, 5 faizdən 20,30 faizə qədər azaldı. Xarici siyasət sferasında “Səhrada fırtına” əməliyyatı faktik olaraq Amerika ordusunun geri çəkilməsi və Səddam Hüseynin hakimiyyətdə qalması ilə nəticələndi.
“Qlobal amerikanizm” illüziyası
1992-ci ilin noyabrında Bill Klintonun prezident seçilməsi ilə ikinci “qüdrətli dövlət” böhranının sona çatdığını deyə bilərik. 1993-2000-ci illərdə ABŞ-da ÜDM-in orta tempi 3,9 faiz təşkil edirdi, dünya ÜDM-ində isə payı 21,13 faizə çatmışdı. ABŞ üçün çiçəklənmə və təhlükəsizlik zamanının çatdığını düşünmək olardı.
Güclü rəqibin sıradan çıxması ilə ABŞ hətta hərbi xərcləri 90 milyard dollar azaltmağa da qərar verdi.
Klinotunun prezidentlik müddəti yekunlaşanda onun reytinqi 68 faiz təşkil edirdi. Bu, ölkə tarixində ən yüksək göstərici idi. Belə reytinqlə öz postundan yalnız Ruzvelt və Reyqan getmişdi. 1999-cu ildə, ABŞ yüksəliş fazasında olarkən, NATO-nun dördüncü genişlənməsi baş verir. Keçmiş sosialist ölkələri olmuş Polşa, Çexiya və Macarıstan alyansa daxil olur.
Elə həmin il NATO ABŞ-ın başçılığı ilə Yuqoslaviyanın bombalanması əməliyyatını keçirir, bir ildən sonra Miloşeviç rejimi çökür. Yuqoslavyadakı hərbi əməliyyat onunla əlamətdardır ki, bu, ABŞ-ın ona loyal olmayan, regional lider statusunda olan dövlətlərə qarşı apardığı müharibə zəncirində ilk akt idi. Heç də bütün ölkələrə belə status qazanmaq nəsib olmur. 20-ci əsrin sonunda belə dövlətlər çox az idi: İspaniya, İknci Serbiya (Yuqoslaviyanın qalığı), Tayvan və Yaxın Şərq (Türkiyə, İraq, Suriya, Misir, Liviya və ola bilsin, Pakistan). İspaniya, Portuqaliya və Tayvan tam şəkildə ABŞ yönlü sayılır. Türkiyə, Misir və Pakistan da Amerikanın tam tərəfdarı hesab olunurdu. Yalnız Yuqoslaviya, İraq, Suriya və Liviya qalırdı.
1998-ci ildə Klinton ilk dəfə Səddam Hüseyn rejiminin devrilməsini bir məqsəd kimi qarşıya qoydu. Məlum olduğu kimi, 1991-ci ildə ABŞ-ın belə məqsədi yox idi və ata Buş “Səhrada fırtına” əməliyyatını sona qədər davam etdirmədi.
Bəs bu 7 il ərzində nə dəyişmişdi?
ABŞ-ın əsas geopolitik rəqibi SSRİ artıq yox idi və Vaşinqtonun xarici siyasət prioritetləri kardinal şəkildə dəyişmişdi. Səbəbləri barədə danışmaq çətin olsa da, son proseslərin təhlili belə deməyə əsas verir ki, ABŞ özünün ikinci kvaziyüksəlişi zamanı ona loyal münasibətdə olmayan dövlətləri aradan qaldırmaq qərarını vermişdi. Son 17 il ərzində ABŞ-ın apardığı dörd hərbi kampaniyadan 3-ü məhz belə dövlətlərə qarşı yönəlmişdi. Görünür, qlobal qarşıdurmanın yeni mərhələsinin yaxınlaşdığını hesab edən Amerika “zəhlətökən mülçəklərdən” yaxa qurtarmaq istəyirdi. Regional güc statusunda olan dövlətlər qlobal meydanda zəif olsalar da, əsas regionlarda problem yaratmaq gücünə malik idilər. Lakin ikinci böhran ABŞ üçün xoş olmayan nəticələrə səbəb oldu: kvaziyüksəliş qısa oldu. “Qlobal amerkanizm” banal üçüncü böhranla əvəzləndi.
Üçüncü “qüdrətli dövlət” böhranı
2000-ci il martın 10-da "S&P 500" indeksi “partlayaraq” pik səviyyədən düşdü. 1987-ci ildə olduğu kimi, fond bazarının çökməsi Amerikanın staqnasiya fazasına keçdiyinin simvolu kimi çıxış edir. 2000-ci ilin sentyabrından 2004-cü ilin aprelinə qədər staqnasiyanın bütün əlamətləri özünü göstərirdi. İqtisadi artım zəif də olsa artır, dünya iqtisadiyyatndakı pay enməyə başlayır, fond bazarı iflas edir. ABŞ hələlik yalnız hərbi əməliyyatlarda uğur qazanır və hərbi xərclər azaldılmır.
Qüdrətli Amerika üçün üçüncü böhran 2004-cü ilin baharından başlandı. Aprel ayında İraqda eyni vaxtda sünni və şiələrin qiyamı baş qaldırdı. Nəticədə Vaşinqton hakimiyyəti Keçid Hökumətinə verməli oldu. ABŞ-ın hərbi itikiləri artmağa başladı, prezident Buşun reytinqi ilk dəfə olaraq “qırmızı zona”ya yaxınlaşdı. 2007-ci ilin dekabrında böhran aydın sezilirdi: ABŞ-da ikinci dünya müharibəsindən sonra ilk dəfə nəhəng resessiya başlanır. 2008-ci ildə "S&P 500" indeksi 1995-ci ilin səviyyəsinə düşdü.
Üçüncü Amerika böhranı yalnız 2009-cu ildə başa çatdı. Onun nəticələri isə çox kədərli idi: ölkənin dünya iqtisadiyyatındakı payı 20,18 faizdən (2003) 17,43 faizə düşmüşdü. Fond bazarının enməsi rekrod həddə çatdı: "S&P 500" indeksi 42 faiz düşmüşdü. Hərbi xərclər isə artaraq 2010-cu ildə 720 milyard dollara çatmışdı. Bu, ikinci dünya müharibəsindən sonra maksimum hədd idi. 2014-cü ildə artıq hərbi xərclər 577 milyard dollar ixtisar olunmuşdu.
Ücüncü kvaziyüksəliş
Bu şərtlər daxilində Barak Obamanın prezidentliyi başlandı. Lakin dövlətin qüdrətinin zəifləməsi fonunda Obama Klinton tərəfindən başlanmış loyal olmayan dövlətlərin məhv edilməsi kampaniyasını davam etdirdi. 2011-ci ildə ABŞ Liviyanın bombalanmasında və Qəddafinin devrilməsində iştirak etdi. 2013-cü ilin avqusutunda Obama Suriyada eyni əməliyyatın keçirilməsi üçün Konqresə müraciət elədi. Lakin daxili səbəblər və hazırlığın olmaması üzündən Konqres buna razılıq vermədi. Əsədi devirmək planından bu gün də əl çəkməyib.
2014-cü ilin baharında üçüncü yüksəliş sabit mərhələyə keçdi. Artıq “vikiliks sənədləri”, “Snouden qalmaqlı”, Benqazidə səfirliyin ələ keçirilməsi, hökumətin 16 günlük fəaliyyətini dayandırması geridə qalmışdı. ABŞ-ın dünya ÜDM-də payının enməsi dayanmışdı.
2014-cü ilin martında Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Bu, artıq ABŞ-ın yeni xarici siyasətə və kampaniyaya keçməsinin simvolu idi. Bu siyasəti loyal olmayan dövlətləri yavaş-yavaş təcridetmə və boğma kampaniyası adlandırmaq olar.
Paralel olaraq Amerika onun üçün təhlükə daşımayan ölkələrlə münasibətləri normallaşdırırdı. 2015-ci ilin iyulunda İranla nüvə sazişi bağlandı, Kuba ilə diplomatik əlaqələr bərpa olundu. Bütün bunlar həmçinin həmin ölkələri Rusiyadan uzaqlaşdırmaq və onların hansısa formada ittifaqının yaranmasının qarşısnı almaq idi.
Sonra nə olacaq?
Bu üçüncü yüksəlişin sabit mərhələsi 3 ildən artıq davam etməyəcək və 45-ci prezidentin seçkiləri ilə yekunlaşacaq. Əgər 2016-cı ilin noyabrında Klinton soyadı qalib gələcəksə bu, “deja-vyu”nu tamamlayacaq. Əslində növbəti prezidentin soydından az şey asılıdır. Tarixi dinamika indidən bu prezidentlik dönəminin əsas mərhələlərini proqnozlaşdırmağa imkan verir.
Birincisi, bu dönəm iki müddəti əhatə edəcək. Prezidentliyinin birinci dönəmi ÜDM-in yüksək sürəti ilə xarakerizə olunacaq. Bura fond bazarında və dünya iqtisadiyyatındakı payının artması, aşağı infilyasiya və doğumun sabit göstəriciləri daxildir. Hərbi xərclərin artımı və xarici siyasi aktivlik birinci dönəmin sonunda xaricdə növbəti hərbi kampaniyaya gətirib çıxara bilər.
İkinci prezidentlik müddəti, çox guman ki, fond bazarının böhranı ilə müşayiət olunacaq. Xarici siyasətdə və hərbi sahədə davam edən uğurlar daxili göstəricilərin pisləşməsi ilə müşayiət olunacaq. ÜDM-in artım sürəti ləngiməyə başlayacaq. İnfilyasiya və hərbi xərclərin artması mümkündür. Nəhayət, 2020-ci ilin ortalarında qüdrətli Amerika özünün dördüncü böhranına daxil olacaq.
Rusiya-ABŞ münasibətlərinin yaxın perspektivi
Antirusiya sanksiyaları nə qədər davam edəcək? Burada iki şərt var və onlardan biri üçün şərait yetişməlidir: ya Vaşinqton Rusiyanı boğma kampaniyasının yerinə yetirildiyini hesab etməli, ya da Amerika növbəti böhranın dibinə düşməlidir. İkinci variant daha ağlabatandır. Odur ki, sanksiyaların 2030-cu ilə qədər götürüləcəyi şansı azdır.
ABŞ-ın başladığı ona loyal olmayan, regional güc satutusu daşıyan dövlətlərin yavaş-yavaş təcridetmə və boğma kampaniyasının əsas elementlərindən biri iqtisadi sanksiyalar və yeni iqtisadi ittifaqlardır. Lakin alətlərin siyahısı genişlənə bilər. Məsələn, Rusiya və Çin sərhədləri boyu yeni münaqişə zonaları yaradıla bilər.
Digər istiqamət də var: Moskva və Pekinlə dost münasibətlərdə olan hakimiyyətləri devirmək.
Lakin ABŞ-ın problemi ondadır ki, o, artıq 50 illik deqradasiya prosesini keçib və çətin ki, dünya hegemonluğunu əldə edə bilsin.
Çox güman ki, 21-ci əsrin dünyası ABŞ qüdrətinin enməsi nəticəsində səkkiz qlobal gücün meydana çıxamsının şahidi olacaq.
ABŞ hegemonluğunun sonu dünya iqtisadi və siyasi məkanının fraqmental şəklə düşməsini sürətləndirəcək. Hansısa mərhələdə Vestfal dünyasına yeni qüvvə – korporasiyalar “əlcək atacaq”. Futuroloqların uzun müddətdir danışdığı Yeni Orta Əsrlər siyasi reallığa çevriləcək.
Tərcümə Strateq.az-ındır