XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2016 - 17:22

Böyük Kürdüstan xəyalı:Yanlış hesablar və reallıqlar

 

Korucu-Anne-560x694

“Bədəli nə olursa olsun, Suriyanın şimalında yeni bir dövlət qurdurtmayacağıq”.

Strateq.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan belə deyib.

Cənab Ərdoğanın bu fikirləri Türk ordusunun Suriyanın şimalında başlatdığı “Fərat qalxanı” əməliyyatının əsas hədəfini göstərir. Bilindiyi kimi, dünyanın bir sıra mətbu orqanlarında əməliyyatın İŞİD-ə qarşı keçirildiyi bildirilir, zaman-zaman ABŞ rəsmiləri Türkiyəni bu mübarizəni “xilafətçilərlə” məhdudlaşdırmağa çağırırlar. Türkiyə isə Ərdoğanın bu sözlərilə hədəfinin Suriyanın şimalında hər hansı bir yeni dövlətin formalaşdırmasına qarşı yönəldiyini açıq şəkildə etiraf etmiş oldu.

Rəcəb Tayip Ərdoğanın Suriyanın şimalını ünvan olaraq göstərməsi Türkiyənin təhdid alqısının ortaya qoyur və həmin təhdidin kürd separatizmi olduğunu təsdiqləyir. Belə ki, İŞİD-in yayılma sahəsi və qarşıya qoyduğu hədəf təkcə Suriyanın şimalıyla məhdudlaşmır, adından da göründüyü kimi, İraqın və Suriyanın tamamını əhatə edir. Suriyanın şimalı isə PKK-nın uzantısı olan PYD-nin maraq dairəsindədir və o, şimal sərhədi boyunca Aralıq dənizinə qədər əraziləri birləşdirərək, Böyük Kürdüstan xəyalını reallaşdırmaq istəyir. Separatçılar bu istiqamətdə ən ciddi dəstəyi isə indiyə qədər ABŞ-dan alırdılar.

Türkiyənin əsas hədəfinin Böyük Kürdüstan xəyalının qarşısını almaq olduğunu keçirilən əməliyyatın adı da təsdiqləyir. Hərbi mənbələrə istinad edən Türk mətbuatının yazdığına görə, əməliyyata “Fərat qalxanı” adının verilməsi PKK-nın uzantısı olan PYD-yə mesajdır. Nədən ki, Türkiyə bir müddət əvvəl Fəratın qərb sahilini özünün “qırmızı cizgisi” elan etmişdi. PKK uzantısı olan PYD isə Rusiya-Türkiyə münasibətlərinin korlanmasından istifadə edərək, bir müddət əvvəl həmin “qırmızı cizgiləri” tapdalamağa başlamış, qardaş ölkə üçün strateji önəm daşıyan Münbic bölgəsini ələ keçirmişdi. Bu isə İrandan Suriyanın şimalına qədər uzanan kürd zolağının Aralıq dənizinə açılışının tamamlanması istiqmətində atılmış mühüm addım demək idi.

Sual oluna bilər: PKK-nın və digər kürd separatçılarının Kürdüstan xəyalı nə qədər realdır? Həqiqətən də “Böyük Kürdüstan” qurula bilərmi? Türkiyə dünyanın super gücü ABŞ tərəfindən dəstəklənən bu prosesin qarşısını ala biləcək gücdədirmi?

İlk baxışdan, dünya ağalığını öz üzərinə götürən, amma bir çox hallarda dünyaya yaxşı ağalıq edə bilməyən ABŞ-ın sözünün üstünə söz demək mümkün görünməsə də, son zamanlar bir çox prosesin onun istədiyi istiqamətdə getmədiyi də sezilir. Dünyanı öz istəyinə uyğun tərzdə yenidən şəkilləndirməyə çalışması onun bir sıra qlobal proyektlərinə qarşı dirənişi stimullaşdırır. ABŞ-ın müqavimətlə qarşılaşdığı və sonu görünməyən savaşlara, qarşıdurmalara səhnə olan Yaxın Şərq regionu da bu qəbildəndir. Regionun ən həssas problemi isə kürd separatizmidir.

ABŞ-ın region dövlətlərinin iradəsinin xilafına həyata keçirmək istədiyi “Kürdüstan” layihəsi, istər-istəməz həm Türkiyə, həm İran, həm də Suriya və İraqın ciddi müqaviməti ilə üzləşir, onları eyni maraq ətrafında birləşdirir. Əslində Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi son əməliyyatlar da bu ortaq şərti-refleksdən doğur. Baxmayaraq ki, “Fərat qalxanı” əməliyyatından sonra Suriyanın indiki rejimi bu hərbi müdaxiləni öz ərazi toxunulmazlığının pozulması kimi qiymətləndirmişdi, ekspertlər bəyanatın dövlətçilik ənənələri baxımından verilməsi tələb olunan simvolik xarakter daşıdığını vurğulayırlar. Onların fikrincə, İŞİD və PYD-nin fəaliyyətini məhdudlaşdıran və Suriyanın parçalanmasının qarşısını alan həmin hərbi müdaxilə rəsmi Dəməşqin də ürəyincədir.

Təsadüfi deyil ki, Əsəd rejiminin ən aktiv və güclü dəstəkçisi olan Rusiyanın “Fərat qalxanı” əməliyyatına reaksiyası da diplomatik zərurətdən doğan “xala xətrin qalmasın” qəbildən idi və çəkindirici heç bir özəllik daşımırdı. Necə ki, rus rəsmilərinin dəfələrlə verdikləri açıqlamalarda yeganə iradları Türkiyənin bu əməliyyatını Suriya ilə razılaşdırmamasıdır, amma rəsmi Moskva İŞİD-lə mübarizədə belə bir hərbi müdaxiləyə ehtiyac olduğuna da eyham vurur. Bu mövqe Türkiyənin hərbi müdaxiləsinə də, hardasa, haqq qazandırır. İranın və İraqın bu məsələ barəsində mövqeyi isə ya konkret deyil, ya da Rusiya və Suriya rəsmilərinin açıqlamalarıyla paralellik təşkil edir. Bütün bunlar Suriyanın şimalında qurulması düşünülən Kürdüstan dövlətinə regional təpkini göstərir.

Yaxın Şərqin 4 ölkəsi-Türkiyə, İran, İraq və Suriyanın hər birində kürd əhalisinin yaşadığını və müxtəlif adlar altında eyni separatizmin yayılmağa çalışıldığını nəzərə alsaq, regional güclərin bu ortaq mövqeyini anlamaq çətin deyil. Rusiya baxımından isə ABŞ tərəfindən dəstəklənən və dünyanın yenidən nizamlanma proyektinin önəmli bir parçası olan bu separatizm qəbuledilməzdir.

Kürdüstan xəyalının reallaşması istiqamətində ən ciddi maneələrdən biri də bu ideyanın kürd xalqı tərəfindən də kifayət qədər dəstəklənməməsidir. İdeya olaraq bu düşüncə bəlkə də kürd xalqına şirin görünə bilər. Fəqət onlar tarixən regional qüvvələrə qarşı istifadə olunduqlarının və yerli dövlətlərdən istədiyini alan xarici havadarlar tərəfindən son anda qurban verildiklərinin də fərqindədirlər. Bir daha eyni səhvə yol verməmək üçün bu oyunda rol almaq və nəticədə ağır itkilərlə üzləşmək istəmirlər.

Kürd xalqına təlqin olunan “Böyük Kürdüstan” xəyalı ilə onların tarixdən gələn ictimai şüurları da bir araya sığmır. Tarixən özlərini islam coğrafiyasının bir parçası sayan, səlib yürüşlərinin önünün kəsilməsində misilsiz rol oynamış Səlahəddin Əyyubi kimi qəhrəman yetişdirdiklərinə inanan bir xalq indi ABŞ, İsrail və ya Rusiya kimi qüvvələrin əlində islam coğrafiyasının bağrına sancılmış xəncər durumuna gətirilməkdədirlər. Dünənə qədər regionun digər xalqları ilə eyni səngərdə çiyin-çiyinə döyüşən, tökdükləri qanlarıyla yaşadıqları coğrafiyanı vətənə çevirən Səlahəddin övladıları, əlbəttə, tarixi şüurlarından gələn reflekslə onlara təlqin olunan bölücülük ideyasını rədd etməlidirlər və edirlər də. PKK tipli təşkilatların təbliğatının bütün region insanları tərəfindən mənimsənilməməsinin başlıca səbəblərindən biri də məhz bu həqiqətdə axtarılmalıdır.

Yaxın Şərq dövlətlərinin müxtəlif ölkələrinə yayılan kürd əhalisi arasında vahid inanışın və ən əsası ortaq dilin formalaşmaması da onların dövlətləşməsi qarşısında dayanan ciddi əngəllərdəndir. Müxtəssislərin fikrincə, müxtəlif ölkələrdə yaşayan kürd xalqları yerli mədəniyyətlərlə inteqrasiya prosesi keçiriblər, dillərindən tutmuş adlarına qədər yaşadıqları ölkələrdəki milli çoxluqdan təsirləniblər. Bir-birilərinə qız verib, qız alıblar. Beləcə, müxtəlif dövlətlərin əsl doğma subyektlərinə çevriliblər. Odur ki, Türkiyədə yaşayan bir kürdün İrandakı soydaşıyla anlaşması, bir türklə ünsiyyətindən daha çətindir. Eyni sözləri sözləri İraq, Suriya və İranda yaşayan kürdlər haqqında da demək olar.

Vahid elmi və ədəbi dilin formalaşmaması istər-istəməz dövlətin təməl şərtlərindən olan milli təhsil konsepsiyasının,  elmi nailiyyətlərin qarşısını kəsən, məcburən başqa xarici dilli bir Kürdüstan ortaya çıxaran amilə çevrilə bilər. Daha sadə üslubla desək, vahid Kürdüstan öz dövlət dilini yarada bilməyəcəyindən hansısa başqa millətin dilini götürməli, öz təhsil sistemini bu dil əsasında qurmalıdır. Bu zaman isə eyni dövlət ərazisində yaşayan xalqın ünsiyyət problemi ortaya çıxacaq və bu da yenidən bölünməni bərabərində gətirəcək. Öz dillərində təhsil müəssisələri yaratmaları isə uzun zaman alacaq. Bu isə dünyanın elmi tərəqqi dövründə geriqalmanın təməllərini atacaq.

 Kürdlərin bir qisminin şiə, bir qisminin sünnü, bir başqa qisminin isə Yezidi inanışını mənimsəməsi də məhzəbçilik şüurunun hakim kəsildiyi Yaxın Şərqdə birləşdirməkdən çox, ayrılış anlamına gəlir və daxili mübarizələr, vətəndaş müharibələri perspektivi yaradır.

Kürdüstan proyektinin qarşısında dayanan ən ciddi problemlərdən biri də kürdlərin çeşidli tayfalara, aşirətlərə bölünmələridir. Hələ də feodal xarakterini saxlayan bu toplumda siyasi ənənələr də aşirətçilik amili üzərində formalaşıb.  İranın şərqindən Suriyanın qərbinə qədər uzanan böyük coğrafiyaya yayılan kürd entik xəritəsinə nəzər salanda, onlarla aşirət adına rast gəlirsən. Maraqlıdır ki, bu aşirətlər arasında birlik də yoxdur. Əksər hallarda aşirət qrupları arasındakı fərqliliklər düşmənçilik həddinə qədər varır. Bunun ən bariz nümunəsini Şimali İraqın  iki müxtəlif aşirətindən gələn Talabi və Barzani (bunlar hələ eyni coğrafi mühitdə yaşayan kürd aşirətləridir) ixtilafında görə bilərik. 1970-ci illərdən bəri bir-biriylə silahlı mübarizə aparan iki aşirətdən birinin lideri olan Calal Talabani Səddam Hüseyn ordusuyla kəllə-kələyə gəlincə İrana sığınmışdı. Məsud Barzani isə Türkiyə tərəfindən dəstəklənmiş, hətta Turqut Özalın dövründə türk pasportu belə almışdı. Bu gün Şimali İraqda hakim aşirət vəziyyətinə gələn Barzanilər baş nazirin müavini postunu Cəlal Talabaninin kiçik oğlu Qubada həvalə etsələr də, onlar arasındakı düşmənçiliyin, ən azı, 40 illik tarixi keçmişi var, iki sosial bazanı birləşdirən indiki nazik tellər  isə sadəcə ABŞ-ın basqıları nəticəsində mümkün olub və hər an qopmağa hazırdır.

Barzanilərin PKK-ni dəstəkləyən digər aşirətlərlə də münasibəti ürəkaçan deyil. Zaman-zaman Türkiyəyə sadəqət borcunu ödəməyə çalışan Məsud Barzaninin Şimali İraqda gizlənən terrorçulara qarşı mübarizə apardığının da şahidi olmuşuq. Heç uzağa getməyək, Türkiyənin son “Fərat qalxanı” əməliyyatına Barzaninin də razı olduğu bilinir. Məlumata görə, əməliyyatdan bir gün öncə, Məsud Barzani Türkiyəyə səfər etmiş və Rəcəb Tayip Ərdoğanla görüşmüşdü. İki saata yaxın davam edən görüşdə liderlərin İŞİD və PKK-ya qarşı birgə mübarizə aparmalarını müzakirə etdikləri rəsmən təsdiqlənib. Digər bir müzakirə mövzusu isə FETÖ-çülüklə mübarizə olub. Yəni eynilə Türkiyədəki sosial həyatda rastlaşdığımız vəziyyət…

Bütün bunlar “Kürdüstan” xəyalının reallaşmasında həm daxili, həm də xarici maneələrin, keçilməz sədlərin mövcudluğundan xəbər verir. Əslində baş tutmayan duaya “amin” deyən ABŞ da bu mümkünsüzlüyün fərqindədir. Super gücə kürdlərə dövlət qurmaqdan daha çox, regional gücləri Yaxın Şərqə çəkib bir-biriylə mübarizəsini təşviq etmək lazımdır. Bəlkə də bu səbəbdən, Türkiyənin arzulanan səhnəyə daxil olması ilə missiya tamamlandı. Məhz bundan sonra ABŞ-ın da ritorikası dəyişdi. Son zamanlar rəsmi Vaşinqtonun kürdlərin Münbicdən çəkilməsini tələb etməsi, əks halda onlara verilən dəstəyin kəsiləcəyini açıqlaması təsadüfi deyil. Dövlət katibi Con Kerrinin bu yaxınlarda dilə gətirdiyi aşağıdakı fikirlər də “Böyük Kürdüstan” proyektinin sövdələşmək üçün ortaya atılmış kart olduğunu təsdiqləyir: “Biz Suriyanın bütövlüyünün tərəfdarıyıq. Müstəqil bir kürd dövləti təşəbbüsünü dəstəkləmirik, sadəcə bəzi qruplarla məhdud çərçivədə əməkdaşlıq edirik. Dostumuz Türkiyənin həssaslığını anlayırıq."

Heydər Oğuz

Strateq.az