Dünən Suriyanı qan gölünə çevirən vətəndaş müharibəsinin başlanmasının 4-cü ili tamam oldu. Bu müharibənin insanlığa nə qədər böyük zərər vurduğunu uzaqdan aparılan müşahidələrlə anlamaq mümkün deyil. Bir tərəfdən İŞİD, digər tərəfdən Bəşər Əsəd rejimi, bir başqa tərəfdən isə Azad Suriya Ordusunun və kürd yaraqlılarının həyata keçirdiyi qırğınlar bu xalqı dünyanın ən məzlum insanlarına çevirib.
İndi oxuyacağınız material isə yalnız Bəşəd Əsədin o xalqa son 4 il ərzində vurduğu zərbənin qeydə alına bilən cüzi bir hissəsidir. Sözsüz ki, bu rejimə qarşı olan qüvvələr də suriyalılara Bəşərdən az zərər vurmayıb.
Əziz Strateq.az oxucuları! İnsanlıq dramının son həddə çatdığı Suriyanı daha yaxından tanımaq istəyirsinizsə, buyurun, Suriya İnsan Haqları Təşkilatının hazırladığı son hesabatının sizin üçün çıxardığımız icmalını oxuyun!
Redaksiyadan
______________________________________________________________
“Dörd il əvvəl etiraz aksiyalarına siyasi rejiminin silahlı müdaxiləsilə başlayan hadisələr Suriyada vətəndaş müharibəsinə çevrildi. Bu dörd ildə 200 mindən çox insan öldürüldü, milyonlarla vətəndaş yurd-yuvasından didərgin düşdü. Hələ də həbsxanalarda 215 min adamın saxlanıldığı, müxtəlif işgəncələrə məruz qaldığı və qətlə yetirildiyi bildirilir”.
Dəhşət dolu bu statistika Suriya İnsan Haqları Təşkilatının (SNHR) hazırladığı hesabatdandır. Vətəndaş müharibəsinin 4-cü ildönümü münasibətilə hazırlanan hesabatda 2012-ci ilin həbs və saxlama baxımından ən pis il olduğu vurğulanır. Maraqlıdır ki, məhbusların 3%-ni uşaqlar, 4%-ni qadınlar təşkil edir. 2014-ci ildə isə 22-40 yaş arasında olan kişilərin zorla silahlandırılıb döyüşə göndərildiyi, bundan imtina edən xeyli gəncin həbs olunduğu bildirilən hesabatda bu məhbuslardan daha sonra xəbər çıxmadığı qeyd olunur: “Onların ailə və yoldaşlarıyla əlaqələri kəsilmişdir. Bu vəziyyətdə olan adamların sayı isə 85 min nəfəri keçmişdir”.
Hesabata görə, Suriya rejimi 2014-ci ildə Xüms və Şamda bəzi silahlı müxaliflərlə əvvəlcə razılaşmış, sonra onlardan bir çoxunu həbs etmişdir. Həbs əməliyyatlarında əsasən aktiv və önə çıxan şəxslər seçilmişdir. Təkcə 2014- cil ildə 1910 adam bu cür aldadılaraq həbs edilib.
Məhbuslara qarşı tətbiq olunan işgəncələrin tez-tez ölümlərə yol açdığı vurğulanan hesabatda işgəncə məkanları olaraq ən çox 215-inci Hərbi Kəşfiyyat Şöbəsinin, həmçinin Mezzə, Xüms, Hama və Hələbdəki Hava Kəşfiyyat şöbələrinin adı çəkilir.
Bu ana qədər 11 min 427 adamın işgəncə altında həyatını itirdiyi, bunlardan 94-nün uşaq, 32-nin qadın olduğu önə sürülür. İşgəncəylə həyatını itirənlərin 96%-i mülki vətəndaşlardır.
Qadın məhbusların vəziyyətinin daha ağır olduğuna toxunan Suriya İnsan Haqları Təşkilatı rejim mənsublarının məlumat əldə etmək və intiqam almaq üçün 2011-ci ildən bu yana məhbus xanımlara qarşı cəzalandırma metodu olaraq təcavüzdən istifadə etdiklərini və bunu sistemli şəkildə yürütdüklərini bildirir. Cinsi təcavüz və aşağılama bəzi istisnalar xaricində, demək olar ki, bütün qadın məhbusların qara taleyinə çevrilib. Hətta kütləvi təcavüzə uğrayan ailələr belə var.
Hesabatda örnək olaraq yaşanmış bir hadisəyə xüsusi yer verilir: bir universitetin 3-cü kurs tələbəsi S.M-nin (25yaşlı) Əsəd rejimi tərəfindən 2014-ci ilin əvvəllərində tələbə yataqxanasında göz altına alındığı və Hələbdəki hərbi kəşfiyyat şöbəsinə aparıldığı bildirilir. Tələbə qız orda saxlanıldığı 8 ay ərzində, demək olar ki, hər gün 6 adamın təcavüzünə uğrayıb. Kəşfiyyat şöbəsində gördüyü işgəncə və uğradığı təcavüzdən sonra hamilə qalan tələbə hamiləliyinin 5-inci ayında (13 sentyabr 2014-cü ildə) azadlığa buraxılıb. Başına gətirilənlərdən depressiyaya düşən bu gənc qadın 1 aydan sonra özünü 3 mərtəbəli binadan ataraq intihar etməyə çalışıb. İntihar cəhdi nəticəsində onun ağır yaralandığı və uşaq saldığı bildilir.
Rejim qüvvələrinin uşaqlara qarşı da qəddar olduğunu, hücum etdiyi bölgələrdə böyük-kiçik tanımadığını bildirən Suriya İnsan Haqları Təşkilatı müharibənin əvvəlindən bəri 18 min 242 uşağın həyatını itirdiyini xəbər verir. Bu ölüm hadislərindən 94-ü polis nəzarətində tətbiq olunan işgəncələr nəticəsində baş verib.
Şərqi Guta, Yermuk qaçqın düşərgələri kimi müxaliflərin nəzarətində olan və rejim tərəfindən mühasirəyə alınan bölgələrdə yaşanan qida və dərman çatışmazlığından 224 uşağın həyatını itirdiyi bildilir.
Əsəd güclərinin beynəlxalq hərb qanunlarına əməl etmədiyinə toxunan hesabat müəlliflərinə görə, rejim qüvvələri 2011-ci ilin son aylarında ağır silahlardan geniş ölçüdə istifadə etməyə başlayıb: “Ordu Hama və Xüms vilayətinin bəzi böyük qəsəbələrini tank və zirehli texnika vasitəsilə mühasirəyə alıb, vətəndaşların məskunlaşdığı bölgələri bombalayıb. 2012-ci ildə isə bəzi bölgələrə nəzarətini itirən rejim həmin yaşayış məntəqələrini havadan hücumlara məruz qoymaqdan çəkinməyib”.