XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2016 - 14:22

Türkiyənin Suriya demarşı:Ərdoğan Osmanlını bölən məxfi “Sayks-Piko sazişi”ni dağıda biləcəkmi? - TƏHLİL

turkiye02

Fyodr Lukyanov,

«Россия в глобальной политике» jurnalı

 

Türk ordusu Suriyanın şimalında əməliyyata başlayıb. Bu açıq şəkildə başlanmış hərbi əməliyyat, çox yəqin ki, Suriya teatrınının əsas oyunçuları olan ABŞ və Rusiya ilə koordinasiyada aparılır: ABŞ havadan birbaşa dəstək verir, Rusiya XİN-i isə bu prosesin perspektivindən nigarandır… 

Ruslar dinc əhalinin mümkün itkiləri və kürdlərlə ərəblər arasında etnik münaqişənin yaranması ilə münaqişə zonasında vəziyyətin deqradasiyasından ehtiyatlanırlar.  Amma rəsmi Ankaranın addımını şərh etmirlər.

Rəsmi olmasa da, bəyan edilib ki, “Suriyada antiterror hərəkətləri heç vaxt olmadığı kimi, aktuallaşıb. Bu, xüsusən Suriya-Türkiyə sərhəddi rayonunda öz aktuallığını saxlayır”.

Bundan nəticə çıxarıb demək olar ki, bu hərbi əməliyyat Moskva, Berlin, Paris, Vaşinqton, Ankara, Tehran və çox guman ki, Dəməşq arasında son zamanlar başlanmış təmasın  əksinə olmayıb.

Yaxın Şərq “hər şeyi indi və dərhal” ələ keçirmək üçün bir məkana çevrilir.

İlyarım əvvəl müşahidəçilər Suriyanın şimalının Türkiyə və Rusiya arasında hərbi toqquşma meydanına çevrilə biləcəyindən qorxurdular. Rus təyyarəsinin vurulmasından sonra iki dövlət arasında münasibət son dərəcə kəskinləşmişdi. Ankara qorxurdu ki, Suriya cəbhəsində vəziyyətin Əsədin və onun müttəfiqlərinin xeyrinə dəyişməsi Türkiyənin regionda marağı üzərindən xətt çəkə bilər. Odur ki, hərbi müdaxilə məsələsinə baxılırdı.

Bunun əvəzinə Rusiya və ABŞ prezidentlərinin “düşmənçilik hərəkətlərinin dayandırılması” ilə bağlı təşəbbüsü meydana çıxdı. Amerikalı şərhçilərin fikrincə, Vaşinqton üst-üstə düşən maraqlarının ortaya çıxdığına görə, Moskva ilə əməkdaşlığa getmədi. Amerika, hər şeydən əvvvəl, rus-türk müharibəsinin başlanmasından qorxdu. Bu müharibə baş versəydi, o zaman ABŞ-ın və NATO-nun kənarda qalması mümkünsüz olacaqdı. Rusiya – Türkiyə hərbi qarşıdurması NATO üçün hüquqi kolliziya yarada bilərdi: kollektiv təhlükəsizlik barədə təminat nə dərəcədə etibarlıdır?  

Bu gün hər şey tərsinə gedir. İlk növbədə Moskva və Ankara, həmçinin Vaşinqtonun mövqeyi dəyişir. Ona görə də Suriya məsələsi hər hansı keyfiyyət dəyişikliyinə uğramır. İŞİD-lə mübarizə ilə bağlı problem var və bunu heç kim inkar eləmir. Hətta hamı buna qarşı mübarizədə iştirak edir.

Həmçinin, Suriyanın gələcək quruluşu və onun potensial “payçı”ları ilə bağlı məsələ gündəmdədir. Bu isə Bəşər Əsədin perspektivi ilə birbaşa bağlıdır. Dəməşqə qarşı olan müxalifətə münasibətdə də fikir ayrılğı qurtarmır. Hansı qrupun legitim olub-olmadığı barədə müzakirələr səngimir.

Suriyada baş verənləri sadə sxemlə izah etmək mümkün deyil.

Eyni vaxtda İŞİD-i məhv etmək üçün ən müxtəlif  qüvvələrin əməkdaşlığı yaranır, həmçinin döyüş meydanında vuruşan qruplara dəstək verən xarici qüvvələrin əli ilə kəskin rəqabət aparılır.

Hər şey sürətlə dəyişir. Suriya kürdlərinin timsalında baş verənlərə baxdıqda aydın görmək olur. İŞİD-lə apardıqları daxili müharibədə kürdləri hamı dəstəkləyir, amma Türkiyə ilə qarşıdurmada vəziyyətdən asılı olaraq xarici qüvvələr gah kürdlərlə birgə, gah da Ankara ilə münasibətlərdən asılı olaraq başqa mövqe tuturlar.  

Bütün bu qaynayan meydan “yeni norma” adlanmağa başlayıb. Yəni, orada aydın və strukturlaşmış vəziyyət olmayacaq. Bu ziddiyyətlər “buketi” isə müxtəlif güclərin kompromisə gəlməsi üçün lazımdır.  

Əlbəttə, bu ziddiyətləri ört-basdır edəcək, uzunmüddətli strateji vəziyyəti yaradacaq bir komponent var: Yaxın Şərqin bölünməsi barədə gizli sazişin imzalanmasından 100 il sonra region pərdəarxası sövdələşmənin yeni versiyalarına qayıdır.    

syks-piko xerite

Sayks-Piko sazişi”ni əks etdriən xəritə. Bu gizli saziş Osmanlı imperiyasının ərazisi olan ərəb ərazilərinin parçalanmasını nəzərdə tuturdu. Sazişə görə, Suriya, İraq, Livan və Fələstin Britaniya və Fransanın idarəçiliynə keçirdi. Rusiya da bu planla razılaşmışdı.

 

Bu məsələdə xarici faktor isə ona görə üstünlük təşkil edir ki, regional iştirakçıların özləri  nəsə etmək gücündə deyillər.

Bu ilin may ayında İŞİD xüsusi bir bəyanat yaydı. Bu bəyanat Britaniya və Fransanın birinci dünya müharibəsindən sonra Osmanlı irsinin bölünməsi barədə imzaladıqları gizli “Sayks-Piko sazişi” haqqında idi. İŞİD üçün bu sənəd “xaçlıların” müsəlmanların daxili işlərinə kobud şəkildə müdaxiləsinin və dövlət quruluşunun formalaşmasının pis bir simvolu idi. İŞİD hesab edir ki, bu sazişlə xilafəti dağıdıb onun bətnində  süni “millətlər” yaradıblar.   

Təsadüfi deyil ki, 2014-cü ilin yayında İŞİD Mosulu tutduqdan sonra Əl-Bağdadi bəyan etdi ki, “bu yürüş Sayks-Piko sövdələşməsinin tabutuna sonuncu mıx çalınana qədər davam edəcək”.

İki ildən sonra İraq ordusu ABŞ-ın dəstəyi ilə yavaş-yavaş, amma inamla Mosula tərəf irəliləyir. İŞİD-in nəzarətində olan ərazi kiçilir və onun hərbi yolla yerlə-yeksan edilməsi mümkündür. Bununla yanaşı, “xəlifə” tərəfindən elan olunmuş məqsədə nail olunub: “Mıxları həddən artıq çalıblar”. Yaxın Şərq daha heç vaxt avropalı diplomatların 100 il əvvəl planlaşdırdğı kimi olmayacaq.

Lakin islamçıların ümidləri də əbəsdir: Ərəb dünyası birlik istiqamətində toparlana bilmir, əksinə, nəhəng oyunçulardan daha çox asılı vəziyyətə düşür.

Türkiyənin Suriya münaqişəsinə müdaxiləsi Suriyanı birdəfəlik xarici qüvvələrin fəaliyyət arenasına çevirir. Sözdə bütün bunlar Suriyanın vahidliyi üçün qələmə verilir. Məsələnin məğzi Suriya dövlətçiliyini əvvəlki sərhədləri çərçivəsində və altı il əvvəlki idarəçiliyi bərpa etməkdir.  Bu isə alınmır.

Başqa sözlə desək, xarici qüvvələrin Suriyanın daxili proseslərinə nufuzunun dərəcəsi elədir ki, onlar istər müharibə, istərsə sülhun istənilən konstruksiyasının ayrılmaz və qaçılmaz hissəsinə çevrilir.  

Yeni tarixi dekorasiyada situasiya ser Mark SayksFransua Jorj-Pikonun Yaxın Şərqi böldükləri 1915-16-cı illərə qayıdır.

O zaman sazişin gizli xarakerinə baxmayaraq, bu həqiqət kifayət qədər açıq idi. İndi müstəmləkə davranışı keçməz. 100 illik ərəb millətçiliyi hədər yerə getməyib.  

Lakin regional güç iştirakçıları bu vəziyyətin öhdəsindən gəlmək imkanında deyillər. Onlar xarici müdaxiləni lənətləyərək hər şeyi korlayır və eyni zamanda bu səbəblə Qərbi, Rusiyanı, indi hətta Çini belə öz işlərinə qarşıması üçün təxribata çəkirlər.

Sayks-Piko ruhunda növbəti, lakin daha çoxlu tərəfin iştirakı ilə saziş ideoloji baxımdan qeyri-məqbul sayılır. “Soyuq müharibə”dən sonra tərəqqiprəvər bəşəriyyət “nufuz dairəsi” ideyasını pisləyərək onu rədd edib. Ancaq hər şey müqayisədə bəlli olur.

Problemin alternativ yolu münaqişəni beynəlxalq müstəvidə aktuallaşdırmaq və onu “etimad əsasında aparılan dünya müharibəsinə” ("proxy World War") çevriməkdir. Rəqib koalisiylar artıq öz yerini tutmaqdadır: bir qrup Rusiya hərbi maşını ətrafında, ikinci qrup ABŞ ətrafında. Belə vəziyyətdə adətən deyirlər: ən pis saziş müharibədən yaxşıdır. Bu deyim isə təkcə Suriyaya aid deyil…

  

Tərcümə Strateq.az-ındır