XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2016 - 18:38

Kərimovsuz Özbəkistanı nələr gözləyir? –Varis Rusiyayönlü, yoxsa Çinyönlü olacaq? - Təhlil

islam-karimov-1

Mariana Baltaçeva

Nikita Qolobokov

vz.ru, 29.08.2016

 

Özbəkistan prezidentinin qızı Lola Kərimova-Tillyayev bu gün səhər məlumat yayıb ki, atası İslam beyninə qan sızdıqdan sonra reanimasiyaya yerləşdirilib. O, öz "İnstagram" səhifəsində yazıb: “Dedi-qodudan yayınmaq xatirinə, keçən istirahət günlərində ailəmizdə atamın başına gəlmiş kədərli hadisələrdən burada, öz səhifəmdə sizə danışmaq istəyirəm. O, şənbə günü səhər baş vermiş qan sızması üzündən xəstəxanaya yerləşdirilib və reanimasiyadadır. Durumu sabit kimi qiymətləndirilir. İndiki anda onun gələcək vəziyyəti haqda hansısa proqnozlar vermək tezdir. Böyük xahişlə insanlara müraciət edirəm ki, spekulyasiyalardan yan keçsinlər və ailənin “prayvesi” (şəxsi məkan) hüququna sayğı göstərsinlər”.

Baş nazir Şövkət Mirziyayev müvəqqəti olaraq hakimiyyəti öz əlinə götürüb. İstisna olunmur ki, daimi lider elə o da olacaq. Ekspertlərin rəyləri bu xüsusda bölünür: bəziləri Mirziyayevi “Rusiyayönlü”, başqaları isə “Çinyönlü” sima sayır.

Respublika nazirlər kabineti bu ərəfədə xəbər yayıb ki, Kərimov “müəyyən vaxt” tələb edən stasionar müalicədədir. Başqa təfərrüatlar göstərilməyib.

Bununla belə, “Ferqana” portalı iddia edir ki, Kərimiov iflic keçirib. Portal müxalif “Özbəkistan xalq hərəkatı”na istinad edir. Hərəkat hökumətdəki qaynaqlarına isnadən inandırır ki, Kərimov hələ cümə günü gecədən xeyli keçmiş huşunu itirib. Bu, Riodakı Oyunlarda iştirak etmiş özbək idmançıların şərəfinə banketdən sonra baş verib.

Kərimovun ağır xəstəliyi, hətta vəfatı haqda şayiələr artıq dəfələrlə yayılıb, lakin hökumət indiyədək onun sağlamlıq durumu barədə praktik olaraq heç bir xəbər yaymayıb. 1989-cu ildən respublikanı fasiləsiz idarə edən Özbəkistan rəhbərinin artıq 78 yaşı var. O, sentyabrın 1-də qeyd olunan Müstəqillik günü ərəfəsində xəstəxanaya düşüb. Kərimov ənənə üzrə bu günlərdə keçirilən bayram tədbirlərinə qatılırdı. İndi isə bayram tədbirlərinin açılışı ilə baş nazir Şövkət Mirziyayev məşğul olacaq.

 

Ekspertlər varislərin aparat çəkisini tutuşdururlar

 

İstənilən halda Kərimov prezident səalhiyyətlərini hələlik icra edə bilməyəcəyindən, ekspertlər kimin müvəqqəti və yaxud hətta daimi varis olacağı haqda müzakirələrə başlayıblar.

Orta Asiya üzrə ekspert Arkadi Dubnov öz facebook-unda yazıb: “Özbəkistan rəsmi iyerarxiyasında Daşkənd “taxtı”nı tutmağa ən çox şansı olan Özbəkistanın 59 yaşlı baş naziri, hökumətə 2003-cü ildən başçılıq edən Şövkət Mirziyayevdir”.

Dubnov davam edir: “Mirziyayevin aparat çəkisi bundan başqa onun prezident ailəsinə yaxınlığı, həmçinin Özbəkistan milli təhlükəsizlik Xidmətinin (MTX) qüdrətli şefi Rüstəm İnoyatovun dəstəyi ilə müəyyən olunur”.

Hakimiyyətə Mirziyayev varis olsa, çox güman ki, Rusiya təsirinin ciddi şəkildə güclənməyindən yayınmaq mümkün olmayacaq. Lakin bu, heç də Özbəkistanın KTMT-nin qoynuna dönüşü və yaxud AİB-ə daxil olacağını bildirmir. Bu, siyasi maraqlardan çox praqmatik maraqlara cavab verəcək”, – deyə politoloq güman edərək əlavə edir ki, Kərimovun varislərinə gerçək dəstək lazım gələcək və Moskva çətin ki bunda xəsislik etsin.

Dubnov xəbərdarlıq edir: “Özbəkistan elitasının yeni nəslinin Qərbyönlü meyli qətiyyən istisna olunmur, lakin əhvali-ruhiyyələrdə kəskin dönüş Daşkəndin siyasətinə xas deyil, bu, gələcəyin işi ola bilər”.

Xatırladaq ki, son illərdə Daşkəndin Taciksitan və Qırğızıstanla sərhədyanı münaqişələri qızışıb. Lakin ekspertlər Kərimovun varislərinin qonşularla münasibətlərin hansısa formada kəskinləşdirəcəyinə şübhə edirlər.

 

Özbəkistan elitası hakimiyyətin dəyişməyinə hazırdır

 

Rusiya Milli Strategiya İnstitutunun beynəlxalq layihələr üzrə direktoru Yuri Solozobov xatırladır ki, Özbəkistanda İslam Kərimovla artıq dördüncü dəfə “vidalaşırlar”, lakin Nazirlər Kabineti prezidentin böhranlı durumunu ilk dəfə etiraf edir.

Onun fikrincə, Özbəkistanın siyasi zümrəsi təmərküzləşib və keçid dövrünə hazırdır. Ekspert "Vzqlyad" qəzetinə deyir: “Özbəkistanda 2010-cu ildə konstitusiyanın qismən islahatı keçirilib. Xüsusən də prezidentin öz səlahiyyətlərini dayandırcağı halın maddələri dəqiqləşdirilib. Təsbit olunub ki, respublika senatının rəhbəri prezident seçkiləri keçirilməyincə, üçaylıq müddətə varis olacaq”.

Xatırladaq ki, bu postu hazırda Niqmatilla Yuldaşev tutur, lakin ekspertlər onu gücül fiqur kimi qəbul etmirlər.

Solozobov əmindir ki, Özbəkistan elitası dil tapmağı bacarır və maraqlıdır ki, Rusiya, ya Çin, ya da ABŞ olmadan, xarici qüvvələrsiz məsələləri pərdəarxasında həll etsin.

Onun fikrincə, Moskva indi varisin seçilməyinə qarışmadan təmkinli və gözləmə mövqeyi tutmalı, lakin eyni zamanda Özbəkistanın Rusiya ilə siyasi və iqtisadi inteqrasiyasının bütün mənfəətlərini səsləndirməyə davam etməlidir.  

O, Dubnovdan fərqli olaraq, baş nazir Şövkət Mirziyayevi “Rusiyayönlüdən daha çox Çinyönlü siyasətçi” sayır: “Onun prezident vəzifəsinə başlayacağı halda onsuz da Pekinin Özbəkistandakı güclü iqtisadi mövqeyi daha da möhkəmlənəcək”.

Buna baxmayaraq, Solozobov düşünümr ki, parlaq siyasətçilərdən hansısa və yaxud ekspertlərin səsləndirdiyi kimi, Özbəkistanın “güc qurumu təmsilçilərindən kimsə” Kərimovun varisi ola bilər. O deyir: “Daha çox əksinə, Özbəkistan “siyasi bürosu” əvvəllər gözə dəyməyən və naməlum bir fiquru seçəcək”.

Ekspert həmçinin Özbəkistanda “Azərbaycan ssenarisi”nin mümkünlüyünə şübhə edir. Solozobov qeyd edir: “Güman etmirəm ki, Kərimov ailəsi varisin seçilməsinə necəsə təsir etsin. Onların daha çox Vasili Stalinin taleyinin təkrarından ehtiyatlanmağına dəyər”.

 

Güc qurumu təmsilçilərinin biznesmenlərlə samanaltı mübarizəsi

 

Rusiya Strateji Araşdırmalar İnstitutunun “Проблемы национальной безопасности” dərgisinin baş redaktoru Əjdər Kurtov "Vzqlyad" qəzetinə bildirib: “Özbəkistan təyinat məsələlərinin klanların razılaşması, ya da mübarizəsi ilə həll edildiyi ənənəvi Şərq cəmiyyətinin önəmli ünsürləri ilə qapalı bir ölkədir”.

Onun fikrincə, güc strukturlarından çıxmış şərti qrupla dövlət postlarını tutan, lakin bizneslə bağlı olan qrup arasında son illərdə “yüksək səviyyədə samanaltı mübarizə” gedirdi. Kurtov yekunda güc təmsilçilərinin, yaxud inzibati-maliyyə resurslarının qalib gələcəyini söyləməyə hələlik girişmir. O, qeyd edir: “Hazırda əksər siyasi qüvvələr, o cümlədən həm ölkədəki, həm də xaricdəki müxalif qüvvələr gözləmə mövqeyi tutub və bunlar həm Qərbə yönəlik liberallar, həm də islamçı radikallardır”.

Həmsöhbətimiz bildirir: “Özbəkistanda partlayış potensialı var, sosial-iqtisadi sahədə durum heç də parlaq deyil. İnsanlar görürlər ki, qonşu Qazaxıstanda durum daha yaxşıdır, ona görə də oyuna başlamağa nəsə var – xalq narazılığı potensialı mövcuddur”.

Bundan başqa, Özbəkistan dini baxımdan vahid ölkə deyil, milli, təriqət müstəvisdində problemlər var.

Kurtov göstərir: “Bu dövlətin onların yedəyində getməyini istəyən beynəlxalq oyunçular da var: bu, Pekin, İslam dünyası, Vaşinqton və hətta müəyyən dərəcədə Moskvadır. Biz, ən azı, sabit Özbəkistan üçün maraqlıyıq”.

O, yada salır ki, Rusiyadakı mühacirlərin əkəsriyyəti Özbəkistandan çıxanlardır və “onların artması bizə lazım deyil”.

Kurtovun hesab etdiyi kimi, sabitsizlik başlasa, vətəndaş müharibəsinin əlamətləri meydana çıxsa, onda birinci yerə güc resursu çıxacaq – siyasi zümrələrin, klanların böyük hissəsi maraqlı olacaq ki, maraqları ziyan çəkməsin. “Onlar güc təmsilçilərinə, heç olmasa, ilk dövrlərdə üstün mövqe verməyə razılaşarlar,- ekspert qeyd edir. – Lakin güc təmsilçilərini son illərdə ümumiyyətlə sıxışdırıblar. Açar simalar daha zəif digər fiqurlarla əvəzlənib. Hələlik ən ağlabatan varis nazirlər kabinetinin başçısı görünür”.

 

“Qızının saray intriqaları iflasa uğrayıb”

 

“Böyük qızı Gülnarə Kərimovanın sülalə xətti üzrə varis olmaq üçün  bütün səyləri iflasa uğrayıb, onun siyasi iddialarının qabağı alınıb. Saray intriqaları buna dönüşdü ki, İslam Kərimov qızına qarşı çıxmağa məcbur oldu və qızı çoxdan gözdən düşüb”.

Kurtov da nə Mirziyayevi, nə də İnoyatovu “Rusiyayönlü siyasətçi” saymır: “Lakin işgüzar dünya ilə bağlı adamlardansa güc təmsilçiləri, adətən, vətənsevərlik dəyərlərinə, millətçiliyə yönəlirlər. Biznesmen, adətən, beynəlxalq əməkdaşlığın vacibliyini etiraf etməyə məcbur olur”.

Onun fikrincə, Rusiya ilə əməkdaşlıq qaçılmazdır: bu, sadəcə, qovun, qarpız və pambıq deyil, həm də avadanlıqdır.

Ekspert deyir: "“İmperiya keçmişi”ndən qurtulmaqda bütün bu siyasi, millətçi ritorikaya baxmayaraq, Özbəkistan hələ uzun müddət Rusiyaya sarı meyl edəcək”.

 

Tərcümə Strateq.az-ındır.