XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 16:44

Suriya üzrə Cenevrə danışıqları:ABŞ kürdləri satdı, Əsəd isə keçid dövrü üçün hakimiyyətdə qalacaq – Təhlil

John Kerry and  Sergei Lavrov  in Moscow

Albert  Narışkin

politrussia.com, 30.08.2016

 

Cenevrədə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə 12 saatlıq diplomatik marafon davamına görə Moskva danışıqlarında müəyyən edilmiş rekorda yalnız bircə saat çatmayıb. Hətta final bəyanatının olmadığına baxmayarq, Moskva-Vaşinqton münasibətlərində gerçək irəliləyişi və Suriya üzrə açar oyunçuların mövqelərinin hiss olunacaq dərəcədə yaxınlaşdığını görmək üçün yetərincə deyilib. Cenevrə danışıqları Suriyada sülhün müəyyən edilməsi və münaqişənin gerçək siyasi nizamlanması üzrə iştirakçı ölkələrin çoxillik diplomatik səylərinin gedişində dönüş roluna tamamilə iddia edə bilər. Danışıqlardan sonra verilən şərhlər olduqca ümidvericidir, çünki bölgə hadisələrində iştirak edən aparıcı güclərin konsensusa gəlməyə başladığından xəbər verir. Halbuki əvvəllər ancaq həlledilməz ziddiyyətlər var idi. Misalçün, Lavrov açıq bildirib ki, “Moskva və Vaşinqton Suriya üzrə getdikcə daha çox təmas nöqtələri tapmağa müyəssər olur”.

 

Suriyada Kürdüstan olmayacaq

 

Bu danışıqların nailiyyətlərindən biri Amerika tərəfinin “Cəbhət ən-Nusra”nı terrorçu təşkilat kini tanıması və hətta “mötədil” deyilən müxalifətə aid edilən qruplaşmaların siyahısını təqdim etməyi olub. Xatırlatmaq lazım gəlir ki, ABŞ artıq üç aydır ki, “terrorçular”ı “mötədil müxalifət”dən ayıra və kimləri birincilərə, kimləri isə ikincilərə aid etdiyi haqda dünyaya aydın hesabat verə bilmir. Hətta onun iddiasına görə, “ən-Nuisra” hansısa hallarda üsyançıların köməyindən istifadə edir, müəyyən hallarda isə müxaliflər “ən-Nusra” tərəfdən ört-basdır edilir. Lakin yekunda Vaşinqton Moskvanın basqısı altında “ən-Nusra”nı terrorçu saymağa və qruplaşmaların hər biri üzrə birgə uzlaşma başlamağa məcbur olub: Lavrov əbəs yerə məmnunluqla qeyd etməyib ki, amerikalı tərəfdaşlarla bu vəzifənin dərki daha da konkret olub. Lakin başlıca yekun tərəflərin Suriyada kürdlərin məsələsi üzrə konsensusun əldə edilməsi olub. Rusiya və ABŞ bölgədəki aparıcı güclərin bir sıra məsələlər üzrə əldə etdiyi yekdilliyi danışıqlarda təsdiqləyib:

– Suriyanın ərazi bütövlüyünə dəstək;

– Əsədin “keçid dövrü üçün qeyd-şərtlə” olsa da, Suriyanın lideri kimi qəbul edilməsi;

– Vahid, müstəqil Kürdüstan ideyasından imtina;

– Türkiyənin Cerablusda bu yaxınlarda başladığı “Fərat qalxanı” əməliyyatına dəstək.

Lavrov danışıqlardan sonra əməliyyatı bu şəkildə şərh edib: “Mən əminəm ki, kürdlər Suriyanı parçalamaq üçün istifadə ediləcək amil kimi deyil, Suriya dövlətinin bir hissəsi, problemin həll hissəsi kimi qalmalıdırlar, çünki bütün bölgə üzrə zəncirvari reaksiya başlana bilər. Heç kim bunda maraqlı deyil”.

Daha önəmlidir ki, Kerri də bu cür yanaşmanı təsdiqləyib:“Biz vahid Suriya uğrundayıq, müstəqil kürdləri, müstəqil kürd təşəbbüsünü dəstəkləmirik”.

 

Kürdlər-Dəməşq-Türkiyə-ABŞ-Rusiya

 

Kürdlərin Suriyadakı tarixçəsi olduqca maraqlı trayektoriya üzrə inkişaf edib. Onlar 2012-ci ilin sonundan Əsəd qoşunlarının tərəfində çıxış edərək terrorçularla mübarizəyə kömək olublar. Hətta kürdlərin Azad Suriya Ordusu (ASO) – “mötədil” deyilən müxalifətin əsas hərbi gücü ilə müntəzəm toqquşmaları da baş verib. Kürdlərin rəsmi hökumətlə məxfi güzəşti formalaşdı: Əsəd müharibədən sonra onlara müəyyən muxtariyyət vəd etdi, onlar isə ayrılmağa israr etmədilər. Ekspertlərin fikrincə, Əsəd kürdlər tərəfdən loyallığın əvəzində onlar üçün muxtariyyətin istənilən dərəcəsinə razıydı. Ankara qarşısında öhdəliyi olan müxalifət isə bu cür səxavəti özünə rəva bilməzdi. Birləşmiş Ştatlar işə qarışana qədər kürdlərlə Dəməşq arasında Suriya münaqişəsi boyunca bu cür tərəfdaşlıq münasibətləri davam etdi.

Vaşinqtonun fikrincə, kürdlərin yetərincə yaxşı əlaqələndirilmiş silahlı qruplarını Əsəd uğrunda və terrorçulara qarşı mübarizədə qoymaq bədxərclik olardı. Həm də ABŞ-ın baxımından Ərdoğanın simasında azad düşüncə və müstəqilliyə aşkar və yersiz meyl göstərən Ankara bu qayda ilə NATO üzrə əsas müttəfiqindən “hədiyyə” aldı: Amerikanın fikrincə, kürdlər cilovlanıb yönəldilsə, hədsiz dərəcədə yolagəlməz olmuş Türkiyəyə təzyiq üçün yaxşı vasitə ola bilər. Vaşinqtonun kürdlərə dəstək tarixçəsi belə başlandı: silah və informasiya təchizatı, təlim və hərbi təlimatçılar təqdimi. Paralel olaraq onların siyasi baxımdan yenidən yönləndirilməsi və Əsədlə Türkiyəyə qarşı çevrilmiş alətə çevrilməsi baş verirdi.

Kürd hərəkatının radikallaşması və hansısa muxtariyytədən imtina edərək tam müstəqilliyə can atmasında həlledici rolu məhz ABŞ oynayıb. Başlıcası isə, kürdlər Əsədlə məxfi razılaşmanı dəyişib birbaşa Suriyanın ərazicə parçalanmasına işləməyə başladılar.

Məsələn, “Demokratik birlik” kürd partiyası 2016-cı il martın 17-də Suriyanın şimalında Dəməşqin qanunsuz adlandırdığı federativ bölgənin yaradılması haqda qərar qəbul edib.

Bir həftə öncə iş o yerə gedib çıxıb ki, kürdlər həm Hasəkə əyalətində Əsədə qarşı, həm də Türkiyə sərhədinin yaxınlığında Cerablus şəhərinin civarında uğurla hərəkət edirlər. Cerablusun ələ keçirilməsi bir neçə kürd kantonunun vahid idarəçilik və vahid ordu ilə bir ərazidə faktiki birləşdirilməsi demək olardı. “Fərat qalxanı” əməliyyatı hamını çaş-baş qoymasaydı, bu, əməli olaraq müstəqil Kürdüstanın yaradılmasının başlanğıcı olardı.

Türkiyə kürdləri çoxdan dayandırmaq niyyətindəydi, lakin əvvəlcə Birləşmiş Ştatlar icazə vermirdi, Rusiya HKQ-nin gəlişi və arxadan zərbədən sonra Moskva açıq şəkildə türklərin iştirakının əleyhinəydi. Və yalnız bir il keçəndən və Ankaranın üzrxahlığından sonra türklər üçün əlverişli şərait meydana çıxdı və əməliyyat üçün bütün oyunçuların aşkar şəkildə razılığı alındı. O cümlədən xarici işlər nazirinin müavini məhz əməliyyatdan öncə Ankarada olmuş İrandan: farsların içində suriyalı tayfadaşlarını uğurundan xeyli ruhlanaraq Tehran üçün problemlər yarada biləcək kürdlər yaşayır.

Dəməşq də türklərin müdaxiləsi ilə barışmalı oldu. Əsəd üçün kürdlərin ASO ilə əvəzlənməsi çox da əlverişli sövdələşmə deyil, lakin bu, kürdlərin genişlənən hərəkatını dayandırdı, “mötədil müxalifət” isə, ən azı, Suriyadan ayrılmaq şüarını car çəkmir, yalnız hakmiyyətdəki Əsədə opponentlik edir.

Aydındır ki, Ankaranın kürdlərə qarşı bu cür qərarı bir sıra səbəblərə görə Rusiyanın da maraqlarına uyğun gəlirdi. Birincisi, Amerika ilə hədsiz dərəcədə sıx bağlanan və İŞİD-lə birgə mübarizədə Əsədlə və yəqin ki, Moskva ilə ilkin razılaşmaya (lap məxfi olsa da) xain çıxaraq bölgədə onun alətinə çevrilən kürd dəstələrinə qulaqburması vermək pis olmazdı. İstənilən halda son bir ildə Moskvanın dilə tutmağa çalışdığı və terrorizmlə mübarizədə ilkin kursa dönməyə inandırdığı kürdlərin bir neçə nümayəndə heyəti Rusiyada olub. Lakin kürdlər Amerikanın bütün müttəfiqləri üçün ənənəvi səhvi braxaraq Vaşinqtonu seçdilər:  düşünürdülər ki, Amerika onları satmayacaq, o isə Suriyada kürd dövlətçiliyinin sanki cibdə olduğu böhranlı bir anda kürdləri satdı.    

Və bax, ABŞ Türkiyənin və uğursuz çevrilişdən sonra münasibətləri fəlakətli dərəcədə korlandığı şəxsən Ərdoğanın ünvanına bu cür “xeyirxah iradə jesti” etməkdən ötrü kürdlərə qarşı “Fərat qalxanı” əməliyyatının aparılmasına icazə verdi.

Lakin başlıcası – Dövlət Departamentinin bu cür mövqeyi Rusiyanın qurduğu koalisiya – İran, İraq, Türkiyə, Suriya və Rusiyanın özü – ilə yaxınlaşmağa başlamaq arzusuna oxşayır. Onlar birgə səylərlə bölgədə hərbi əməliyyatlar teatrını o qədər genişləndirib ki, üfüqdə döyüşmək deyil, nüfuz dairələrini bölüşdürməyin lazım gəldiyi durumun köklü dəyişikliyi perspektivi görünür. Aydındır ki, birinci addım müharibənin kəskin mərhələsindən regional ocaqlara və “sürəkli partizançılığa” keçid ola bilər. Lakin bu zaman Suriyanı nüfuz dairələrinə və yaxud məsuliyyət zonalarına bölə biləcək şərti qaliblər artıq müəyyənləşəcəkdi.

Belə və ya elə, görünür, ABŞ qət edib ki, öz oyununu oynaya bilməyib və buna görə də yeni koalisiyanın apardığı oyuna qoşulmağın vaxtı yetişib. Kürdləri də elə buna görə “giriş haqqı” qismində satdı.

Bu cür versiyanı ABŞ və Rusiya HKQ-nin, təxminən, sentyabrın ortalarında Hələbdə yaraqlılara birgə zərbə endirməyə hazır olduğu haqda məlumatlar da təsdiqləyir.

Bu zaman Türkiyə də udur: birincisi, müttəfiqlərin razılığı ilə nisbətən azad hərəkət edə biləcəyi məsuliyyət zonası ilə birlikdə Suriya münaqişəsində müsbət rol qazanır. İkincisi, Ankara təkəbbürünü sakitləşdirib xarici siyasət istiqamətlərini dəyişdirməklə Suriyanın gələcəyini müzakirə və müəyyən edənlərin arasında yer alacaq ki, bu da Rusiya aviasiyasının oyundan çıxartdığı türklər üçün, demək olar, geopolitik dirçəlişə bərabərdir.

 

Tərcümə Strateq.az-ındır