Edi Koen
İsrael Hayom (Israil), 31/08/2016
Ərəb təbliğatı çoxdan iddia edir ki, sionistlər ABŞ-la birlikdə ərəb dövlətlərini dağıdıb parçalamağa və Yaxın Şərqin xəzinələrini ələ keçirtməyə cəhd edir. Ərəb KİV-lərində hətta bu gün də bu cür iddialara rast gəlmək olur. Lakin taleyin kinayəsi ilə ərəblərin özləri, ehtimal ki, bir neçə dövlətin dağılması və bölgədə yeni dövlət qurumlarının yaranmasına səbəb olacaq iflas və tənəzzül prosesini işə salıblar. Yaxın Şərq uzun illər ərzində saxlanacaq yeni görkəm qazanır.
Ərəb baharının nəticələrindən biri cəmiyyətin parçalanmasının ağırlaşması, dünyəvi və dini, dövlətçi və millətçi ünsürlər və əlbəttə, sünnilərlə şiələr arasında ziddiyyətlərin kəskinləşməsi oldu. Ərəb ölkələrində bu məsələ ilə məşğul olan ekspertlərin əksəriyyəti, həmçinin xeyli bloger və jurnalist hesab edir ki, proses ən sonda uzunmüddətli gizli münaqişələr dövründən sonra mübarizənin qızışdığı dövlətlərin dağılmasına səbəb olacaq. Xatırlatmaq artıqdır ki, bu, yalnız mülahizədir, lakin yaxın Şərq maraqlı tapmacaya dönüb və onun gələcəyini proqnozlaşdırmaq cəhdi özlüyündə maraqlıdır.
Misirdən başlayaq. Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılması totalitar rejimin qurulması və kopt azlığın, irqçilik və nifrətə görə həmişə bədəl ödəyən günahsız insanların daimi təqibi fonunda “Müsəlman qardaşlar”la hökumət arasında mübarizəyə şərait yaradıb. Bu gün elə görünür ki, Misiri çox böyük dəyişikliklər gözləyir. Hökumət hazırda daxili mühacirəti, əsil transferi – Misirin köklü əhalisinin Sinay yarımadasından ölkənin dərinliklərinə köçünü təşviq edir. Sinay yarımadasında hərbi zonalardan savayı dövlət suverenliyinin heç bir nişanəsi qalmayıb. Sinaya iki qruplaşma – “Vilayət Sinay” (İŞİD-in şöbəsi) və “Ənsar Beytul-Məqdis” nəzarət edir. Görünür, misirlilər Sinay yarımadasından fələstinlilərin xeyrinə imtina edirlər. Bu arada koptlar artıq xeyli xristianın torpaq sahələri aldığı Misirin qərbinə köçürlər.
Liviya çox güman ki, üç hissəyə bölünəcək. Qərb hissəyə Qəddafiyə qarşı vuruşmuş 17 Fevral inqilabının tərəfdarları, şərq hissəsinə islamçılara qarşı vuruşan general Xəlifə Həftar nəzarət edəcək, güneydə isə bədəvi tayfaların dövləti formalaşacaq.
Livan artıq, faktiki olaraq, bölünüb və iflic olub. İranlılar “Hizbullah”ı müdafiə edərək, xalqın tam dəstəyini ala biləcək xristian-maroniti prezident seçməyə yol vermirlər. “Hizbullah”ın ölkənin güneyinə nəzarət edəcəyi proses qeydə alınır, yüz illər boyu olduğu kimi druzlar dağ rayonlarında ağalıq edəcək, Beyrutdan şərqə sarı Tripoliyə qədər xristian bölgəsi olacaq. Tripoli və Beyrutun böyük hissəsinə sünnilər nəzarət edəcək.
Suriyada ələvilər və onların şiə tərəfdarları Tartus rayonunda öz vilayətlərini əldə edəcək, sünnilər Hələb dövlətini yaradacaq, şimalda isə, İraq Kürdüstanına doğru dartınan kürd qurumu meydana çıxacaq.
İraqda Səddam Hüseyn rejiminin iflası və Amerika qoşunlarının çıxarılmasından sonra sünnilərlə İranın dəstəklədiyi şiələr arasında münaqişə kəskinləşib. Ölkənin şimalında, Ərbildə kürd dövləti yaradılır. Cənubda Bəsrədə şiə dövləti formalaşacaq, sünnilər isə paytaxt Bağdad, Mosul və Fəllucəni əldə edəcəklər.
Sudan və Yəmən artıq bölünmədən keçmiş dövlətlərdir. Cənubi Sudan ayrılıb və paytaxtı Cubə olan dövlət yaradıb. Şimali Sudanı əvvəlki tək Ömər əl-Bəşir idarə edir. Bu gün Darfurda üçüncü dövlətin meydana çıxacağı haqda mülahizələr yaranır.
Yəmən on illərlə iki dövlətə bölünüb. Birləşmə 1990-cı ildə baş verib. Husilər inqilabın iflasından yararlanıb bu gün İranın dəstəyi ilə cənubda şiə dövlət qurumu yaradıblar. Sünnilər şimalda, Səudiyyə Ərəbistanına yaxın ərazidə qalır.
Yaxın Şərq 20 il əvvəl tamamilə başqa cür görünürdü. Gerçəklik göstərdi ki, bölgədəki sabitlik yalnız illüziya imiş və hər şeyin necə başa çatacağını heç kim bilmir.
Tərcümə Strateq.az-ındır.