XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2016 - 21:10

G-20 sammitində Türkiyə performansı:Ərdoğan yenidən "böyük oyun"a qayıtdı - Təhlil

Bu gün Çində “Böyük iyirmilik” (G-20) ölkələrinin 11-ci sammiti  başa çatdı.  G-20 sammitində xüsusi diqqət mərkəzində olan liderlərdən biri də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan idi. Çünki G-20-nin Antalya sammitindən ötən 1 il ərzində liderlərdən heç biri Ərdoğan qədər sınaqlara məruz qalmamışdı. Antalya sammitində yaxın müttəfiq kimi qaşılananlar, indi Ankarada qiyamçılara dəstək verənlər kimi təqdim edilir.  Türkiyənin ABŞ, Avropa İttifaqı ilə münasibətləri  yeni sınaq mərhələsinə qədəm qoyub.  İkitərəfli münasibətlərdə şübhə, etimadsızlıq müşahidə olunur. Bu fonda prezident Ərdoğanın G-20 sammitində hansı performans göstərəcəyi, nə kimi mesajlar verəcəyi və necə qarşılanacağı maraqla gözlənilirdi.

Bir il əvvəl isə vəziyyət tam fərqliydi. Keçən il noyabr ayında Antalyda keçirlən G-20 sammtində  ev sahibi kimi prezident Ərdoğan çox inamlı təsir bağışlayırdı. 2015-ci il noyabrın 1-də keçirilən təkrar parlament seçkilərində inamlı qələbə qazanan AKP daha dörd il müddətinə hakim partiya statusunu saxlamışdı. Ondan qabaqsa – 2013-cü ilin dekabrında Ankara Avropa İttifaqı ilə miqrantların deportasiyası və vizasız gediş-gəlişə dair saziş imzalamışdı.

Eyni zamanda G-20-nin Antalya sammitindən əvvəl Avropa İttifaqı noyabrın 1-də  Türkiyənin quruma üzvlüyü ilə bağlı irəli sürlən şərtlərin hansı səviyyədə yerinə yetirməsi ilə bağlı hesabat açıqlamışdı. Hesabatda tənqidi məqamlar yer alsa da, Ankara üçün daha çox pozitiv sayıla bilərdi.  2015-ci ildə həm də Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin bərpa  olunmasının 10 ili tamam olurdu… 

4 sentyabrda isə Türkiyə parlamenti hökumətə ölkədən kənarda hərbi əməliyyatlar aparmağa və hərbi qüvvə yerləşdirməyə icazə verən qərar qəbul etmiş, bundan əvvəl – 23 iyulda İncirlik hərbi bazası ilə bağlı Vaşinqton-Ankara razılaşması əldə olunmuşdu. 3 avqustdan etibarən isə ABŞ Suriyada hava əməliyyatları üçün İncirlik hərbi bazasından istifadə etməyə başlamışdı.

ABŞ və Avropa İttifaqının səylərinə baxmayaraq, Türkiyə Misir, Suriya, Yəmən və Liviyadakı hadisələrlə bağlı özünəməxsus mövqe tuturdu.  Ankara bütün təzyiqlərə rəğmən geri çəkilmirdi.

Digər tərəfdən Ərdoğan özü də Türkiyə Respublikası tarixində ilk dəfə xalq tərəfindən birbaşa seçilən prezident kimi qonaqları fərqli statusda qarşılayırdı. Ərdoğan ilk gündən yalnız formal prezident səlahiyyətləri ilə kifayətlənməyəcəyini nümayiş etdirmişdi və ev sahibi kimi, G-20 sammitində bunu bir daha sərgilədi.

Türkiyə iqtisadiyyatı da 2009-cü ildən bəri artmaqda davam edirdi və 2015-ci il də istisna olmamışdı.

Antalyadakı G-20 sammitindən 12 gün sonra – 24 noyabrda Türkiyə səmasında Rusiya hərbi təyyərəsi vuruldu.  Moskva ilə münasibətlər, demək olar ki, kəsildi. İqtisadi əlaqələr donduruldu. 2016-cı il Türkiyə üçün sınaqlarla başladı, baş nazir Ə.Dadvudoğlu istefa verdi. Uzun fasilədən sonra İŞİD Türkiyədə terror aktları həyata keçirdi. Suriya məsələsində ABŞ-Türkiyə fikir ayrılığı pik nöqtəsinə çatdı. Suriya kürdləri müstəqil dövlət yaratmaq istədiklərini bəyan etdilər. ABŞ açıq şəkildə Əsədə qarşı vuruşan kürdləri himayəsinə aldı və Ankaranın əməliyyatlarından qorumağa başaldı.

Nəhayət, 15 iyul hərbi qiyama cəhd və Ankaranın açıq şəkildə ABŞ və Avropa İttifaqını qiyamçılara dəstək verməkdə günahlandırması Türkiyənin Vaşinqton və Brüssellə münasibətlərini tarıma çəkdi. Bunun ardınca Rusiya ilə yaxınlaşma, İsraillə barışıq, Əsəd rejimi ilə kommunikasiya yaratamaq cəhdləri və Gülən hərəkatına qarşı addımlar prezident Ərdoğanın siyasətinin son 1 il ərzində  necə dəyişməsini göstərirdi…

Antalya sammitindən ötən 1 il ərzindəki bu dəyişikliklərin Çindəki G-20 sammitində Türliyənin statusunda, mövqeyində necə əks olunacağı da müzakirələr mövzusuydu. Bu səbəbdən sammit Ərdoğan və Türkiyə üçün ağır bir test kimi dəyərləndirilirdi…

Artıq ilk nəticələrədən danışmaq mümkündür. G-20 sammiti ilə bağlı  ilkin müşahidələr göstərir ki, Ərdoğanı hesabdan silmək hələ çox tezdir. Qərb liderləri onları daim ədalətə səsləyən, açıq tənqid etməkdən çəkinməyən, Rusiya hərbi təyyarəsinin vurulması və pilotun öldürülməsindən sona Putinlə əl sıxışmağı bacaran Ərdoğanı nə qədər təqdir etməsələr də, onu kənarda qoymaq gücündə olmadıqlarının fərqinə varıblar. Ən azı, indiki mərhələdə Ərdoğan onlar üçün Türkiyənin əsas söz sahibi olaraq qalır və Ankaranın mövqeyi elə onun iradəsi kimi qəbul olunur.

G20 sammitində Ərdoğan müvəqqəti pauzadan sonra yenidən böyük siyasətə və oyuna  qayıtdı, Türkiyənin hələ dirəniş göstərə biləcəyini nümayiş etdirdi. Ərdoğan ABŞ prezidenti Obama, Rusiya prezidenti Putin ilə görüşlər keçirdi, eyni zamanda Fransa prezidenti Fransua Olland, Almaniya baş naziri Angela Merkel, İtaliya baş naziri Mato Rentsi ilə birgə danışıqlar apardı.

Sammitdən sonra Ərdoğan bir daha Suriyanın şimalında təhlükəsiz zonası yaratmağı, hava sahəsində uçuşların qadağan ediməsini təklif etdi. Digər tərəfdən, Ankarının əsas tələbini də səsləndirdi. Ərdoğan terror təşkilatlarına fərq qoymamağa çağırdı. Bu çağrışlarında Ərodğan əvvəlki çıxışlarından daha inamlı görünürdu…

G-20 sammiti Ərdoğanın doğurdan da necə çevik siyasətçi olduğunu və eyni zamanda Ankarının xarici siyasətindəki maraqlı nüansları bir daha nümayiş etdirdi. Suriya məsələlərində ABŞ-ın başçılıq etdiyi koalisiyanın üzvü kimi, Ərdoğan Rusiya ilə sıx əməkdaşlıq etdiklərini söyləməkdən çəkinmədi.

Eyni zamanda prezident Putinlə nümayişkarənə mehribançılıq da nəzərdən qaçmadı.  Bununla belə, Ərdoğan ABŞ-la münasibətlərin normallaşmasını istədiyini də xüsusilə diqqətə çatdırmaq fürsətini əldən vermədi.  

Prezident Ərdoğan və Türkiyə G-20 sammiti sınağından uğurla çıxdı və böyük ehtimalla, yaxın gələcəkdə istər ABŞ, istərsə də Avropa İttifaqı ilə münasibətlərin normallaşması üçün müzakirələrin başlamasının şahidi ola bilərik.

G-20 sammiti göstərdi ki, artıq heç kimdə Türkiyədə kimin söz sahibi olması barədə şübhə qalmayıb və Ərdoğanın hələ uzun müddət tərəfdaş olaraq qalacağı yəqinləşib. 

Çox güman ki, Ərdoğan da bunu anlatmağa çalışırdı və 15 iyul hərbi çevrilişə cəhddən sonra ölkədən kənara ikinci səfərində buna nail oldu. İlk səfəri isə Putinlə görüş üçün Sankt-Peterburqa etmişdi.

Ərdoğan Rusiya ilə münasibətlərin də Ankara üçün strateji tarazlıq nöqteyi-nəzərdən çox vacib olduğunu anlatmağa çalışdı və ABŞ-ın, Avropa İttifaqının zəruri nəticələr çıxarması üçün mesajlar verdi. Bu mesajların necə qəbul ediləcəyini isə yaxın gələcək göstərəcək…

 

Zaur İBRAHİMLİ

Strateq.az