XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 14:38

Münbiç düyünü:“Fərat qalxanı” öz hədəfindən uzaqlaşır

   munbic1

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Mak-Gurkun Suriyanın şimalında kürd separatçılarıyla görüşdüyünü etiraf edib.

Strateq.az-ın bildirdiyinə görə, sözçü keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən onu da qeyd edib ki, Vaşinqton tərkibində PYD-nin də yer aldığı Suriya Demokratik Güclərinin (SDG) strateji bölgə sayılan Münbiçi İŞİD-dən geri almasından xeyli məmnundur. O, açıqlamasında Mak-Gurkun bu görüşlərini ABŞ-ın İŞİD-ə qarşı döyüşən regional güclərə dəstəyi kimi qiymətləndirərək deyib: "Brett Mak-Gurk bu görüşlərlə, həmçinin İŞİD-ə qarşı mübarizə aparan SDG-nin ABŞ tərəfindən dəstəkləndiyini bir daha təsdiqlədi. Eyni zamanda SDG tərəfindən verilən öhdəliklərə riayət etməsinin əhəmiyyətini vurğuladı, ziddiyyətlərin qarşısının alınması və səylərin birləşdirilməsini təşviq etdi"

Maraqlıdır ki, ABŞ rəsmilərinin məsələyə bu cür yanaşması Türkiyənin dövlət maraqlarına zidd olduğu qədər, həm də qardaş ölkənin bir müddət əvvəl Suriyanın şimalında başlatdığı “Fərat qalxanı” hərbi əməliyyatlarının aqibətini şübhə altına salır. Zira həmin əməliyyatın başlıca məqsədlərindəndən biri PKK uzantısı olan PYD-nin Münbiçi ələ keçirməsinin və İraqın şimalından Aralıq dənizinə qədər uzanan ərazilərdə kürd zolağının yaranmasının qarşısını almaq idi. Amma hazırda həmin əməliyyatının bütün hədəfləri yalnız İŞİD-ə qarşı çevrilməklə məhdudlaşıb. Türkiyənin kürd separatçılarına atdığı hər mərminin cavabı isə onun müttəfiqi hesab olunan ABŞ-dan gəlir. Rəsmi Vaşinqton, guya, İŞİD-ə qarşı ən yaxşı döyüşçülər adı altında PYD-ni müdafiə edir, Ankaranı kürd separatçılarına qarşı vuruşmaqdan yayındırır. Yalnız İŞİD-ə qarşı mübarizə isə faktiki olaraq PYD-nin də əsas rəqibini sıradan çıxarır və dolayısıyla “xilafətçi”lərdən təmizlənən ərazidə kürd separatçılarının daha rahat yerləşməsi perspektivinə xidmət edir.

mun2

Nədən ki, Türk ordusu öz dövlət ərazilərindən kənarda uzun müddət dayana bilməz. Həmin ərazilər İŞİD-dən təmizləndikdən sonra yerli qüvvələrə təhvil verilməli və Türk ordusu tərəfindən tərk olunmalıdır. TSQ-nın isə terrorçulardan təmizlənən yerləri birgə əməliyyat keçirdiyi Azad Suriya Ordusu (ASO) adlanan qrupa təslim edəcəyi gözlənilir. ASO isə həm Rusiya, həm Bəşər Əsəd, həm də PYD tərəfindən düşmən elan olunub və Türk ordusundan dəstək almadan onun bu qədər güclü düşmənlərə qarşı duruş gətirə bilməsi inandırıcı görünmür.

Türk ordusu bölgədən çəkildikdən sonra Azad Suriya Ordusunun yerli qüvvələrdən dəstək alması da xeyli müşkül məsələdir. Hətta indi türk əsgərlərinin himayəsi altında belə, o, bəzi qəsəbələrin İŞİD-dən azad olunmasında ciddi problemlərlə üzləşir. Belə yerlərdən biri əl-Bab qəsəbəsidir. “Fərat qalxanı”nın növbəti hədəflərindən biri kimi elan olunan əl-Babda İŞİD-in yerli əhali tərəfindən ciddi şəkildə müdafiə olunduğu bildirilir. Məhz bu dəstəyi nəzərə alan ASO daha az itkiyə məruz qalmaq ümidiylə mümkün olduğu qədər əl-Bab əməliyyatının zamanının uzadılmasını istəyir.

“Fərat qalxanı” əməliyyatının ciddi müqavimətlə üzləşəcəyi digər yer isə Raqqadır. İŞİD-in Suriyadakı paytaxtı olaraq tanınan Raqqanın həm əhalisinin “xilafətçi”lərə simpatiya ilə baxması, həm də təbii quruluşu onun alınmasını və ən əsası, əldə tutulmasını xeyli çətinləşdirir. Türkiyə rəsmilərinin açıqlamasından isə belə çıxır ki, Raqqanın işğaldan azad olunması da Ankaranın boynuna öhdəlik kimi qoyulub.

Halbuki “Fərat qalxanı” əməliyyatı başlandığı ərəfədə və ondan əvvəlki dövrlərdə əsas hədəf olaraq göstərilən yerlər arasında nə əl-Babın, nə də Raqqanın adı hallanırdı. Bu zamana qədər Türkiyənin yeganə “qırmızı cizgisi” vardı – Münbiç. Ankara, əhalisinin 90%-i ərəblərdən təşəkkül tapan Münbiçə PYD silahlılarının girməsini əsla yolverilməz hadisə olaraq elan etmiş, əks təqdirdə Suriyanın şimalına hərbi müdaxiləyə başlayacağını bildirmişdi.

Qardaş ölkənin başı 15 iyul hadisələrinə qarışdığı bir zamanda qorxulan oldu. Kürd separatçılarının üstünlük təşkil etdiyi SDG qüvvələri Münbiçi ələ keçirdilər və “Fərat qalxanı” əməliyyatının başlanması zərurəti də bu cür ortaya çıxdı. İndisə əməliyyatın başlanmasından iki həftədən çox zaman keçir. Bu müddət ərzində Türk ordusu hələ də Münbiç ərazilərinə müdaxilə etməyib. Yaxınlarda hərbi əməliyyatların keçiriləcəyi əl-Bab Münbiçə ən yaxın nöqtədə yerləşsə də, bu qəsəbə alındıqdan sonra isə növbəti hədəfin Münbiçdən xeyli aralıda, suriyalı kürd separatçılarının dövlət elan etdiyi ərazilərin yuxarısındakı Raqqa şəhəri olacağı  bildirilir.

Ən maraqlı məsələ bundan ibarətdir ki, ötən il PYD silahlıları kürd zolağının digər qovşağı olan Tel-abyadı aldıqdan sonra dəfələrlə Raqqaya hücum təşkil etsələr də, heç bir nəticə almadan geri qayıtmışdılar. Görünən budur ki, kürd separatçılarının qazana bilmədiyi qələbə hazırda Türkiyə ordusuna etdirilir və nəticəsinin kimə yarayacağı isə hələlik aydın deyil. Məsələyə bu aspektdən nəzər salanda, faktiki olaraq Türkiyə ordusunun öz perspektiv düşməni sayılan Kürdüstanın qurulması və qorunması üçün Suiyanın şimalına girdiyi təəssüratı yaranır.

İlk baxışdan, vəziyyətin tamamilə fərqli bir müstəviyə keçməsində Türkiyənin ABŞ tərəfindən aldadılması mühüm rol oynadığı sezilir. Zira “Fərat qalxanı” əməliyyatlarından əvvəl Türkiyə-ABŞ arasındakı müzakirələrdə əldə olunan razılaşmalara görə, kürd zolağını  bir-birinə bağlayan Münbiçdən kürd separatçıları çıxmalıydı. Bölgəyə yalnız SDG-nin tərkibindəki ərəb döyüşçülər nəzarət etməliydi. Məlumatlar isə bu razılığın tələblərinin yerinə yetirildiyini təsdiqləmir. Əksinə, ABŞ rəsmiləri əsasən ərəb əhalisinin məskunlaşdığı Münbiçdə kürd separatçılarıyla görüşür, onları açıq şəkildə dəstəkləyirlər. Ankaranın bütün irad və etirazları isə qulaqardına vurulur.

Qeyd edək ki, dünən istər Türkiyə prezidenti Ərdoğanın özü, istərsə də onun sözçüsü İbrahim Kalın ABŞ-la PYD-yə münasibətdə fərqli mövqelərdə dayandıqlarını açıq bəyan etmişdilər. Bildirildiyinə görə, Çində G-20 sammitində iştirak edən Türkiyə prezidenti jurnalistlərin sualına cavab verərkən bildirib: “Əslində biz Münbiç müzakirələrində daha əvvəl Obamaya bir təklif vemişdik. Demişdik ki, Münbiç qətiliklə ərəblərindir, oraya PYD, YPG filan gəlməyəcək… Buna baxmayaraq, oradan PYD-liləri yuxarıya çıxarmaq istədilər. Biz isə tam əks mövqedəyik”.

Göründüyü kimi, faktiki olaraq bu sözlərlə “Fərat qalxanı” əməliyyatının öz hədəfindən yayındığı Türkiyə prezidenti Ərdoğan tərəfindən etiraf edilir. Bu isə yaxın günlərdə ABŞ-Türkiyə gərginliyinin növbəti mərhələsinin yaşanacağından xəbər verir…

Heydər Oğuz

Strateq.az