XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 21:06

“Türk axını”na icazə verildi:TANAP-ın aqibəti yenidən sual altına düşdü

turk-akimi-2

Rus enerji şirkəti "Qazprom" "Türk axını" təbii qaz boru xəttinin inşası üçün Türkiyədən ilk icazəni alıb.

Strateq.az xəbər verir ki, bunu şirkətin özü bildirib.

"Qazprom"un yazılı açıqlamasına götə, izn ötən həftə Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrakla adı çəkilən rus şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller arasında İstanbulda keçirilən görüş zamanı əldə olunub.

Miller alınan icazənin layihəyə göstərilən marağın ifadəsi kimi qiymətləndirərək, bunun "Qazprom" üçün müsbət hadisə olduğunu və artıq layihənin tətbiqi mərhələsinə keçilə biləcəyini açıqlayıb.

Qeyd edək ki, "Türk axını" layihəsi Rusiya ilə Türkiyə arasında 2014-cü ilin 1 dekabr tarixində bağlanan müqavilə əsasında gündəmə gəlmişdi. Ukrayna böhranından sonra Rusiya Avropaya qaz ixracını başqa kanallar vasitəsilə həyata keçirmək məcburiyyətində qalmış, əvvəl "Cənub axını" deyilən projeyə yönəlsə də, Avropa Birliyinin basqıları nəticəsində marşrutun keçəcəyi ilk yer olan Bolqarıstan ondan imtina etmişdi. Putin isə alternativ layihə kimi, "Türk axını"na yönəlmişdi.

ABŞ-ın və bəzi Avropa ölkələrinin kəskin qarşı çıxdığı "Türk axını" müzakirələri daha sonra rus və türk rəsmilərinin bir-birinə tərs gələn tələbləri nəticəsində müvəqqəti dayandırılmış, məlum təyyarə böhranından sonra isə tamamilə unudulmuşdu.

İldə 63 milyard kub metr qaz nəqlini nəzərdə tutan "Türk axını" projesi, nə qədər etiraf olunmasa belə, zaman-zaman TANAP və TAP layihələrinin alternativi kimi ortaya çıxır. Özəlliklə, ABŞ rəsmiləri Avropanı rus qazı inhisarından xilas etmək üçün daha kiçikhəcmli projelərə önəmə verdiklərini gizlətmirlər. TANAP və TAP layihələri də Avropanın enerji ehtiyacının 40-50%-ni ödəyən rus qazının yerini dolduracaq layihələrdən biridir.

Digər alternativ layihələr isə Qətər və başqa körfəz ölkələrinin təbii sərvətləri ola bilər ki, ekspertlər Rusiyanın Suriyaya hərbi müdaxiləsinin səbəbləri arasında bu amilə də yer ayırırlar.

Əslində AB-nin Rusiya qazından imtina etməsi siyasəti çoxdan əhəmiyyətini itirib. Nə qədər Ukrayna, Bolqarıstan və Türkiyə kimi ölkələri bu projelərdən çəkinməyə çağırsa da, AB-nin böyük dövlətləri şimal qonşumuzun qazının “qoca qitəyə” daşınmasında əllərindən gələni əsirgəmirlər. Xüsusilə Almaniya və Fransanın enerji şirkətləri "Şimal axını" layihəsinin əsas sponsorlarından biri kimi çıxış edirlər. Belə bir vəziyyətdə onsuz da AB-dən arzuladığı münasibəti görə bilməyən Türkiyənin rus qazından imtina etməsi qətiyyən məntiqli görünmür.

Maraqlıdır ki, "Qazprom"la Türkiyə Enerji və Təbii Qaynaqlar Nazirliyi arasında bir neçə gün öncə məlum razılaşma əldə olunduğu zaman Azərbaycan hakimiyyəti TANAP layihəsini reallaşdırmaq üçün xarici investorlar axtarır. İqtisadi böhran mərhələsinə qədəm qoyan və Qərblə münasibətlərini getdikcə kəskinləşdirən rəsmi Bakının öz istəyinə arzuladığı müsbət cavabı alması hələ də mümkün olmayıb. Beynəlxalq maliyyə qurumları tərəfindən təklif edilən kiçik kreditlərin əvəzində bizdən ciddi islahatlar tələb edilir. 23 illik siyasətindən əl çəkmək istəməyən rəsmi Bakı isə, əlbəttə, bu tələblərə cavab verəcək gücdə deyil. ÜDM-i günü-gündən azalan, işsizliyin, kasıbçılığın sürətlə artdığı bir zamanda islahatlar istiqamətində atılacaq hər hansı bir addımın qırılma nöqtəsinə çevrilə bilməsi ehtimalı kifayət qədər yüksəkdir.

Belə bir kritik zamanda "Türk axını" projesinin yenidən gündəmə gətirilməsi təsadüfə oxşamır. Görünür, beynəlxalq maliyyə qurumları Avropanın enerji təhlükəsizliyini bizim nazlı davranışlarımıza qurban vermək istəmirlər. Üstəlik, indiyə qədər yürüdülən siyasətdən narazı qalan Rusiyanın öz kiçik alternativlərinin işləməsinə seyrçi qalmayacağı ehtimalı da TANAP-ın maliyyələşdirilməsinə marağın azalmasında müstəsna rol oynayıb.

Sözsüz ki, Türkiyənin "Türk axını" projesinə izn verməsində son zamanlar iki dövlət arasındakı münasibətlərin normallaşmasının da böyük payı var.

 

Heydər Oğuz

Strateq.az