XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2016 - 15:03

Rakka uğrunda gizli ABŞ-Türkiyə razılaşması:İŞİD-in "paytaxtı" necə təslim ediləcək? - Təhlil

rakka-1

Marina Baltaçeva

Nikita Qolobkov

vz.ru, 07.09.2016

 

Prezident Ərdoğan bildirib ki, Türkiyə və ABŞ Rakkanın tutulması üzrə birgə əməliyyata başlaya bilər. Ekspertlər hesab edirlər ki, türklər bir-iki diviziyanın gücüylə Rakkanı götürə bilərlər, lakin türklərin İŞİD-lə sadəcə razılaşdığı və şəhəri döyüşsüz aldığı “Cerablus ssenarisi” də istisna olunmur. Amma Vaşinqton bu günlərdə Moskva ilə Suriya üzrə müqavilə bağlamağa hazırlaşır və deməli, bu cür plana hələ Rusiyanın da razılığı lazım gələcək.

Ərdoğan Çinə G-20 sammitinə gedərkən təyyarədə deyib: “Obama mənə dedi ki, Rakka ilə bağlı bizimlə birlikdə nəsə etmək istəyir. Biz cavab verdik ki, tərəfimizdən heç bir etiraz olmayacaq. Təklif etdik ki, hərbçilərimiz görüşsün və sonrakı imkan və fəaliyyət planlarını müzakirə etsinlər”.

O, xatırlatmağı unutmayıb ki, hələ bir il öncə ABŞ-ın kürdlərə dəstəyi kəsəcəyi halda Ştatlara Rakkaya birgə hücum təklifi edib, lakin o vaxt rədd cavabı alıb.

Ərdoğan qeyd edib ki, indi Suriyanın şimalında əməliyyata heç nə mane olmur: “Əl-Rai əyalətində ABŞ-la işləmək bizim üçün çox rahatdır. Biz Cerablusda əməkdaşlıq etmişik və buna davam edirik”.

O, əlavə edib: “Ankara göstərməlidir ki, bölgədə var və geri addım atmağa haqqı yoxdur”.

 

Bir-iki divizya da kifayətdir

 

İsrailin “Nativ” xsüsusi xidmətinin keçmiş şefi Yakov Kedminin hesab etdiyi kimi, ABŞ və Türkiyə öz fəaliyyətini həqiqətən əlaqələndirəcəyi halda türklərin nəzarətindəki mötədil müxalifət dəstələrinin iştirakı və havadan Amerika dəstəyi ilə  Türkiyənin mexanikləşdirilmiş hissələri Rakkanı azad edə bilərdi. Ekspert “ВЗГЛЯД” qəzetinə deyib: “Türklərin quruda Amerika xüsusi təyinatlılarına nə qədər ehtiyacı olduğunu deyə bilmərəm, lakin həmçinin istisna etmirəm ki, bu cür zərurət zamanı yardım ediləcək”.

Kedmi hesab edir ki, “Türklər hərbi baxımdan “xilafət” paytaxtının götürülməsinin öhdəsindən tam gələr. Türkiyə Yaxın Şərqdə ən güclü ordulardan birinə malikdir. Nəzəri olaraq Rakkaya iki mexanikləşdirilmiş diviziya bəs edər”.

Onun fikrincə, “Rakkanın süqutu bütün İŞİD-in tənəzzülünü sürətləndirər və bundan sonra gündəlikdə Suriyanın qalan hissəsinin digər ekstremist hərəkatlardan təmizlənməsi məsələsi durar”.

Amerika generalları hələ bu yaxınlarda kürd yığmasının qüvvələri ilə Rakkaya hücum planını ciddi şəkildə müzakirə ediblər. Kedmi əlavə edir: “Kürd birləşmələri bir qayda olaraq öz ərazilərindən kənarda vuruşmur, Rakka ətrafında isə kürd yaşayş məntəqələri yoxdur”.

İndi isə türk ordusu Suriyaya girərkən kürdlərin hücuma qatılması artıq qeyri-realdır.

Din və siyasət İnstitutunun prezidenti Aleksandr İqnatenko isə əksinə, hesab edir ki, asan qələbə baş tutmayacaq, çünki Vaşinqton Ərdoğanın sözlərini hələlik təsdiqlməyib: “ABŞ hələ ki, quru əməliyyatına hazırlıq barədə bildirməyib, Türkiyənin Rakkanı müstəqil şəkildə azad etməyi isə, çətin ki, baş tutsun. Söhbət ancaq niyyətlərdən gedir”.

O xatırladır ki, çoxlarının şübhələndiyi kimi, Cerablus türklərin və islamçıların sözləşməsi əsasında təhvil verilib, halbuki Rakka İŞİD-in dayaq nöqtəsidir, buna görə də onu o cür asanlıqa götürmək çətin olacaq. Sərt küçə döyüşlərinə ilişib qalmaq təhlükəsi var.

İqnatenko qeyd edir: “Rakka əhalisinin əsas hissəsi İŞİD-i dəstəkləyir. Pentaqonda isə əvvələr etiraf ediblər ki, Rakka və Mosulun azad edilməyinə bir neçə il gedəcək. ”   

O da kürdləri Türkiyənin  gerçək hədəfi sayır: “Ərdoğan 24 avqustda gerçəkləşdirməyə başladığı kursla, yəni Suriyanın şimalında kürd muxtariyyətinin yaranmasına mane olmaq üzrə hərəkət edir”.

O xatırladır ki, kürdlər fəal şəkildə Rakkanın azad edilməyinə hazırlıq görür və “onun azad edilməsində əsas zərbə qüvvəsi sayılırdılar”. Lakin o zaman öz iştiraklarını “kim azad edirsə, sahib də odur” prinsipi ilə şərtləndirirdilər. Onlar açıq şəkildə deyirdilər ki, əvvəllər kürd ərazisi olmayan Rakka gələcək kürd dövlətinin tərkibinə daxil olacaq.

 

3,5 min kommandos Rakka üçün yumruqdur

 

Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski "ВЗГЛЯД" qəzeti ilə söhbətdə xatırladır ki, “Quru əməliyyatı olmadan şəhərlər ələ keçirilmir. Türklər amerkalıların örtüyü altında Suriya hökuməti tərəfdən arxadan zərbə almaq əndişəsi olmadan Suriya ərazisinə legitim şəkildə əlavə hərbi kontingent daxil etmək imkanı əldə edirlər”.

Ekspert istisna etmir ki, Ərdoğanın sözləri təsdiqlənəcək və türklər Rakkaya hücum haqda ABŞ-la həqiqətən də razılaşacaqlar. Lakin kürdlər və Amerikayönlü ərəb qruplaşmaları döyüşdə çox zəifdirlər.

Satanovski xatırladır ki, amerikalılar öz qüvvələri ilə quru əməliyyatı keçirmək istəmirlər, lakin hər halda bölgəyə 500 xüsusi təyinatlı göndərməli, sonradan isə daha 3 min nəfəri razılaşdırmalı oldular: “Üç min beş yüz hərbçi istənilən anda Rakka ətrafına cəmləşə bilər. Bu, yetərincə ciddi qüvvədir. Və o, kimsə tərəfindən aydın şəkildə dəstəklənəcəksə, şübhəsiz, bu, onların işinə yarayacaq. İŞİD-ə qarşı yumruq kimi çıxış edə biləcək hansısa bir quru qüvəsi onlara son dərəcə lazımdır”.

 

“Rəmzi bayraq taxmaqdan ötrü”

 

Düzdür, Satanovski tamamilə ağlabatan hesab edir ki, Cerablus variantı təkrar olunacaq: “Türklər islamçılarla sazişə gəlib pul ödəyəcək ki, qoşunu Rakkanın mərkəzinə buraxsınlar və orada rəmzi şəkildə bayraq taxsınlar. Radikal qruplaşmaların darmadağını nə amerikalıların işidir, nə də türklərin. Onlar İŞİD-lə döyüşmür, döyüş əməliyyatlarını yamsılayırlar. Ona görə də orada heç bir ciddi qələbə, hətta amerikalıların orada möhkəmlənməsi baş tutmayacaq”.

Ekspert  xatırladır: “Ərdoğanın vəzifəsi hakimiyyətdir və hakimiyyətdən başqa heç nə deyil. O, amerikalılarla kürdlərin alyansını maksimal şəkildə zəiflətmək istəyir və budur, özünü müttəfiq qismində təqdim edir. O, kürdlərlə amerikalıları dalaşdırmağa müvəffəq olacaq. Amerikalıların kürdləri necə satacağı heç bir şübhə doğurmur. Eyni zamanda onlara silah ötürür ki, Ərdoğanın arxa cəbhəsində başağrısı olaraq qalsınlar – bu, az-çox yaxın gələcəyin məsələsidir”.

Bu arada Qərbin aparıcı nəşrləri Ərdoğanın sözlərinin mötəbərliyinə əmin deyil və hesab edir ki, əslində, Türkiyənin əməliyyatı Vaşinqtonla Ankaranın arasını vurub.

"The Wall Street Journal" yazır: “Türkiyə quru qüvvələri keçən həftə Suriyada İŞİD döyüşçülərinə zərbə endirərkən Pentaqon bunu alqışladı. Lakin NATO-nun iki tərəfdaşı arasındakı əməkdaşlığın yüksək səviyyədə qırılması pərdə arxasında qalıb – bunu hər iki tərəfin məmurları qeyd edirlər. Nə bu, nə də o tərəf əməliyyata qarşı açıq şəkldə ifadə etdiyi əhvala malik idi”.

Nəşr göstərir: “Və türklər kürdlərlə döyüşə girişərkən, Pentaqona ancaq hər iki tərəfi qəribə axmaqlıqla özünə gəlməyə çağırmaq qaldı”.

Rusiya Elmlər Akademiyasının Ərəb və İslam araşdırmaları Mərkəzinin baş elmi əməkdaşı Boris Dolqov əmindir ki, ABŞ-la Türkiyənin birgə əməliyyatı Suriya böhranının həllində “Amerika ssenarisi”nin gerçəkləşmsi uğrunda mübarizəni ifadə edə bilər. Ekspert "RİA Novosti"yə izah edib: “Rakka da, Suriyanın  şimalı da suveren dövlətin əraziləridir və plan həyata keçirilsə, Rakka da Türkiyənin nəzarətində olacaq. O isə Azad Suriya Ordusunun (ASO) dəstələrini öz ardınca aparır. Bu isə onu bildirəcək ki, ölkənin bir hissəsinə ASO nəzarət edəcək. Bunun uzağa gedən nəticələri olacaq”.

Ekspert xəbərdarlıq edir: “Bu cür əməliyyatlardan öncə Rusiya və İranla məsləhətləşmələr gələcək”.

 

Tərcümə Strateq.az-ındır.