XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 March 2015 - 09:34

ABŞ-ın yeni “kiçik qardaşı” – İran

Türkiyə üz-üzə qaldığı piyadaya dəyişdirilir

İllər uzunu Ərdoğan hakimiyyətinin xarici siyasətini tənqid atəşinə tutan qüvvələrin dilə gətirməyə çalışdıqları əndişələr artıq göyərməyə başlayıb. İslam təəssübkeşliyi ilə ölkəni Yaxın Şərq bataqlığına sürükləyən AKP zehniyyəti ABŞ-ın dəyişilən mövqeyindən dolayı girdiyi meydanda təkbaşına qalmağa doğru gedir. Kor tutduğunu buraxmayan kimi, Bəşər Əsəd düşmənçiliyini xarici siyasətinin ana xəttinə çevirən bu anlayışın iradəsinin əksinə olaraq Türkiyənin ən yaxın strateji müttəfiqi kimi görünən ABŞ get-gedə rəsmi Dəməşqə yaşıl işıq yandırmağa başlayır. Bir müddət əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brannenin dilə gətirdiyi “Suriyadakı rejimin dəyişilməsində nə biz, nə Rusiya, nə də digər böyük dövlətlər maraqlı deyil” həqiqəti indi ABŞ-ın daha yetkili məqamı tərəfindən etiraf olunmağa başlayıb. Supergücün dövlət katibi Con Kerri də dünən verdiyi açıqlamasında Bəşər Əsədlə eyni masada əyləşməyə məcbur olduqlarını bildirib.

Con Kerriyə görə, Suriyada siyasi dəyişikliyə nail olmaq üçün bundan başqa çarə yoxdur. “CNN news”-a verdiyi müsahibəsində o, Bəşər Əsədlə aparılacaq müzakirələrin “Cenevrə-1” razılaşmaları çərçivəsində olacağı və ilk gündən bəri bu mövqeyi sərgilədiklərini desə də, hər halda rəsmi Ankaranın böyük ümidlə baxdığı Əsədsiz Suriya xəyallarının artıq puça uğradığını düşünə bilərik.

Əslində, indiyə qədər etiraf olunmasa da, ABŞ-ın vətəndaş müharibəsi boyunca Bəşər Əsədlə təmaslarını tam kəsmədikləri də anlaşılır. Bu yaxınlarda dünya media qurumlarında gedən bir müsahibəsində Suriya diktatorunun özü belə bunu etiraf etmiş, zaman-zaman ABŞ-dan bir sıra məxfi kəşfiyyat məlumatlarını aldığını bildirmişdi. Bəşər Əsəd onu da etiraf etmişdi ki, sızdırılan bu informasiyalar birbaşa deyil, İraq və İran vasitəsilə Suriya rəsmilərinə ötürülmüşdü.

Bütün bu faktlar əslində AKP hakimiyyətinin ABŞ-ın strateji müttəfiqi nağılına inanacaq qədər sadəlövh olduğunu, liderinin Böyük Yaxın Şərq Layihəsinin həmsədrliyi arxayınlığına qapıldığını və bölgənin taleyini əlində cəmləşdirdiyinə boş yerə ümid bəslədiyini göstərir. “Böyük qardaş” hesab etdiyi ABŞ-dan aldığı dəstəklə ərəb dünyasının birliyinə can atan bu zehniyyət bilmirdi ki, super güclər üçün “balaca qardaş” şahmat taxtası üzərində vurulacağı anı gözləyən piyadalar kimi potensial qurbandır. O, bəzən rəqib tərəfin atına, filinə, bəzən isə adi piyadasına belə dəyişdirilə bilər. Bu gün gəlinən nöqtədən hadisələrə nəzər salanda Türkiyənin də qarşı-qarşıya qaldığı piyada ilə dəyişdirildiyi görünür.

İndi Suriya problemini Türkiyəylə deyil, elə Suriyanın özü ilə çözməyə çalışan ABŞ yeni “balaca qardaşını” da tapıb. Bu qardaş İrandır. O İran ki, bir vaxtlar hər kəs bu ölkənin yaxınlarda “böyük qardaş” şilləsi yeyəcəyinə inanır, hətta böyük ümidlə gözlədikləri o günü sayırdılar. ABŞ isə üzdə barmaq silkələdiyi İranla bir vaxtlar onun ən böyük düşməni olan İraqda şiə hakimiyyəti qurur, rəsmi Tehran vasitəsilə guya düşmən olduğu Bəşər Əsəd rejiminə öz müttəfiqlərinin hərbi planları haqqında məlumat ötürürdü.

Yaxın Şərqdə gözlərin İŞİD-lə mübarizəyə zilləndiyi bir vaxtda bütün təxminləri alt-üst edən digər bir xəbər yenə ABŞ-dan gəldi. Maraqlıdır ki, bu xəbərdə də ABŞ dövlət katibi Con Kerrinin və rəsmi Tehranın adı keçirdi. Məlumata görə, ABŞ həm də İranla eyni masa ətrafında oturacaq. Müzakirə predmeti isə İranın nüvə axtarışlarıyla bağlı məsələ olacaq.

İsraildən tutmuş Səudiyyə Ərəbistanına qədər Yaxın Şərqin bütün siyasi iradələrini narahat edən İranın nüvə axtarışları, deyəsən, yavaş-yavaş etiraf olunmağa başlayır. Bu yaxınlarda Vaşintqona səfər edən, lakin Ağ Ev tərəfindən qəbul olunmayan Netanyahudan fərqli olaraq İran rəsmiləri rahatlıqla ABŞ-ın qəbuluna düşə bilirlər. Halbuki Netanyahu bu zamana qədər ABŞ-ın Yaxın Şərqdəki uzantısı, İran isə baş düşməni hesab olunurdu. Hətta strateji müttəfiqinin bu hörmətsizliyini görən Netanyahunun ABŞ Konqressində Barak Obamanın qabırğasına yaxşıca döşədiyi də gələn xəbərlər arasındaydı. Barak Obamanın isə ona cavabı xeyli konkret olmuşdu: “Netanyahu yeni heç nə demir, onun çıxışı populist yanaşmadır”. Yəni loru dildə desək, get, işinlə məşğul ol.

Halbuki Netanyahunu əndişləndirən problemlər həqiqətən də onun rəhbərlik etdiyi ölkənin həyati məsələsidir. İran bir dövlət olaraq getdikcə böyüyür və Yaxın Şərqdə baş verənlər onun lehinə cərəyan edir. Dünya dövlətlərinin o ölkəyə qarşı tətbiq etdikləri sanksiyaların da işə yaramadığı ortadadır. Sanksiyalar nəticəsində gündəlik neft hasilatının yarıbarı azaltmasına baxmayaraq İranın büdcəsi 2 ay ərzində İŞİD-i geri oturdacaq hərbi birliklər hazırlamağa çatdı. Rəsmi Tehran Səudiyyə Ərəbistanı, Qətər, Küveyt tərəfindən maliyyə dəstəyiylə ayaqda duran Yəməndə belə inqilabi dəyişikliklər yaradıb şiə husiləri hakimiyyətə gətirə bildi. İndisə İraq və Suriyada vəziyyətə nəzarət edir.

Yaxın Şərqdə tarixinin heç bir anında bu qədər təsir imkanına malik olmayan cənub qonşumuz indi də atom çalışmalarında mühüm addımlar atır. Rəsmi Tehran bu çalışmaların sülh məqsədli xarakter daşıdığı bildirsə də, onun həyata keçirdiyi bir çox tədbirlər istər-istəməz fikirlərinin doğruluğuna şübhə yaradır. Məsələn, onun bir neçə il öncə sınaqdan çıxartdığı “Şahab” raketləri, eyni zamanda bu yaxınlarda kütləvi istehsalına başladığı “Qədir” qanadlı raketləri nüvə başlıqları daşıyacaq özəllikdədir. Xüsusilə “Şahab” raketinin mənzilinin tam İsraili hədəf alacaq şəkildə seçilməsi təsadüfə oxşamır. Digər tərəfdən ABŞ-ın masaya oturmağı arzuladığı Bəşər Əsəd Suriyası da İranın təsir dairəsinə keçir və İraqda da ciddi təsir imkanları olan İranın Livana qədər arasında heç bir maneə qalmır.

Qeyd edək ki, istər Suriyadan, istərsə də Livandan Təl-əvivə qədər olan hava məsafəsi “Qədir” raketinin uçuz məsafəsi sərhədlərindədir və qanadlı raket olduğundan onun radara yaxalanmaq imkanı da yoxdur. Bu isə rəsmi Təl-əvivə “özünü yaxşı aparmasan, “Qədir” raketləri Təl-əvivin başına istənilən partlayıcı başlıqları daşıya bilər” mesajı deməkdir.

İsrail baş naziri Netanyahunun son zamanlar əl-ayağa düşməsi verilən bu mesajın rəsmi Təl-əviv
tərəfindən alındığı və ciddi qəbul olunduğunu sübut edir. Təsadüfi deyil ki, əndişələri Obama tərəfindən ciddiyə alınmayan Netanyahu ABŞ liderinə verdiyi cavabında İranın nüvə çalışmalarını İsrailin yoxolma təhlükəsiylə eyniləşdirərək belə demişdi:“Ağ Evə və onun sahibi Barak Obamaya hörmət edirəm. Fəqət İsrailin var olub-olmamasına təsir göstərəcək belə kritik məsələdə hər yola müarciət etmək mənim vəzifəmdir”.

İşin ən maraqlı tərəfi isə budur ki, nüvə silahına malikolma potensialı istisna edilməyən İran İsraillə mübarizədə daha avantajlı vəziyyətə gəlib. İndi onun Livan və Suriyadan başlayan sərhədləri İsrailin 0 nöqtəsində yerləşdiyi halda, İsraildən İrana məsafə isə 1000 km-lərlə ölçülür.