XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

09 Sentyabr 2016 - 16:54

Səudiyyəli professor Çeçenistan prezidentini “İslamın düşməni” elan etdi:"Öldürülməlidir!"

ramz

EAdaily.com, 08.09.2016

 

Səudiyyə ilahiyyatçısı, Ər-Riyad Kral Səud universitetinin professoru  Muhəmməd bin Əbdürrəhman əl-Arifi bu il avqustun sonunda Qroznıda keçirilmiş və vəhhabi ideologiyasına qarşı mübariz, Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilmiş “Sünniliyin ardıcılları kimlərdir?” Ümumdünya İslam konfransını kəskin şəkildə tənqid edib.

Qətərin "Al Jazeera" informasiya agentliyinin xəbər verdiyi kimi, Arifi öz tvitterində Qroznıda vəhhabilər, “Müsəlman qardaşlar”, “Hizb-ut-Təhrir” və İŞİD-in ideologiyasını mühakimə etmiş konfransın yekunlarını ittiham edib. "Al Jazeera"nin məlumatına görə, səud ilahiyyatçısı Çeçenistan başçısı Ramzan Kadırovu “kafir”, Kadırovun qanını isə “caiz” elan edib. Yəni Arifi öz ardıcıllarına xəbər verib ki, onların Kadırovu öldürmək hüququ var, çünki o, “İslamın düşmənidir”.

"EADaily" xatırladır ki, Qroznıda Rusiyanın, demək olar, müsəlman liderlərinin hamısını və dünyanın xeyli ölkəsindən sünni ilahiyyatçıları toplamış ilahiyyat konfransında İslamın sünni qanadının hansı istiqamətlərinin həqiqi, hansının saxta olduğunu müəyyən edən fitva (“Qroznı fitvası”) qəbul edilib. “Qroznı fitvası”na əsasən, dörd ənənəvi məzhəbəhənəfi, şafi, maliki və hənbəli – etiqad edən bütün müsəlmanların hamısı sünni İslamının ardıcıllarıdır. “Qroznı fitvası”nda deyilir: “Ehsan (səcdə ənənələri-tərc.) əsasında sünnilər o kəslərdir ki, böyük müəllimlərin, hər şeydən əvvəl sufi imamları Əbu əl-Qasim əl-Cüneydi bin Muhəmməd əl-Bağdadi, Əbdülqadir əl-Gilani, Muhəmməd Həvaci Bəhauddin ən-Nəqşibəndi və bu cür mömin rəhbərlərin göstərdiyi mənəvi təkmilləşmə yolunu izləyirlər. Bizim dini yolumuz Peyğəmbərin (s.ə.v.) silahdaşlarndan nəsildən nəsilə irsən keçmiş yoldur və bu yol bizə gəlib çatınca İslam dünyasının əsas hissəsi indiyədək bu yolu gedib. Bu yolu təqib etmək üçün rəhbərlik Misirdə "Əl-Əhzər", Mərakeşdə "Əl-Qərauin" və Tunisdə "Əz-Zeytun", həmçinin Suriya, İraq, Şimali Qafqaz, Orta Asiya və başqa ölkələrin bu cür təhsil müəssisələrində tədris olunur. Bu düzgün, həqiqi yoldan uzaqlaşanlar Əhl əs-Sunnə vəl-Cəmaə yolundan uzaqlaşıb və yeniliyə, yanlışlığa qoşulublar”.

“Qroznı fitvası” özünü sünni adlandıran, lakin İslami ehkamlara uyğun gəlməyən və buna görə də İslam dininin ardıcılları üçün saxta və yasaq olan istiqamətləri müəyyən edib. Fitvada deyilir: “Bu təriqətlər müsəlmanları parçalyır, onların arasında təfriqə və fitnə qızşdırır, ekstremizm və terrorizm doğurur, mömin alimlərin qanını tökür”.

Sözügedən İŞİD, “Müsəlman qardaşlar” və “Hizb-ut-Təhrir”dən savayı İslamın yalançı təriqətləri sırasına sələfilər (vəhhabilər) də aid edilib.

"Qroznı fitvası”nın qərarı bəyan edir: “Vəhhabilər Muhəmməd bin Əbdülvəhhabın ardıcıllarıdır. Müəyyən edilib ki, o, müsəlmanları o dərəcədə dinsizlikdə ittiham edib, onları dindən dönük (mürtəd) sayıb ki, onları öldürməyə icazə verib”.

Bu təriqətin geniş yayılmış xeyli digər adları var. Onları Əhməd bin Əbdülhəlim Teymiyyənin (sələfiliiyn banisi, XIII əsrdə yaşayıb, Muhəmməd Əbdülvəhhabın ruhani müəllimi sayılır – tərc.) dində xeyli yanlış ifadələrinə riayət etdiklərinə görə, “ət-teymiyyə” adlandırırlar. Yalandan özlərini mömin sələflərə aidf etdikərinə görə, onları “sələfilər” də adlandırırlar.

Onları həmçinin öz başçıları Rəbiə bin Hadi əl-Mədhalinin təkfirçi  (müsəlmanları dinsizlikdə ittiham etmək – tərc.) ifadələrinə görə “əl-mədhaliyyə” adlandırrlar. Onlara həm də “əl la məzhəbiyyə” (“məzhəbsizlər”) deyirlər, çünki dindar məzhəblərə əməl etməyi inkar edir və onlara dar düşüncə və yanlış anlama diqtə edənlərin ardınca gedirlər. Onlar öz yanlış ideyalarını saxta şəkildə imam Əhməd bin Hənbəliyə (Bağdadlı müsəlman ilahiyyatçısı, hənbəli məzhəbinin banisi-tərc.) isnadən yayırlar.

Fitvanın mətnində “böyük bilik məktəbləri”nə – Misirdəki "əl-Əhzər", Mərakeşdəki "Əl-Qərauin", Tunisdəki "Əz-Zeytun" universitetlərinə qayıtmaq təklifi səslənib. Konfrans iştirakçıları bununla da Səudiyyə Ərəbistanı və Qətərdəki sələfi ali məktəblərinin nüfuzunu deviriblər. “Qroznı fitvası” yalnız Rusiya Federasiyası ərazisində mütləq icra üçün nəzərdə tutulsa da, Fars körfəzi ölkələrinin bir sıra siyasi, ilahiyyat və jurnalist dairələrinin təmsilçilərində qəzəb doğurub. Xüsusən də səud yazıçı və jurnalisti Muhəmməd əl-Şeyx öz tvitterində yazıb ki, Qroznıdakı konfrans “Rusiya və İran kəşfiyyatlarının müşahidəsi altında keçib” və yeganə məqsədi “Səudiyyə Ərəbistanını Sünnə ardıcılları ölkələri siyahısından çıxdaş etmək olub”.

Səudiyyə Ərəbistanı və Qətərin ilahiyyat dairələri "Əl-Əhzər" universitetinin “Qroznı fitvası”nı dəstəkləmiş və vəhhabiliyi İslamın qondarma, ekstremist cərəyanı hesab edən rektoru Əhməd Təyib haqqında kəskin fikirlər söyləyib. Səudiyyə KİV-ləri Təyibi bunda ittiham edir ki, o, “uzun müddət səud üləmalarının müdrikliyindən qidalanıb”, indi isə “Səıudiyyə Ərəbistanını müsəlman dünyasından xaric etmək istəyən Putinlə ittifaqa girib”.

Livanın “Əl-Mənər” qəzetinin xəbər verdiyi kimi, Qroznı konfransı Qətər və Səudiyyə Ərəbistanının sələfi dairələrində “kədərli hadisə”, Çeçenistan başçısı Ramzan Kadırov isə “dəli sufi” adlandırılıb.

Ər-Riyadda kral Xalid məscidinin imamı cümə moizəsi vaxtı bildirib ki, Qroznıdakı konfransda “əsil müsəlmanları tonqalda yandırmaq” qərarı qəbul edilib.

Muhəmməd bin Əbdürrəhman əl-Arifi müsəlmanları Suriyanın qanuni hökumətinə qarşı “qurtuluş cihadı”na qoşulmağa çağırmaqla məşhurdur. Səud ilahiyyatçısı 2013-cü il iyunun 14-də Qahirə məscidlərindn birində cümə moizəsi ilə çıxış edərkən deyib: “Misirin qəhrəman xalqını Suriyanı dəstəkləməyə çağırıram. Mücahidlər, düşmən qarşısında, müstəbid Əsədin qarşısında sıx birləşin. Sizə and içirəm ki, tezliklə İslam xilafəti olacaq və onu artıq öz gözümlə görürəm”.

Arifi Rusiya müsəlmanlarına videomüraciətində Rusiya hökumətini tez-tez “müsəlmanları təqib etmək”də ittiham edir, Ramzan Kadırovu isə “tiran” adlandırır.

 

EAdaily.com-un Şimali Qafqaz redaksiyası

 

Tərcümə Strateq.az-ındır.