ABŞ ilə Rusiya Suriyada qarşıdurmaların dayandırılması məqsədi ilə atəşkəs elan olunması məsələsində razılığa gəliblər.
Strateq.az xəbər verir ki, atəşkəs 12 sentyabrda Qurban Bayramı günü elan olunacaq.
Məlumatı ABŞ dövlət katibi Con Kerri ilə Rusiya Xarici işlər naziri Sergey Lavrov İsveçrənin Cenevrə şəhərində Suriya böhranına bağlı görüşmələrinin ardından keçirdikləri mətbuat konfransında veriblər.
Kerri 12 sentyabrda Qurban Bayramı ilə başlayacaq atəşkəsin Suriya üçün dönüş nöqtəsi olacağını inandığını bildirsə də, əldə olunan razılaşmanın detallarına toxunmayıb. Detallar barədə Lavrov danışıb.
Lavrovun bildirdiyinə görə, Qurban bayramı boyu 7 gün tətbiq olunacaq atəşkəsdən sonra ABŞ ilə Rusiya birgə əməliyyat mərkəzi quracaqlar. Hər iki ölkənin hərbi və siyasi ekspertlərindən təşəkkül tapacaq mərkəzdə Suriyadakı terrorçu ünsürlərlə “mötədil müxalifət”in yerləri təsbit olunacaq və onlar bir-birindən ayırd ediləcəklər. Məhz bu ayırdetmə prosesindən sonra hər iki ölkənin hərbçiləri terrorçulara qarşı birgə əməliyyat keçirəcəklər:
"Rusiya hava qüvvələri və ABŞ hava qüvvələrinin Suriyadakı terroristlərə qarşı birlikdə hava hücumunun tənzimlənməsi barədə razılaşdıq. Hücumların ediləcəyi yerlərin koordinatlarının müəyyənləşdirilməsi məsələsində də razılığa gəldik”– Lavrov belə deyib.
Hava hücumlarıyla vurulacaq bölgələrin təsbiti barədə Suriya rejiminə də məlumat veriləcəyini deyən Rusiyanın Xarici işlər nazirinin dediyinə görə, ABŞ-la birgə həyata keçirəcəkləri hava hücumu bölgələrinin xaricindəki yerlərə isə Suriya Hava Qüvvələri nəzarət edəcək.
Qeyd edək ki, ilk baxışdan Suriyada bütün mövcud dəngələri alt-üst edəcəyi gözlənilən bu razılıq asan əldə olunmayıb. Rusiyanın Suriyaya müdaxiləsindən sonra vaxtaşırı keçirilən görüşmələrdə ciddi mübahisələrlə yadda qalıb. Son görüşmə isə, nə az-nə çox, düz 15 saat çəkib.
Müzakirələrin bu qədər ləng getməsinin səbəbi regional güclərin fərqli mövqelərilə izah olunur. Xüsusulə bu günə qədər ABŞ tərəfindən dəstəklənən “mötədil müxalif”lər Vaşintqon tərəfindən “satıldıqlarını” düşünür və ondan Rusiyanı dayandırmağı tələb edirdilər. Təsadüfi deyil ki, beynəlxalq konfransların birində Con Kerrini xeyli sıxışdıran müxaliflərə onun verdiyi cavab dünya ictimaiyyətinin xeyli müzakirəsinə yol açmışdı. Mətbuatın yazdığına görə, dövlət katibinin cavabı belə olmuşdu: “Nə təklif edirsiniz? Biz Rusiya ilə müharibə etməliyik?”
Əldə olunan razılaşmada həm Rusiyanın, həm də ABŞ-ın müəyyən güzəştlərə getdikləri və dolayısyla həm də bəzi güzəştlər əldə etdikləri aydın olur. İki ölkənin xarici işlərindən məsul rəsmilərin birgə keçirdikləri mətbuat konfransında dilə gətirdikləri fikirlərin sətiraralarına nəzər salanda Rusiyanın ABŞ-ı Bəşər Əsəd rejimiylə əməkdaşlıq etməyə razı saldığı anlaşılır. Baxmayaraq, sözügedən əməkdaşlıq birbaşa deyil, Rusiya vasitəsilə həyata keçiriləcək ki, bu da əslində Moskvaya sərf edir.
Rusiya və Bəşər Əsəd rejimi isə müxaliflərin “mötədil” və “terrorçu” qruplara ayırd edilməsində güzəştə gediblər. Bu vaxta qədər Bəşər Əsəd rejimi və dəstəkçiləri bütün müxalif qrupları terrorçu qismində görür və heç bir fərq qoymadan onları bombalayırdılar. Bundan sonra isə yaradılacaq birgə qurumda müxalif qüvvələrin bir-birindən ayırd ediləcəkləri xəbər verilir.
ABŞ və Rusiyanın ən çox ziddiyyətə düşəcəkləri xüsusun da məhz bu olacağı düşünülür. Məlum olduğu kimi, “mötədil müxalif”lər arasında əl-Qaidədən qopma əl-Nusra qruplaşması da var. Prinsipcə, ABŞ-ın da sevmədiyi əl-Nusra tərəfdarları İŞİD-ə qarşı mübarizədə digər müxalif qüvvələrlə çiyin-çiyinə vuruşurlar və çox zaman onları bir-birindən ayırmaq mümkün olmur. Üstəlik, müxaliflərin həm də ayrı məzhəbdən olan Bəşər Əsəd rejiminə qarşı mübarizə apardığını nəzərə alsaq, aydın olar ki, hər birinin məfkurəsində bir damla belə olsa, əl-Nusraçılığın izi var. Qarşıda böyük problem kimi dayanan “mötədil” – “terrorçu” seçiminin çətinliyinə baxmayaraq, öz dövlət mənfəətləri üçün “dostlarını” asanlıqla qurban verməyi bacaran ABŞ və Rusiyanın istəkləri olarsa, bu məsələdə də kompromisə gedəcəkləri istisna edilməməlidir. Deməli, Rusiya-ABŞ razılaşmasında yenə kimlərsə narazı qalacaq və itirəcəklər.
Zənnimizcə, Suriyanın aqibəti məsələsində əldə edilən bu razılıq həyata keçərsə, regionda ən çox itirən tərəflərdən biri Türkiyə olacaq. Nədən ki, “Fərat qalxanı” əməliyyatı ilə öz cənub sərhədlərinin təhlükəsizliyini zəmanət altına almaq istəyən Ankara Suriyanın şimalına girən türk ordusuna səmadan dəstək vermək üçün zaman-zaman öz hava qüvvələrindən istifadə edir. ABŞ-la Rusiya arasında əldə olunan razılığa görə isə, bundan sonra Suriya hava sahəsi yalnız 3 dövlətin hərbi təyyarələrinə açıq olacaq – ABŞ, Rusiya və Suriya hava qüvvələrinə. Hətta bu dövlətlərin hərbi təyyarələrinin keçirəcəyi hərbi əməliyyatlar belə, birgə yaradılmış mərkəzlə razılaşdırılacaq.
Sözsüz ki, belə olacağı təqdirdə, Türkiyə Hava Qüvvələrinin “Fərat qalxanı”nı dəstəkləməsi çətinləşəcək. Dolayısayla, əməliyyatın aqibəti İncirlik hərbi bazasından havalanacaq ABŞ təyyarələrindən asılı vəziyyətə düşəcək. Başda ABŞ olmaqla, Suriyada nüfuz müharibəsi aparan heç bir dövlət isə Türkiyənin kürd separatçılarına qarşı vuruşmasını istəmir. Onlar “Fərat qalxanı”nın İŞİD-lə mübarizə ilə işini tamamlanmasını arzulayırlar. İŞİD-dən təmizlənəcək həmin coğrafiyanın isə bir müddətdən sonra kürd separatçıları tərəfindən daha asanlıqla ələ keçirilməsi ehtimalı var. Belə çıxır ki, beynəlxalq qüvvələr Türkiyəyə öz əliylə öz təhlükəsizliyi üçün problem yaradırlar.
Digər tərəfdən, Suriya məsələsinə antiəsəd prizmasından yanaşan və bunu öz xarici siyasətinin vazkeçilməz ünsürü halına gətirən AKP hakimiyyətinin ənənəvi mövqeyi də beynəlxalq güc mərkəzlərinin əldə etdikləri razılaşma ilə üst-üstə düşmür. Ankara bu mövqeyində ciddi korrektələrə getməli, Bəşər Əsədi həzm etməyi bacarmalıdır. Son zamanlar türk rəsmilərinin bu istiqamətdəki ritorikalarının dəyişildiyi müşahidə olunsa da, aradakı düşmənçilik baryerlərini tamamilə aşmaq asan görünmür. Həm də haqqında bəhs etdiyimiz mövqe korrektəsi Türkiyənin indiyə qədər dəstəklədiyi qüvvələrə arxa çevirməsinə səbəb olar ki, bu da həmin qrupların qardaş ölkədə kök salmış uzantılarını narazı sala, üsyanlara təşviq edə bilər…
Heydər Oğuz
Strateq.az