11 sentyabr terror aktı qurbanlarının xatirəsinə həsr olunan mərasimdən Hillari Klintonun əllərindən tutaraq maşına aparılması ilə bağlı videokadrlar və bundan sonra iki gün əvvəl ona pnevmaniya diaqnozunun qoyulması ilə bağlı açıqlamalar bir daha prezidentliyə namizədlərin səhhəti barədə müzakirələr açılmasına səbəb olub.
70 yaşlı respublikaçı namizəd Donald Tramp və 68 yaşlı demokrat Hillari Klinton tarixdə ən yaşlı namizədlərdən sayılırlar. Əgər Tramp qalib gəlsə, o, prezident postuna seçilmiş ən yaşlı siyasətçi olacaq. Əgər Hillari Klinton qalib gəlsə, o, bu məsələdə 1841-ci ildə yalnız bir ay prezident postunu tutmuş Uilyam Henri Harrisonla rəqabət aparacaq.
Əvvəllər namizəd və prezidentlərin səhhəti ilə nə dərəcədə ciddi maraqlanırdılar?
“Ən sağlam insan”
Ötən il Hillari Klinton şəxsi həkimi Lisa Bardakın iki səhifəlik məktubunu dərc etmişdi. Doktor Bardak Klintonun tibb tarixçəsini kifayət qədər ətraflı izah etmişdi. Burada huşun itirilməsi nəticəsində beyin sarsıntısı keçirilməsi və bir neçə tromb (damar tıxanması) yaranması barədə məlumat verilmişdi. Həkim, həmçinin Klintonun tromblar əmələ gəlməsinin qarşısını alan dərmanlar qəbul etdiyini, ehtiyat tədbiri kimi, sağlam pəhriz saxladığını bildirmişdi. Amma demokratların namizədi bütünlükdə öz səhhəti ilə bağlı məlumatları tam açıqlamaqdan imtina edir.
Tramp isə daha qısa məktub dərc edib. 4 abzaslıq məktub onun ən yaxşı həkimi Harold N.Bornstin tərəfindən imzalanıb. Doktor Borinstin yazır ki, onun pasyientinin səhhəti “təəccüb ediləcək dərəcədə çox yaxşıdır. Buna görə o, prezident postuna indiyə qədər seçilən ən sağlam insan ola bilər”.
Detalları açmadan həkim qeyd edir ki, son ildə Tramp 6.8 kq arıqlayıb. Trampın arterial təzyiqi barədə də məlumat açıqlanıb.
Tramp özü isə etiraf edib ki, həddindən çox fast-fud yeyir.
2008-ci ildə Demokratlar Partiyasından namizəd Barak Obama öz şəxsi həkiminin 276 sözdən ibarət məktubunu açıqlamışdı. Məlumatda deyilirdi ki, pasiyent tamamilə sağlamdır. Amma senator Obamanın 47 yaşı vardı və mütəmadi olaraq idmanla məşğul olurdu. Həkimi müxtəlif analizlərin nəticəsini təqdim edərək Barak Obamanı “orta yaşlarında yaxşı formada olan, fiziki sağlam kişi” kimi xarakterizə etmişdi.
Onun rəqibi – 71 yaşlı Con Makkeyn isə keçmişdə xərçəng xəstəliyindən əziyyət çəkmişdi və döyüşlərdə yaralanmışdı. 2008 və 2000-ci il seçkilərində Makkeyn jurnalistlərə öz səhhəti ilə bağlı bir neçə saatlıq və sərt şərtlər altında minlərə səhifəlik sənədlər təqdim etmişdi.
Amma bu, nisbətən yeni tendensiyadır. Bir çox prezidentlər və namizədlər öz səhhəti ilə bağlı məlumatları çox gizli saxlayıblar və amerikalıların onların ciddi xəstəlikləri ilə barədə xəbəri olmayıb.
Gizli dəniz gəzintisi
1893-cü ildə prezident Qrover Klivlendin ağzında şişlər əmələ gəlib. Məlum olub ki, bu, ağız boşluğu xərçəngidir. Prezidentin xəstəliyi barədə məlumatın panika yaradacağından qorxan Qrover cərrah və tibb işçiləri briqadasını dostunun yaxtasına yerləşdirərək 4 günlük şən dəniz gəzintisi altında səyahətə çıxıb. Cərrah şişi, 5 dişi və çənə sümüyünün böyük hissəsini kəsib götürüb. Ən başlıcası isə – şişi ağız boşluğundan elə göturüb ki, prezidentin məhşur bığları toxunulmaz qalıb. Bu əməliyyat prezidentin ölümünə qədər məxfi saxlanıb.
Prezident seçilənə qədər Vudro Vilson bir neçə dəfə insult keçirib. Amma bu barədə bir dəfə də olsun ictimaiyyətə məlumat verilməyib. O, prezident olduqdan sonra, 1919-cu ildə insult keçirəndə də, bu haqda məlumat açıqlanmayıb. Həyat yoldaşı Edit Vilson onu qismən əvəz edib. Xanım Edit sonralar deyirmiş ki, “bilmirəm, siz kişilər niyə belə həyəcan keçirirsiniz. Vudi xəstlənəndə, mən ölkəni çox asanlıqla idarə ediridm”.
Bəlkə də prezidentin səhhəti ilə bağlı ən böyük yalan Franklin Delano Ruzveltin 1944-cü ildə dördüncü dəfə prezident seçilməsi ilə bağlı olub. Ruzvelt əlil arabasında hərəkət edirdi. Amerikalılar bilirdilər ki, o, polimelit xəstəliyinin fəsadlarından əziyyət çəkir. Amma onun xroniki ürək çatışmazlığı, hipertoniya, kəskin bronxit və ağ ciyər xəstəliyi barədə heç nə bilmirdilər.
Ruzveltin həkiminin rəyində deyilirdi ki, prezident özünü çox yaxşı hiss edir. Amma Ruzvelt 4-cü müddətə dövlət başçısı seçildikdən bir neçə ay sonra vəfat etdi.
1963-cü ildə Con Kennedi 43 yaşında ABŞ-ın ən gənc prezidenti seçildi. Amma gənc və enerjili cavan insanın obrazı arxasında səhhəti ilə bağlı ciddi problemlər və bel sümüyündə kəskin ağrılar, Addison xəstəliyi gizlənirdi. Buna görə o, hər gün steroidlər qəbul etməli olurdu…
BBC Rusiya xidməti, 12.09.2016
Tərcümə Strateq.az-ındır