XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 03:40

Bir mitinqin üzə çıxardığı gerçəklər:İqtisadi vəziyyət və idarəetmədəki problemlər insanları meydana sövq edir!

nesimi-3

Nəsimi MƏMMƏDLİ

 

Milli Şuranın təşkilatçılığı ilə keçirilən 11 sentyabr mitinqi çox böyük marağa və geniş müzakirələrə yol açıb. Hakimiyyətin sərt davranışlarının daha çox artdığı bir vaxtda belə kütləvi aksiyanın baş tutması bütün maraqlı tərəflərə ciddi mesajdır. "İlkin nəticə nədən ibarətdir?", "Daha sonra nə olacaq?" kimi suallar ətrafında geniş təhlillərə zərurət var. Biz də bu istiqamətdə mövcud durumun səthi analizini apararaq siyasi yetkinliyi olan insanların müzakirəsinə təqdim edirik.

 

Kütləvi aksiyalar zamanın tələbidir?

Sosial şəbəkələrdə və mediada kütləvi aksiyalarla bağlı qızğın müzakirələr hələ sosial böhran özünü biruzə verməyə başlayandan aktuallaşırdı. O zaman yazılarımızda və çıxışlarımızda ardıcıl olaraq ifadə edirdik ki, yeni müxalif birliklərə və sosial problemlərlə bağlı etirazlara ənənəvi müxalifət cəhd etməməli, bir müddət xalqla iqtidarın baş-başa qalmasına imkan yaratmalıdır. Durum elədir ki, tərəflər bir-biri ilə üz-üzə qaldıqca, müxalifətin sıraları genişlənəcək və psixoloji üstünlük əldə ediləcək.

Məhz həmin dövrlərdə müxalifətin seçdiyi düzgün taktika kifayət qədər uğurlu nəticə verdi. Daim sosial-siyasi məsələlərdə etirazları yalnız müxalifətin vəzifəsi sayan, bu etirazlara laqeyd qalan, hətta bəzən bu aksiyaları məsxərəyə qoyaraq ona qoşulmayan böyük bir kütlə, faktiki olaraq, çaş-baş durumda qaldı. Bu çaşqınlıq təkcə sadə xalqda deyil, həm hökumət, həm də müxalifət adına iddia edən müəyyən təşkilatlarda da müşahidə olunurdu.

Müxalifətin sıralarında dayanmayan, tələblərinə dəstək verməyən insanların tənqidlərinə haqlı olaraq müxalifət təşkilatları məhəl qoymadı. Belə durumlarda dərhal meydanlarda etirazlara meyl edən müxalifətin bu dəfə sosial tələblərlə etirazları təşkil etməməsi yeni situasiya yaratdı. Təsadüfi deyil ki, o zaman bəzi rayonlarda müxalifətin təşkil etmədiyi lokal etirazlar baş verdi və olayların qarşısı hökumət tərəfindən sərt şəkildə alındı. Problemlər həll edilməsə də, xaotik etirazlar səngidi. O zaman xalqın müxtəlif qrupları arasında apardığımız monitorinqlər göstərirdi ki, əhali müxalifətə dəstək verməməyin ağır zərbəsini tədricən öz üzərində hiss edir.

Fəal insanlar anlayırdı ki, təşkilatlanmış və cəsarətli müxalifətə dəstək vermədən uğurlu sonuc mümkün deyil. “Müxalifət yoxdur” tezislərinin acısını daha çox o təbliğata uyan sadə insanlar çəkməyə başladı. Təbii ki, hələ də alternativi olmayan, lakin ağır durumda olsa da, tərəddüd etməkdə davam edən böyük bir çoxluq var. Düşüncə ondan ibarətdir ki, müxalifətə verilən açıq dəstək nəyi dəyişəcək ki? Bu suala hələlik aydın cavab olmasa da, alternativlərin olmaması toplumu düşünməyə vadar edir. Hökumət nə özü problemləri həll edə bilir, nə də xalqa imkan verir ki, heç olmasa öz başının çarəsini qılsın.

mitinq-22

Xalqın müxalifətə dəstəyi açıq hal almasa da, konkret təşkilatlara rəğbətinin getdikcə artdığını deyə bilərik. Hakimiyyətin qəflətən Konstitusiyaya əlavə və dəyişiklikləri həyata keçirmək üçün referendum qərarı olmasaydı, yəqin ki müxalifətin də kütləvi aksiyalara başlamaq qərarı belə sürətlə aktuallaşmazdı. İndiki etirazlarda əsasən hədəf referendum olsa da, sosial tələblər, idarəetmə və siyasi məhbus problemləri də qabarıq dilə gətirilir. Çünki fəal etirazlara qoşulan insanların çoxunu referendum deyil, sosial böhran və idarəetmənin yaratdığı ağır problemlər meydana sövq edir. Odur ki, referendumdan sonra ölkədəki sosial-siyasi durum, kütləvi aksiyalarla bağlı müxalifətin yanaşması həssaslıqla incələnməli, təmkinli və düzgün qərarlar qəbul edilməlidir.

 

Mitinq hazırlığı və keçirilməsi çox ağır şərtlər altında baş tutdu

 

Referenduma etirazlarla bağlı fəal qərar verən siyasi təşkilatlar öncədən fərqli yollarla mübarizə aparacaqlarını bəyan etdilər. Milli Şura ilk gündən tərəddüdsüz referendumu boykot etmək yolunu tutdu. Hakimiyyətin təklif etdiyi siyasi müstəvidən imtina edərək, kütləvi aksiyalar keçirəcəyini və hətta “yeni bir xalq hərəkatına başlamağın vacibliyini” bəyan etdi. Müsavat PartiyasıREAL Hərəkatı isə öz resurslarına güvənərək, qanunvericilikdə nəzərdə tutulan prosesə daxil olmağa və təşviqat qrupları vasitəsilə etiraz etməyə qərar verdilər. Təəssüf ki, bu təşkilatlara qanunsuz müdaxilələrlə öz qərarlarını reallaşdırmağa imkan verilmədi.

Referendumu ilk gündən boykot etməyə çağıran MŞ-nın üzərinə daha sistemli və total təzyiqlər başlandı. Heç bir əsas olmadan AXCP üzvü olan fəal gənclərin inzibati həbsləri, qondarma “Gülənçi” ittihamı ilə həbslər, “Azadlıq” qəzetinin çapına yaradılan süni əngəllər və əməkdaşlarının istintaqa cəlb edilməsi, habelə AXCP sədri Əli Kərimlinin qayınına həbsxanada edilən real hədələr və özünün həbs ediləcəyi ilə bağlı hakimiyyət mediasının anonsları, faktiki olaraq, MŞ-nı repressiyaların mərkəzi təşkilatına çevirdi. Bütün təzyiqlərə baxmayaraq, bir addım da geri çəkilməyən MŞ mitinq hazırlığını dayandırmadı. Digər müxalif təşkilatlarla müqayisədə ofis-qərargahı olmadan, rayonlarda keçirilən yarımməxfi və səyyar müşavirələrlə, habelə sosial şəbəkələr üzərindən həyata keçirilən təbliğat sayəsində sanki fövqəladə şəraitdə hazırlıq aparılırdı.

Hakimiyyət ənənəvi olaraq mitinqin sönük alınması üçün bütün vasitələrdən istifadə etdi. Əsas resurslar mitinqin uğursuz olması üçün səfərbər edildi və sistemli antitəbliğat aparıldı. Mitinqə maraq göstərən şəxslərdə qorxu yaratmaq, son ana qədər rəsmi müraciətə cavab verməmək, mitinqin təşkilatçılarını nüfuzdan salmaq üçün geniş kampaniyanın aparılması diqqətdən yayınmırdı. Hətta mitinq günü də psixoloji təsir vasitələrindən maksimium istifadə etməyə cəhdlər göstərildi. Yüzlərlə insanın meydana daxil olmasına tərəddüd yaratmağa nail olundu. Polis mitinqə açıq müdaxilə etməsə də, üzdə görünməyən psixoloji müdaxiləsini edirdi. Meydana daxil olan insanların yoxlanması prosesində seçilən metodlar, xüsusi kameraların quraşdırılması özlüyündə çox güclü psixoloji təsir yaratmağa hesablanmışdı.

Repressiyaları gücləndirməklə müxalifəti zəiflətmək, xalqın müxalifətə meylli hissəsində qorxu yaratmaq, hakimiyyətdaxili narazılıqların etirazlara keçməsini önləmək üçün bir sıra sərt addımlar atıldı. Lakin görünən budur ki, yaxın on illikdə uğurlu sonuc verən repressiya siyasəti artıq əhəmiyyətini itirir və əvvəlki təsirə malik deyil. Əksinə, bu yanaşma təşkilatlanmış müxalifətin güclənməsinə xidmət edir. Əqidəsi, inancı uğrunda ölümü seçən insanları döyməklə, həbslə təhdid etmək daha pis nəticələrə gətirib çıxara bilər.

 

Mitinqlər zamanı “müxalifətin birliyi” tezislərini kənara qoymaq lazımdır?

 

Son dövrlər toplumun yanaşmasını analiz edərək dəfələrlə qeyd etmişik ki, “müxalifətin birliyi” tezisləri qətiyyən geniş sosial-siyasi sifariş deyil. Hətta deyərdim ki, son illər bu çağırışlar birlikdən çox, intriqalara və yersiz mübahisələrə əsas yaradır. Adətən, fəal etirazlara qoşulmağa cəsarəti çatmayan çoxsaylı insan özləri prosesdə olmadan məhz müxalifətin birləşərək iqtidara müqavimət göstərməsinə çağırış edir.

Çağdaş siyasi tariximizdə mövcud olan birliklərdən müxalifətə çox zərərli miras qalıb. Bir-birinə qarşı inamsızlıq, ittihamlar, şübhələr və bəzi hallarda təhqirlər də ifadə olunur. Sonrakı münasibətlərə dərin yara açan “müttəfiqlik”dənsə, bəri başdan açıq rəqiblik daha çox dəstək qazandırır. Vahid rəhbərlik altında olmayan siyasi-təşkilati proses müəyyən mərhələlərdən sonra daxili çəkişmələrə, hətta siyasi alverlərə də yol açır. Ən mütəşəkkil güc belə, effektli proses apara bilmir və dağılmağa məhkum olur. 

Odur ki, etiraza meylli insanların mitinqə dəstək verməsi üçün bu “birlik” faktoru artıq çoxdan əhəmiyyətini itirib. Birliklərə vaxt sərf etməkdənsə, təkbaşına hədəfə istiqamətlənmək vacibdir.

Təsadüfi deyil ki, son on ilin ən kütləvi mitinqinə müxalifətin “yeni birliyi” olmadan nail olundu. Birlik olmadan da xeyli müxalif təşkilatlar və müstəqil şəxslər mitinqlərdə iştiraka müsbət çağırış etdilər. Siyasi məhbus həyatı yaşayan insanların yaxınları və tərəfdarları aksiyaya ciddi dəstək verdi. Sosial problemlərdən, məmur özbaşınalığından, rüşvətxorluqdan, monopoliyadan əziyyət çəkən cəsarətli insanlar da mitinqə açıq dəstək ifadə etdilər.

mitinq-14

İlkin nəticə uğurludur

 

MŞ-nın mitinqi son on ilin ən kütləvi, coşğulu, intizamlı, xalqın müxtəlif təbəqələrinin iştirak etdiyi və asan idarəolunan aksiyalarından biri kimi tarixə düşəcək. Meydan təkcə müxalifət təşkilatlarının üzvlərindən ibarət deyildi və iştirakçıların mütləq əksəriyyəti gənclər idi. Təşkilatçılar öz rəmzlərinin meydana gətirməməklə həm də mitinqə ümummilli status qazandırdılar. Təşkilatçılığın şəriksizliyi və iştirakçıların əksəriyyətinin vahid liderə rəğbəti aksiyanın effektliyinı göstərirdi. Tribuna ilə aksiyaçılar arasında da təbii bir harmoniya mövcud idi. İstənilən meydanın və ya prosesin vahid lideri varsa, orada ciddi siyasi nəticələr üçün əlverişli mühit mövcud olur. İndiki halda meydanda olmağı qəbul etməyən, mitinqlərə dəstək verməyən qurumların, fərdlərin tənqid və iradlarına məhəl qoyulmamalıdır.

Mövcud resurslarla iş davam etdirilməli və imkanlar genişləndirilməlidir. Cəmiyyətin etiraza meylli bəlli bir kəsimi, faktiki olaraq, müxalifətə yeni mandat verib. Aksiyanın bir neçə istiqamətdən çox düşündürücü mesajları da ortadadır. Siyasi iddiası və fəallığı olan insanlar bu mesajları təmkinlə oxumalıdır. Hökumətə ciddi və uzunmüddətli etiraz etməyə iradəsi çatan yeni bir müxalif enerji toplanıb. Müxalifətin bir-biri ilə çəkişmədən, vahid lider ətrafında aparacağı siyasət daha güclü dəstəyə gətirib çıxaracaq.

Xalqın meydana toplaşan hissəsi iqtidarın repressiyalarına baxmayaraq, davamlı etiraz edəcək qədər hazırlıqlıdır. Toplumun oyanışına təkan verən və öz gücünə inamını artıran bir proses izlənməkdədir.

Bu mitinqin ən önəmli nəticəsindən biri də geniş izləyicisi olan müstəqil internet şəbəkələrinin mitinqin təbliğinə ciddi dəstək verməsi oldu. Meydan TV, Azadlıq Radiosu, “Sancaq”, NİDA, “Hamam Times”, “Ditdili” və digər sosial media qurumları yüzminlərlə insana obyektiv məlumatlar çatdırdı.

 

Daha sonra nə edilməlidir?

 

Son dövrlər insanları etirazlara meylləndirən sosial-siyasi amillər kifayət qədər aydındır. Fəal etirazlara meyl edən şəxslərin çoxunun lokal siyasi seçimi yoxdur. Onların əksəriyyətinin proseslərdə iştirakı müvəqqəti xarakterlidir. Odur ki, prosesi başlayan qüvvə bu amili mütləq nəzərə almalıdır. Mövcud uğurlu təşəbbüs əldən verilərsə, etirazların yüksələn xətlə inkişafına təminat olmayacaq. Bu həssas dönəmdə mitinq yarışına çixan hər kəs öz siyasi maraqları naminə ümumxalq maraqlarını təhlükəyə atmamalıdır.

Avtoritar idarəetmənin hakim olduğu cəmiyyətlərdə kütləvi etirazların konkret müsbət siyasi nəticələr doğurması üçün vahid qüvvə tərəfindən istiqamətləndirilməsi zəruridir. Sistemdən kənar siyasi mübarizə xəttini məqbul sayan bütün təşkilatlar və fərdlər bir siyasi qüvvənin lokomotivliyi ilə başlanmış mübarizə xəttini dəstəkləməlidirlər. Müxalifətdaxili yarışa qoşulmaq istəyənlər kütləvi aksiyaları özlərinə alət etməməlidir.

Ötən il kecirilən seçki-təbliğat mitinqləri əslində müxalif siyasi qüvvələrin real durumunu topluma nümayiş etdirib. Bunu qəbul etmək lazımdır ki, o mitinqlərin bəzisi siyasi fəallığı olan insanların yaddaşında heç də ugurlu xatırlanmır. Bəlkə də Milli Şura başladığı uğurlu bir prosesin estafetini əmin olmadığı siyasi qüvvəyə buraxmaqla daha riskli addım atmış olardı. Mitinqlərin kütləviliyi və davamlılığı ilə bağlı qərar verilərkən çox güman ki, bu amillər də nəzərə alınıb. Bu məqamda qərəzli yanaşmalara əhəmiyyət vermədən prosesi başlayan qüvvənin hədəfi iqtidar, müttəfiqi sadə xalq olmaqla daha əzmlə çalışmalıdır.

Əslində ölkədə irimiqyaslı siyasi olaylar referendumdan sonra başlayacaq. İndiki uğurlu prosesləri uğursuzluğa məhkum etməmək üçün mütəşəkkil, cevik və təmkinli siyasi qüvvələrin məsuliyyətli qərarları həlledici olacaq. Mitinqlərdə səslənən mesajların hədəfi aydın olduqca, əlavə manipulyasiyaya yer qalmayacaq. Fürsətdən istifadə edərək, xalqa da, beynəlxalq ictimaiyyətə də, iqtidara da uyğun mesajlar verilməlidir.

Referendumdan sonra veriləcək mitinq qərarları referendum ərəfəsində verilən mitinq qərarlarından fərqli situasiya yaradacaq.

Hakimiyyət yeni dövr üçün etiraz mitinqlərindən ciddi nəticə çıxarmalı, ənənəvi repressiv siyasətindən imtina etməli və gerçək dialoq yolunu açmalıdır. Köklü iqtisadi-siyasi islahatlardan imtina etməklə ölkəni fəlakətli durumdan çıxarmaq mümkün olmayacaq. Sosial böhranı nisbətən ağrısız ötüşdürmək və demokratik dəyişiklik üçün müxalifətin idarə etdiyi kütləvi etirazlardan faydalanmaq müasir dünya təcrübəsində uğurlu metod kimi qəbul edilər.




Yuxarı Əvvələ Ana Səhifə