XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 17:26

Kərimovdan sonra dəyişilən enerji strategiyaları:Özbək lider nəyin qurbanı oldu? - Təhlil

qazprom

Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller ilə "Özbekneftqaz" şirkətinin rəhbəri Əlişir Sultanov arasında bir neçə gün əvvəl görüş keçirilib.

Strateq.az xəbər verir ki, görüşdə Özbəkistandan təbii qazın satın alınması və ölkədəki investisiya layihələrinə dair bir sıra məsələlər müzakirə olunub.

Məlumatı "Qazprom" açıqlasa da, görüşdə əldə olunan razılaşmaların detalları ilə bağlı hər hansı bir fikir bildirilməyib. Bununla belə, Özbəkistan-Rusiya arasındakı münasibətlərə nəzər salanda, bəzi mətləblər aydınlaşır.

Qeyd edək ki, bundan əvvəl may ayında Rusiya və Özbəkistan arasında bənzər müqavilə bağlanmışdı. Müqaviləyə görə, 2016-ci ildə "Qazprom"un 4 milyard kub metr özbək təbii qazı alması nəzərdə tutulurdu. Üzərindən bir neçə ay keçəndən sonra iki dövlətin enerji şirkətlərinin eyni məqsədlə görüşməsi təəccüblü olduğu qədər, həm də qlobal qaz strategiyasında yeni dövrün başlanması və əvvəl imzalanmış müqavilələrə bu dövrün şərtlərinə görə yenidən baxılması ehtimalına yol açır.

Əslində Rusiya üçün Özbəkistan qazının əhəmiyyəti təkcə iqtisadi amillə də ölçülmür. İki yüz ildən artıq Orta Asiyanın tək hakimi olan Rusiyanın dünya dövlətinə çevrilmək yolunda başlıca hədəflərindən biri, ilk növbədə, əlindəki əraziləri qoruyub saxlamaqdır. Özbəkistan Orta Asiyanın insan sayına görə ən böyük ölkəsi olduğundan və Çin, Əfqanıstan kimi qlobal maraqların toqquşduğu dövlətlərin qonşuluğunda yerləşdiyindən Rusiya üçün ciddi önəmə sahibdir. Məhz buna görə Rusiya həmişə Özbəkistanı nəzarət altında tutmağa çalışıb, bu gün də çalışmaqdadır.

putin

Bu zamana qədər Daşkəndlə bağlanan müqavilələrdəki rəqəmlərə baxanda da əsl niyyətin siyasi olduğu anlaşılır. Belə ki, illik ortalama 60 milyard kub metrdən çox təbii qaz çıxaran Özbəkistan öz təbii sərvətinin əhəmiyyətli qisimini ölkə içində istehlak edir. Geri qalan qismini isə Çin və Rusiyaya satır. Daha əvvəl Özbəkistanın ən böyük təbii qaz alıcılarından olan "Qazprom" Çinin Orta Asiya təbii qazına yönəlməsinin ardından ikinci sıraya düşmüş və bu ölkədən aldığı təbii qaz miqdarını azaltmışdı.

"Qazprom"un məlumatlarına görə, şirkət Özbəkistandan 2015-ci ildə 6,38 milyard kub metr təbii qazı satın alıb. Bir neçə ay öncə imzalan müqavilədə satış həcminin 4 milyarda endirilməsini bu mənada Rusiyanın Özbəkistandan  geri çəkilməsi kimi qiymətləndirmək olar. Bu isə Rusiyanın nə geopolitik maraqlarına, nə də qaz strategiyanın hədəflərinə uyğundur. Görünən budur ki, "Qazprom"un İslam Kərimovun yeddisi çıxmamış Özbəkistana qayıtması və ölkənin enerji şirkəti ilə detalları açıqlanmayan müqavilə imzalaması itirilən qəniməti yenidən əldə etmək niyyətindən irəli gəlir. O zaman bu nəticə ortaya çıxır: Rusiyaya qaz satışının ötən illə müqayisədə 50-60% azalması məhz İslam Kərimovun Moskvaya qarşı etdiyi “xəsislik” sayəsində mümkün olub.

Sual oluna bilər: Dünyanın ən böyük qaz satıcılarından olan Rusiya Özbəkistandan niyə eyni məhsulu almaq istəyir?

Zənnimizcə, Rusiyanın son zamanlar Türkiyə ilə yaxınlaşması, ən əsası isə, “Qazprom”la aparılan danışıqlarda Ankaranın “Türk axını” projesinə icazə verməsi Moskvanın üzünü yenidən Orta Asiya ölkələrinə tutmasının başlıca səbəblərindəndir.

"Qazprom"un açıqlamasına görə, bir müddət əvvəl Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrakla rus şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller arasında İstanbulda keçirilən görüş zamanı bu razılıq əldə olunub.

Sözsüz ki, əldə olunan razılaşma baş tutsa, “Türk axını” ilə 63 milyard kub metr qaz daşınması nəzərdə tutulan kəməri doldurmaq üçün Rusiyaya yeni qaz mənbələri lazım olacaq. Nəzərə alsaq ki, Rusiyanın Avropaya qaz nəql edən “Şimal axını” layihəsi də var,  yeni qaz mənbələrinə böyük ehtiyacı olduğu ortaya çıxır. Avropaya qaz nəqli inhisarına tam yiyələnən Rusiyanın gələcək perspektivdə Uzaq Şərq ölkələrinə eyni qaydada yönəlməsi mümkündür. Bütün bu strateji hədəflər Rusiyanın yüzillik hegemoniyasının mövcud olduğu ərazilərin təbii sərvətlərini öz əlində cəmləşdirməsinə fürsət verir. Özbəkistanın təbii sərvətləri də yeni qaz inhisarında ciddi qənimətlərdən biri ola bilər.

mirziyoyev

Özbəkistan öz istehlakından geri qalan qazıyla yanaşı, Uzaq və Mərkəzi Şərqə enerji nəqlində marşrut rolu oynayan coğrafiya kimi də əhəmiyyətlidir. Bu baxımdan onun kimin tərəfində olması daha ciddi ehtiyata malik olan Türkmənistan qazının da taleyini həll edir. Dünyanın 3-cü böyük qaz ehtiyatına sahib ölkəsi kimi tanınan Türkmənistan isə Çinlə qurduğu əlaqələrə güvənərək, beynəlxalq aləm tərəfindən xeyli mübahisəli layihə kimi qəbul edilən Rusiya qaz proyektlərinə yaxınlaşmaq istəmir.

Prinsipcə, Özbəkistan lideri İslam Kərimov da bunu istəmirdi. Özbək hökumətinin rəsmi saytı olan vesti.uz-da 2014-cü ildə dərc olunan bir məqaləyə görə, bu ölkə köhnə Sovet respublikaları ilə iqtisadi inteqrasiyanı əsla qəbul etməyəcək: “Özbəkistan bu səbəblə zamanında Orta Asiya Birliyi və Avrasiya Birliyindən ayrıldı, Gömrük Birliyinə qoşulma təklifini də rədd etdi”.

Həqiqətən də İslam Kərimovun son zamanlar bir sıra sahələrdə Rusiyadan qaçmaq siyasətinə üstünlük verməsi gözdən yayınmırdı. Onun Kollektiv Təhlükəsizlik Müqaviləsindən ayrılması (baxmayaraq ki, bu ittifaq 1992-ci ildə İslam Kərimovun təşəbbüsüylə yaranıb və hətta ittifaqın digər adı “Daşkənd müqaviləsi”dir), Avrasiya İttifaqına könülsüz yanaşması, ümumiyyətlə Rusiyanın liderlik etdiyi beynəlxalq qurumlarla əməkdaşlıqdan qaçmağa çalışması sirr deyildi. Hətta Rusiyanın Suriyaya hərbi müdaxiləsinə qarşı çıxan post-sovet ölkələri içərisində Türkmənistanın və Özbəkistanın səsi daha gur eşidilirdi.

Maraqlıdır ki, Rusiya ilə Türkiyə arasında “Türk axını” layihəsinə dair razılaşma əldə olunandan qısa müddət sonra İslam Kərimov gözlənilmədən həyatla vidalaşdı. Onun yerinə gələn Şövkət Mirziyoyevin isə Rusiya ilə ciddi əlaqələri mövcuddur.

Bildirildiyinə görə, Mirziyoyev siyasi yüksəlişində Rusiyaya çox şey borcludur. Onun hansısa universitetin müəllimliyindən əvvəl deputat, sonra icra hakimi, ən nəhayət isə, baş nazir postuna gətirilməsi yaxın qohumu Əlişir Usmanovun adıyla bağlanılır. Rusiyanın ən varlı adamlarından olan “Metalloinvest”in sahibi, etnik mənşəcə özbək Əlişir Usmanov həm də Putinin yaxın çevrəsinə aid insandır. Təsadüfi deyil ki, İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün Özbəksitana gələn Rusiya prezidenti Vladimir Putin Mirziyoyevlə görüşündə bundan sonra da iki ölkə arasındakı münasibətlərin dəyişməyəcəyinə əminliyini vurğulamışdı. Bununla da Özbəkistanda hələ uzun müddət “rus şələsinin” fırlanacağına eyham vurmuşdu.

Mirziyoyevin indiki vəzifəsinə yüksəlməsində yaşanan bəzi hadisələr də müəmmalarla doludur. Bu müəmmlardan ən çox diqqət çəkəni həmin yüksəlişin tam olaraq qanuna uyğun gəlməməsidir. Daha klassik ifadə ilə desək, qeyri-legitimliyidir.

Özbəkistan konstitusiyasının tələblərinə görə, ölkə rəhbəri həyatını və ya iş qabiliyyətini itirərsə, onu parlamentin spikeri əvəz etməliydi. İslam Kərimovun ölümündən sonra isə ölkə senatının spikeri Nigmatulla Yoldaşev “könüllü” şəkildə bu haqqından imtina etdi və dolayısıyla hakimiyyət sükanı Şövkət Miriziyoyevin əlinə keçdi.

uluslararasi-dogalgaz-562x315

Konstitusiyanın məlum tələbi tam yerinə yetirilmədiyinə görə, bir çox mütəxəssislər bu hakimiyyətə gəlmə prosesinə fərqli aspektlərdən baxır, Yoldaşevin başına qonan hakimiyyət quşundan “könüllü imtinasına” şübhə ilə yanaşır və məlum təyinatı hakimiyyət çevrilişi kimi qəbul edirlər. Məhz bu məqamda da Kərimovun ölümünün “əcəlin müəllifliyi”ylə baş tutması şübhəli görünür.

Təbii ki, bu ölümün həqiqi səbəblərinə zaman aydınlıq gətirəcək. Hələlik isə bilinən budur ki, İslam Kərimovun canını alan Əzrayıl Rusiyanın inhisarçı qaz projesini diriltmişdir. Zira bundan sonra Moskva daha rahat şəkildə Orta Asiya qazını alıb Avropaya və yaxud Uzaq Şərq ölkələrinə nəql edə biləcək.

Türkmənistan kimi ölkələrin Özbəkistandakı hakimiyyət dəyişikliyindən sonra Rusiyayla yollarını ayırması da mümkün görünmür. Ən azı o səbəbdən ki, Aşqabadın indi daha çox üstünlük verdiyi Çinə qaz nəqli kəməri Özbəkistandan keçir. Özbəkistan isə yaxın gələcəkdə Rusiyanın “arxa bağçasına” çevrilə bilər və onun ərazisindən rəqiblərin iqtisadiyyatını dirçəldəcək kəmərin keçməsinə inanmaq sadəlövhlükdür.

Bu ehtimal doğrudursa, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsi də yenidən cazibədarlığını itirəcək. Əvvəla, ona görə ki, Azərbaycan təkbaşına o kəməri doldura bilməz. Onun Türkmənistan və Qazaxıstan qazına da ehtiyacı var. Adı çəkilən ölkələr isə “gözü çıxmış” özbək qardaşlarının aqibətindən nəticə çıxırıb, öz beynəlxalq münasibətlərini yenidən tənzimləməyə çalışacaqlar.

İkincisi, ona görə ki, TANAP “Türk axını” projesinə alternativ olaraq ortaya atılmışdı. “Türk axını” öz axarına davam edərsə, alternativə ehtiyac qalmır.

İslam Kərimovdan sonra dəyişilən bu enerji strategiyaları mühiti onun ölümünün “əcəlin əl işi” olduğuna şübhələri getdikcə artırır.

Bütün bu ziddiyyətlərlə dolu beynəlxalq münasibətlər şəraitində Azərbaycan da referenduma gedir. Maraqlıdır ki, referendumda tənzimlənməsi nəzərdə tutulan siyasi idarəetmə mexanizmlərindən biri də fors-major hallarında hakimiyyətin kimə və necə ötürülməsidir.

Bənzər konstitusiya dəyişikliyinin Türkmənistanda edilməsi də maraq doğurur.

Kim bilir, bəlkə də Özbəkistandakı hakimiyyət əvəzlənməsi ehtimalındakı sirr pərdəsi beynəlxalq siyasi mərkəzləri müəyyən lazımi tədbirlər görmək məcburiyyətində qoyub. Elə bu faktın özü də təhlükənin bir neçə ay əvvəldən bilindiyindən xəbər verir və sübut edir ki, İslam Kərimovun tezliklə öləcəyi (bəlkə də öldürüləcəyi) əslində bir çoxları üçün gözlənilməz deyildi…

 

Heydər Oğuz

Strateq.az