XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 17:20

AXCP sədrinin oğlu ABŞ Konqresində hakimiyyəti sərt tənqid etdi:"Azərbaycan vətəndaş münaqişəsi və xaos təhlükəsi qarşısındadır”

konqress-2

Sentyabrın 15-də ABŞ Konqresində Azərbaycanda insan hüquqlarının pozulması haqqında məsələ ilə bağlı geniş dinləmələr keçirilib. “Azərbaycan: insan hüquqlarının əhəmiyyəti varmı?” mövzusunda dinləmələr Lantos Komissiyası – Konqresin bütün dünyada insan hüquqları normalarını izləyən orqanı tərəfindən təşkil edilib.

Müzakirələr Azərbaycanda insan hüquqları sahəsində cari vəziyyəti diqqətə çatdırmaq, habelə ABŞ siyasəti üçün bunun nəticələrini qiymətləndirmək məqsədilə keçirilib.

Konqresin insan hüquqları üzrə ikipartiyalı komissiyasının həmsədri Tom Lantos ABŞ Administrasiyasının bu ölkə hökumətinin müstəqil səslərə qarşı mübarizəni davam etdirəcəyi, insan hüquqlarının vəziyyəti getdikcə pisləşəcəyi təqdirdə Azərbaycanla bağlı amansız mövqe tutacağına ümid etdiyini bildirib.

“Qlobal Maqnitski siyahısı” və “Azərbaycanda Demokratiya” aktlarının həmmüəllifi konqresmen Cim Makqovern Azərbaycanda mühüm referendum öncəsi jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı son repressiyalarla bağlı dərin narahatlığını bildirib.

“Korrupsiya və insan hüquqlarının pozulmasının nəticələri olmalıdır”, – deyə, o, əsas diqqətin ölkədə insan hüquqları sahəsində cari vəziyyətə və ABŞ-ın siyasətinə yönəldiyi “Azərbaycan: insan hüquqlarının əhəmiyyəti varmı?” mövzusunda dinləmələrdən sonra bildirib.

Dinləmələr zamanı müzakirənin Azərbaycandan olan iştirakçıları sentyabrın 26-na planlaşdırılmış referendum öncəsi hökumətin öz əleyhdarlarına və müstəqil KİV-ə qarşı repressiyaları fəallaşdırdığı barədə xəbərdarlıq ediblər.

Çıxış edənlərdən biri dinləmələrə dəvət edilən, amma hökumətin ölkədən çıxışına icazə vermədiyi müxalif Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin oğlu Türkel Kərimli olub.

“Azərbaycan hökuməti atamın pasportunu yeniləməkdən imtina edib və o, son on ildə ölkədən çıxmaq qadağası ilə yaşayır", – deyə, Kərimli bildirib.

“Ailəm uzun illərdir daim təqib olunur. Həbs edilən dayım bu yaxınlarda həyatı ilə hədələnib. Partiyanın digər fəallarının ailə üzvləri də təqiblərə məruz qalıb” – söyləyən T.Kərimli hökumətin AXCP-ni "gülənçilər"in çevriliş cəhdi ilə əlaqələndirmək səylərini “gülünc” adlandırıb: “Bu iddialar “tamamilə saxtadır və heç bir faktiki və ya dəlil bazası yoxdur. Bununla belə, partiyanın üç üzvü bu əsassız ittihamlara görə həbs edilib. Atam Əli Kərimlinin də eyni tale ilə üzləşəcəyi haqqında məlumatlar var”.

"Azərbaycanda 100-dən çox siyasi məhbus var, bir çox digər siyasi təşkilatlar da təqib olunur. NİDA hərəkatının beş üzvü və ReAl hərəkatının lideri İlqar Məmmədov, Müsavat Partiyasının fəalı Fərəc Kərimli həbsdədir. Dini fəallar da eyni tale ilə üzləşib. Nardaran hadisələri ilə bağlı 70 dini fəal yalan ittihamla həbsə atılıb”, – deyə, T.Kərimli bildirib.

Kərimlinin sözlərinə görə, hakimiyyət “təkcə siyasi düşmənlərindən qorxmur”: 

“O, müstəqil kütləvi informasiya vasitələrini də tam və qəti şəkildə ləğv etməyə çalışır. Yeganə müstəqil “Azadlıq” qəzeti bankrotluğa vadar edilir. O, bankdan öz vəsaitini ala bilmir və qəzetlərin yayılması üzrə hökumətin nəzarəti altında olan agentlikdən alacağı məbləği ala bilmir”.

""Azadlıq” çap nəşrini dayandırıb və hökumətin əməllərinə qarşı kömək almadığı təqdirdə real ciddi bağlanmaq təhlükəsi ilə üz-üzə qalır. Azərbaycan dörd yol ayrıcındadır”, – deyə, o, qeyd edib.

“Hökumət hazırki misli görünməmiş repressiyalardan əl çəkməsə, mühüm və təxirəsalınmaz siyasi və iqtisadi islahatları həyata keçirə bilməyəcək, Azərbaycan real vətəndaş münaqişəsi və xaos təhlükəsi qarşısındadır”, – deyə, T.Kərimli bildirib.

Bakıdan araşdırmaçı-jurnalist Xədicə İsmayılova deyib ki, hazırda ölkədə 138 siyasi məhbus var. "Azərbaycan sözün əsl mənasında həbsxanaya çevrilib”, – deyə, o, videokonfrans vasitəsilə müzakirə iştirakçılarına bildirib.

"Bu gün Azərbaycan jurnalistlərinin korrupsiyaya qarşı mübarizədə köməyə ehtiyacı var" – deyən X.İsmayılovanın sözlərinə görə, ancaq Azərbaycan fəalı üçün ən xoşagəlməz hal "qorxudulmuş diplomat" görməkdir: “Həbsxanada ən ağır günüm ABŞ-ın Bakıdakı səfirliyinin Azərbaycanın “Azadlıq radiosu”nun korrupsiyaya uğraması barədə iddialarına etiraz etmədiyini oxuduğum gün olub”.

ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kozlariç komissiyaya bildirib ki, ABŞ “sakit diplomatiyadan” imtina etməlidir, çünki bu, işləmir: "ABŞ Əliyev hökumətinə qarşı daha fəal şəkildə  mübarizə aparmalıdır. “Sakit diplomatiya" siyasi məhbusları ticarət obyektlərinə çevirib”.

T.Kərimli əlavə edib ki, Qərb Azərbaycan rejiminin pislənməsində “cəld və qətiyyətli” olmalıdır.

“Bu hökumətə qarşı sakit diplomatiya heç bir nəticə verməyəcək və əvvəlki kimi uğursuzluğa düçar olacaq. Biz “Azərbaycanda demokratiyaya təhlükə” və Qlobal Maqnitski Siyahısı haqqında aktların yaz dövründə hökuməti repressiyaları zəiflətməyə vadar etdiyini gördük. Bu tədbirlər korrupsiya və repressiya əməllərində iştirak etdiklərinə görə ən yüksək səviyyədə konkret hökumət məmurlarına qarşı tətbiq edilməlidir”, – deyə, o, sözünə davam edib.

Turan-ın müxbiri ilə söhbətində konqressmen Makqovern deyib ki, o və həmkarları Qlobal Maqnitski Siyahısı haqqında qanunun “ilin sonuna qədər Konqresdən keçəcəyinə” ümid edirlər.

“Amma bu baş verməsə, biz daha qətiyyətli olmaları və artıq hüquqları olan şeyi etmələri – korrupsiya və insan hüquqlarının pozulmasında təqsirli olan şəxslərə qarşı sanksiyalar tətbiq etmələri üçün administrasiyaya müraciət etmək niyyətindəyik”, – deyə, Makqovern bildirib.

azadliq.info




Yuxarı Əvvələ Ana Səhifə