ABŞ liderliyindəki koalisiya qüvvələri Rusiya ilə bağladıqları atəşkəs razılaşmasını pozub. Müttəfiqlərin hava hücumu nəticəsində 62 Suriya əsgəri öldürülüb, 100-dən artıq hərbçi yaralanıb.
Strateq.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Nazirliyin məlumatına ABŞ Mərkəzi Qüvvələr Komandirliyinin reaksiyası isə xeyli maraqlı olub: "Koalisiya gücləri, uzun müddətdir təqib etdikləri İŞİD hədəflərindən birini vurduqlarına inanırdılar. Rus rəsmilərinin hədəf alınanlar arasında Suriya ordusuna aid hərbi qüvvələr olduğunu bəyan etməsindən sonra bombardman dərhal dayandırılıb."
Pentaqonun “arzulanmayan qəza” olaraq təqdim etdiyi hadisə isə heç də texniki xətaya oxşamır. Nədən ki, ABŞ Hava Qüvvələrinə aid iki F-16 və iki A-10 tipli hərbi təyyarələrlə keçirilən hava hücumu birbaşa Deyr əz-Zur hərbi bazasına yönəlib. Hücum nəticəsində bazadakı hərbçilər ciddi itkiyə məruz qalıblar. Hərbi yetkililərin bildirdiyinə görə, ABŞ-ın bu “texniki xətası” nəticəsində bir müddət əvvəl Suriyanın ən strateji bölgələrindən sayılan Deyr əz-Zurdan təmizlənən İŞİD qüvvələri yenidən taktiki üstünlük qazanıb və itirdikləri bəzi bölgələri ələ keçiriblər.
Ən maraqlı məqam isə ondan ibarətdir ki, tamamilə İŞİD-in işinə yarayan bu hücum atəşkəs müddətində həyata keçirilib. Məlum olduğu kimi, Rusiya və ABŞ rəsmilərinin uzun müzakirələrdən sonra əldə etdikləri razılaşmaya görə, ötən bazarertəsi günündən başlayaraq, 1 həftəlik atəşkəs elan olunmuşdu. Daha sonra bu müddət 2 gün uzadılmışdı. Atəşkəs müddətinin bitməsinə 4 gün qalmış isə ABŞ-ın Suriyadakı mövcud dəngələri tamamilə alt-üst edən “texniki xətası” baş verib.
Görünən budur ki, atəşkəs rejimi tətbiq olunduğundan müdafiə tədbirlərini qismən zəiflədən Suriya ordusunun bu vəziyyətindən sui-istifadə edən ABŞ hərbi təyyarələri Deyr əz-Zur hərbi bazasını bombardımana məruz qoyuraq qarşı tərəfə xeyli itki verdirmək istəyib.
Pentaqonun Suriya döyüşlərində bu cür hərbi hiylələrdən vaxtaşırı istifadə etdiyi müşahidə olunur. Bir neçə ay əvvəl elan olunmuş başqa bir atəşkəs rejimi də Fəth ordusunun işinə yaramışdı. Mayın əvvəllərində yenə Rusiya və ABŞ-ın təşəbbüsüylə əldə olunmuş atəşkəsi pozan Fəth ordusu Suriyanın Xan Tuman bölgəsində qəflətən hücuma keçib Əsəd dostları koalisiyasına ciddi zərbə vurmuşdu. İlkin məlumatlara görə, hücum nəticəsində 400-dən artıq şiə əsgəri öldürülmüşdü. Öldürülən əsgərlər içərisində İran İslam İnqilabi Keşikçiləri Korpusunun döyüşçüləri üstünlük təşkil edirdi. İranlı yetkililərin etirafına görə, Xan Tuman məğlubiyyəti onların Suriyada indiyə qədər qarşılaşdıqları ən ciddi itkidir və itirilən hərbçilər arasında İranın ən baracıqlı generallarının adı çəkilir.
Bəzi iranlı hərbi ekspertlərin fikrincə, bu məğlubiyyətdən sonra Əsəd dostlarının özünə gəlməsi xeyli çətin olacaqdı. Hətta qarşılarındakı ən ciddi maneənin ortadan qaldırılmasından sonra Fəth ordusunun Dəməşqə qədər irəliləyəcəyindən əndişə edilirdi. Daha sonra rus təyyarələrinin hərbi hücumları nəticəsində bu təhlükə ortadan qaldırıldı, qüvvələr nisbəti eyni vəziyyətə gətirildi.
Eyni taktikadan son atəşkəs zamanı ABŞ-ın özünün istifadə etməsi və bunu qəza olaraq qiymətləndirməsi Suriyada İŞİD probleminin niyə həllini tapmadığının əsl səbəbini ortaya qoyur. Belə məlum olur ki, Suriyada vətəndaş müharibəsinin davam etməsinə münbit zəmin yaratmaq üçün ABŞ qüvvələr nisbətini bərabərləşdirməyə çalışır. Özü də sözdə düşmən kəsildiyi qüvvələrin xeyrinə. Təsadüfi deyil ki, may ayındakı atəşkəsdən üstünlük qazanan Fətih ordusu, son “texniki xəta”dan qazanclı ayrılan da İŞİD olmuşdur və Fəth ordusuna Əhrar uş-Şam İslami Hərəkatı, Nusra Cəbhəsi, Türküstan İslam Partiyası, Əcnad üş-Şam, Feylak üş-Şam, Ceyş ül-Sünnə, Liva əl-Haqq və s. kimi radikal dini silahlı qüvvələr daxildir. İŞİD-in kimliyi haqqında məlumat vermək isə, zənnimizcə, görünən dağa bələdçilik etmək olardı. Sadəcə onu xatırlatmaq yerinə düşər ki, istər Fəth ordusuna daxil olan bu qruplar, istərsə də İŞİD ABŞ-ın terrorçu təşkilatlar siyahısında ən üst yerləri tuturlar.
ABŞ-ın faktiki olaraq terrorçuların işinə yarayan son “texniki xətası”nı ona “bağışlamaq” istəməyən Rusiya məsələni BMT TŞ-na çıxarıb. BMT-dən bildirildiyinə görə, Rusiyanın çağırışıyla bu gecə saat 3.30-da Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Toplantıda hansı qərarın qəbul olunduğu barədə isə hələlik heç bir məlumat verilmir.
Heydər Oğuz
Strateq.az