XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 10:18

“Fərat qalxanı” ən çətin mərhələsinə daxil olur:5 min kvadrat kilometrlik təhlükə!

erdogan

 

"Cerablus həll olundu. Eyni şəkildə Rai təmizləndi. İndi əl-Baba doğru irəliləyiik… Buraları təhdid ünsürü olmaqdan çıxarmağımız lazımdır ".

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedərkən Atatürk hava lımanında jurnalistlərin suallarını cavablandıran Ərdoğan Suriyanın şimalında yaşananların Türkiyə üçün nə kimi təhdid yaratdığına da toxunub:

“Tel Abyad ərəblərin yaşayış bölgəsi idi. Müxtəlif əməliyyatlarla əvvəl DEAŞ (İŞİD) burada əldə etdiyi əraziləri özündən sonra PYD və YPG-yə buraxdı. Bu plana ən şərqdən başladılar. Bu şəkildə gəldilər. Hədəf Afrinlə birləşmək surətiylə Aralıq dənizinə çatmaqdır”.

Uzun zamandan bəri Strateq.az olaraq bizim də gündəmə gətirdiyimiz “kürd zolağı” təhlükəsinin mövcudluğunu açıq şəkildə etiraf edən Türkiyə prezidenti bu təhdidə qarşı indiyədək niyə təmkinlə yanaşdıqlarının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Ankara öz əndişələrini dəfələrlə müttəfiqlərinin diqqətinə çatdırıb, amma konkret heç bir dəstək ala bilməyib:

“Bunu ABŞ-a, Qərbə, koalisiya qüvvələrinin hamısına söylədik. “Münbiç (müxtəlif qaynaqlarda bu ad “Menbiç” olaraq da keçir) əməliyyatında qətiyyən PYD-YPG iştirak etməyəcək”- dedik. Çünki Münbiçin 95%-i ərəblərə aiddir. Tərəfmüqabillərimiz isə Münbiçi sanki PYD-yə aid bir yer kimi göstərməyə çalışırlar…”

Türkiyənin ərazi bütövlüyünə qarşı yönələn bu təhdidi ortadan qaldırmaq üçün Ankaranın həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının detallarından danışan Ərdoğan Cerablus və Rai bölgələrini İŞİD-dən təmizlədiklərini deyib və növbəti mərhələnin əl-Bab olacağını gizlətməyib.

Ekspertlər isə əl-Babın İŞİD-dən azad olunmasının digər bölgələr kimi asan başa gəlməyəcəyindən ehtiyatlanırlar. Nədən ki, istər Cerablus, istərsə də Rai bölgəsində yaşayan yerli əhalinin Türkiyəyə xüsusi simpatiya ilə yanaşdıqları məlumdur. Hətta digər adı Çobanbəy olan Rai türk yurdu kimi tanınır. Sözsüz ki, bir tərəfdən İŞİD, digər tərəfdən PYD təhdidi altında yaşayan bu torpaqların Türkiyə ordusuna xilaskar kimi baxması, məhmətçiyə qucaq açması başadüşüləndir. Eyni sözləri əl-Bab üçün demək isə mümkün deyil.

el-bab

Əsasən ərəblərin yaşadığı əl-Babda İŞİD-in mövqeyi kifayət qədər güclüdür. Yerli əhali PYD təhlükəsindən İŞİD-ə sığınmış durumdadır. Türk ordusunun İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirməsi, Suriya böhranı yaranan gündən etibarən Ankaranın yürütdüyü siyasət onları ciddi narahat edir. Əksər əl-bablılar ölkələrinin başına gətirilən oyunda bu siyasətin də mühüm rol oynadığına inanırlar. Təbii ki, bu psixologiyada olan əl-bablılar türk ordusunu gül-çiçəklə qarşılamayacaqlar.

Üstəlik, məhmətçiyin “Fərat qalxanı” əməliyyatının yeni mərhələsində qarşılaşacağı yeganə qüvvə İŞİD də deyil. Şərdə Tel Abyad, Kobani, qərbdə Afrin, Münbiç kimi əraziləri öz hegemoniyası altına alan və İraq sərhədlərindən Aralıq dənizinə qəfər uzanan ərazilərdə “kürd zolağı” yaratmağa çalışan PYD üçün də əl-Bab mühüm strateji əhəmiyyət kəsb edir. Kürd separatçılarının öz xəyalını reallaşdırmaq üçün əl-Babı almaları yetərlidir və bu niyyətlərini çox açıq şəkildə dilə gətirirlər. Təsadüfi deyil ki, 12 avqust tarixində PYD-nin liderlik etdiyi SDG qüvvələri Cerablusun təxminən 40 km cənubunda yerləşən Münbiçi ələ keçirəndə yeni hədəflərinin əl- Bab olduğunu açıqlamış və əl-Bab Hərbi Şurası adlı qurum yaratmışdı.

“Fərat qalxanı” əməliyyatlarında Türkiyəylə bərabər hərəkət edən Azad Suriya Ordusunun komandirləri də bu təhlükənin fərqindədirlər. Onlardan biri Moro Kefer Nasih əməliyyat başladığı ərəfədə əl-Bab'a PYD-dən daha əvvəl çatmaq istədiklərini söyləyərək demişdi:

"Hədəfimiz yalnız Çobanbəyi geri qaytarmaq deyil. Biz həm də Suriya Demokratik Gücləri (SDG) ilə yarışırıq. Bu separatçı qüvvələr Kobanidən Afrinə uzanan digər bölgələri almaq üzrədirlər. Biz Çobanbəydəki nöqtələri tamamilə nəzarət altına alsaq, əl Baba daha yaxın olacağıq və onu xilas edəcəyik”.

Nasihin etirafdan da göründüyü kimi, Türkiyə “Fərat qalxanı”nın yeni mərhələsində daha ciddi və say etibarilə çox qüvvələlərlə kəllə-kəllə gələcək. Problem əl-Babı xilas etməklə də bitməyəcək. Bu çətin sınaqdan sonra Türkiyənin qarşısında bir də Raqqa imtahanı dayanır. İŞİD-in Suriyadakı paytaxtı kimi tanınan Raqqada da məhmətçiyin ciddi müqavimətlə üzləşmək ehtimalı var. Üstəlik, Raqqa əhalisi arasında xeyli kürdün yaşadığı da unudulmamalıdır.

Ərdoğan da son ABŞ səfəri zamanı hədəflərinin xeyli geniş olduğunu təsdiqləyib. Onun bildirdiyinə görə, “Fərat qalxanı” əməliyyatı çərçivəsində Türkiyə ordusu indiyə qədər cəmi 900 kvadrat km torpaq sahəsini İŞİD-dən təmizləyib. Hədəf isə 5 min kvadrat kilometrlik ərazini qurtarmaqdır.

Başqa sözlə desək, “Fərat qalxanı” bir aya yaxın müddət ərzində öz hədəfinin yalnız 5/1-ni həyata keçirib. Həm də bu 20 faizlik hissə, hədəfin ən asan qismi olub: İŞİD-ə qarşı vuruşan Türk ordusu həm yerli xalqdan, həm də beynəlxalq qüvvələrdən yetərli qədər dəstək alıb. Bundan sonrakı mərhələdə isə beynəlxalq güc mərkəzləri tərəfindən açıq şəkildə dəstəklənən PYD-lə qarşı-qarşıya gələ biləcəyindən və yerli xalqdan da istədiyi köməyi almayacağından Ankara öz məqsədinə çatmaq üçün xeyli tər tökməli olacaq.

Təkcə tərmi? Bu sualın cavabı yaxın zamanlarda bilinəcək.

Heydər Oğuz

Strateq.az