XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 09:05

İqtisadçı Qubad İbadoğlu:"Azərbaycanın kapitalı xaricə axır, ilk növbədə, o haqda düşünmək lazımdır"
qubad-ibadoqlu77
 
ABŞ-dan yenicə qayıdan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu “Yeni Müsavat”a müsahibəsində manatın devalvasiyasının, neftin ucuzlaşmasının ölkədə doğurduğu fəsadlar, 2016-cı ildə sosial durum və böhranlı vəziyyətdən çıxmağın yollarından danışıb.  O, eyni zamanda son bir həftədə müxalif cəbhədə baş verənləri, mitinqləri də dəyərləndirib.
 
Strateq.az Qubad İbadoğlunun Azərbaycan iqtisadiyyatının bugünkü durumunu təhlillə başladığı həmin müsahibəsini öz oxucularına təqdim edir:
 
 
– Ümumiyyətlə, Azərbaycanda makroiqtisadi göstəricilər həyəcan təbili çalır. Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı nikbin danışmaq üçün əsaslar yaratmır. Çox istərdim iki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı vəziyyəti xarakterizə edək. Amma təəssüflər olsun ki, iqtisadiyyatın hazırkı durumunda mövcud göstəricilər –  hansı ki, onu rəsmi statistika açıqlayır, onunla bağlı şübhəli danışa bilmərik – rəsmi prizmadan baxanda, bəlli olur ki, ölkədə iqtisadi durum getdikcə pisləşir. Məsələn, ümumi iqtisadi artım tempi iyul ayında avqust ayına nisbətən daha yaxşı idi. Digər bir tərəfdən, ölkədə iqtisadi eniş olanda biz dünyadakı iqtisadi inkişafdan geri qalırıq. Dünya irəli gedəndə biz geri gedirik. O baxımdan, əgər dünyada bu il 3.1 faiz artım olacaqsa, Azərbaycanda 2.4 faiz kiçilmə olacaq. Bu, o deməkdir ki, dünyada iqtisadi artımla bizim ümumdaxili məhsulun dəyişməsi göstəricisi arasında təxminən 5.5 faiz fərq yaranacaq. Bu, çox ciddi fərqdir; həm manata təsir göstərir, həm də əhalinin sosial vəziyyətinə, rifah göstəricilərinə. 
 
– Bu durumun ölkədəki bank, maliyyə sektoruna təsiri necə olacaq?
 
– Maliyyə-bank sektoruna təsiri ondan ibarətdir ki, ölkənin büdcəsi də kiçilir. Ötən ilin eyni dövrü ilə müqayisədə bizdə gəlirlər 76.6 faiz, xərclər isə 86.6 faiz icra olunub. Bu, o deməkdir ki, indiki halda büdcəyə 8.2 milyard manat  vəsait yığmışıq, 9.3 milyard manat da xərcləmişik. Büdcəmizdə artıq 1 milyarddan çox kəsir yaranıb. Büdcənin imkanlarının məhdudlaşması bütünlükdə işgüzar mühitin də pisləşməsinə gətirib çıxarır. Çünki bir çox layihələr büdcədən qidalanırdı, investisiya, sərmayə istiqamətində büdcə əsas maliyyə mənbəyi hesab edilirdi, o layihələr hesabına yeni iş yerləri açılırdı, iqtisadiyyatın inkişafına stimul verirdi. 
 
İndiki halda Gömrük Komitəsinin xətti ilə büdcəyə yığımlar əvvəlki illərlə müqayisədə yaxşılaşıb. Mən hesab edirəm ki, bu, gömrük sistemindəki dəyişikliklərlə bağlıdır. Vergilər Nazirliyi də çalışır ki, öz öhdəsinə düşən işi yerinə yetirsin. Neft Fondundan büdcəyə çox transfer etmək istəmirlər. 
 
Çünki büdcə neftdən çox asılı vəziyyətə düşür. Bu, əslində düzgün yanaşmadır. Büdcəyə Neft Fondundan yetərincə vəsaitin cəlb edilməməsi də son nəticədə  büdcənin sosial və investisiya baxımdan imkanlarını məhdudlaşdırır. O biri tərəfdən də bu gün büdcədəki mövcud vəziyyət ölkədəki maliyyə-bank sisteminə də təsir göstərir. Bilirsiz ki, ödənişlərin bir çoxu maliyyə-bank əməliyyatları vasitəsilə həyata keçirilir. Maliyyə-bank sistemində də vəziyyət tikintidəki vəziyyətdən sonra ən pis olandır. 
 
Amma tikintidəki durumun birbaşa ölkə əhalisinin sosial vəziyyətinə təsiri maliyyə-bank sistemindəki  vəziyyətin təsirindən daha azdır. Düzdür, tikinti bizim üçün əmək tutumlu bir sahədir. Tikinti ötən illə müqayisədə 1/3 qədər azalıb. Tikintidəki durumun pisləşməsinin daha bir nəticəsi odur ki, iş yerləri bağlanıb. Amma bunun müsbət tərəfləri var: rayondakı adamlar öz təsərrüfatlarını qoyub, şəhərə gəlirdilər ki, tikintidə işləsinlər. Əhalinin yarısı Bakıda yaşayırdı. 

– Artıq bu sektorda çalışanların rayonlara qayıtdığını demək olarmı?
 
– Onların bir qismi geri qayıtmaq zorunda qalıblar. Çünki onlar tikintidə işləyib, sonra o vəsait hesabına xərclərini ödəyirdilər. Amma indi o vəsait olmadığı üçün xərclər də ödənmir və geri qayıtmağa məcburdurlar. Qayıdanlara isə orda elə bir şərait yaradılmalıdır ki, həm kənd təsərrüfatı, həm də biznes sahəsində öz potensiallarını gerçəkləşdirə bilsinlər. Yoxsa ki, onlar da qayıdıb işsizlər ordusuna qoşulandan sonra əmək bazarında gərginlik daha da artır. O baxımdan düşünürəm ki, hökumətin qarşısında dayanan ən vacib məsələlərdən biri kənd təsərrüfatında, aqrar sahədə yeni təşəbbüsləri irəli sürmək və onun reallaşması üçün münbit mühit yaratmaqdan ibarətdir. 
 
– Dediniz ki, tikinti sektorundakı çöküntü kənd təsərrüfatını dirildə bilər. Bəs bank sektorundakı çöküş hansı sahələrə can verə bilər?
 
– Bank sektorunda müsbət impuls yoxdur. Bu sektorda baş verənlərin ancaq mənfi fəsadları var. Bank sektorunda baş verənlər işgüzar mühitin pisləşməsinə gətirib çıxarır. Son göstəricilərə görə, Azərbaycanda kredit qoyuluşu 18.2 faiz aşağı düşüb. Ötən il ərzində banklar Azərbaycan iqtisadiyyatına 5 manat xərcləyirdilərsə, bu il 4 manat xərcləyiblər. Nəzərə alaq ki, ötənilki 5 manatın alıcılıq qabiliyyəti builki 4 manatın alıcılıq qabiliyyətindən yüksək olub. Əvvəlki devalvasiya ilə indiki devalvasiyanın fərqi var. Əvvəl biz 5 manata 4 kilo şəkər tozu alırdıqsa, indi bu pula 3 kilo şəkər tozu alırıq. Biz fərqi biznesdə də görürük. Əvvəl 5 manata tikintidə istifadə olunan 2 aksessuar alırdısa, indi 1 aksessuar alır. Bu ərəfədə də manat sabit olarsa, vəziyyətimizi yaxşılaşdırma imkanlarımız asanlaşa bilərdi. Bizim milli valyuta sabit deyil: nə investor, nə də istehlakçı ona etibar edir. Hamı öz pulunu xarici valyuta ilə saxlamaq istəyir. Əgər hamı öz pulunu evdə, bankda xarici valyuta ilə saxlasa, onda Mərkəzi Bankın ölkədəki pul dövriyyəsinə təsiri azalır. Çünki Azərbaycandakı pul dövriyyəsinin əsas hissəsini xarici valyuta təşkil edir. Xarici valyutaya təsir etmək imkanı isə ABŞ Federal  Ehtiyat Sistemindədir və onun təsiri Azərbaycan Mərkəzi Bankının təsirindən çox olur. Çünki bizim əmanət dövriyyəsində əsasən xarici valyutadır. 
 
– Manatın taleyi ilə bağlı gözləntilər necədir? Durumda bir sabitlik müşahidə edilirmi?
 
– Xeyr. Manatın məzənnəsində sabitlik əlamətləri  yoxdur. Baş verənlər Mərkəzi  Bankın siyasətidir, inzibati əsaslara söykənib. Manatın ucuzlaşması, sonra bahalaşması, müəyyən mənada ajiotajın aradan qaldırılmasına xidmət edir. Amma həm orta, həm uzun müddətli dövrdə manat ucuzlaşmağa məhkumdur. Çünki manatın arxasında bizim istədiyimiz səviyyədə iqtisadi göstəricilər yoxdur. Ölkədə nə qədər ki, iqtisadi artım yoxdur, tənəzzül var, bir o qədər də manatla bağlı çətinliklər yaranacaq. Manatla bağlı ən böyük çətinliyi bizim ixracat potensialımızın aşağı düşməsi yaradır. Potensial əvvəl neftin üzərində qurulmuşdu. Neft həm hasilat baxımdan, həm də qiymət baxımdan aşağı düşdüyünə görə, ölkəyə əvvəlki səviyyədə valyuta ehtiyatlarını gətirə bilmir. Məsələn, 2011-ci ildə ARDNŞ neft-qaz satışından 19.8 milyard dollar qazanmışdı. 2015-ci ildə 6.7 milyard dollar pul qazanmışıq. 2016-cı ildə bizim göstəricilərimiz 5 milyarddır. Bu 5 milyard 2011-ci il göstəricisindən 4 dəfə aşağıdır. Ən pisi də odur ki, bu gün qeyri-neft sektoru ixracatı da aşağı düşüb. 
 
Bu aşağı düşmənin hesabına 27 faiz azalıb. Qeyri-neft sektorundan valyuta qazanmaq imkanları yoxdur. Ona görə də pambıq məsələsi ortaya çıxıb.  Amma pambıqla böyük gəlir əldə etmək mümkün deyil. Çünki Özbəkistan pambıq sahəsi üzrə ixtisaslaşıb. Özbəkistan ən yaxşı halda pambıqdan ildə 1 milyard dollar qazanıb. Bizim indiki halda nəinki 1 milyard dollara, 100 min dollara da ehtiyacımız var. Amma biz "“qara qızılı” “ağ qızıl” əvəz edəcək, bu sahədən də neftdən gələn gəlir qədər əldə edəcəyik" deyə bilmərik. Lakin pambığın bir effekti də var ki, bu sahə özü ilə bərabər yeni iş yerləri də yaradır. Pambığın narahatedici tərəflərindən biri odur ki, pambıq əkin sahələri şoranlaşıb, münbitliyini itirib. Bu sahələrin bir qismi xüsusi mülkiyyətdədir, bir qismi bələdiyyə mülkiyyətində icarəyə və satışa çıxarılıb. Pambıq əkin sahələrinin istifadəsi ancaq fərdi mülkiyyətin məhdudlaşdırılması hesabına mümkün ola bilər. Bu, çox ciddi konfliktlər yarada bilər. Biz yalnız  valyutadan qazanc əldə etmək üçün ölkədəki xüsusi mülkiyyət hüquqlarının pozulmasını genişləndirə bilmərik. Amma nəzərə alaq ki, pay torpaqlarının bir qismini oliqarxlar rayonlarda öz təsərrüfatlarına keçiriblər, nəzarət onların əlinin altındadır. Mən o fikirlə razıyam ki, ölkənin aqrar sektoru hazırda inkişaf üçün stimullar qazanıb. Bu stimulları nəticəyə çevirmək üçün şərait yaratmaq lazımdır. Aqrar sektorda  dövlət subsidiyaları hesabına müəyyən dərəcədə pozitiv artım imkanlarını əldə edə bilərik. 
 
– Xarici investorların Azərbaycana cəlb edilməsi ilə bağlı təkliflər də səsləndirilmişdi. İlkin rəylər o istiqamətdə oldu ki, Azərbaycanda kapital qoyulacaq sahələr çox olsa da, münbit şərait yoxdur, səbəb isə bürokratik əngəllər və qeyri-şəffaf mexanizmlər, rüşvətdir… Bu təklifi necə dəyərləndirirsiz? 
 
– Gerçəklik o təklifin reallaşması üçün əsaslar yaratmır. Azərbaycanın kapitalı xaricə axır. Birinci növbədə onun  barəsində düşünmək lazımdır. Ölkədən həm beyinli insanlar qaçır, həm də kapital. Bu gün Azərbaycan mənşəli kapital offşor zonalardadır. İnvestor qərar qəbul edəndə bütün bu amilləri nəzərə alır. İkincisi, investorun ölkədə fəaliyyət göstərməsi üçün sabit məzənnə siyasəti olmalıdır. Onlar sərmayəni Azərbaycan manatı ilə qoymalıdırlar. Bu gün Azərbaycan manatına inam kəskin şəkildə azalıb. Nəhayət, üçüncü bu prosesi tormozlayacaq səbəb ölkədə alıcılıq qabiliyyətini aşağı düşməsidir. Bu, bazara yeni bir məhsulu çıxararkən onun reallaşmasına problem yaradır. 
 
– Manatın hər devalvasiyasından sonra ekspertlər, jurnalistlər belə bir tezis irəli sürür ki, artıq cəmiyyət sosial partlayışın astanasındadır. Bunun izləri özünü ciddi mitinqlərdə, insan selinin etirazında göstərəcək. Amma bu tezis hər dəfə də özünü doğrultmur. Birinci onu soruşum: niyə? Sosial problemlərin məngənəsində sıxılan cəmiyyət niyə aktiv etiraz etmir?

 

– Bunun  müxtəlif səbəbləri var. Başlıca  səbəblərdən biri odur ki, iqtisadi vəziyyətin pisləşməsinin neqativ  təsirləri lazım olan səviyyəyə çatmayıb. Uzun illər neft gəlirlərinin paylanmasından yığılan vəsaitlər hazırkı keçid dövründə sabitləşdirici funksiya daşımaqdadır.  Digər sabitləşdirici funksiyanı mövsümi amillər oynayırdı. Əhalinin böyük hissəsi kəndlərdə yaşayır, öz təsərrüfatlarından qidalanırdı, bu da onların ailə büdcəsinin xərclərini azaldırdı. Hazırda isə mövsüm məhsulları tükənir, əsas ərzaq məhsullarının qiymətləri artır, manat dəyərini itirir. Bunun nəticəsində əhalinin güzəranı günü-gündən pisləşir, insanlar əvvəlki dövrlə müqayisədə pis dolanırlar. Amma sosial problemlər bizim təsvir etdiyimiz  səviyyədə geniş və əhatəli deyil. İşləyənlərin çox hissəsi əmək haqlarını, pensiyaçılar təqaüdlərini vaxtında ala bilirlər. 
 
Problemlər ötən illərlə müqayisədə artır və bu gedişlə onların əhatəsi genişlənəcək, neqativ təsirləri artacaq. Çünki belə davam edərsə, bir neçə aydan sonra əmək haqlarının, pensiyaların vaxtında ödənilməsi ilə bağlı maliyyə çətinlikləri yarana bilər. Onda iqtisadi problemlərin təsir dairəsi daha geniş və ünvanlı  olacaq. 
 
Bu gün elə bir vəziyyət yaranıb ki, həm iş yerlərinin itirilməsi kütləviləşir, həm də mövcud iş yerlərində əmək dəyərsizləşir. Məsələn, indi görülən işə əvvəlkindən daha az əmək haqqı verirlər. Çünki bütünlükdə iqtisadiyyat kiçildiyindən biznesin də, digər təşkilatların da maliyyə imkanları məhdudlaşıb. Eyni zamanda indi yeni  iş yerlərinə çıxış imkanları o qədər çətinləşib ki, heç kim iş yerini itirmək istəmir.  Hətta iş yerində qalan adam da layiqli əməyi ödənilməsə də, işəgötürənə minnətdarlıq edir ki, ədalətli şəkildə öz zəhmətinin dəyərini görmədiyi mövcud işini itirməsin. 
 
Digər  başlıca amil ondan  ibarətdir ki, bu gün istənilən siyasi və ictimai fəallığın arxasında mütəşəkkil  əlaqələndirmə, səfərbərlik dayanır. Amma hazırda ölkədə, xüsusilə də regionlarda o gücə və resurslara malik siyasi-ictimai institutlar yoxdur. Digər tərəfdən, insanlar hansısa bir siyasi qüvvə və yaxud da ictimai təşkilatın onların etirazlarını idarə edib, ölkədə hansısa dəyişikliklərə aparıb çıxaracağını düşünmürlər. Ona görə də onlar bir müddət gözləmə mövqeyində qalacaq, ara-sıra lokal, sistemsiz  olsa da  etirazlar yaranacaq.  Bu etirazlar yalnız hökumət-əhali müstəvisində deyil, işə götürən və işçi münasibətlərində də müşahidə olunacaq.
 
– Son bir həftədə baş tutan 3 mitinqi dəyərləndirmənizi istərdik. İnsanların aktivliyindən tutmuş müxalif cəbhənin potensialına qədər… Sizcə, bu aksiyalar hansı mənzərəni göz önünə sərdi? 
 
– Əvvəla, qeyd edim ki, mitinqin zamanı düzgün seçilməmişdi. Xalq bu müstəvidə mübarizəyə hələ hazır deyil. Ümumiyyətlə, mitinqlərə siyasi mübarizədə vasitə kimi baxılmalıdır, onu məqsəd kimi qarşıya qoymaq düzgün deyildir.  Bu mübarizə vasitəsinin zamanında istifadə olunması çox vacibdir. Müşahidələrim göstərdi ki, son mitinqlər xalqdan çox onun təşkilatçılarına və etiraz nümayiş etdirdiyi hakimiyyətə lazım idi. Düzdür, təşkilatçılar indiki ağır şərtlər daxilində əvvəlkilərlə müqayisədə mitinqə daha çox iştirakçı cəlb edə bilmişdi, lakin bu, qarşıya qoyulan hədəf üçün yetərli deyildi. Hətta hər 2 təşkilatçının birgə təşkil etdiyi mitinqdə də iştirakçılar yetərincə ola bilməzdi. Çünki demək olar ki, əsas iştirakçılar eyni şəxslərdən ibarət idi.  Bununla yanaşı, son kütləvi  tədbirlərdə müxtəlif maraqlar üçün iştirak edənlər  əvvəlkindən çox görsənirdi. 
 
– Müxtəlif maraqlar? Söhbət nədən gedir? 
 
– Mitinqə gələnlərin hamısını partiyaların sosial bazası kimi dəyərləndirmək düzgün deyildir. Onların bir qismi müşahidə, çıxışları dinləmək üçün gəlirdilər. Bəziləri hansısa qüvvənin təmsilçiləri olaraq problemlərin səsləndirilməsi və yaxud eşidilməsi üçün ora toplaşmışdılar. Kiçik bir  qrup  isə hesab edirdi ki, indiki halda bu prosesdə iştirak edib, yeni bir nə isə eşidə bilərlər. Amma bütün hallarda mitinqlərin böyük əksəriyyətini ənənəvi iştirakçılar təşkil edirdi. Nəzərə alsaq ki, mitinq referendumla bağlı idi, təbii ki, bu mitinqlərin əhəmiyyəti var. Azərbaycan vətəndaşı bu mitinqlərdə iştirak edib referendumla bağlı əhəmiyyətli bilgilər, arqumentlər əldə etməli idi. Çox təəssüf ki, referendumla bağlı ciddi arqumentlər nə mitinqlərdə və nə də ictimai müzakirələrdə səsləndirilmədi. Mən demək olar ki, bununla bağlı müxtəlif yazılar oxudum, amma arqumentli  və hərtərəfli  təhlili yalnız  İlyas İsmayılovun yazısında  gördüm. Onun yazısı məntiqli və konstitusiya baxımdan konseptual yanaşmasına görə seçilirdi. Arzulayardım ki, belə təhlillər çox olsun. Dəyişikliklər arasında məni də narahat edən çoxlu məqamlar vardır. Xüsusilə də bir iqtisadçı kimi məni ən çox narahat edən özəl mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır. Fərdi məlumatlara çıxış imkanlarının azaldılması da məni narahat edir. Çünki mülkiyyət hüquqlarının məhdudlaşdırılması, şəffaflığın və hesabatlılığın azaldılması islahatların keçid istiqamətində müəyyən təşəbbüslərin ortalığa çıxdığı  indiki şəraitdə həm  xaricdən sərmayə cəlb edilməsinə, həm də islahatların həyata keçirilməsinə ciddi maneələr  yaradacaq. 
 
– Mitinqlərə qayıdaq yenidən. ADR üzvləri keçirilən bu mitinqlərə qatıldı. Baxmayaraq ki, təşkilatçılarla münasibətlər o qədər də isti deyildi… 
 
– Biz bu məsələdə  üzvlərə sərbəstlik vermişdik. Nə  qədər üzvün hansı aksiyada iştirak etməsi ilə bağlı hesablamalara malik deyilik. Amma müşahidələrimiz göstərir ki,  ADR üzvlərinin bir qrupu hər iki kütləvi aksiyada bu prosesin iştirakçısına çevriliblər. 
 
– Referendumda prezidentliyin müddəti, prezident yaşının azaldılması ilə bağlı məqamlar da var. 
 
– Mənim üçün onlar da narahatedicidir. Amma hazırkı dövrün əsas siyasi  problemi nə prezidentlik müddətinin 5 ildən 7 ilədək artırılması, nə də prezident yaşının aşağı salınması ilə bağlı deyil. Ölkədə ən ciddi  siyasi problem seçki və referendumun azad və ədalətli keçirilməsi ilə əlaqədardır. Hazırda planlaşdırılan referendumun da həmin problemlərin mövcudluğu şəraitində, birtərəfli müşahidələr və icra hakimiyyətlərin nəzarəti altında keçəcəyi də şübhə doğurmur. 
 
– Son günlər Natiq Cəfərlinin həbsdən azad edilməsi ilə ölkədə “yeni siyasi açılım” anonsları da güclənib. Ehtimal edilir ki, bu, siyasi məhbus məsələsi ilə bağlı hakimiyyətin yeni, loyal siyasətinin başlanğıcıdır. Sizin versiyalarınız necədir? 
 
– Bu ehtimal aşağıdır. Çünki prosesin ardıcıl olaraq davam edəcəyi gözlənilmir. Yalnız Natiq Cəfərlinin azadlığa çıxması ilə bu prosesin davamlı olacağını demək üçün yetərli deyil. Çünki yeni həbslər, ittihamlar var və onlar müxtəlif spektrlidir. Bu, onu göstərir ki, hələ ki vəziyyətin  ciddi şəkildə yaxşılığa doğru dəyişəcəyinə əsas yoxdur. O baxımdan, bunun yeni siyasi açılım olduğunu düşünmürəm. Hər halda, söhbət Natiq Cəfərlinin təmsil etdiyi təşkilatdan gedirsə, çox yaxşı olardı ki, İlqar Məmmədov da onun ardınca azadlığa çıxsın. 
 
– Sizcə, Natiq Cəfərlinin azadlığa buraxılıb, İlqar Məmmədovun israrla həbsdə saxlanılması nəyin göstəricisi idi? 
 
– Fikrimcə, siyasi proseslərdəki ittihamların  böyük  əksəriyyəti arqumentsiz və əsassızdır. Amma Natiq Cəfərli ilə bağlı prosesləri dəyərləndirsək, görəcəyik ki, ona əvvəl açılmış cinayət işi həbs olunmazdan bir müddət əvvəl bağlanmışdı. Natiq Cəfərli əvvəl ölkədən çıxa bilmirdi, amma sonra çıxış imkanları yaradılmışdı. 
 
Müşahidələrim onu göstərdi ki, Natiq Cəfərli barəsində yuxarılara düzgün məlumat verilməmişdi. Onu şərləmişdilər, axtardılar heç nə tapmadılar. Hazırda hansısa ictimai-siyasi təşkilat  fəaliyyət göstərirsə, onun haradansa maliyyələşdiyini ehtimal edirlər. Onlar başa düşmürlər ki,  bəzi fəaliyyətləri  maliyyəsiz də etmək olur. 
 
İstənilən halda Natiq Cəfərlini azadlığa buraxmaq düzgün qərar idi. Onunla yanaşı, İlqar Məmmədovun və  digər siyasi məhbusların da azadlıq haqqına qovuşmasını arzulayardım. Onların bundan sonra da  məhbəsdə saxlanması hazırkı hakimiyyətə daha çox ziyan vuracaq.
 
 
Sevinc TELMANQIZI 
 
"Yeni Müsavat" qəzeti

 




Yuxarı Əvvələ Ana Səhifə