XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 18:30

Səudiyyəli nazirdən ABŞ mətbuatında İrana qarşı şok ittihamlar:“15 ildir Üsamə bin Ladenin oğlunu ərazisində gizlədir"

cubeyr-4

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Adil əl-Cübeyr “The Wall Street Journal” nəşrində İranı çox sərt şəkildə ittiham edən məqaləylə çıxış edib.

Strateq.az xəbər verir ki, səudiyyəli nazir məqaləsində İranı açıq şəkildə beynəlxalq terrorizmə dəstək verməkdə və region ölkələrinin daxili işlərinə qarışmaqda suçlayıb.

Məqalədə deyilir: "Ronald Reyqan həmişə Con Adamsın bu məşhur sözlərini iqtibas gətirməyi xoşlayardı: "Fakt inadkar şeydir". Bu səbəbdən İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin ekstremizmlə mübarizə haqqında açıqlamasını faktlarla tutuşduranda, məlum olur ki, onun əksər sözləri istehza doğurur və yalan təbliğatdan başqa bir şey deyil. Həqiqət isə ondan ibarətdir ki, İran terrorizmi dəstəkləyən öncül bir dövlətdir".

Adil əl-Cübeyr fikirlərinə sübut kimi, 1979-cu ildən bu yana baş vermiş bir sıra terror hücumlarında İranın hökumət təmsilçilərinin birbaşa iştirakını göstərir: "Bunların arasında Beyrutdakı Amerika səfirliyi və Beyrut Hava Limanında Amerikanın dəniz qüvvələrinə məxsus kazarmalarda törədilən kamikadze partlayışlarını, həmçinin 1996-cı ildə Səudiyyə Ərəbistanının “əl-Xubər” qüllələrində törədilən partlayışı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı və ondan çox digər ölkələrin səfirliyinə edilən hücumlar, dünyanın müxtəlif yerlərində diplomatların qətlə yetirilməsi və sair bu kimi halları misal olaraq qeyd etmək olar. Bir həqiqəti gizlətmək mümkün deyil ki, İran öz aqressiv siyasətini yeritmək üçün terrordan istifadə edir. Nə qədər ki, İranın rəsmiləri, “Sepah” və “Qüds gücü” terror aksiyalarını maliyyələşdirməkdə, təlim keçməkdə, silahlandırmaqda və yardım göstərməkdə davam edir, o, ekstremizmin qarşısını almaqdan danışa bilməz".

Səudiyyəli nazir yazır ki, əgər İran terrorizmin qarşısının alınması üçün beynəlxalq mübarizəyə qoşulub, orada iştirak etmək istəyində səmimidirsə, bir sıra addımlar atmalıdır: "…Qoy 15 ildir öz ərazisində əmin-amanlıq verdiyi "əl-Qaidə" təşkilatının başçılarını təslim etsin. Bu şəxslər arasında Üsamə bin Ladenin oğlu Səd, əl-Qaidənin əməliyyat işləri üzrə rəhbəri Seyfül-Ədl, eləcə də Səudiyyə Ərəbistanı, Amerika Birləşmiş Ştatlar və digər hədəflərə qarşı terror hücumları törətməkdə ittiham olunan digər ünsürlər var. Tam təsdiq olunmuş faktdır ki, Seyfül-Ədl 2003-cü ilin mayında İranda olduğu vaxt telefon vasitəsi ilə ər-Riyadda partlayışlar törətmək əmri vermişdi. Səkkizi amerikalı olmaqla 30 nəfərdən çox şəxsin həyatına son qoyan bu partlayışları təşkil edən bu şəxsi İran hələ də himayə edir. Həmçinin əgər İranın səmimi niyyəti varsa, o "Hizbullah" kimi terror təşkilatlarını maliyyələşdirməyə bilər. Belə ki, bu təşkilatın rəhbəri bütün maliyyəni İrandan alması ilə daim öyünür. Bundan əlavə, İran İraqda və Əfqanıstanda minlərlə Amerika əsgərini öldürüb, yaralayan əl qumbaralarının hazırlanma və paylanma işlərindən əl çəkə bilər. Habelə İran regiondakı qanuni hökumətləri iranpərəst oyuncaq hökumətlərlə əvəz etməyə can atan terrorçu və məzhəbçi qruplara silah yardımını dayandıra bilər".

Məqaləsində İranın Suriyadakı fəaliyyətinə də geniş yer ayıran Krallığının xarici işlər naziri Adil əl-Cübeyr yazır: "İranın əli Əsəd rejimi tərəfindən qətliama məruz qalan 500 min şəxsin qanına bulaşıb. Suriya rejimini xilas etmək üçün İran ona nizami əsgər və dövlətə tabe olmayan qüvvələrlə yardım edib. İran rəhbərləri açıq elan edib ki, onların əsgərləri olmasaydı, Əsəd çoxdan devrilmişdir. Hərdən İranın rəhbər şəxsləri məzhəbçilik zəminində qarşıdurmadan və zorakılıqdan şikayətlənirlər. Ancaq burada da faktlar onlara qarşıdır. 1979-cu ildə İranda "Amerikaya ölüm!" şüarı altında Xomeyni inqilabı alovlanana qədər regionda və dünyada sülh hökm sürürdü. Ancaq mollalar hakimiyyəti zəbt edəndən sonra öz konstitusiyalarında yazıldığı kimi söz verdilər ki, dini və məzhəbçilik mübarizəsi vasitəsi ilə inqilabı ixrac edib, öz ideologiyalarını yayacaqlar. İran öz inqilabını ixrac etmək üçün Sudan, Nigeriya, Suriya, Livan, Yəmən və Qəmər Adaları kimi bir çox dövlətdə "Sepah”-a tabe olan "mədəniyyət mərkəzləri" təşkil edərək öz ideologiyalarını təbliğat və güc yolu ilə yaymağa səy göstərib".

Səudiyyəli nazir məqaləsində idda edir ki, İran ölkə xaricində yaşayan şiə müsəlmanları arasında onların vətəndaşı olduqları dövlətlərə deyil, İrana aid olduqları barədə dövlət səviyyəsində təbliğat işi aparır: "Bu isə digərlərinin işinə qəbuledilməz bir müdaxilədir və bütün dövlətlər tərəfindən rədd edilməlidir. Bu "Xomeynilik" ideologiyası genişlənmək iştahasından çıxış edir, Qərb Dünyasına nifrətdən qidalanır, ekstremizm alovu və məzhəbçilik havasından güc alır".

"Keçən il İran nüvə sazişini imzaladıqdan sonra İran rəhbərliyi yaranmasında özlərinin payı olduğu regional problemlərdə digərlərini ittiham etməyə başladılar", – yazan Adil əl-Cübeyr daha sonra vurğulayır ki, bu sözləri təsdiq etməzdən öncə, adam bir neçə suala cavab verməlidir: "Yazıçı Salman Rüşdinin indiyədək qüvvədə olan ölüm fitvasını verən dövlət hansıdır? (İran). Öz ərazisində 10-dan çox səfirliyə hücum edib, bütün beynəlxalq qanunları pozan dövlət hansıdır? (İran). 1996-cı ildə “əl-Xubər” qüllələrində Amerikanın dəniz qüvvələrinə qarşı hücumu istəyən, planlaşdıran və həyata keçirən dövlət hansıdır? (İran). Məgər bu cavablar terrorizm və ekstremizmlə mübarizədə ciddi mövqeyə malik olan dövlətə işarə edir?"

İslam dünyasının yekdilliklə İranın davranışlarını pisləyən mövqe tutduğuna diqqət çəkən Krallığın xarici işlər naziri öz ölkəsinin terrorizmə qarşı mübarizədəki roluna da toxunub, həmçinin İranla hansı halda əlaqələr qura biləcəklərini açıqlayıb: "Aprel ayında İstanbul şəhərində keçirilən konfransda rəsmi olaraq İranın məzhəbçilik, digərinin işinə qarışmaq və terroru dəstəkləmək siyasəti qınanılıb. Səudiyyə Ərəbistanı terrorizmə qarşı mübarizədə aparıcı ölkədir. Belə ki, terrora qarşı savaşda bütün dövlətlərin mövqelərini yaxınlaşdırmaq üçün Səudiyyə Ərəbistanı 2005-ci ildə dünya ölkələrini bir konfransda toplayıb. Bundan əlavə Krallıq BMT nəzdində terrorla beynəlxalq mübarizə mərkəzinin yaradılması üçün 100 milyon ABŞ dolları verib. Terror və ekstremizmlə mübarizə məqsədi ilə 40 dövlətdən ibarət hərbi islam koalisiyası təşkil edib. Krallıq həmçinin Suriyada "İŞİD"-lə mübarizə üçün ABŞ-nın başçılıq etdiyi beynəlxalq koalisiyanın təsisçi dövlətlərindən biridir və aparılan hərbi əməliyyatlarda iştirak edir. Krallıq ABŞ-nın hədəf alındığı bir çox hücumları dəf edib və onun rəhbərləri terror və kamikadze hücumlarına tuş gəlib. Səudiyyə Ərəbistanı Krallığının tarixi təmizdir və dünyadakı müttəfiqlərimiz bizə etibar edir. Amma İranın tarixi ölüm və dağıdıcılıqla doludur. Bu, özünü Suriyada, İraqın bir çox yerlərində aydın göstərir. Bunlar sözlərlə yox, konkret əməllərlə dəyişə bilər. Səudiyyə Ərəbistanının İrana qarşı mövqeyi dəyişməz qalıb. Krallıq İranla mehriban qonşuluq və digərlərin işinə qarışmamaq prinsiplərinə əsaslanan yaxşı əlaqələr qurmağı alqışlayır. Bu o deməkdir ki, İran özünün təxribatçı və aqressiv fəaliyyətindən əl çəkməlidir, terrora dəstəyi dayandırmalıdır. Ancaq hələlik İranın davranışları ümidverici deyil."

Laçın SƏMLA

Strateq.az