XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

23 Sentyabr 2016 - 14:17

Tükiyə ilə ABŞ-ın Suriyada çarpışan maraqları:Dünya nizamı yeni balansa hamilədir - Təhlil

biden-erdogan

 

ABŞ-ın vitse prezidenti Co Baydenlə görüşündən sonra Nyu-Yorkda Türk-Amerikan Mədəniyyət Topluluğunun toplantısına qatılan Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan olduqca mühüm açıqlamalar verib.

Strateq.az xəbər verir ki, Türkiyə prezidenti çıxışında bir neçə məsələdən danışıb. Fəthullah Gülənin Türkiyəyə təhvil verilməsi, Suriya problemi, kürd separatizminə qarşı mübarizə və türk diasporasının ABŞ-da fəallaşmasının vacibliyi onun çıxışında ana xətlərdən olub.

ABŞ-ın Güləni təhvil verməmək üçün gətirdiyi bəhanələrdən danışan Ərdoğan bildirib ki, indiyə qədər qarşı tərəfə bu adamın cinayətlərini ifşa edən 85 qovluq dəlil göndərilib, amma bütün bu sənədlər rəsmi Vaşinqton tərəfindən kafi hesab edilməyib. Halbuki, ABŞ indiyə qədər Türkiyədən 10 terrorçunun tutulub onlara təslim edilməsini istəyib. Türkiyə isə bu tələblərdən 9-nu dərhal yerinə yetirib: “Amma özləri hələ də bu terrorçunu qoruyurlar”.

Ərdoğan çıxışında Coe Baydenlə görüşü zamanı Suriyadakı kürd separatçılarının ABŞ tərəfindən silahlandırılması məsələsini də gündəmə gətirdiyini bildirib. O deyib: “3 gün öncə Kobaniyə ABŞ-ın silah dolusu təyyarəsi endi… Qüsura baxmasınlar, dünən cənab Baydenə də dedim: “Bundan xəbərin varmı?”. “Xəbərim yox”- dedi. “Amma mənim xəbərim var”- dedim. Eyni şey daha əvvəl də oldu, yenə Kobaniyə üç təyyarə endirdilər, silahların yarısı DAEŞ-ə (İŞİD-red.), yarısı PYD-yə getdi. Ortada belə bir üzücü məlumatlar var”.

Türkiyə prezidentinin səsləndirdiyi bu məlumatlar, az qala, bütün dünya dövlətlərinin İŞİD-ə qarşı vuruşduğu halda, “xilafətçi”lərin hələ də ayaqda dayandıqlarının səbəblərinə aydınlıq gətirir. Belə məlum olur ki, dünyanın super gücü müharibə elan etdiyi təşkilatı əslində hər cür hərbi texiniki avadanlıqlarla silahlandırır, onun özünü qorumasına münbit şərait yaradır.

Bir müddət əvvəl ABŞ-ın İŞİD-ə qarşı aktiv mübarizə aparan Suriya ordusunun Deyr əz-Zor hərbi bazasını “yanlışlıqla” bombalaması da bu ehtimalı qüvvətləndirir. Qeyd edək ki, həmin hücum nəticəsində 80 Suriya əsgəri öldürülmüş, 100-dən artıq hərbçi isə yaralanmışdır. Rusiya ilə bağladığı atəşkəs sazişinin müddətinin bitməməsinə baxmayaraq, həyata keçirilən bu əməliyyat beynəlxalq aləmdə ciddi etirazlara səbəb olmuş, çətin vəziyyətdə qalan ABŞ bunu səhvən hədəfdən yayınma kimi izah etməyə çalışmışdı. Əsəd hakimiyyəti isə əməliyyatın qətiyyən hədəfdən yayınmaq olmadığını, bilərəkdən İŞİD üzərində həlledici zəfər qazanmağa hazırlaşan Suriya ordusunu zəiflətmək məqsədi güddüyünü bəyan etmişdi.

Ərdoğan da məlum çıxışında bir tərəfdən ABŞ liderliyindəki koalisiya güclərinin, digər tərəfdən Rusiya, İran, Suriya ordusunun döyüşdüyü İŞİD müəmmasını gündəmə gətirərək, bildirib: "Yəni 65 ölkədən ibarət koalisiya gücləri bir İŞİD məsələsini həll edə bilmədi, eləmi? İŞİD-in hazırda Suriyadakı əsgər gücü 10 mindir. İraqda da 10 min döyüşçüsü var. Mən onlara dəfələrlə söylədim. "Əl-ələ verək", – dedim –“gəlin, biz bu İŞİD-i bitirək”. İŞİD buralarda qala bilməz, qaçacaq dəlik axtarar".

Maraqlıdır ki, Ərdoğan İŞİD və kürd separatizminə qarşı mübarizədə tərəfdaş axtararkən, Türkiyənin “strateji müttəfiqi” ABŞ Suriyadakı ənənəvi siyasətini davam etdirəcəyi mesajı verirdi. Ərdoğanın Coe Baydenlə görüşdüyü sıralarda mətbuat konfransı keçirən Pentaqon yetkililəri Türkiyənin ərazi bütövlüyünü təhdid edən kürd separatçılarını silahlandırdıqlarını və bundan sonra da öz fəaliyyətlərinə davam edəcəklərini bildirirdilər.

carter

Dünən ABŞ Müdafiə naziri Eşton Karter ilə Baş Qərargah rəisi Cozef Dunford birgə mətbuat konfransı keçirib jurnalistlərin suallarını cavablandırırdı. Bir suala cavab verən Karter deyirdi: “Suriyalı kürdləri daha əvvəl də silahlandırmışıq. Onlar Suriya Demokratik Güçlərinin tərkib hissəsidir. Suriyalı kürdlərlə əməkdaşlığı davam etdirməyi dəstəkləyirəm".

ABŞ-ın bu ikibaşlı oyunu Türkiyənin bölgədəki siyasətini də çətin vəziyyətə salır. Məlum olduğu kimi, öz torpaq bütünlüyünə qarşı təhdidi ortadan qaldırmaq istəyən Türkiyə ordusu bir ay öncə Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatına başlayıb. Əməliyyatın məqsədi Türkiyənin cənub sərhədlərində yarana biləcək və qardaş ölkənin ərazisinə də sıçrayacağı güman olunan “kürd zolağı”nın formalaşmasının qarşını almaqdır. Təhdidin otradan qaldırılması üçün Azad Suriya Ordusunu dəstəkləyən Türkiyə Silahlı Qüvvələri İŞİD-in əlində olan əraziləri öz nəzarəti altında tutmağa çalışır. Çünki bölgənin kürdləşdirilməsi prosesində ABŞ-ın həyata keçirdiyi strategiya indiyə qədər iki əsasa söykənib: əvvəl hədəf seçilən ərazilər İŞİD tərəfindən ələ keçirilir, daha sonra isə ABŞ-ın dəstəklədiyi kürd separatçıları onları bölgədən vurub çıxarır. Beləcə, “ilan Seyid Əhməd əliylə tutulur”, hədiyyənin əsl sahibi dünyaya “qurtarıcı güc” olaraq təqdim olunur.

Türkiyənin öz ərazi bütövlüyünə təhdid kimi gördüyü “kürd zolağı”nın indiyə qədərki bütün sahələri məhz bu cür taktikalarla kürdləşdirilib. Ötən illərdə strateji əhəmiyyətə sahib Tel-Abyad, Afrin vilayətləri və Raqqa ətrafındakı bir çox kəndlər, bu il isə Münbiç bu yolla “kürd zolağı” projesinə qazandırılıb. Aralıq dənizinə qədər uzanması nəzərdə tutulan “zolağ”ın böyük ölçüdə tamamlanması üçün geridə sadəcə Afrinlə Münbici birləşdirəcək eni cəmi 45 km olan Cerablus-Raqqa dəhlizi qalırdı. Türkiyə heç olmasa bu dəhlizi öz nəzarətində saxlamaq üçün “Fərat qalxanı” əməliyyatına strat verdi.

cerablus-x%c9%99rit%c9%99si

Fərat qalxanı”nda atılan addımların təhlili göstərir ki, qardaş ölkə bu əməliyyatı əsasən 3 mərhələdə aparmaq istəyir.

Hazırda tamamlanan ilk mərhələ Cerablusun alınması idi. Əhalisinin əsasən türklərdən təşəkkül tapdığı, içərisində Çobanbəy qəsəbəsi kimi türk yurdunun olduğu bu ərazilərin İŞİD işğalından azad edilməsi Türkiyə üçün çətin olmadı. Yerli xalq tərəfindən dəstəklənən “Məhmətçik” qısa zaman ərzində ciddi itki vermədən 200 kv km ərazini işğaldan təmizlədi. Bununla belə, bir neçə gün öncə qurtarılmış bu ərazilərdə belə, “xilafətçilərin yenidən baş qaldırdıqları, 5 kəndi aldıqları bildirilir. Elə bu faktın özü Türkiyə üçün “Fərat qalxanı”nın ən asan mərhələsində belə ciddi problemlərin yaşandığından xəbər verir.

Fərat qalxanı”nın ikinci və daha çətin mərhələsi Cerablusla Münbic arasında yerləşən əl-Bab şəhərinin alınmasıdır. Əməliyyata ara verən Türk ordusunun irəliləyişini müvəqqəti dayandırması əl-Babın “asan loxma” olmaması ilə izah olunur. Məlumatlara görə, İŞİD-in əsas qalalarından olan əl-Babı 4 minə qədər “xilafət” silahlısı qoruyur. Türkiyənin “Fərat qalxanı”nda dəstəklədiyi Azad Suriya Ordusunun isə cəmi 1500 silahlısı var. 3 dəfə özlərindən çox olan İŞİD-ə qarşı döyüş ASO-ya xeyli çətin görünür. Üstəlik, əsasən ərəblərdən təşəkkül tapan yerli əhali də “xilafətçi”lərə “ümid yeri” kimi baxır. Belə bir şəraitdə hətta Cerablusdə belə, 5 kəndi “xilafətçi”lərdən qoruya bilməyən ASO-nun əl-Babda xariqələr yaratması, həqiqətən, inandırıcı təsir bağışlamır. Görünür, vəziyyətin mürəkkəbliyini nəzərə alan Türkiyə ordusu məhz bu səbəbdən Suriya ilə sərhəddə xeyli canlı qüvvə və hərbi texnika toplayıb. Əl-Babın alınmasında çətinlik yaranarsa, əməliyyata qoşulacağı güman olunan bu türk əsgərlərinin sayının 44 minə qədər olduğu xəbər verilir.

Hardasa, əl-Babdakı “xilafət”çilərin 10 mislində qüvvəylə əməliyyatın ikinci mərhələsinə başlamağa hazırlaşan Türk ordusunun qarşısındakı ən ciddi sınaq üçüncü mərhələ olacaq. Raqqanın işğaldan azad olunmasını nəzərdə tutan bu mərhələdə Türk ordusunun qarşısına daha artıq “xilafətçi” ilə yanaşı, coğrafiyanın çətin relyefinin də çıxacağı gözlənilir. Dağlıq ərazidə yerləşən, dörd tərəfi keçilməz təbii sədlərlə əhatələnmiş Raqqa məhz bu xarakterinə görə, İŞİD-in Suriyadakı paytaxtı elan olunub. Raqqanın əhalisi də ərəb və kürdlərdən ibarətdir və onların heç biri bölgənin Türk ordusunun əlinə keçməsini arzulamır. Üstəlik, bölgənin təbii quruluşu da nizamlı ordunun əsas gücü hesab olunan hərbi texnikaların öz sözünü deməsinə imkan vermir. Raqqaya planlaşdırılan hərbi əməliyyatları yalnız hava qüvvələri vasitəsilə dəstəkləmək mümkündür ki, ABŞ-la Rusiya arasında əldə olunan ilkin razılaşmaya görə, bu səlahiyyət üç dövlətə – razılığa gələn iki ölkəyə və Suriyaya  veriləcək. Onlardan hansısa birinin ən kritik anda Türk ordusuna kömək edəcəyinə güvənmək isə sadəlövhlük olardı.

Bütün bu amillər Türkiyənin qarşısında çox çətin sınaqların dayandığını göstərir.

Cavabı axtarılan əsas suallardan biri də “Fərat qalxanı” əməliyyatının hər 3 mərhələsinin tamamlanmasından sonra böyük çətinliklər bahasına əldə olunan status-kvonun qorunub saxlanması məsələsidir. Cerablusda xilas olunmuş 5 kəndin İŞİD tərəfindən ələ keçirilməsi faktı təsdiqləyir ki, istənilən torpağı işğaldan azad etməkdən daha çox, onun əldə tutulması daha aktual problem kimi ortaya çıxa bilər. Zira Türk ordusu sonsuza qədər o torpaqlarda qalmayacaq. Xilas etdiyi torpaqları Azad Suriya Ordusuna təhvil verib öz vətəninə qayıtmalıdır. Sıraları seyrək olan və beynəlxalq qüvvələr tərəfindən kifayət qədər dəstəklənməyən bu qüvvə Türk ordusunun vətəninə qayıtmasından sonra bir tərəfdən İŞİD, digər tərəfdən PYD silahlıları arasında sıxılmış vəziyyətdə qalacaq. Həmin qüvvələr isə, Ərdoğanın dediyi doğrudursa, (ki, şübhə etmək üçün əsas yoxdur) ABŞ tərəfindən silahlandırılırlar.

firat-kalkani

Bu baxımdan, “Fərat qalxanı”nın qarşı-qarşıya dayandığı problemlər öz həllini tapmadıqca, TSQ-nın Şimali Suriyada keçirdiyi əməliyyatlar da kürd separatçılarının işinə yaraya bilər. Nədən ki, əməliyyat indiyə qədər yalnız İŞİD-ə qarşı yönəlib və bu da regiondakı kürd separatçılarının əsas alternativlərindən birini zəiflədir. Nəticədə ABŞ-ın dəstəklədiyi PYD öz mövcudluğunu qoruyur, tez-tez Kobanidəki hərbi aeroporta enən təyyarələr tərəfindən silah-sursatla təchiz olunaraq gücləndirilir. Sözsüz ki, bu siyasətin perspektiv nəticəsi əvvəl İŞİD-dən təmizlənən, daha sonra Türk ordusu tərəfindən tərk edilən coğrafiyanın PYD-nin əlinə keçməsi deməkdir.

Əslində Ərdoğan da ölkəsinin qarşı-qarşıya qaldığı bu təhlükənin fərqindədir. Bunu Türkiyə prezidentinin Nyu-Yorkdakı çıxışı zamanı dilə gətirdiyi bir təklif də sübut edir. O, Türkiyə tərəfindən azad edilən bölgədə İŞİD və PYD zülmündən qaçan insanların yerləşdirilməsini, dolayısıyla oraların terrorçular üçün sosial baza olmaqdan çıxarılmasını təklif edərcəsinə deyirdi: “Hədəfimiz – bu 95-45 kilometrlik ərazidə 4-5 min kvadrat kilometrlik bir sahəni güvənli bölgə elan etmək və bu güvənli bölgəyə qaçqın qardaşlarımızı yerləşdirməkdir. Bizə pənah gətirmək istəyənləri burda yerləşdirə bilərik. Bizə pənah gətirmiş olan qardaşlarımızı  da həmçinin. Yerli arxitekturaya uyğun olaraq burada dərhal yaşayış məntəqələri inşa etməliyik ki, suriyalı qardaşlarımız həmin məntəqələrdə məskunlaşsın. Hətta lazım olsa, biz öz torpaqlarımızda da onlar üçün yenə evlər tikə bilərik. Bu addımı atacağıq. Çünki vaxt itkisinə səbr edəcək halda deyilik”.

Göründüyü kimi, Türkiyənin Suriya məsələsində ABŞ-la toqquşan mövqeyi Ankaranı dalana dirəyib. Dalandan çıxmaq üçün şərtlər onun müttəfiqinə güvənmədən müəyyən addımlar atmasını və regionun digər aktyorları olan Rusiya, Suriya, İranla ümumi razılığa gəlməsini tələb edir. Bu isə dünya nizamında yeni balansların ortaya çıxması mənasına gəlir.

 

Heydər Oğuz

Strateq.az