Ermənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş hərbi paradda Rusiya istehsalı olan “İsgəndər-M” operativ-taktiki raket sisteminin nümayiş olunması çöx böyük rezonansa səbəb olub. Bütün bu müzakirələrə və mübahisələrə baxmayaraq, rəsmi Moskva susmağa üstünlük verir. Yerevanda da “İsgəndər-M” operativ-taktiki raket sisteminin nümayiş olunması ilə bağlı məsələyə tam aydınlıq gətirmək isəmirlər.
Rusiyanın bəzi ekspertləri isə idda edirlər ki, Ermənistana verilən, çox güman ki, “İsgəndər-E” raket kompleksidir.
Bu kompleks “İsgəndər-M”dən çox fərqlənir. “İsgəndər-E” ixrac edilən modifikasiyadır. Rusiya “İsgəndər-M”i Ermənistana sata və ya verə bilməz. Çünki bu, Moskvanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması anlamına gələr. 300 km-dən artıq vuruş məsafəsi olan raket kompleksinin münaqişə iştirakçısı olan dövlətlərə satılması beynəlxalq öhdəliklərin pozulması deməkdir. Bu, hərbi paradda nümayiş olunan “İsgəndər”in Rusiya hərbi bazasına məxsus olduğu şübhələrini artırır.
“İsgəndər” operativ-taktiki raket sisteminin özəllikləri
Öz tərəfimizdən qeyd edək ki, “İsgəndər” operativ-taktiki raket sistemləri düşmənin müdafiəsinin dərinliklərində müxtəlif hədəflərin məhv edilməsi üçün istifadə oluna, eyni zamanda taktiki nüvə başlığı daşıya bilər. “RİA Novosti”nin məlumatına görə, bu ilin fevralına qədər Rusiya Silhalı Qüvvələrində “İsgəndər” operativ-taktiki raket sistemləri ilə 6 raket briqadası təchiz olunub. Bu raket sisteminin bir çox üstünlükləri var. İlk növbədə radilokasiya sistemlərinin raketi aşkar etməsi imkanları məhduddur. Çünki yer səthinə çox yaxın uçmaq imkanlarına malikdir. Yer səthindən 6 km hündürlükdə hərəkət edir. Bu raketi havada vurmaq da çox çətindir, ona görə ki, sabit trayektoriya ilə uçmur. Uçuş traektoriyasını hesablamaq qeyri-mümkün olur. Bütün uçuş boyu raketi idarə etmək mümkündür.
Bu raketləri hədəfə yönəltmək üçün kəşfiyyat təyyarəsinin, pilotsuz uçan aparatların, yaxud adi kəşfiyyatçının ötürdüyü koordinatlar, məlumatlar, şəkillər və s. yetərlidir. Raketlər hədəfləri vurmaqda çox yükək dəqiqliyə malikdir. “İsgəndər – M” 500 km uzaqlıqdakı hədəfi 2 metr xəta ilə məhv edir. Proqram təminatı sırf Rusiya istehsalıdır. Bu ilin yanvar ayında Rusiya KİV-də bu raketlər “ələkeçməz raket qisas alanı” kimi təqdim edilib. Qeyd olunub ki, Kalininqrad şəhərindən bu raketlə Berlindəki hökumət kvartalını asanlıqla vurmaq olar…
“İsgəndər – M”-in briqada komplekti 51 maşından ibarətdir. Bura 12 buraxılış qurğusu, 12 nəqliyyat, 11 komanda-qərargah, 14 təchizat və 1 texniki xidmət maşını, 1 informasiya hazırlığıl məntəqəsi və s. daxildir.
Rusiya hərbi ekspertləri , “İsgəndər” operativ-taktiki raket sistemlərini ABŞ-ın Polşa və digər Avropa ölkələrində, Cənubi Koreayda raket əleyhinə müdafiə sistemləri yerləşdirməsinə layiqli cavab kimi dəyərləndirirlər. “İsgəndər – M” raket sisteminin Kalininqradda və Leninqrad vilayətində yerləşdirilməsi ABŞ Konqresində müzakirələrə səbəb olmuşdu. Bu müzakirələrdə qeyd olunurdu ki, Rusiya bütün Avropanı nişangahda saxlayır.
Ermənistandan əvvəl “İsgəndər – M” raket sisteminin Azərbaycana ən yaxın yerləşdiyi məntəqə Rusiyanın Cənub Hərbi Dairəsində, Həştərxan vilayəti idi. Gürcüstanla 2008-ci ilədki “5 günlük” müharibə zamanı Rusiya ordusunun 630 saylı əlahiddə divizonu “İsgəndər – M”lə Poti və Qoridəki hədəflərə iki dəfə atəş açmışdı.
“İsgəndərin buynuzu var, buynuzu”
“İsgəndər” operativ-taktiki raketlər sistemlərinin Ermənistana verilməsi və yaxud nümayiş olunması əslində prinsipial əhəmiyyət kəsb etmir. Əsas diqqət çəkən bu raketlərin məhz Yerevanda nümayişi idi. Əsas sual da, Rusiyanın niyə indiki məqamda bu addımı atmasıdır.
Şübhəsiz ki, bu məsələdə yalnız Azərbaycan əsas rol oynamır. Rusiya qorxulu silahını Cənub cinahında da NATO məkanına daha yaxın məntəqədə yerbəyer etdiyini göstərmək istəyir. Kreml ustalıqla çox yaxşı məqam da seçib. Buna ən çox etiraz etməli olan Türkiyə üçün Kremlin dəstəyi indiki mərhələdə vacibdir. Buna görə, Ankara sözdə də, əməldə də təmkinini qorumağa çalışacaq. Baxmayaraq ki, Ermənistan sərhəddindən “İsgəndər – M”lə “İncirlik” hərbi bazasını da vurmaq olar. Azərbaycanın da imkanları əvvəlki illərlə müqayisədə azdır. Xüsusən iqtisadi resurslar baxımdan, eyni zamanda mövcud siyasi konyukturda ruslara müqavimət potensialı böyük deyil.
“İsgəndər”in Yerevanda nümayiş etdirməklə ruslar özləri üçün digər mühüm vəzifəni də həll etməyə çalışırlar. Kreml onun icazəsi olmadan Qarabağ cəbhəsində hərbi əməliyyatların başlamasını önləməyə çalışır. Ruslar həm Azərbaycana silah satmaqla, həm də Ermənistanı silhalandırmaqla hər iki tərəfdə elə hərbi potensial yaratmağa çalışrlar ki, müharibənin necə dağıdıcı olacağı Bakı və Yerevanda hamı üçün aydın olsun. SSRİ ilə ABŞ arasındakı “soyuq müharibə” strategiyası Cənub Qafqazda kiçik miqyasda tətbiq olunur. Nə qədər paradoksal olsa da, yüksək səviyyədə silahlanma həm də, çəkindirici amil kimi çıxış edir. Görünür, aprel döyüşlərindən sonra Moskvada o qənaətə gəliblər ki, Kremlin zəhmi artıq status-kvonu saxlamaq, itaət üçün yetərli deyil. Məhz buna görə, Ermənistanda “İsgəndər buynuzunu” göstərdilər. Ruslar çalışırlar ki, Cənub Qafqazda maraqlı olan bütün tərəflər hansı havanı çalsalar da, “İsgəndərin buynuzu var, buynuzu” səsi eşidilsin…
Rusiyanın bütün şərtlərdə Ermənistanı himayə etməsi, Azərbaycanın bütün jestlərinə baxmayaraq, bu siyasətdən əl çəkməməsi və s. ilə bağlı isə artıq yazmaq mənasını itirib. Görünən dağa nə bələdçi… Onsuz da hamı bilir ki, “İsgəndərin buynuzu var, buynuzu”…
Zaur İbrahimli
Strateq.az