Rusiyanın ikibaşlı hərbi siyasəti son zamanlar bütün çılpaqlığı ilə ortaya çıxır. Bir müddət öncə Ermənistana “İsgəndər-M” raketini satan, Türkiyə və Azərbaycanla isə hərbi əməkdaşlığını möhkəmləndirən Moskva eyni ikibaşlı oyunu Cənubi Asiyada da oynayır.
Strateq.az xəbər verir ki, Pakistan tarixində ilk dəfə Rusiya ilə hərbi manevr keçirməyə qərar verib.
Hər iki ölkədən cəmi 200 əsgərin qatıldığı "Dostluq-2016" hərbi təliminin bu gün keçirilməsi nəzərdə tutulur. Bu isə ilk növbədə Pakistanla qanlı düşmən olan Hindistanı narahat edir.
Hindistanın Rusiyadan “incikliyi” əsassız deyil. Məsələ burasındadır ki, bu iki dövlət arasında ikitərəfli tarixi münasibətlər mövcuddur. Uzunmüddətli ingilis müstəmləkəçiliyindən qurtulan Hindistan xüsusilə II Dünya Müharibəsindən sonra məzlum xalqların “himayəçisi” rolunda çıxış edən SSRİ ilə yaxın müttəfiqlik edib. Bu müttəfiqlik əsasən onun hərbi strukturlarının formalaşıdırlmasında özünü göstərib. İndisə Hindistana silah satan həmin Rusiya onun əsas düşməni sayılan Pakistana bu silahlardan necə müdafiə olunmağın yollarını öyrədir. Necə deyərlər, “dovşana qaç, tazıya tut”-deyir.
Xatırladaq ki, Rusiyanın hələ SSRİ dövründən etibarən, ən çox silah satdığı ölkələrin başında Hindistan gəlirdi. SSRİ dağıldıqdan sonra da bu yaxınlıq davam edib. İqtisadi cəhətdən “məzlum xalqların” imperializmə qarşı mübarizəsini maliyyələşdirə bilməyəcəyini anlayan sovet hakimiyyəti bu mövqeyindən geri çəkilsə də, Hindistanla hərbi-ticari əlaqələrə son qoymayıb. Hələ də rəsmi Dehli öz müdafiəsini təmin etmək üçün silahları Rusiyadan alır. Məlumata görə, Hindistanın xaricdən aldığı silahlarının 70%-i Rusiyaya aiddir. Rusiya isə öz silah ixracatının 20%-ə yaxınını bu ölkəyə satır. Beləcə, Hindistan illərdən bəridir, Rusiyadan aldığı SU-30 döyüş təyyarələri, T-90 tankları və "Akula-II" tipli yüksək texnologiyaya sahib nüvə sualtıları ilə ordusunu təchiz edir.
Son zamanlar Rusiya ilə bağladığı müqavilələrlə öz hərbi qüdrətini modernləşdirmək istəyən ölkənin rus silah şirkətlərinə 250 ədəd 5-ci nəsil döyüş təyyarəsi sifariş verdiyi bildirilir. Müqavilədə hətta bu təyyarələrin Hindistanda istehsalı belə, nəzərdə tutulur.
Üstəlik, bu qədər ciddi hərbi əlaqələrə sahib olan iki ölkəni narahat edən bir sıra ortaq təhdidlər var. Bunlardan biri vaxtilə ABŞ tərəfindən dəstəklənən radikal islami hərəkatlardır. Hindistanın Kəşmir problemi olduğu kimi, Rusiyanın da Çeçenistan dərdi var və hər iki cərəyanın maddi, mənəvi cəhətdən qidalanmasında Pakistan da mühüm rol oynayır. Bütün bu ortaq təhdidlər və düşmənlər, hindlilərin məntiqincə, hər iki dövləti daha da yaxınlaşdırmalı, birgə fəaliyyət göstərməyə təşviq etməliydi, insafən, bu zamana qədər də elə bu cür idi.
Təsadüfi deyil ki, hələ SSRİ dağılmamışdan əvvəl 1971-ci ildə 3-cü Hindistan-Pakistan müharibəsi başlayanda Moskva açıq şəkildə onu dəstəkləmiş, ABŞ-a və Pakistana qarşı çıxmışdı. 1979-cu ildə Brejnevin əmriylə sovet ordusunun Əfqanıstana girməsi və Pakistanın rus işğalına qarşı döyüşən qüvvələri dəstəkləməsi SSRİ ilə Hindistanı daha da yaxınlaşdırmışdı. Əfqanıstan savaşından sonra belə, Cənubi Asiyanın ABŞ-ın tam nəzarətinə keçməməsi üçün Rusiya Çin və Hindistanla hərbi strateji ittifaq qurmaq haqqında düşünürdü. Üç ölkə arasında 1990-cı illərdə aparılan danışıqlar Rusiyanın iqtisadi tənəzzülü nəticəsində yarımçıq qalmış, beləcə regionun bir çox dövlətləri yeni müttəfiqlər arayışına başlamışdılar.
2000-ci illərdə beynəlxalq münasibətlərdə rus təsirinin azalması bir zamanlar SSRİ-nin himayəsinə sığınan “məzlum dövlətləri” “yetim” qoydu. Məşhur 11 sentyabr terror aktını bəhanə edən ABŞ-ın ilk hərbi müdaxilə etdiyi coğrafiya Cənubi Asiya oldu. Beynəlxalq qüvvələrin dəstəyini alan Vaşintqon 7 oktyabr 2001-ci il tarixində Əfqanıstanı işğal etdi. İndiyə qədər davam edən bu işğalın ilk dövrlərində regionun digər dövlətləri, o cümlədən Hindistan da öz xarici müffəfiqləri məsələsinə yenidən baxmalı oldular. Almaniyanın Bonn Universitetinin alimi, politologiya elmləri üzrə professor Gerhard Simon geopolitik dalana dirənən Hindistan barədə deyirdi: “Hindistan, kiçikli-böyüklü bütün qonşuları tərəfindən əməkdaşlıq üçün arzulanan ölkə olmağın rahatlığı içindədir. Ancaq Rusiyanın da daxil olduğu bu ölkələr ortaqlığa yeganə namizəd olmadıqlarını göz önündə tutmaq məcburiyyətindədirlər."
Yəni, bizim anladığımız loru dildə desək, Hindistan artıq bir çox alternativlərə açıq siyasət yürütməliydi.
Əfqanıstanın ABŞ tərəfindən işğalı təkcə Hindistan üçün deyil, regionun digər dövlətləri üçün də yeni status-kvo yaratmışdı. Bir tərəfdən əvvəl ABŞ-ın xeyir-duasıyla Rusiyaya qarşı islam fundamentalistlərini dəstəkləyən Pakistan Vaşinqtonun mövqe dəyişikliyindən narazı qalır, öz ərazilərində oturuşmuş əl-Qaidə və Taliban qüvvələrini qarşı mübarizə apara bilmir, digər tərəfdən isə Hindistan Kəşmir problemindən yaxa qurtarmaq üçün “cihadçı”ları yox etməyə çalışan ABŞ-ı dəstəkləyirdi. Rusiya isə bir vaxtlar özünün saplandığı Əfqanıstan bataqlığına girmiş ABŞ-ın zəifləyib coğrafiyadan ayrılmasını gözləyirdi. Regionun digər söz sahibi Çin isə öz iqtisadi inkişafını hədəf kimi ortaya qoyur, dünyanın digər ölkələriylə yeni münasibətlər qurmağa çalışırdı. Yəni o da çoxalternativli “kart”la oyuna daxil olurdu.
Çoxalternativli xarici əlaqələr siyasəti Hindistanı xüsusilə son zamanlar ABŞ-la müttəfiqliyə sürükləyirdi. Nədən ki, Cənubi Asiya dolambacı içərisində onun qarşısına çıxan yeganə maneə Pakistan da deyildi. Son zamanlar iqtisadi cəhətdən ciddi məsafələr qət edən Çin də onun maraqlarını təhdid edirdi. Əhalisi və iqtisadi gücü artdıqca öz qınına sığmayan Çinlə Hindistan arasında onsuz da 1962-ci ildən bəri davam edən sərhəd anlaşmazlığı mövcuddur. Çinin Tibeti işğal etməsindən sonra Himalay dağının müəyyən hissəsini öz ərazisinə qatması bu iki ölkə arasında qısamüddətli müharibəyə yol açmışdı. Həm Rusiyanın, həm də ABŞ-ın Hindistanı müdafiə etməsiylə yenidən öz ərazilərinə qayıdaraq, atəşkəs bağlamağa məcbur olan Çinin gözü hələ də Himalaydadır. Təsadüfi deyil ki, 1962-ci ildə atəşkəs elan olunmasına baxmayaraq, Çinlə Hindistan arasında sülh sazişi düz 30 ildən sonra – 1993-cü ildə bağlandı.
Çinin iqtisadi yüksəlişi də Hindistanı öz ixrac bazarından xeyli sıxışıdırır. Eyni problem ABŞ-ı da narahat edir və bu ölkə Çin yüksəlişini dayandırmaq üçün regionun digər dövlətləriylə hərbi-strateji ittifaqlar qurmağa çalışır. İlk öncə Cənubi Çin dənizi sahillərində yerləşən ölkələrlə bağlanan ittifaq sazişlərinə son zamanlar Hindistan da əlavə olundu. Xatırladaq ki, hardasa bir ay öncə ABŞ-ın dövlət katibi Con Kerri Hindistana səfər etmiş və ölkənin xarici işlər naziri Suşma Suarajla görüşmüşdü. İki rəsmi şəxs arasında əldə olunan razılığa görə, ölkələr regiondakı rəqiblərinə qarşı bir-birinin hərbi bazalarından istifadə edə biləcəkdilər. Bu qədər genişsəlahiyyətli saziş, sözsüz ki, Hindistandan çox, ABŞ-ın regional rəqiblərinə qarşı yeni müttəfiqinin hərbi gücündən istifadə etməsi demək idi. ABŞ-ın isə regional rəqibinin Çin və yenidən Cənubi Asiyada güclənməyə çalışan Rusiya olduğu sirr deyil.
Məlum sazişdən bir ay keçməmiş Rusiya ilə Pakistanın birgə hərbi təlim keçirməsinə bu aspektdən nəzər salanda bir sıra müəmmalar ortaya çıxır. Belə məlum olur ki, Cənubi Asiyada yaranmış yeni geopolitik şərait regiona özüylə bərabər həm də yeni balans gətirir. Bu balansın bir tərəfində Hindistan, ABŞ, digər tərəfində isə Pakistan, Rusiya, Çin dayanacaq. Hindistan ordusunun hərbi arsenalının 70%-i rus, Pakistan hərbi arsenalının böyük hissəsi isə ABŞ silahlarından ibarət olsa da.
Sözsüz ki, tez-tez əl dəyişdirən bu balanslar beynəlxalq silah şirkətlərinin də işinə yarayır. Ən azı ona görə ki, yeni hegemoniyalar həm də silahlarını tərkib hissəsi olduğun ittifaqların hərbi xarakterinə uyğunlaşdırmaq zərurəti deməkdir…
Heydər Oğuz
Strateq.az