XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 March 2015 - 13:42

Avropadan Türkiyəyə yeni çağırış

“Avropa Birliyi ilə Türkiyə hələ heç vaxt bu qədər bir-birinə gərək olmayıb”

Türkiyə bu il “böyük iyirmiliyin” sammitini, G-20 dövlətləri başçılarının onuncu illik görüşünü qəbul edəcək. Dünyanın diqqəti bu ağır vəziyyətdə getdikcə güclənən qeyri-sabitlik həlqəsinə düşmüş Türkiyəyə dikiləcək.

Türkiyə ilə qonşu ölkələrdə iki geopolitik hadisə başa çatır: “soyuq müharibə”dən sonra Rusiya ilə mövcud olan yekdillik və Yaxın Şərqin 1916-cı il “Sayks-Piko anlaşması”, eləcə də 1919-cu il “Versal müqaviləsi” ilə müəyyən edilmiş sərhədləri. Avropa Birliyi ilə Türkiyə hələ heç vaxt bu qədər bir-birinə gərək olmamışdı, lakin onlar nadir hallarda indiki qədər uzaq düşmüşdülər.

Türkiyə daha prezident Rəcəb Tayyip Ərdoğanın 12 illik idarəçiliyinin birinci yarısındakı doğmaqda olan bölgə ulduzu deyil. ölkənin bölgədə çoxlarını ruhlandıraraq iqtisadi sıçrayış yaşadığı və əsl demokartiyaya doğru irəlilədiyi günlər çoxdan arxada qalıb. Bu gün Türkiyənin başdan aşan problemləri var: artan avtoritarizm, zəif görünən iqtisadi artım, kürd məsələsi üzrə süst şəkildə davam edən barışıq prosesi… Onun Suriya ilə quru sərhədinin uzunluğu 900 km-ə çatır, buna görə də Türkiyə 2 milyon Suriya qaçqınını qəbul etməli və İŞİD terrorçularının həmlələri qarşısında sınıq çıxmalı oldu. Həm İranla, həm də İsraillə münasibətlərdəki gərginlik dərinə kök atıb. ölkənin qisasçı Rusiyadan enerjidaşıyıcıları almaq asılılığı artıb.

Türkiyə təkbaşına bu problemlərin öhdəsindən gəlməyə qadir deyil. Türkiyənin xarici ticarətinin 40%-i, birbaşa xarici investisiyaların 70%-i, turizm sahəsindən gəlirin 50%-dən çoxu Avropa Birliyinin (AB) payına düşür. Eyni zamanda, 2011-ci ilin “ərəb baharı”ndan sonra ölkənin güney qonşuları ilə iqtisadi əlaqələri kəskin şəkildə zəifləyib.

Yeni gerçəklik Türkiyə ictimai rəyində də əks olunub: AB-ə dəstək 2009-cu ildəki 34%-dən keçən ilki 53%-ədək yüksəlib. Başqa sözlə, Türkiyə anlamağa başalyıb ki, onun AB və transatlantik birliklə sıx təmaslara cəlbedici alternativləri yoxdur. Avropa Birliyi üzrə nazir Volkan Bozkırın ötən payız elan etdiyi “Türkiyənin Avropa strategiyası”nı bu faktın dolayısı ilə etirafi kimi qəbul etmək olar.

Eyni zamanda, Avropa da sabit, demokratik, qərbyönlü Türkiyə üçün heç vaxt bu qədər maraqlı olmamışdı. Avropa və dünya ictimaiyyəti Türkiyə ilə kooperasiya olmadan xarici silahlılar təhlükəsinin öhdəsindən gəlməyi, İŞİD-ə qələbə çalmağı, İraqı sabitləşdirməyi, Suriya probleminin siyasi həllini tapmağı çətin bacarar. Bundan başqa, AB-nin energetika sahəsində təhvilin diversifikasiyası vasitəsilə təhlükəsizliyə nail olmaqda Türkiyə ilə normal tərəfdaşlığa ehtiyacı var.

Bununla belə, yaxınlaşmaq əvəzinə, AB və Türkiyə bir-birindən uzaqlaşır.

Söz azadlığı, hakimiyyət qollarının bölgüsü, qanunun aliliyi Ərdoğan dönəmində getdikcə daha çox aşınmaya məruz qalır. ölkə bölgəsəl təriqət münaqişələrinə cəlb olunmaq təhlükəsi yaşayır. Vladimir Putin Rusiyasının avtoritar siqnalları onu tamaha salıb.

Türkiyə mühacirət etmiş İslam lideri Fətullah Gülənə yaxın KİV-ə ötən ilin sonunda təzyiqi gücləndirərkən, AB ilə Türkiyənin münasibətləri ən aşağı həddə düşdü. Bu basqı AB-nin güclü reaksiyasını doğurdu, Ərdoğan isə öz növbəsində kəskin şəkildə rədd etdi.

Avropada bəzən güman edirlər ki, Türkiyədə hüquq və azadlığın pozulması o qədər güclüdür ki, ölkənin AB-yə onsuz da səngimiş qəbul prosesi rəsmən dayandırılmalıdır. Həqiqətən də, Türkiyənin siyasətə dair “Kopenhagen kriteriyaları”na cavab verməsini sübut etmək çətin olacaq. Məsələn, “Sərhədsiz reporyorlar”ın tərtib etdiyi “Dünya mətbuat azadlığı indeksi”ndə Türkiyə 154-cü yerə yuvarlanıb (180 ölkə arasında).

Lakin qəbul barədə danışıqların formal şəkildə kəsilməsinin Türkiyəni demokratiya və AB ilə harmonikləşməyə itələyən son stimuldan başqa hansısa özgə bir nəticə verəcəyi də az ağlabatandır. AB bunun əvəzinə, öz səylərini ikiqat artırmalı, eyni zamanda Türkiyənin demokartik prinsiplərdən uzaqlaşmasının tənqidini gücləndirməli və qəbul prosesinin qarantiyasını möhkəmlətməlidir.

Lakin bu gün Türkiyənin AB-yə qəbul edilməsi yolunda əsas maneə Kiprdir. AB-nin üzv ölkələri Kipr hökumətinin mövqeyindəki zəruri dəyişikliklər xatirinə onunla daha fəal şəkildə təmaslara girməlidir.

Bu, AB-yə qəbul barədə hüquq, təməl azadlıqlar və hüquqi sistemə dair 23 və 24-cü fəsillərə keçməyə imkan verər (Avropan parlamenti və Avropa komissiyasının nəzərdə tutduğu kimi).

Bu halda AB öz tənqidini münasib formada ifadə edər, Türkiyə isə AB-nin iradlarından daha üz çevirə bilməz. Danışıqların təzələnməsi AB qədər də Kiprə faydalı olacaq. Türkiyədə sabit demokartiya olsa, heç bir ölkə Kiprdən çox qazanmayacaq.

Eyni zamanda, Türkiyənin qeyri-demokratikləşməsi həm Kiprin, həm də Avropanın maraqlarına ciddi təhdiddir.

Avropa Birliyinə qəbul prosesini fəallaşdırmaqdan savayı, inamın bərpası üçün digər önəmli tədbirlərin görülməsi və hər iki tərəf üçün konkret müsbət nəticələrin təminatı da zəruridir. Bu, münasibətlərin strateji mənada daha mühüm dəyərlərini yaxşılaşdırmağa imkan verər. AB ilə Türkiyənin terrorçuluqla mübarizə, Suriya qaçqınları, Liviyadan Ukraynaya qədər çoxlu böhranlar, həmçinin gömrük birliyi barədə razılaşmanın modernləşdirilməsi (ümumdünya Bankının bu yaxınlarda təklif etdiyi kimi) və vizanın liberallaşdırılmasına doğru qəti hərəkət kimi məsələlər üzrə əməkdaşlığın möhkəmlənməsi bu addımlar sırasındadır.

Sadalanan tədbirlər qəbul prosesinə altenativ olmasa da, onun canlanmasına kömək edəcək. Hətta bu tədbirlər Türkiyənin Avropa ailəsinə qəbuluna səbəb olmaqla ölkənin bizim ümumi Avropa dəyərlərindən təhlükləli şəkildə uzaqlaşmasını dayandırmağa kömək edər.

Martti Ahtisaari, Emma Bonino, Albert Rohan

Bu məqaləyə həmçinin təhlükəsizlik üzrə Münhen konfransını sədri Volfqanq İşinger, Niderlandiyanın keçmiş xarici işlər naziri, AB xarici əlaqələr üzrə komissarı Hans van den Bruk, İspaniyanın keçmiş xarici işlər naziri Oprexa Agire, Fransanın keçmiş baş naziri Mişel Rokar, Roma beynəlxalq münasibətlər institutunun direktoru Natali Tossi və Avropanın digər məşhur siyasi xadimləri imza atıblar.

Qaynaq: İnosmi.ru