XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2015 - 13:55

Stalin Azərbaycanın BMT-yə üzvlüyünü təklif edib:Rüzvelt bunu niyə rədd edib? –TARİX

stalin-ruzvelt

SSRİ-nin rəhbəri İosif Stalin 1944-cü ildə Azərbaycan daxil olmaqla 15 respublikanı yeni yaranacaq Birləşmiş Millətlər Təşkilatına üzvlüyə qəbul edilməsini təklif edib.

Strateq.az bildirir ki, SSRİ bu təkliflə 1944-cü ildə BMT-nin yaradılmasının əsaslarının müzakirə olunduğu Dumbarton – Oks konfransında çıxış edib.

1944-cü ilin avqust-oktyabr aylarında antihitler koalisiyasının üzvlərinin işitrakı ilə ABŞ-da keçirilən bu beynəlxaq konfransda müharibədən sonrakı dünyada sülhün təmin olunmasına cavabdeh olacaq yeni beynəlxalq təşkilatın yaradılması müzakirəyə çıxarılmışdı.

Konfrans 1943-cü ildə Moskva Müşavirəsində qəbul edilmiş Deklarasiya əsasında dörd dövlət tərəfindən çağrılır. Konfransda SSRİ-ni ABŞ-da səfir olan Andrey Qromıko, ABŞ-ı dövlət katibinin müavini Edvard Stettinus, Böyük Britaniyanı xarici işlər nazirinin müavini  Aleksandr Kadoqan təmsil edirdi. Danışıqlara Çin nümayəndəsi də qatılmışdı.

Dubarton –Oks konfransında yeni beynəlxalq təşkilatın yaradılması üçün əsas təkliflər razılaşdırlır və sənəd hazırlanır. Bu təkliflər sonradan BMT-nin Nizamnaməsinin əsasını təşkil edir.

Konfrans bir çox məsələlərdə razılığa gəlsə də BMT Təhlükəsizlik Şurasında səsvermə prosedurunu razılaşdıra bilmir. Problemi  yalnız 1945-ci ildə Krım konfransında həll etmək mümkün olur.

Konfransın əvvəlində “böyük üçlük” –SSRİ, ABŞ və Böyük Britaniya Təhlükəsizlik Şurasının yaradılması barədə razılıq əldə etmişdilər.  Bura adları çəkilən üç dövlət daxil olacaqdı. Bununla yanaşı ABŞ Çinin də TŞ-ya daxil edilməsində israr edirdi. Böyük Britaniya isə gələcəkdə Fransanın Təhlükəsizlik Şurasına daxil edilməsini istəyirdi.

Müzakirələrin gedişi zamanı sovet nümayəndə heyəti heç kimin gözləmədiyi təklifləri səsləndirir: BMT-nin təsisçi üzvü olacaq ölkələrin siyahının hazırlanması zamanı SSRİ 15 müttəfiq respublikanın bu statusla yeni quruma üzvlüyə qəbul olunması barədə məsələ qaldırır. İ.Stalin tələb edir ki, SSRİ –nin müttəfiq respublikaları BMT-də təmsil olunmalıdır. Sovet rəhbərinin bu təklifi ABŞ tərəfindən çox mənfi  qarşılanır və prezident Rüzvelt qətiyyətlə bunun əleyhinə çıxır.

Əslində SSRİ bu təkliflə yeni yaranacaq beynəlxaq təşkilatda özünə dəstək qrupunun formalaşdırılması üçün istifadə etmək niyyətini tutmuşdu. Çünki Qərb siyasətçiləri artıq indidən Britaniya Millətlər Birliyinə üzv ölkələrin yeni yaranacaq BMT-də təsisçi kimi təmsil olunacağını təbii sayırdılar. Ancaq Stalinin sovet respublikalarını da BMT-yə təsisçi üzv qəbul etdirmək tələbi vəziyyəti ciddi şəkildə dəyişdirdi.

Xüsusən ABŞ SSRİ-nin müttəfiq  respublikalarının BMT-yə üzvlüyünün qəti əleyhinə çıxdı. 1944-cü il sentyabrın 1-də Rüzveltin Stalinə göndərdiyi məktub bu baxımdan maraqlıdır.

Rüzvelt yazır: “Sizin nümayəndə heyəti Dumbarton-Oks konfransında bəyan edib ki, Sovet höküməti SSRİ-nin müttəfiq respublikalarının hər birinin ayrılıqda beynəlxaq təşkilata üzv qəbul olunması ilə bağlı məsələni gündəliyə çıxarmaq istəyir. Səsləndirilən bu təklif məni həddən artıq narahat etdi.

Düzdür, sizin nümayəndə heyəti bidirir ki, bu məsələ danışıqlar prosesinin hazırkı mərhələsində müzakirəyə çıxarılmayacaq. Sizə məlumat verməyə borcluyam ki, ABŞ, həmçinin digər nəhəng dövlətlər üçün çox mühüm olan bu layihə (BMT-nin yaradılması-red) sizin bu təklifi qaldıracağınız təqdirdə böyük təhlükəyə düşə bilər.  Əgər bu təklif Beynəlxalq Təşkilatın təsis edilməsi üçün aparılan danışıqların  hər hansı bir mərhələsində qaldırılarsa bu təhlükə qaçılmazdır. Mən əminəm ki, siz bu məsələdə məni sakitləşdirəcəksiniz”. (SSRİ Nazirlər Sovetinin sədrinin Böyük Vətən Müharibəsi zamanı Böyük Britaniya baş naziri və ABŞ prezidenti ilə yazışması. 1941-45-ci il. Moskva. 2-ci cild. Sənəd N 224)

Bir həftə sonra, sentyabrın 7-də  Stalin ABŞ prezidentinə cavab məktubu göndərir. Stalin yazır: “…Sovet nümayəndə heyətinin bu məsələ barəsində bəyanatını mən mühüm hesab edirəm. Bu ilin əvvəlində bizim ölkədə konstitusiya dəyişikliklərindən sonra  müttəfiq respublikaların hökümətləri Sovet Konstitusiyasında beynəlxaq münasibətlər sahəsində onların hüquqlarının genişləndirilməsi ilə bağlı maddələrə necə baxılacağından ehtiyatlanırlar. Sizə məlumdur ki, məsələn, SSRİ-yə daxil olan Ukrayna və Belarusiya əhalsinin sayına və siyasi əhəmiyyətinə görə, beynəlxaq təşkilatın yaradılması təşəbbüskarları sırasına daxil etmək istədiyiniz bir sıra dövlətləri ötüb keçir. Odur ki, mən ümid edirəm sovet nümayəndə heyətinin qaldırdığı bu məsələnin siyasi baxımdan mühüm olmasını sizə izah etmək fürəsti əldə etdim”.  

Konfrans uzun müzakirələrdən sonra SSRİ respublikalarının BMT-yə üzvlük məsələsi barədə danışıqları təxirə salmaq qərarı verir. Lakin 1945-ci ildə Yalta konfransında bu məsələ yenidən SSRİ tərəfindən qaldırılır. Krım konfransında  SSRİ, ABŞ və Böyük Britaniya qarşılıqlı sürətdə razılıq əldə edirlər. Bu razılığa əsasən yalnız Ukrayna və Belarusiya BMT-nin təsisçi-üzv dövləti kimi yeni beynəlxaq təşkilata daxil edilir.

1945-ci ilin fevalında Krımda olan ABŞ prezidenti Rüzvelt Stalinə yazırdı: “Biz razılığa gəldik. Bu razılaşmaya əməl edəcəyəm. Birləşmiş Millətlər Təşkilatının qarşıdan gələn konfransında Ukrayna və Belarusiya bu beynəlxaq təşkilatın Assambleyasına üzv qəbul ediləcək”.

İkinci dünya müharibəsindən sonra dünyada sülhü qorumaq üçün yaradılmış Birləşmiş Millətlər Təşkilatı 1945-ci ilin aprelində təsis olundu.

Azərbaycan isə yalnız 47 il sonra – 1992-ci ilin martında BMT-nin üzvü ola bildi.

Müstəqil dövlət kimi…

Xaqani SƏFƏROĞLU