XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 09:42

İqbal Ağazadə MTN-lə əlaqələrindən danışdı:"Əgər mən agentəmsə, o, haradan bilir?"

İqbal Ağazadə: “Universitetdə tələbə olanda sürücü və mühafizəçi ilə gəzmişəm”

iqball

Bu dəfə İqbal Ağazadəni “Qaynar Qazan”a dəvət etdik. Onunla uzun zamandır söhbətləşmək düşüncəmiz vardı. Zatən “Qaynar Qazan”ın hazırkı siyahısında 100 nəfərə qədər ictimai-siyasi xadim, elm adamı, gənc var. Onların bəziləri ilə danışıqlar aparırıq, bəziləri aylardır “bu gün-sabah” gələcəklərini deyirlər, bəziləri “qazan”dan çıxa bilməyəcəklərini düşünüb, bizi yola verirlər. Ayaz Mütəllibov kimi adamlar isə həm söz verir, həm zaman istəyir, həm də zamanı gələndə yenidən zamana ehtiyac duyurlar.

Bu pərakəndəliyin, qarışıq həftələrin qovuşuğunda bu hadisələrdən kənarlaşdırılan bir adamla danışmaq daha cazibədar gəldi. Fərqli fikirlər olsa da, İqbal Ağazadə bu ölkənin ən işləyən partiya sədrlərindən biridir – biri olub. Zaman-zaman ətrafına çoxlu adam toplaşıb, vitrinində maraqlı simalar yığışıb, amma bunların hamısı da qırılma dönəmlərində uzaqlaşıb. Əsasən də, seçkilərdə baş verib bu qırılmalar. Prezident seçkiləri hər zaman İqbal Ağazadənin qorxulu röyası olub. Bir tərəfdən prezidenti hələ təsdiq olunmamış təbrik edib, o biri tərəfdən qızıldan qiymətli kadrları ilə vidalaşmalı olub. Ən ziddiyyətli addımlar və söyləntilər gəzib haqqında. Ən deyilməz sözlər deyilib qarasınca.

Biz “Qaynar Qazan”da onlardan bir qismini soruşa bildik. Elə şeylər oldu ki, ona özü də yanaşmadı və biz də dərinə getmədik. Məsələn, komandasının 2013-cü il prezident seçkilərində dağılması hadisəsini bizə bizim duyduğumuz kimi danışmadı. Məxsusən, Nəsimi Məmmədlinin partiyadan gedişinin üstündən es keçdi. Dərinə də getmədik, hiss etdim ki, danışmaq istəmir. Ya da MTN haqqında danışdıqlarında da o qədər səmimiyyət görmədim. Zaman-zaman mən İqbal Ağazadənin MTN-in bəzi səlahiyyətli adamları ilə tələbə yoldaşı olduğunu eşitmişdim. Məsələn, mərhum İlqar Əliyevlə dost olduğunu öz dilindən eşitmişdim. Amma indi İqbal bəy o adamı tanımadığını deyir, mən də dərinə getmirəm. Deyirsə, deməli, elədir.

Çox sərt suallar vardı İqbal Ağazadəyə. Əksəriyyətini verdim. İlk dəfə idi ki, onu bu qədər tutqun görürdüm. Cavabları çox korrekt idi. Güman ki, verilən və veriləcəyi ehtimal olunan suallara da yaxşı hazırlaşmışdı. Yəni İqbal Ağazadə “Qaynar Qazan”a xüsusi hazırlıq görmüşdü və bunun ən yaxşısı kritik suallara cavab verməmək kimi qətiləşmişdi özlüyündə.

Yadımdadır, bir dəfə Türkiyənin TQRT kanalının baş redaktoru Heydər Əliyevlə canlı yayında müsahibə götürürdü və müsahibənin şirin yerində “Sayın Cümhurbaşqanı, KQB agentisinizmi” deyə soruşdu. Həmin baş redaktor reklam arasında MTN əməkdaşlarının otağa necə doluşduğunu və ondan üzr istəməyi necə tələb etdiklərini, bu məqamda Heydər Əliyevin otağa daxil olub onu necə xilas etdiyini şəxsən mənə anlatmışdı. O məqamı xatırladım və İqbal Ağazadəyə yönələn eyni tip sualları ünvanladım. Cavabları Heydər Əliyevin Türk jurnalistə verdiyi kimi səmimi deyildi, amma nəsə danışdı. Həm də bu sualı ona görə verdim ki, qoy, bütün siyasətçilərimiz bilsinlər ki, azad mətbuatın olduğu zamanlarda onlara hər cür sual verilə bilər. Hərənin öz mətbuatı olmamalı, kirayələdiyi qəzetlərin səhifələrində öz məlumatlarını yerləşdirməklə işlərini bitmiş hesab etməməlidirlər. Hər sualı gözləməlidir siyasətçi. Azad mətbuat və azad cəmiyyət bunu tələb edir.

İqbal Ağazadə zorun öhdəsindən gələn siyasət adamlarından biridir. 2003-cü il dəhşətindən keçib. Parlamentdə toxunulmazlığı qaldırılan və parlamentə həbsdən sonra yenidən qayıdan yeganə tarixə düşən deputatımız da odur. 2003-cü il seçkilərinin baş rollarından birini oynayan və bunun bədəlini çox ağır formada ödəyən də odur. Yenə vuruşur. Yenə döyüşür. Yenə planlar qurur, komanda formalaşdırır. Yenə “siyasətdəyəm”, “siyasətdən getmədim” mesajlarını verir. Görünür ki, “bitdi” deyənlər hələ bu adamla və bu adla çox qarşılaşacaqlar.

Partiyasını bu dəfə daha sakit gördüm. Ümiddə hər zaman insan qaynaşardı. Bu müsahibə ilə bağlı neçə dəfə gedib-gəldim, amma o illərin partiyasını görmədim. Yəqin deputatlıq bitəndən sonra get-gəl də azalıb. “Bağda ərik var idi…” misali. Bu süstlük qərargahın özündə də hiss olunur. Ümid hər zaman tər-təmiz, hər tərəfindən gül ətri gələn bir səliqə-sahmana malik olub, amma biz çəkiliş üçün kameraları hansı divara çevirdiksə, qara-qura. Görünür, illərdir divarlar təmizlənmir, əl gəzdirilmir. Kabinet isə siqaret və qəlyan qoxulu. O qədər ki, hiss olunur…

Ən dəhşətlisi İqbal Ağazadənin sınmayan adamlar haqqında dedikləri gəldi mənə: “…sənin müraciət etdiyin elektorat bu qədər  əyilibsə, bu qədər sınıbsa, bu qədər problemlər içərisində əzilibsə, xeyir ola, sən sınmadın, hamı sənin üçünmü çalışırdı, hamı bir sənin şəxsin üçünmü çalışırdı?” Cəmiyyətdə mübarizə adamlarının böyük mübarizələrini belə səthi dəyərləndirmək olmaz. Bu düşüncənin daşıyıcısı olan İqbal Ağazadənin prezidentliyi görün nə olar. Cəmiyyəti də sınan adamlar sındırmadımı? Hələ bunu böyük mübarizənin içində olan İqbal Ağazadənin deməsi, məni xəyal qırıqlığına uğratdı.

Bütün ehtiyatkarlığına, bütün önəmli məqamlarda susduğuna baxmayaraq, bu müsahibə də çox maraqlıdır. Xüsusilə, 2003-cü illə bağlı indiyə qədər mətbuata demədiyi məqamları açıqladı İqbal Ağazadə və inanıram ki, bu müsahibə də cəmiyyətdə böyük əks-səda yaradacaq.

Beləliklə, danışır “Qaynar Qazan”ın 25-ci qonağı, Ümid partiyasının sədri İqbal Ağazadə…

Əvəz Zeynallı


I hissəni bu linkdən oxuya bilərsiniz:

(http://strateq.az/manshet/96506/qaynar-qazanda-iqbal-agazad%C9%99.html, “Qaynar Qazan”da İqbal Ağazadə: "Biz referenduma “yox” deyirik")

 

II hissəni bu linkdən oxuya bilərsiniz: 

(http://strateq.az/manshet/97828/iqbal-agazad%C9%99-2003-cu-il-hadis%C9%99l%C9%99riyl%C9%99-bagli-sensasion-faktlar-aciqladi.html İqbal Ağazadə 2003-cü il hadisələriylə bağlı sensasion faktlar açıqladı:"Meydandan İsa Qəmbərə 4 dəfə zəng elədim, dedi, evə gedirəm")

 

III – sonuncu hissə

 

İsa Qəmbər qarabağlı deyil ki

evez-iqbal

– Bir sual da var. Bu haqda kuluarlarda da danışılır. Bilmirəm, nə dərəcədə realdır, amma yeri gəldi soruşum. İsa Qəmbərin sizə qarşı münasibətinin birdən-birə bu qədər aqressivləşməsi və sərtləşməsi, həm də qarabağlı elektoratının yeni bir lider tapması ilə əlaqədar deyil?

– Yox, inanmıram… Yox… İsa Qəmbəri küçümsəmək mənasında demirəm, əstəğfürullah. Mənim hamıya hörmətim var. Küçümsəmək mənasında demirəm, amma İsa Qəmbər qarabağlı deyil ki, mənimlə qarabağlı elektoratını bölə. Mən də regional lider deyiləm ki, buna iddia eləyəm. Mən bütün azərbaycanlıların səsinə iddia edirəm. Amma…

– O zaman İsa Qəmbər haralıdır?

– İsa Qəmbərin bir tərəfi Azərbaycanın bir bölgəsindəndir, bir hissəsi başqa hissəsindən. Özü prezident seçkilərində bunu yaxşı ifadə eləmişdi.

– Deyirsiniz ki, iddialı olmaq üçün təmiz qarabağlı olmaq lazımdır?

– Yox, mən elə bir söz demirəm. Mən regional elektorata söykənmirəm, amma …

– Anası, yoxsa qayınanası ermənistanlı olmalıdır. Dəqiq bilmirsiniz?

– Yox, mən regional elektorata söykənmirəm. Lakin bölgünü regional elektorat aspektindən aparıb, bizim qarşıdurmanın səbəbini oradan araşdırmaq istəyirsinizsə, o zaman israrla deyirəm ki, İsa Qəmbər dediyiniz təyinata uyğun gəlmir.

– “Azadlıq” qəzetinin müxbiri Xalid Qarayevin sualına cavab istəyirəm. Elnur Sadıqov da aktiv cəbhəçidir, o da səhv etmirəmsə, İsveçrədə yaşayır və oxşar sualı o da sizə ünvanlayıb: “Hakimiyyət MTN zabiti İlqar Əliyevi Kürdəxanıda asdı. İqbal bəy bu hadisəni öz elektoratına qarşı terror hesab edirmi? Niyə İlqar Əliyevin qətlindən sonra xalq İqbal bəyi əvvəlki illərdən fərqli olaraq deputat seçmir?” Tatyana Kryuçkina da tanınmış simadır.

– Kimdir o?

– Bir müddət RATİ-nin fəal əməkdaşlarından olub, jurnalistdir.

– Adı doğrudan da Tatyanadır?

 

“Ramiz Mehdiyevin otağında idim, bir də gördüm ki…”

dsc02434

– Hə… Tatyanadır, bizim Tanya. O da sual verib: “İqbal Ağazadənin MTN-lə əlaqəli olduğunu dəfələrlə bəzi dairələr bildirib. 2015-ci il parlament seçkiləri ərəfəsində Eldar Mahmudov və onun komandası vəzifələrindən uzaqlaşdırıldı. İqbal bəy də deputat seçilmədi. Bu, təsadüf idimi?” Yəni 2015-ci ildə baş verən hadisələri MTN-ə bağlayırlar…

– Bilirsinizmi, bu suallara dəfələrlə cavab vermişəm. Bu hakimiyyətdə kimə bağlanmamışam, kimə… Hakimiyyətdə kimin başı tərpənib, bu gün eşidirəm ki, sən demə, mənimlə bağlayırmışlar. Dostlardan biri – Allah rəhmət eləsin, indi adını çəkmək istəmirəm – mən həbsdə olanda bir nəfərə danışmışdı ki, bəs “Ramiz Mehdiyevin otağında idim, bir də gördüm ki…”.

– O hadisəni rəhmətlik mənə də danışmışdı.

– Mahal İsmayıloğlu…

– Mahal İsmayıloğlu şəxsən mənə də danışmışdı. “Səsini diktofona yazdı-filan…”

– …Nəsə, mən çıxdım həbsdən. Ömründə də Mahalı görməmişəm. Allah qəni-qəni ona rəhmət eləsin. Müsavatın qərargahında tədbir idi. Rauf Arifoğlu ilə durmuşdum. O vaxta qədər də Mahalı şəkillərdə görmüşdüm. Dedim, “Rauf, Mahal odur?” Dedi, “hə”. Dedim, “Mahal bəy, bir dəqiqə olar sizi? Mən sizinlə ömründə haradasa görüşmüşəm?” Dedi, “yox”. Dedim, “ömründə bir yerdə rastlaşmışıqmı?” Dedi, “yox”. Dedim, “ömründə bir dəfə də olsun Ramiz Mehdiyevin yanında səninlə bir yerdə olmuşuqmu?” Dedi, “yox”. Dedim, “bəs o nədir ki, danışmısan?” Dedi, “mən heç yerdə elə söz danışmamışam…”

– Allah rəhmət eləsin… Mən də bunun şahidi olmuşam.

– Yəni mən belə şeyləri o qədər eşidirəm, o qədər eşidirəm ki, boş verirəm.

– Burada bir sual da var. Şəmsəddin Cami deyir ki, “İqbal bəy müsahibələrinin birin də qeyd etmişdi ki, mənim hətta nazirlər arasında da dostlarım var.”

– Bəli…

– “… Zəhmət olmasa, İqbal bəydən soruşun görək, xalqın qanını soranlarla dost olmaq müxalifətçiliyə zidd gəlmirmi?”

– Gəlin, belə bir şey deyək də… O müsahibədən sual vermək istəyirsə, o zaman sualı kontekstdən çıxarmasın. Mən o müsahibədə demişdim ki, “əgər dost demək sizin və hamımızın qəbul etdiyimiz çay içmək, yemək yemək anlamına gəlirsə, mən heç kimlə çay içib, yemək yemirəm. Amma sadəcə çox yaxşı münasibətim var. Əgər buna dost demək mümkündürsə, o zaman dostuq”. Bəyəm, bizim dostlarımız içərisində oğru, quldur, narkoman, yatan, türmədə oturan yoxdur?

– O qədər var…

– O qədər elə dostlarımız var. Dostluğun sərhəddi olmur ki… O hesabdan əgər hesab edirsə… Bilirsinizmi, bu qədər də fərdləşdirməsinlər. Hamımız azərbaycanlıyıq. Bu məsələlərdə bir siyasətçinin də birtərəfi güzəşti olmalıdır.

 

Mən kiminsə adamı deyiləm

sam_2472

– Hətta adamın MTN-də də dostu ola bilər…

– Əlbəttə… Bəli, dostu da ola bilər. Azərbaycan çox kiçik bir yerdir. Amma mən o qədərmi özümü balaca hiss edirəm və yaxud da mən o qədərmi balacayam ki, hansısa bir idarə, hansısa bir filanın adamı olum? Kimsə mənim adamım ola bilər. Mən kiminsə adamı deyiləm. Bu, birmənalıdır…

– Yəni MTN məsələsinə münasibətiniz birmənalıdır?

– Bəli… Ümumiyyətlə, bütün məsələlərdə. Kimlə olmağından asılı ola bilər. Hə, mənə  hörmətlə yanaşa bilərlər, mənə yaxşı münasibət bəsləyə bilərlər. Bu, onun problemidir, niyə bəsləyir. Mən Ağdaşda keçirilən seçkilərdə o qədər şeylərlə rastlaşdım ki…İddia etmək istəmirəm. Açığı, bunu da ortalığa qoymaq istəmirəm. Amma ana-bala müxalifət deyənlərin o qədər ardınca sıravi seçicinin dediklərini eşitmişəm. Özüm haqqında da o qədər pozitiv şeylər eşitmişəm ki… Halbuki birinci dəfə idi ki, o yerə gedirdim. Ona görə də boş-boş şeylərdir.

– Fərəməz Novruzoğlunun bir sualı var.

– Buyursun.

– “Deməli, təxminən 10 il öncə AXCP sədri Əli Kərimli bir tədbirdə iştirak etmək üçün İstanbula səfər etmişdi. Orada qeyri-münasib cinsi oriyentasiyaya mənsub insanlar onu gül-çiçəklə qarşılamışdılar.  Bu təxribatı ATM-in sabiq rəisi, mərhum İlqar Əliyevin təşkil etdiyi barədə inandırıcı məlumatları hələ o vaxt əldə etmişdim. Məndə olan məlumatlara görə, bu işdə İlqar Əliyevin tələbə yoldaşı kimi İqbal bəyin də müəyyən rolu olub. İqbal bəy bu haqda nə deyə bilər?

– Vallah, desəydilər ki, qızlar qarşılayıb, bəlkə bir az inandırıcı olardı. Mənim əks cinsin nümayəndələri ilə heç vaxt aram olmayıb.

– Burada söhbət, İlqar Əliyevlə….

– (Gülür…)

– …birlikdə plan…

– Bu bir zarafatdır. İkinci də İlqar Əliyev… Şərqşünaslıq fakultəsində mən oxuduğum dönəmdə o qədər adam oxuyub ki… Məndən aşağı…

– Məncə, dost olmusunuz onunla…

– Heç vaxt…

– Normal münasibətləriniz olub…

– Heç vaxt. Heç vaxt dostluğumuz olmayıb. Onun bütün ömrü boyu işlədiyi vaxtda mən bilirdim, təbii ki… Mənim başqa dostlarım bu gün də orada var. Dünən də olub. Çox məşhur jurnalistin birinə burada mənim otağımda sözünü də deyib həmin adam ki, “bizim uşaqdır, filan!” Sözünü deyib. Mən qarşı tərəfə demişəm ki, “bax mən də onun böyüyüyəm, o da mənim kiçiyimdir”. Belə söhbətimiz olub. Amma bir daha deyirəm ki, İlqar Əliyevi bütün o işlədiyi dönəmlərdə ya iki, ya da üç dəfə görmüşəm. O da bir dəfə tələbəmizin atasının yas yerində, bir dəfə bir komandirimiz var idi – Elçin Əliyev, onun yas yerində, bir dəfə də kiminsə yas yerində… Vəssalam. Başqa heç bir münasibətim olmayıb. Bundan sonra da sağ qalsaydı – Allah rəhmət eləsin, cəmi ölənlərə rəhmət düşür – mənim onunla heç bir işim olmayıb. Yenə deyirəm, onun mənim üçün edə biləcəyi və yaxud da mənim onun üçün edə biləcəyim çox az şey, bizi toqquşduran və yaxud da bizim mənafelərimizi üst-üstə salan heç bir şey ola bilməzdi.

 

Mən siyasətçiyəm, mənim arxivim var

dsc02450

 

– Fərəməz bəy ikinci sualını verir: “2008-ci ildə İlham Tumas və Sərdar Əlibəyli ilə birlikdə İqbal bəyin ofisində görüşdük. O zaman bizə belə bir etiraf da etdi ki, 2003-cü ilin sentyabrında  – prezident seçkilərinə 1 ay qalmış Bayıl türməsində özünə kamera remont etdirirmiş. Bu isə o deməkdir ki, hakimiyyət əvvəlcədən İqbal bəylə – İsa Qəmbərin o zamankı ən yaxın müttəfiqi – birlikdə onun həbsini planlaşdırıb”.

– Elə deməzdim. Mən yenə bunu deyirəm. Mayın 9-da biz burada “Bizim Azərbaycan” Blokuna qoşulmaq və İsa Qəmbəri dəstəkləməklə bağlı partiyada qərar qəbul etmişdik. Hamı bu qərarı çox böyük coşqu ilə qarşıladı. Kassetlərdə də bu var. Görürsünüz ki, Allaha şükür, arxivim kifayət qədər boldur.

– Hamısını da lentə aldırıbsınız?

– Bəli.

– Sanki tarix üçün…

– Tarix üçün. Mən sonra sizə onu da nümayiş etdirəcəm. Mən həbsxanaya gələn və həbsxanadan gedən bütün məktublarımı saxlamışam.

– Maraqlıdır…

– Bəli… Mən siyasətçiyəm, mənim arxivim var. Mayın 9-da mənim çıxışım var. Orada mən demişəm ki, “bu yol həbsxanaya aparır. Lakin siz bu qərarı verdiniz. Sizə bircə dənə sözüm var. Məndən başqa heç birinizi həbsə getməyə qoymayacağam”.

– Təbii ki, bu normaldır. Bu cür müraciət edirsinizsə, demək, siz həbsə də hazır olmusunuz…

– Həbsə hazır yox… Mən siyasətin hansı istiqamətdə gedəcəyini bilirdim. Mən prosesin o istiqamətdə getdiyini bilirdim. Yenə deyirəm, artıq buna baş qoymuşduqsa, yarımçıq qoymaq, yolu dönmək-filan yox idi. Hətta türmədə işləyən dostlarımızdan biri – adını çəkmirəm, o da görəvdədir – 19 sentyabrda “Tural” şadlıq evində toyda durub, ayaq üstə mənim sağlığıma içmək istəyəndə, dedim, “otur, kamerada yerimi hazırla, 15 gündən sonra gələcəm”. Dedi, “İqbal bəy, nə danışırsınız?” Dedim, “sən mən deyənə qulaq as, orda yerimi hazırla!”

– Belə bir şeyin mən də şahidi olmuşam. 15-20 gün əvvəl orada işləyən kəndçimiz bir yas yerində gəlib mənimlə görüşdü, o zaman ona dedim ki, “gəlirəm, orada vəziyyət nə cürdür?” 2 gün sonra mən ora gedəndə, gəlib ağladı, özünü öldürdü ki, “bəs, sən bunu mənə demişdin…” Yəni əvvəlcədən hiss etmək olur…

– Belə şeylərdən olay düzəltməyə dəyməz.

– Rail Məmmədov deyir ki, o düzdürmü ki, İqbal bəyə 2003-cü ildə MTN təcridxanasında ağlasığmaz işgəncələr veriblər?

– Mən MTN təcridxanasında olmamışam. Mən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində olmuşam.

– İqbal bəy, sizə işgəncə verən adamın ürəyi sonradan partladı öldü, eləmi?

– Öldü, bəli.

– Vaqif Məmmədov?

– Vaqif Məmmədov, bəli. O mənə deyirdi ki, “çox yaşamayacaqsan, bu qədər işgəncələrdən sonra”… Amma Allahın da…

– Siz istintaq altında olanda öldü, yoxsa?

– Bəli, mən istintaq altında olanda öldü. Fevral, yoxsa yanvar ayında… Əslində, deyilənə görə ABŞ Dövlət Departamentinin bəyanatında onun adının çəkilməsi və televiziyada adının hallandırılması, hansı ki, cinayət məsuliyətinə cəlb olunması ilə bağlı, qəflətən ürəktutması olub və xəstəxanaya çatdırılana qədər yolda ölüb.

– Hər kəs etdiyini bulur…

– Ödəyir.

 

Əgər mən onun düşündüyü kimi agentəmsə…

sam_2449

 

– İlahə Sadığova yazır: “İqbal Ağazadənin adının bəzi dairələrdə MTN-lə əlaqələndirənlərə sualım: sizin o dairələrlə əlaqələriniz nə yerdədir?” Yəqin sizin müdafiəçilərinizdəndir…

– Yəqin ki, bu da doğru təsbitdir. Əgər mən onun düşündüyü kimi, agentəmsə, o zaman o bunu haradan bilir? Yox, sən agentsənsə, o zaman mənim orada olduğumu niyə deşifrə edirsən? Bilirsinizmi, yenə deyirəm. Bir “sosial damğaçılıq” anlayışı var. Kim irəli gedir… Bəlkə də mənim taleyimdəndir. Azərbaycan siyasətində mən yeganə şəxsəm ki, xalq hərəkatından sonrakı və yaxud da Heydər Əliyev hakimiyyətindən çıxan insanlardan fərqli olaraq, sistemli partiya qurub, siyasətə gələ bilmişəm. İkinci belə adam yoxdur Azərbaycan siyasətində… Hansı normal, ayaqda olan partiya sədrini, normal cəmiyyətdə kifayət qədər tanınan və yeri olan bir partiyanın…

– O komandadan kənarda…

– Yeri olan ikinci belə bir adam yoxdur. Azərbycan siyasətində ikinci elə bir komanda yoxdur.

– Elə eyni taleliyik. Bizi də yaxın buraxmır – heç bir mətbuatı, nə…

– Ona görə də vururlar.

 

İqbal Ağazadənin ictimai nüfuzdan düşməsi üçün bacardıqlarını edirlər

dsc02436

 

– Elşən Bəyləroğlu soruşur: “Milli Məclisdə İqbal bəy təmsil olunarkən “ölkədə siyasi məhbus yoxdur!” aktına imza atanlardan olub. Bunun səbəbini bizə izah edə bilərmi?

– Elə deyil o… Bilirsinizmi, İqbal Ağazadə bütün dönəmlərdə, içi siz qarışıq, siyasi məhbus olanları da, siyasi məhbusların hüquqlarını da müdafiə elədiyini də hər zaman hər kəs şahid olub…

– İqbal bəy o məsələdə maraqlı bir məqam var. Bu sualı oxuyum, sonra bunu müzakirə edərik. Anar Hacıbala-Məmmədov soruşur: “İqbal bəyə elə gəlmirmi ki, Azərbaycanda siyasi dustaq olmaması və həmin insanların konkret cinayətkar olması ilə bağlı sənədə qol çəkməsi ilə iqtidar onun son müxalifət şirəsini də çəkdi”. Belə bir rəy var. Siz siyasi məhbusları həmişə müdafiə edirsiniz…

– Bəli…

– Sonra hüquq müdafiəçisi İntiqam Əliyev həbs olunanda onun müdafiəsilə bağlı böyük kampaniya sizin öndərliyinizlə olub. Amma sonra bu siyasi məhbus məsələsi gəldi və o sənədə imza atdınız.

– O proses elə deyil. Avropa oyunları öncəsi idi. Mən onun eyni analogiyasını başqa təşkilatlarla etdim. Onu indi sizə danışacam. Avropa oyunları ilə bağlı bir qrup Avropa deputatları Azərbaycana fərqli yanaşdılar. Və onlar o adamlar idilər ki, onların böyük əksəriyyəti hər zaman Avropa Birliyində, Avropa Şurasında erməni tərəfindən çıxış ediblər və erməni mövqeyini müdafiə ediblər. İndi birdən-birə Azərbaycanda tamam fərqli şəkildə mövqe ifadə etdilər və əslində, bu, onun cavabı idi. Niyə mətbuat bu qədər bunun üstünə gəldi? Xatirinizdədirsə, Ramil Səfərov avqustun 30-da Azərbaycana ekstradisiya olunanda, sonradan haqqında əfv qərarı veriləndə sentyabrın 14-15-də – tarixlərin üst-üstə düşməsinə baxın, elə bu günlərə təsadüf edirdi – YAP-ın qərargahında bir tədbir keçirildi. Orada Avropa Birliyinə və onun çıxardığı qərara – adı oldu Ramil Səfərovla bağlı, altında isə yazdılar ki, biz Avropa Birliyinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar, insan haqlarına olan münasibəti – hamısını pisləyirik. Orda Cəbhə, Müsavat qol çəkdi, tək İqbal Ağzadə qol çəkmədi. Onda da dedim ki, mən Ramil Səfərovla bağlı qəbul edilən qərarı alqışlayıram, amma altında yazdıqlarınızın heç birini qəbul etmirəm. Bizim üzərimizə bununla bağlı gələndə həmin dövrdə verilən müsahibəni bir nəfər başqa adamın adı ilə adını dəyişdirdik və müsahibəni olduğu kimi verdik.

– O hadisə yadımdadır.

– İndi baxın. Obyektivmi yanaşırlar? Onlar mənim elektoratım deyillər, ona görə də onlardan incimirəm və belə umrunda olmuram. Mənim elektoratım partiyalı insanlar deyil. Mənim elektoratım seçimini etmiş insanlar deyil. O adamların çoxu seçimini etmiş adamlardır. Partiyaları var, partiyalı mövqeyi var və İqbal Ağazadənin ictimai nüfuzdan düşməsi üçün bacardıqlarını edirlər. Eləyin, eyvallah. Bacardıqlarını eləsinlər. Onunla bir şey əldə edirsə, etsin. Tarixin müxtəlif dönəmlərində proseslərə müxtəlif cür yanaşma var. Siyasi proseslərə və s… Siz də, müxtəlif dövrlərdə müxtəlif addımlar atırsınız, bu, sizin haqqınızdır. Bundan cəmiyyət də ziyan çəkmir. Mən də heç kimin ziyan çəkməsini istəmirəm. Amma o yerdə ki mən ziyan çəkə bilərəm, qoy çəkim, Azərbaycan ziyan çəkməsin. Azərbaycanın üzərinə gələndə – mən bir az Vətənə – bəlkə də bu, torpaq itkimdən irəli gəlir, bəlkə ora həssaslığımdan irəli gəlir, bəlkə bir az başqa cür yanşıram. Mən dövlətimdən ötrü hər şeyimdən keçərəm. Mən min il avtoritar rejimdə yaşamağa razı olaram, təki dövlətim olsun.

– Etibar Məmmədov deyirdi ki, “öz millətimdən olan diktator başqa bir millətdən olan demokratdan yaxşıdır…”

– Yox, mən diktatorluq demirəm. Mən bir az başqa cür yanaşıram. Sovet dönəmində bizim adamlığımızı əlimizdən almamışdılar ki? Bu gün 30 milyon Güney azərbaycanlının adamlığını əlindən almayıblar ki? Amma dövləti əlindən almışdılar, yoxdur o dövlət. Bu bir az başqa hissdir, başqa bir yanaşmadır…

– Amma İqbal bəy, əgər o dövlət də vətəndaşını əzirsə…

– Bilirəm. Bilirsinizmi necədir? Məni əzə bilər, məndən sonra övladımı əzə bilər, amma bunun içərisindən bir şey çıxıb, bunu saxlayacaq axı. Lakin bilmək olmaz ki, bu gedişlə biz yenidən dövlət ola biləcəyik, ya qura bilməyəcəyik. Bizim əlimizdən hər kəs bir şeyi götürüb gedəcək, yoxsa getməyəcək? Göyçəni itirmişik, Zəngəzuru itirmişik, geri ala bilmədik. Qarabağı da itirmişik, hələ naümidik…

– Borçalını…

– Borçalı, Dərbənd yoxdur. Güney Azərbaycan yoxdur. Hə, bir də itirdik. Onda kim gedəcək? Necə gedəcək və nə ala biləcəyik? Bəlkə bir az eyforik yanaşmadır, bəlkə bir az pafoslu yanaşmadır. Amma gerçək budur.

 

Biz dəmirin pas tutmuş hissəsiyik

sam_2448

– Amma bir şey də var axı, getdikcə millət də itir. Adama birdən elə gəlir ki, millət də itir…

– Millət heç bir zaman itə bilməz. Bilirsinizmi, o aşılanma gedir-gedir və üzü pas tutur. Bəlkə də biz dəmirin pas tutmuş hissəsiyik. Sürtüləcəyik-sürtüləcəyik, bizə elə gələcək ki, dəmir yeyilir və birdən görəcəksiniz ki, bir cilalanmış yerinə çıxdı. Elə yerdən çıxdı ki, o dəmirin keyfiyyətini hardan-hara qaldırdı. Millət də cilalanıb-cilalanıb çıxacaq bir gün. Heç vaxt milləti bu şəkildə silmək olmaz. Ay biri deyir ki, “bizim namus, qeyrətimiz belə gedir”, digəri deyir, “bu, laqeydlikdən irəli gəlir” və s. Bu zaman-zaman baş verən şeylərdir. Tarixin müxtəlif dönəmlərində olan şeylərdir. Stalin öləndə Azərbaycanda dədəsinin ölüsünə ağlamayanlar, Stalinə ağlayırdılar. İndi Stalini də söyürlər, o birisini də, bu birisini də… Belə şeylərdən qorxmaq lazım deyil. Zaman lazımdır. Belə şeylərin yarasını sağaltmağa. Özü də belə şeylər çox qısa zamanda sağalır. Ona görə mən belə şeylərdən qorxmuram. Amma dövlətimin itirilməsindən çox qorxuram. Həddən artıq. Bunun üçün də hər zaman təhlükə var.

– Yəni demək istəyirsiniz ki, siyasi məhbus məsələsinə də bu kontekstdən yanaşmısınız?

– Yəni baxdım ki, dövlətin üzərinə çox gəlinir. Həddən artıq çox gəlirlər və o adamlar gəlir ki, onlar da, bütün beynəlxalq təşkilatlar da Azərbaycanın əleyhinədirlər.

– Türkel Azərtürk soruşur: “İqbal Ağazadə nə vaxt rejimə qarşı mübarizə aparmaq qərarını verəcək? Məsələn, nə vaxt deyəcək ki, bu offşordakı pullar, Dubaydakı villalar sizdə haradandır? Görəsən, nə vaxt deyəcək ki, ay xalq, bu gün tapdanan sənin hüquqların, talan edilən sənin sərvətindir. Çıx meydanlara haqqını istə”. İmanlı Məhəmməd də fikrini bildirib ki, Əvəz bəy bu sualı çətin ki, səsləndirə. Özləri sual verirlər, sonra da əvəzimizdən qərar verirlər.

– Açsınlar yutubu, sadəcə mənim çıxışlarıma baxsınlar.

– O çıxışlarda cavab var?

– Əlbəttə. O çıxışlarımın hamısında cavab var.

 

Mən də kənddə böyümüşəm, o dili mən də bilirəm

dsc02437

 

– Rəşad Qədirli soruşur: “Son prezident seçkisində 9 çıxış edib, bir dəfə də olsun korrupsiya piramidasında monopoliyanın, talançılığın başında dayananın adını çəkə bilməyən, siyasətdə ağırlığı saxta deputat mandatı qədər olan, yenə də özünü siyasətçi kimi qələmə verməsi nəyin nəticəsidir? ”

– Əgər o adam mənim haqqımda o qənaətdədirsə, gəldiyi bütün qənaətlər…. Bu, bilirsinizmi nəyə oxşayır? Bir alim öz aləmində bütün laborator göstəriciləri əldə edir, bir reaksiya aparıb, nəticə alır, sonda bir başqasına sual verir ki, bu reaksiya niyə belə getdi? Mən nə bilim, sən aparmısan. Sən əgər o qənaətə gəlmisənsə, cavabını özün ver. Mən o qənaətdə deyiləm və düşündüklərimin heç birini də bölüşmürəmsə, mənə olan baxışın – yenə deyirəm, mən ondan incimirəm, o mənim qohumum deyil, partiyadaşım deyil, bəlkə heç seçicim də deyil, bəlkə heç elektoratım da deyil, mənim ondan inciyəcək bir şeyim də yoxdur. Amma təhqir elementlərindən istifadə etmələri yetərli deyil. Mən bunu bir dəfə parlamentdə də demişdim. Azərbaycan dili çox zəngin dildir. Amma mən də kənddə böyümüşəm, hamısını da bilirəm. O danışıqların on qat artığını mən danışa bilərəm. Nəyə lazımdır ki, bütün bunlar?

– Gərək xüsusi diqqət ola… Xüsusilə də bunu vurğulayırıq. Amma insanlar bəzən daxilindəki siyasi təmayüldən irəli gələrək…

– Siyasi təmayüldür, ona görə elə ifadə edirlər.

 

Özüm çəkmişəm suyunu, quruyan da deyil

sam_2468

– Vüsal Məmmədov soruşur: “Bu qərərgah, bu bahalı maşın, bu dəbdəbəli həyatın pulları haradan gəlir? Bəlkə də deyəcəksiniz ki, biznesim var. Bəs biznesiniz haradandır və nə əcəb ona toxunmurlar? Axı siz deyirsiniz ki, müxalifət məhv edilir”. Vasif Əlibəyli də belə bir sual soruşur: “Bu dəyirmanın suyu haradan gəlir?”

– Özüm çəkmişəm suyunu, narahat olmasın. Quruyan da deyil. Niyə istəyirlər ki, elə Azərbaycanda hər kəs ac olsun? Niyə bu bolşevik təfəkküründən heç kəs əl çəkmək istəmir?

– Əslində müxalifət də zəngin olmalıdır. Müxalifət kasıb olmaz…

– Bilirsinizmi, Azərbaycan müxalifəti ən çox niyə bu gündədir? Bunun ən çox fundamental səbəblərindən biri nədir? Sıfır halı ilə, sıfır maliyyə ilə, sıfır ictimai reytinqlə siyasətə gəlirlər. Gəlirlər. A nöqtəsindən B nöqtəsinə qədər getməlidirlər, çox kiçicik bir məsafə qət eləyəndən sonra sıfır vəziyyətindən qalxırlar 1-ə. Yəni maddi imkan düzəldirlər – kabinetləri, o olur, bu olur. Və siyasətdən əl çəkmək istəmirlər. Dünyada belədir. Gəlir, siyasətə pul qoyur, bəlli bir yerə çata bilməyəndə pulunu götürüb, gedir ki, artıq bu tərəfdən o tərəfə xərcləmək olmaz. Bəlli bir yerə çatanda isə daha çox pul qoyur ki, daha çox qazansın. Azərbaycanda pul-zad xərcləmirlər. Sıfırla başlayırlar. Bir azdan imkan yaranır, o-bu cibinə pul qoyur, gəlib bir yerə çatır, sonra da deyir ki, “buradan daha niyə geri qayıdım ki, onsuz da sıfır idim də…” Rəhmətlik, hökumət, daha doğrusu Milli Məclis nümayəndələrindən biri var idi, bir dəfə mənə dedi ki, “Mercedes”lə bura gəlirsən. Mən də dedim ki, mən bura gələndən “Mercedes”lə gəlmişəm. Bura piyada gəlib, indi nə sürdüklərini bilənlər danışsın. Məni tanıyanlar, tələbə yoldaşlarım tələbəlik vaxtımdan bilirlər ki, universitetdə tələbə olanda sürücü və mühafizəçi ilə gəzmişəm. Ən azı, bunu hər kəs bilir.

– Yəni bu, sizdə əvvəldəndir?

– Haradandır, nədir, vergi deklarasiyası olar, mən ona cavab verərəm. Amma mən bunun üçün durub qəzet səhifəsində və yaxud da saytda kiməsə nəyinsə hesabatını vermək niyyətində deyiləm. Prezidentliyə namizəd kimi məndən o hesabat istəniləndə mən o zaman verərəm. Amma öyrənin ki, mən istəyirəm ki, hər kəsin olsun. “Daha bu səndə haradandır?”,- deyib də, bolşevik təfəkkürü ilə, 30-cu illərin təfəkkürü ilə yanaşmaq yaxşı şey vəd eləmir.

 

O, məni itiribsə, mənim üçün o, dünəndən yoxdur

sam_2478

– Vüqar Həsənov da o tip sual verib: “Nardaranda olan 2 hektarlıq bağ evindən danışsın ki, onu hansı pulla alıb?”. Rasim Xəlilov soruşur ki, hansı mənsəbə qulluq edir? Təbii ki, dini mənada yox. Xəzər Baycan soruşur: “Düşünürəm ki, xalq və ya toplum olaraq İqbal bəyi 2003-cü ildə itirdik. Onun özü necə düşünür, xalqın vəkili olmaq statusunu nə zaman itirdi?”

– Vallah, o, məni itiribsə, mənim üçün o, dünəndən yoxdur. Mən o adamın sualına niyə cavab verməliyəm? Boş, mənasız şeylərdir. Bilirsinizmi, bu yaxınlarda bir dostumuz sosial şəbəkədə gözəl bir şey yazmışdı. Mənim üçün gözəl idi, amma onun xoşuna gəlməyə bilər… Xəzər Baycan idi də deyəsən?

– Hə…

– Yazmışdı ki, “Bir millət vəkili evində qaldığı kirayənişini inandıra bilmir ki, mən millət vəkiliyəm. İqbal Ağazadə də kimsəni inandıra bilmir ki, o, millət vəkili deyil.”

– Maraqlı fikirdir. Yəni demək istəyirsiniz ki, siz xalqın ürəyində…

– Çıxın mənim seçki ərazimə, deputat olduğum əraziyə çıxın və ya çıxın rayonlardan birinə və yaxud da çıxın seçicilərin arasına… Mənə siyasi mövqeyi olan adamların sualları və yaxud da yanaşması heç maraqlı deyil. Niyə? Çünki o məni nə seçkilərdə seçməyəcək, nə arxamca gəlməyəcək, nə partiyadaşım olmayacaq…

– Belə suallar var…

– …Onların böyük əksəriyyəti siyasi seçimini etmiş adamlardır.

– Hətta Cavid Zülfüqarlı mənə irad bildirib ki, “Nə qədər maraqlı insanlar var müsahibə almaq üçün. Əvəz bəy, kimə lazımdır İqbal Ağazadənin fikirləri”. Cavanşir Ağayev deyib: “Ən çox antipatiya bəslədiyim adam”. Yəni bunlarla yanaşı, sizi təqdir edən suallar da var. Şəhla Cabbarlı yazır ki, “İqbal Ağazadə bizim ərazinin sevilən millət vəkili olub. Ərazidəki yol çəkimi, məhlələrdə yaşlı, cavan və uşaqların istirahət etdikləri yerlər onun adı ilə bağlıdır. Hamısını o düzəltdirib. Camaat da İqbal Ağazadədən razı idi. Ona sualım: Gələn seçkilərdə yenə eyni dairədən yenə namizədliyini verəcəkmi?””

– Şəhla xanım, mütləq verəcəm.

– “… Yoxsa, başqa yerdən verəcək?”

– Yox… Mütləq yenə oradan verəcəm. Şəhla xanımı tanıyıram. Səhv etmirəmsə, Gəncə prospekti…

– Sizin seçiciniz olub?

– Bəli, mənim seçicimdir. Və aktiv xanımdır. Sosial şəbəkələrdə də, ictimai rəydə də aktivdir. Jurnalistdir…

– Bəli…

– Səhv etmirəmsə, Gəncə prospekti 67-ci binada yaşayır.

 

Axı daha Milli Məclisdə deyiləm

dsc02440

 

– Amil Abbasov yazır, “İqbal Ağazadənin hökumətin hesabatını darmadağın etdiyi videoya baxmaqdan həzz alıram. Amma son vaxtlar nədənsə bu tipli informasiyalar qarşıma çıxmır. İqbal Ağazadə passivlik fazasınamı keçib?” 

– Axı, elə bilir ki, mən yenə millət vəkiliyəm.

– Orada görmək istəyir?

– Orada görmək istəyir. Axı orada deyiləm ki, mənim həmin çıxışlarımı yenə eləyim. Orada hökumət hesabat verirdi, hökumətin hesabatına mövqeyimi ifadə edirdim. İndi də hökumətin hesabatına mövqe ifadə edə bilərəm, təbii ki… Mart ayında olacaq bütün bunlar. Amma artıq o rakursda olmayacaq, bir az fərqli olacaq. Orada parlament idi, otururdular, oturan adamın üzünə danışırdın, amma indi sadəcə danışırsan ki, bu pisdir.

– Tural İsmayılov yazır: “İqbal Ağazadə çox yaxşı insandır. Tələbə vaxtı Ümiddə çox yaxşı insanlar tanımışam. Ona iki sualım var: 1. Siyasət fəlsəfəsindən və dövlətçilik nəzəriyyələrindən xəbəri olmayan müxalif camiədə nəfəs ala bilirmi? 2. Niyə bu ölkədəki müxalif qurumların elmlə bağlı konkret komitələri yoxdur?” Əslində, maraqlı və aktual sualdır.

– Birincisi, olanımız budur. Biz başqa yerdən insan gətirəsi deyilik ki. Nəyimiz var, onunla yola davam etməliyik. Azərbaycanda budur, bundan çıxış yolu tapmalıyıq. Azərbaycan siyasətində çətindir, xüsusilə müxalif camiədə vəziyyət çox çətindir. Hər kəs də elə bilir ki, onun dedikləri məbəddir, o dedisə, hər şey bitdi. O necə istəyirsə, hər şey elə olmalıdır və yaxud da hər kəs bunun kimi mübarizə aparmalıdır, ya da hər kəs bunun dediyi sözü təkrarlamalıdır. İkincisi, elm komitəmiz var. Bizim elmlə bağlı ayrıca proqramımız da var. Mən bunun bir hissəsini prezident seçkilərində efirdən…

 

Olimpiya çempionuna 400 min manat verilir, bu, bir müəllimin 198 illik maaşıdır

 

– Sizin partiyada elə bir komitə var?

– Bəli…

– Elm Komitəsi?

– Bəli, bəli…

– Maraqlıdır…

– Elm və Təhsil komitəsi var. Bu məsələlərə bizim tamam fərqli yanaşmamız var. Biz gələcək üçün bütün fundamental qaydada vəsaiti və investisiyanı ancaq insana qoymağı düşünürük. Yerin altına, üstünə qoyulan, gündəlik cari fəaliyyətə qoyulan investisiyanın ömrü uzun olmur. Yalnız insana, elmə, təhsilə qoyulan investisiyanın ömrü uzun olur. Hərdən mənə çox qəribə gəlir ki, sanki biz dünyanı fəth edəcəyimiz kimi danışırıq, amma başa düşmürük ki, nə ilə. Bizim heç savadımız yoxdur. Bu günümüzün elmınə bir manat pul ayrılmır, təhsilimizə bir manat pul ayrılmır. Faciəvi bir haldır. Mən bunu demişəm, indi aforizmə çevrilib. 400 min olimpiya çempionuna verilir, bu, bir müəllimin 198 illik maaşıdır. 17 min gənc bu il təhsil haqqını ödəyə bilmədiyinə görə təhsildən kənarda qaldı. Amma olimpiaçıların birinə, hesablamalara görə, 900 min pul çatdı. Olmazdımı, dövlət 17 milyon vəsait ayıra, 17 min adamın təhsil haqqını ödəyə ki, bunlar təhsilini davam etdirib, Azərbaycana xeyir gətirə…

– Bir asfalt yolun təkrar çəkilişinə ayrılan vəsait bu problemi həll etmək üçün bəsdir.

– Orta hesabla 17 milyon vəsait lazım idi 17 min tələbəyə. O insanların ümidləri puç oldu, o insanların gələcəyi puç oldu, o insanların həyatları puç oldu, Azərbaycandan, pozitivlikdən küsdülər. Pessimist oldular, aqressiv oldular, kinli oldular, nifrət etdilər. Sabah onların bir qrupu cinayətkar olacaq. Yəni əslində, bunu dövlət nəzərə almalı idi.

 

Kim neçənci olmaq istəyirdisə, günahı o qədərdir

sam_2469

 

– İqbal bəy, 2003 hadisələrindən danışdınız, mənim üçün də çox maraqlı oldu. Nurlan Mirəlinin bununla bağlı bir sualı var: “2003-cü ildə baş verənlərin və bu uğursuzluqların günahkarları kimlərdir?” Konkret kimlərdir demək olarmı?

– Hamımız… Orada konkretlik məsələsi yoxdur. Təbii ki, birinci olmaq istəyənin günahı birincidir, ikinci olmaq istəyənin günahı ikincidir, üçüncü olmaq istəyənin günahı üçüncüdür…

– Maraqlı cavabdır. Kim neçənci olmaq istəyirdisə, günahı o qədərdir?

– Kim neçənci olmaq istəyirdisə, günahı o qədərdir.

– Elman Abbasov deyəsən sizin mətbuat xidmətinin rəhbəridir?

– Bizdə müavindir.

– O da sizi müdafiə edən bir uzun yazı yazıb və orada hamını da ona səsləyib ki, “dostlardan xahiş edirəm, etik normaları keçməsinlər, özləri üçün bir az sayğılı olsunlar. Ən azından, mənsub olduqları siyasi partiyaya, oturduqları yerə və hörmət etdikləri siyasi liderə sayğı göstərsinlər”.

– Çox sağ olsun…

– Əslində, bu, çox vacibdir. Biz dəfələrlə deyirik, sual verəndə də səviyyəli sual vermək lazımdır. Məncə, hansı partiyanın üzvü sual verirsə…

– Mən sizə bir şeyi deyim. Mən izləyirəm sizin Arif Hacılı ilə də, İsa Qəmbərlə də, Erkin Qədirli ilə də olan müsahibələri – daha kimlər var idi?…

– Əli Kərimli ilə də var idi, Rauf Arifoğlu ilə də…

– Rauf Arifoğlu ilə olan müsahibələrinizi oxumuşam və başqaları ilə də… Ömründə bizim partiyadaşlardan kimsə götürüb, onlara sual verməz.

– Doğrudan, rast gəlməmişəm.

– Birinci, bu, etik deyil… Niyə? Çünki adam onun siyasi lideri deyil və ondan da siyasi gözləntisi yoxdur.

– Hələ-hələ təhqir eləmək heç olmaz.

– Heç sual da yazmaz. Axı, onun nəyinə lazımdır ki? O adam bir camiənin rəhbəridir və o da həmin adamla bir yerdə deyil. Bəzən bunu bu şəkildə, bu cür cılız şəkildə təşkil edirlər. Mən bəzən sosial şəbəkələrdə görürəm…

– Bizdə belə olacağına inanmıram. Çünki…

– Yox… Siz təşkil eləmirsiniz…

– Mən buna imkan vermirəm. Amma başqa cür bəlkə də ola bilər.

– Yenə deyirəm, sosial şəbəkələrdə adi bir statusdan sonra nələrin yazıldığını, necə təşkil olunduğunu, nə qədər saxta profillərlə bu prosesdə iştirak etmələri adama çox qəribə gəlir.

 

Rauf Arifoğlu ilə Arif Hacılını barışdırmağa çalışıram

 

– Deməli, baxmısınız. O zaman Rauf Arifoğlu ilə Arif Hacılı məsələsinə siz münasibət bildirmədiniz.

– Mən dostların yaxşı münasibətdə olmasını istəyərəm. İstəmərəm ki, onlar mübahisə etsinlər.

– Onda heç olmasa, barışdıraydınız.

– Çalışıram.

– Alınmadı?

– Hər halda alınar. Bu, son deyil.

– Eləmi?

(Başı ilə təsdiqləyir…)

– İnşallah… İlahə Sadığova bir sual da soruşub: “Ameikadakı prezident seçkilərinin hazırkı şəraitdə Azərbaycana nə kimi təsiri ola bilər? Yəni kim seçilsə, Azərbaycan bundan nəsə əldə edə bilər?”

– Hillari Klintonun seçilməyi dünyada yeni düzən yaradacaq.

– O da yıxıldı və sağlamlığı ilə bağlı problem olduğu ortaya çıxdı.

– Düzələr, düzələr. Heç nə olmayacaq.

– Amma bunun təsiri ola bilər?

– Ola bilər ki, təsiri olsun. Amma Hillari Klinton seçilsə, dünyada yeni proses başlayacaq.

 

Çox istərdim ki, Hillari Klinton prezident seçilsin

sam_2477

– Hakimiyyət Trampın əlinə keçsə, dünya tamam başqa istiqamətdə proseslərə qatılacaq.

– Bəli. Əvvəla, Hillari Klinton Amerika tarixində ilk qadın prezident olacaq. İkincisi, İngiltərə ilə məşhur aralarındakı rəqabət və dəmir ledi Marqaret Tetçerlə özünü müqayisə etmək imkanları olacaq və ona görə də dünyaya daha çox şey verməli olacaq. Üçüncüsü, boynunun arxasında da bir qadın siyasətçi – Angela Merkel olacaq. Məncə, Angela Merkel ilə eyni vaxtda siyasətlə məşğul olmaq daha qətiyyətli, dünyaya daha pozitiv mesajlar verə bilən və dünyada dəyərləri möhkəmləndirə bilən addımlar atılmasına sövq ediləcək. Mən ona görə də çox istərdim ki, Hillari Klinton prezident seçilsin.

– Amma maraqlı bir siyasi proses də gedir. İngiltərənin, Almaniyanın və Amerikanın rəhbərləri, idarəediciləri qadın olur. Bu, dünyaya həm də başqa bir mənada fəlakət gətirməz ki?

– Nədən qorxursunuz ki?

– Qorxmuram.

(Gülür…)

– Sadəcə dünyanı qadınların idarə etməyi dünya tarazlığını pozmaz ki?

– Bilirsinizmi, qadınlar bəzən bizdən inciyirlər. Amma mən həmişə qadınlara bir misal çəkirəm. Deyirəm, uşaqlar yıxılanda sizin emosiyalarınızla bizim emosiyalarımız eynidirmi?

– Eyni deyil, yox.

– Eyni deyil.

– Heç bir şeydə eyni deyil.

– Valideyin itkisində sizin emosiyalarınızla bizim emosiyalarımız eynidirmi? Deyirlər, yox. Deyirəm, biz o zaman dünyanın onsuz da problemli olduğu bir zamanda bu emosiyanızla sizə hakimiyyəti verə bilmərik ki… Ona görə, bir az da çətindir.

– Bir az da çətindir.

(Gülür…)

 

Allahım bilir, mən bilirəm

dsc02446

– Ceyhun Mirzəlinin sualları ilə bitirmək istəyirəm. Onun üç maraqlı sualı var: “Bir dəfə İqbal Ağazadənin namaz qılan yerdə şəkli yayılmışdı. Bir müsəlman kimi başqa saleh əməllər də görürmü?”

– Mən imanımı…

– Siz namaz qılırsınız?

– Bəli. Mən inamımı, imanımı adamlar üçün qılmıram ki, onu da publik şəkildə deyim. Allahım bilir, mən bilirəm. Yersizdir.

– İkinci sual: “Özünü hansısa əsər, film qəhrəmanına bənzədibmi?”

– Yox…

– Hansısa həyati məqamda?

– Yox.

– Çünki indi özünü Polad Ələmdara bənzədənlər var.

– Yox.

– Ərtoğrula…

– Yox. Mən özümü heç kimə bənzətmirəm.

– Elə bir mifik qəhrəmanınız da olmayıb? Məsələn, uşaqlıqda adamın bir idealı olur…

– Yox… Olmayıb.

– Məsələn, şairlər, yazıçılardan…

– Yox…

– O vaxt Bəxtiyar Vahabzadə məşhur idi…

– Ömrümdə olmayıb. Ömrümdə şeir yazmamışam. Bir sətir belə.

– Bəs, özünüzə ideal bildiyiniz bir adam, şair, qəhrəman necə?

– Şairlərin yaxşı əsərlərinin hamısını sevirəm. Mən elə şairin elə şeirini sevə bilərəm ki, onun cəmi bircə şeiri var. Elə şairin elə şeirindən deyə bilərəm ki, onun adını bəlkə də heç eşitməmisiniz.

– Məsələn, eşitmədiyimiz bir şairin bir şeirini deyə bilərsinizmi?

– Məsələn, Rafiq Həsən adlı şair haqqında eşitmisinizmi?

– Eşitməmişəm.

– Eşitməmisiniz. Yevlaxın keçmiş icra başçısıdır. Deyir, Allah, mənə gözəl bir qadın yetir. Onu yerə göndərmə, göydə saxla. Çünki deyir, səni də tanıyıram, gözəl qadını da tanıyıram, özümü də tanıyıram. Onu burada qoruya bilməyəcəyəm. Sonda deyir, mənə ehtirassız bir qadın yarat. Mən də sənin kimi sevə bilim. Mənim də sənin kimi sevgim olsun. Ehtiras olan yerdə sevgi olmur.

– Hə… Rafiq Həsən icra başçısı olub.

– Hə… Onun gözəl şeirləri var.

– Məsələn, mən ilk dəfədir ki, eşidirəm. Kitabı çıxıb?

– Kitabı çıxıb, bəli.

 

Boş-boş şeylərdir bunun hamısı

 

– Çox maraqlıdır. Üçüncü sual: “Qadının kişinin qabırğasından yarandığına inanırmı?”

– Yox. Boş-boş şeylərdir bunun hamısı… Nə deyim? Mən dini alim deyiləm. Səmavi kitabların-filan yiyəsi deyiləm. Yenə deyirəm, mənim inamımı cahiliyyət  təşkil eləmir. Nədən nə yarandığını da düşünəcək qədər bu gün bilgiyə və yaxud da həvəsə malik deyiləm.

– Çox təşəkkür edirəm.

– Sizə təşəkkür edirəm…

– Faydalı və gözəl bir müsahibə oldu.

 

 

SON

 

Strateq.az