Fransanın “Oberthur Technologies” şirkəti təhlükəsizlik kodunu hər saat dəyişən kredit kartı hazırlayıb. İstehsalçıların fikrincə, belə təhlükəsizlik tədbiri kart oğurlandığı zaman ondan istifadəni qeyri-mümkün edəcək.
Azərtac “techcult.ru” saytına istinadla xəbər verir ki, son zamanlar kredit bank kartları ilə bağlı internet fırıldaqçılığı geniş yayılıb. Əksər banklar şübhəli əməliyyatların nişanlanması yolu ilə fırıldaqçılarla mübarizə aparmağa çalışsa da, bu sistem özünü doğrultmayıb. Fransanın “Sosiete General” və “Groupe BPCE” bankları “Oberthur Technologies” şirkəti tərəfindən hazırlanmış və fırıldaqçılığın qarşısının alınması üzrə “Motion Code” adlı yeni sistem tətbiq edib.
Kredit kartının arxa tərəfində yerləşdirilmiş kiçik ekranda hər saat təhlükəsizlik kodu dəyişilir ki, bu da fırıldaqçı əməliyyat cəhdlərinin qarşısını alır. Ekran möhkəm sukeçirməz materialdan hazırlanıb və üçillik kiçik litium akkumulyator vasitəsilə işləyir.