XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2016 - 16:56

Dünyanın sirli guşələri:Fuci dağının “intihar meşəsi”

1437819910_aaa1

Yaponiya təbiətinin füsunkarlığı bütün  dünyaya bəllidir. Və təbii ki, hər kəsin heyran olduğu əsas yer isə Yaponiyanın hər tərəfindən görünən Fuci dağıdır. Bu dağ ta qədimdən yaponlar üçün müqəddəs hesab edilir. Yerli xalqın inancına görə, bura Tanrı Fucinin dağıdır. Rəvayətə görə, Tanrı Fuci bir gün Yaponiyanın yerli xalqı ayniləri ziyarətə gəlib və onlara dünya haqqında məlumatlar verib. Buna görə də dağ müqəddəs hesab edilir.

fuji-dagi

Fuci dağı

İntihar meşəsi

864-cü ildə Fuci vulkanının püskürməsi nəticəsində dağın şimali-qərb yamacında lava yaylası meydana gəlib. Məhz bu ərazidə sonradan tədricən çox qəribə görünüşə malik meşə yaranıb. Bu, “intihar meşəsi” adlandırılan Aokiqaharadır. Bura tamamilə səssiz və vahiməlidir. Ağaclar sıx olduğu üçün bura “ağac dənizi” də deyilir. Fuci dağının ətəyində yerləşən meşənin altında zəngin dəmir filizi yataqları olduğu üçün ərazidə kompas düzgün işləmir. Həmçinin Bermud üçbucağındakı kimi burada da yüksək səviyyədə elektromaqnit sahəsi mövcuddur. Məhz buna görə meşə gözəlliyi ilə deyil, mistik hekayəsilə tanınır.

Bu meşə yapon mifologiyasının bir çox motivləri ilə səsləşir. Əsrlər öncə yoxsul yapon ailələri yaşlı valideyinlərinə baxa bilmədikləri üçün onları bu meşəyə gətirirdilər.

Hər il meşədə, təxminən, 70-100 cəsəd tapılır. Yapon polisi rəsmən 1970-ci ildən meşədə cəsədlərin axtarışı ilə məşğul olur. 2002-ci ildə meşədən 78 cəsəd tapılıb. İntihar edənlərin şou özlərini asırlar. Meşənin əsas cığırlarından bir az kənara çıxmaq kifayət edir ki, müxtəlif dərman qutularına, şəxsi əşyalara, çanta və su qablarına rast gələsən.

aoki

Aokiqahara meşəsindən görüntü

İntiharların səbəbi nədir?

Amerikalı yazıçı Bil Bernes meşədəki intihar hadisələrini bu cür izah edir. “Yaponlar Fuci dağını yerin və göyün birləşdiyi bir neçə yerdən biri hesab edirlər. Yer və göyü birləşdirən məkanlar isə “cənnətin qapıları”dır. İnsnalar bu qapılardan başqa dünyalara keçid olduğuna inanırlar. Çox güman ki, burada yaşayan insanlar da həyatdan yaxa qurtarmaq üçün əlacı digər dünyalara keçməkdə görürlər. Bunun üçün seçdikləri yol intihardır”.  

Bir çox astronomlar insanların bu inanclarının həqiqət ola biləcəyini deyirlər. Onlar düşünürlər ki, Fuci dağında yaşanan qəribə hadisələr, maqnit sahəsinin pozulması, yadplanetlilərin tez-tez görülməsi iddiaları bu inancların sadəcə xurafat olmadığını göstərir.

aokigahara-forest_mount-fuji

Fuci dağı və ətəyindəki Aokiqahara meşəsi

İntiharların qarşısı necə alınır?

Yaponiyanın yerli qurumları intihar hadisələrinin qarşısını almaq üçün bir çox tədbirlər həyata keçirir. Meşənin yaxınlığındakı mağazalarda dərman və kəndir satılmır. Meşənin kənarlarına kameralar və bir çox lövhələr asılıb. Əraziyə yaxın mağazalarda işləyən satıcılar artıq meşəyə bu məqsədlə gələnləri onlarca adam içərisində aşkar edə bilirlər. Bir çoxları eyni ifadələri işlədir: “Onlar cığırla meşəyə getməzdən əvvəl bir müddət ətrafda veyllənirlər, eləcə də çalışırlar heç kimin gözünün içinə baxmasınlar”.

Meşə kənarlarındakı lövhələrdə intihar edən insana psixoloji dəstək vermək məqsədilə sözlər və telefon nömrələri qeyd olunub.

suicide-forest-807x600

Aokiqahara meşəsindəki xəbərdarlıq lövhəsi

Yaponcadan tərcüməsi budur: “Sizin həyatınız valideyinləriniz tərəfindən verilmiş əvəzsiz nemətdir. Ailəniz haqqında düşünün. Siz təklikdə əzab çəkməli deyilsiniz. Bizə zəng edin. 20-0110”.

Qəmər Şahbaz

Strateq.az