XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2017 - 12:26

Xalq təbabəti xəzinəmizdən –balqabağın faydaları

1

Balqabaq Meksika və mərkəzi Amerikada, təxminən, 7500 il əvvəl kəşf edilmiş bitki növüdür. Dünyada 700-dən çox növü var. Bunlardan 3-ü (adi, irimeyvəli və muskat) Azərbaycanda daha geniş becərilir. Əksər xalqların mətbəxində balqabaq mühüm yer tutur: məsələn, italiyanlar balqabaq güllərini ədviyyatlı ətlə dolduraraq soyuq yemək növü hazırlayırlar, avstriyalılar qəhvəsini çox sevirlər, Meksikada onu düyü, istiotla qarışdırıb dadlı yemək bişirirlər. Hindistan mətbəxində balqabaqdan halvaların hazırlanması geniş yayılıb. Bütün dünyada olduğu kimi ölkəmizdə də qabaqdan yeməklərdə, şirniyyat sənayesində və vitamin həblərində istifadə edilər. 100 qram balqabaqda 45 kkal enerji mövcuddur. A, C, E və K vitaminləri, həmçinin,  maqnezium, dəmir, mis və s. mineralları ehtiva edir. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir. İnsan sağlamlığı üçün çox xeyri var. İbn-Sina “Tibbnamə” əsərində bu bitkini xərçəng xəstəliyinə qarşı ən təsirli vasitə kimi irəli sürüb. Qaraciyərin fəaliyyətini bərpa edir, onu qoruyur, sağlamlıq üçün yumşaldıcı, sidikqovucu və tərqovucu xassəyə malikdir, susuzluğu aradan qaldırır, bişmiş balqabaq qızdırma və öskürəyə yaxşı təsir göstərir. Bu zəngin tərkibə malik qidanın faydaları ilə sizi tanış edəcəyik.

Ürək üçün faydaları

pumpkin-slider4b

Balqabaqda xolestrol yoxdur, az miqdarda digər yağlardan var. Buna görə də ürək üçün faydalıdır. Tərkibindəki maqnezium sayəsində insanı infrakt, iflic kimi ciddi xəstəliklərdən qoruyur. Kalium, maqnezium və C vitamini isə qan təzyiqinin normal ölçüdə qalmasına kömək edir.

Xərçəngə qarşı

Balqabaq güclü antioksidantdır. Tərkibindəki retinol, yəni A vitamini sayəsində xərçəngə səbəb olan kimyəvi çirklənmənin qaşısını alır. Həmçinin C vitamini ağız və ağciyər xərçənginə qarşı effektlidir.

Sümüklərə faydası

Balqabaq yemək onurğada mineralları artıraraq sümüklərin möhkəmlənməsinə kömək edir. Yuxarıda qeyd etdiyimiz kimi tərkibindəki maqnezium oynaq problemlərinin yaranmasının qarşısını alır. Ehtiva etdiyi dəmir, sink, fosfor kimi minerallar sümük xəstəliklərinin müalicəsində istifadə edilir.

Gözə faydası

Tərkibindəki karotin və lutein gözdə korluğa səbəb olan katarakt və makula kimi xəstəliklərin qaşısını almaqda əhəmiyyətli rol oynayır. 1 fincan balqabaq suyunda,təxminən, 135 milliqram karotin, 2400 mikroqram lutein var.

Uşaqlar üçün faydası

Balqabaq çiy və ya bişmiş, istənilən halda uşaqlar üçün xeyirlidir. Uşaqlar üçün əvəzsiz qidadır. Dietoloqlar onu uşaqların mədə-bağırsaqları pozulan zaman verməyi məsləhət görurlər. Balqabağın çiy məti mədə-bağırsaqın düzgün işləməsinə kömək edir. Qəbizlikdə və köp zamanı balqabağın çiy şirəsi tövsiyə edilir. Şirəni uşaqa içirtdikdən sonra qısa vaxtda köp və ağrı keçir. Balqabaq anemiyalı uşaqların qidasında hər gün olmalıdır. Siz ondan şirə çəkə, salat və ya desert hazırlaya bilərsiz. Altı aylıq körpələrə balqabaq puresi vermək olar.

Balqabaq şirəsinin faydaları

sire

Balqabaq şirəsi orqanizmə cavanlaşdırıcı təsir edir, orqanizmin tonusunu artırır. Qara ciyər xəstəliklləri zamanı da şirə müalicəvi və profilaktik məhsul kimi istifadə oluna bilər. Balqabaq şirəsi qədimdə sidik ifrazı sisteminin iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunurdu, öd kisəsinə və öd yollarına müsbət təsir edir, durğunluğu azaldır. Artıq çəkidən əziyyət çəkən insanlar da bu şirədən faydalana bilərlər. Balqabaq şirəsi azkalorili məhsuldur, mübadilə prosesləri yaxşılaşdırır, artıq mayeni orqanizmdən xaric edir.

Soyuq fəsillərdə balqabaq şirəsi soyuqdəymə xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1/2 stəkan təzə balqabaq şirəsinə 1 çay qaşığı bal əlavə edib gün ərzində 2 dəfə qəbul etmək lazımdır.

Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.

Balqabaq dərman vasitəsi kimi.

Resept 1. Qurd xəstəliyinə qarşı:

– 200 qr təmizlənməmiş balqabaq tumu

– 5-6 diş sarımsaq

– 2 xörək qaşığı təbii bal.

Hazırlanması:

Balqabaq tumları quru tavada bir qədər qızardılır, təmizlənir və üyüdülür. Sarımsaq təmizlənir, əzilir, əzilmiş tumlara əlavə olunur, qarışdırılır. Daha sonra bal əlavə olunur, yaxşı qarışdırılır, 12 saat ərzində, sərin qaranlıq yerdə saxlanılır.

İstifadəsi:

Hər gün acqarına səhər yeməyindən, ən azı, 30 dəqiqə əvvəl qəbul olunur. Böyüklər 1 xörək qaşığı , uşaqlar 1 çay qaşığı qəbul etməlidir. Müalicə müddəti 3-4 gün.

Resept 2. Soyuqdəyməyə qarşı:

– Bal 150 qr

– Balqabaq 200-300 qr

– 2 ədəd limon

– 70 qr təzə zəncəfil

150 qr şəkər tozu

Hazırlanması:

Zəncəfil və boranını təmizləyib, blenderdən keçirin, limonları qabıqdan və dənələrdən azad edin, boranıya və zəncəfilə qatın, yenə blendrdən keçirin, axırda isə şəkər tozu və balı qatıb, eyni kütlə alınana qədər yaxşıca qarışdırın.

İstifadəsi:

Bu qarışım soyuducuda uzun müddət qala bilər. Lazım gəldikcə isti çayla içə bilərsiniz. Bu çox dadlı "dərman" sizi soyuqdəymədən və qripdən qoruyacaq, immunitetinizi yüksəldəcək.

Resept 3.

2

Hamiləlikdə balqabaq tumunun istifadəsi ürəkbulanmanın qaşısını alır. Gün ərzində bir ovucdan artıq istifadə etməmək şərtilə qəbul edə bilərsiniz.

Resept 4. Balqabaq üz dərisini də cavanlaşdırır, hamar və sağlam edir.

-100 qram balqabaq

– 1 xörək qaşığı xama

– 1 çay qaşığı bal

Hazırlanması:

Balqabağın kiçik tikəsi təzmizlənir, sürtgəcdən keçirilir. Ora 1 xörək qaşığı xama və 1 çay qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır.

İstifadəsi:

Maskanı üzünüzə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Zərərləri

Balqabaq şirəsinin faydaları ilə yanaşı əks göstəriciləri də var. Mədə və onikibarmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, ishala meyillik olduqda bu şirə insana ziyan vura bilər. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşməyi unutmayın.

Qəmər Şahbaz