Kanadada mühəndis fakultəsində bütün məzunların barmağına dəmir üzük taxılır. Paslanmaz polad və ya xüsusi işlənmiş dəmirdən hazırlanan bu üzüklər özəl mərasimdə təqdim edilir.
Əslində, bu ənənənin tarixi faciəli bir hadisədən başlanıb. 1907-ci ildə Kanadanın Kvebek əyalətində körpü çöküb və 75 insan həlak olub. İnşaat zamanı körpünün 1600 futdan 1800 futa yüksəltmək qərarından sonra podratçı şirkət hesablamaları yenidən gözdən keçirməyib və 1907-ci il avqustun 29-da saat 17:30 radələrində tirlər ağırlığa dözmədiyi üçün körpü uçub. 1900-cü ildən başlanan “Beynəlxalq və qitələrarası qatar yolu” layihəsinin bir parçası olan bu körpüdə 86 işçi var idi. Qəzadan sadəcə 11 nəfər xilas ola bilib.
Mühəndislərin bacarıqsızlıq və təcrübəsizliyi, yanlış vasitələrdən istifadə, işçilərin sağlamlığndakı problemlər və layihədə edilən dəyişiklikdən sonra hesablamaların aparılmaması belə bir faciəyə səbəb olub. Məsələn, layihədə baş mühəndis olan Edvard Hore (Edward A. Hoare) əvvəllər 300 futdan uzun körpü inşaatında işləməyib. Bundan əlavə, layihənin idarəçiliyi 1903-cü ildə “Phoenix” körpü inşaatı şirkətinin məsləhətçi mühəndisi Teodor Kuperə (Theodore Cooper) verilsə də, o xəstələndiyi üçün layihənin gedişatını izləməyib.
1908-ci ildə layihə və baş vermiş qəza Kral istintaq komitəsi tərəfindən nəzarətə götürülüb. Layihəni incələyib təsdiq edən Teodor Kuper və layihənin baş mühəndisi təqsirli bilinib.
“Kvebek körpüsü” bərpa edildikdən sonra 1916-cı il sentyabrın 11-də ikinci dəfə uçub və bu dəfə 13 nəfər həlak olub. Nəhayət, 1929-cu ildə tamamlanan körpü 30 il müddətində 88 nəfərin ölümünə səbəb olub və hal-hazırda dünyanın ən uzun konsol tirli körpüsüdür.
1925-ci ildən bu faciənin unudulmamsı üçün məzun mühəndislərə dəmir üzük taxılır. Bu artıq ənənə halını alıb. Dörd illik təhsilini başa vuran tələbə “iron ring” (dəmir üzük) üçün univeristetə mürciət edir, barmağın ölçüsü alınır və məzuniyyət tədbirindən əvvəl üzük tələbəyə verilir.
Üzüyün təqdimi isə olduqca dəbdəbəlidir. Bunun üçün özəl “üzük mərasimi” təşkil edilir və qeyri-mühəndislərə bu mərasimə qatılmağa icazə verilmir. Üzüklər təcrübəli mühəndis tərəfindən təqdim edilir. Mərasim zamanı səhnəyə nəhəng zindan qoyulur və çəkiclə üstünə vuraraq morze əlifbası ilə “S-S-T” səsləri çıxarılır. Bu hərflər həm “Steel-Stone-Time” (polad-daş-vaxt) həm də “Soul-Spirit-Time” (can-ruh-vaxt) sözlərinə əsaslanır. Bununla Kvebek körpüsü faciəsini yad edərək mühəndislik ruhunun, poladın, qayaların və vaxtın əhəmiyyətini vurğulayırlar.
Qəmər Şahbaz