XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 16:20

Robot-humanoidlər:xəstələrə və qocalara qulluq göstərəcəklər

Sosial xidmətlər yaşlı insanlara lazımi xidmət göstərilməsini təmin etməkdə çətinlik çəkirlər. Alimlər təsdiq edirlər ki, “xoşrəftar” və hər xəstəyə fərdi yanaşmağı bacaran insanabənzər robotlar bu məsələdə sosial xidmətlərin köməyinə çata bilər.

Azərtac bbc.com saytına istinadla bildirir ki, Berdfordşir və Midlseks universitetlərinin alimləri “Pepper” adı ilə məşhur olan fərdi robot-humanoidlər yaradılmasına kömək edəcəklər.

“Mexaniki xəstə baxıcılarını” elə proqramlaşdırmaq olacaq ki, bu qurğular onlara ehtiyacı olan insanlara daha yaxşı münasibət göstərsin.

Xəstələrin fərdi mədəni keyfiyyətlərini nəzərə almağa qadir olan robotların hazırlanmasını üç il müddətində yekunlaşdırmaq nəzərdə tutulur. Tədqiqat proqramını Avropa İttifaqı və Yaponiya hökuməti maliyyələşdirir.

Müxtəlif mədəniyyətlərdə xəstələrə qulluq edilməsinin xüsusiyyətləri üzrə mütəxəssis, professor İrena Papadopulos deyir ki, zaman keçdikcə insanların ömrü uzanır və səhiyyə sisteminin gərginliyi artır, təkcə Böyük Britaniyada 15 min insan artıq 100 yaşa çatıb. O əmindir ki, onların sayı yalnız artacaq.

Professor izah edir ki, “süni intellektə malik olan robot-köməkçilər xəstəxanaların personalına və qocalar evinə yardım edəcəklər. Eyni zamanda, insanların sərbəst yaşaması üçün onlara evdə kömək sistemi inkişaf edəcək. Bu, tibb personalının əvəzedicisi deyil, mövcud sistemin inkişafı və təkmilləşdirilməsidir”.

“Softbank Robotics” şirkətinin bəhrəsi olan “Pepper” robotu Yaponiyanın minlərlə evlərində artıq istifadə olunur.

Şirkətin baş elmi işçisi Amit Xumar Pandi deyir ki, “Softbank Robotics” robotların insanlarla “dinc yanaşı yaşayacağı”, həyatın daha xoşbəxt, sağlam və ahəngdar olacağı dünya yaratmaq istəyir.

Bu robotlar səs və jest vasitəsilə insanlarla ünsiyyət saxlayaraq sərbəst hərəkət edə biləcəklər və yaşlı insanların xəstəlik əlamətlərini, eləcə də təcili yardım lazım olduğunu hiss edəcəklər.

Oxşar robotlar artıq Yaponiyanın xəstəxanalarında var – onlar xəstələri daşımağa və ya yerini dəyişməyə yardım edirlər, eləcə də yemək paylayırlar.