XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2017 - 11:20

Paralel dünyalardan planetimizə gələnlər –yaşıl uşaqlar

Green children

İnsanlar başqa dünyalardan planetimizə müxtəlif məxluqların gəldiyinə həmişə inanıb. Rəvayətlərdə onların ya gələcəkdən, ya da hansısa qaranlıq bir dünyadan gəldiyi bildirilir. Bu rəvayətlərdən biri İngiltərə və Fransada daha geniş yayılıb. Hər iki versiyadakı hadisənin oxşarlığı insanda şübhə doğurur. Bu hadisələr, həqiqətən də, baş verib, yoxsa orta əsr insanlarının xurafatından yaranıb?

Deyilənlərə görə, təxminən, 1100-cü illərdə kral Stefenin zamanında İngiltərənin Vulpit (Woolpit) kəndində yaşıldərili uşaqlar peyda olub. İngilis tədqiqatçı və yazıçı Harold Tom Vilkins “Uçan nəzarətsiz boşqablar” (“Flying Saucers Uncensored”) əsərində mövzu ilə bağlı yazıb: “XII əsrdə yaşamış rahib Tilbarli Gerveys  İngiltərənin Suffolk bölgəsindəki çuxurlardan birində möcüzəli şəkildə peyda olan uşaqlardan bəhs edib. Deyilənlərə görə, məhsul vaxtı kəndlilər tarlada işləyirdilər. Birdən yaxınlıqdakı çuxurların birindən sürünərək çıxan bir qız və bir oğlan görüblər. Uşaqların bədəni başdan-ayağa yaşıl rəngdə idi. Geyindikləri paltarın tikiliş və parçasını o zamana qədər heç kim görməmişdi. Kənlilər onları evlərinə aparıb. Uşaqlara yemək və su verilsə də, çiy maşı görənə qədər ac qalıblar. Hadisəni görən şəxslər uşaqların ya kosmosdan, ya da başqa dünyadan gəldiyini düşünüblər. Eyni hekayə rahibdən başqa üç monastr tarixçisinin də qeydlərində var. Bunlar Nyuborqlü Uilyam, Volsingam və Ciraydus Kembrensisdir”.

Vilkinsin yazdığına görə, uşaqlar sonralar digər qidalarla da bəslənilib. Uşaqlardan haradan gəldiklərini soruşanda belə deyiblər: “Biz müqəddəs Martin (Saint Martin) ölkəsindənik. Ölkəmizdə günəş yoxdur, sadəcə, günəşin zəif işığını görürdük. Bura gəlişimiz də qəfildən oldu. Biz həmişəki kimi heyvanlarımızı otarırdıq və birdən kilsə zənginə oxşayan, lakin ürküdücü səs eşitdik. Qaçmağa başladıq. Sonra da sizin tarlanıza gəlib çıxdıq”.

Yaşca kiçik olan oğlan çox yaşamayıb, qız isə getdikcə gümrahlaşıb və ingilis dilini öyrənib. Bir müddət sonra ona Lin adı verilib və xaç suyuna çəkilib.

1887-ci ilin avqust ayında İspaniyanın Banco (Banjos) kəndində mağaradan çıxan 2 yaşıldərili uşaq görüblər. Həmin an həm kəndlilər, həm də uşaqlar təəccüb içində olublar. Çəkikgözlü, üz cizgiləri zənciləri xatırladan bu uşaqlar növbəti 5 gün ərzində heç nə yeməyiblər. Halsızlıqdan və ya başqa səbəbdən oğlan ölüb. Qız isə çiy maşın tumunu  yeyib. Yaşıl uşaq gəldiyi ölkə haqqında maraqlı sözlər deyib. Onun dediyinə görə, ölkəsində günəş olmayıb, bizim dünyamızdakı günəşin uzaqdan işıqlarını görürmüşlər. Bir gün şiddətli fırtına zamanı qardaşı ilə birlikdə mağarada gizləniblər, sonra insan səsləri eşidib çıxışa doğru gəliblər. Mağaradan çıxanda isə kənliləri görüblər. Kəndlilər eşitdiklərindən narahat olublar və bir-iki gün sonra qızı həmin vaxt hakim işləyən Rikardo Kalnoya (Ricardo de Calno) təslim ediblər. Hakim xurafatlara inanmayan, realist bir insan idi. Buna görə də əvvəlcə qızın üzündəki yaşıl rəngi silməyə, onun adi insan olduğunu göstərməyə çalışıb. Lakin bütün cəhdləri uğursuz olub və bu uşağın başqa dünyadan gəldiyini qəbul edib. Qız 5 il ərzində insanlar arasında yaşamağa alışıb, hətta dərisinin rəngi də dəyişməyə başlayıb. Ancaq elə həmin dəyişiklik ərəfəsində ölüb.

Bu hadisəni araşdıran barselonalı ilahiyyatçı deyib: “Ağıl gücüylə bunu qəbul etmək mümkün deyil. Buna gör də səbəbini izah edə bilmirəm. Lakin eşitdiklərimə bütün qəlbimlə inanıram”.

1965-ci ildə Finlandiyada tanınmış iki şəxs Lumaki bölgəsindəki meşədə yaşıl rəngdə adam görüblər.

Qeyd edək ki, ingilis mifologiyasında yaşıl insanla bağlı əfsanələr çoxdur. Bu insanlar qeyri-adi varlıq kimi təsvir edilib. Bundan əlavə İngilərədəki kafe və restoranların bir çoxuna “Yaşıl adam” adı verilir.

Ümumiyyətlə yaşıl rəng müxtəlif mədəniyyət və inanclarda əhəmiyyətli rəngdir. İngilis inanclarına görə, yaşıl rəng həyatın və bərəkətin simvoludur. Orta əsr inanclarına görə isə, bu rəng cinlərin, cadugərlərin rəngi idi.

Qəmər Şahbaz