XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 12:35

Dünyanın sirli guşələri –Adəm zirvəsi

Adams-Peak-mountain-top-view

Şri-Lanka Hind okeanında yerləşən, möhtəşəm gözəlliyə malik bir ölkədir. Ərazidə fildən pələngə qədər müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şərait var. Ölkənin cənub və şərq hissəsi zümrüd, yaqut və sapfir ilə məşhurdur. Adanın cənubi-qərbində isə çay plantasiyalarının arasında dağ silsiləsi ucalır. Dağlardan biri 2243 metr hündürlüyünə olmaqla konusvari fomadadır və zirvəsində ayaq izi şəklində çüxur var. Həmin dağ “Adəm təpəsi” adlanır. O, təbiəti ilə tanınan Ratnapura bölgəsinin şimalında, Kolombo şəhərindən 8 km məsafədə yerləşir. Bu təpə müqəddəs məkandır və hər il minlərlə insan tərəfindən ziyarət edilir. Lakin bura dünyadakı bütün ziyarətgahlardan fərqlidir. “Adəm təpəsi” tək bir dinə məxsus deyil – buddizm, iudaizm, islam və xristianlıq üçün olduqca əhəmiyyətli yerdir.

Ölkədə insanların inancları fərqli olduğu üçün təpəyə cürbə-cür adlar verilib. Yerli xalq, yəni sinqallar təpəyə Sri-Pada deyirlər. Bu, sanskritcə dini addır. Mənası “müqəddəs ayaq” deməkdir. Müsəlmanlar ona “Adəm təpəsi” deyirlər. Digər adı isə Samanalakandadır. Bu adın iki cür izahı var – ya Tanrı Samanın adına, ya da köç vaxtı bura gələn kəpənəklərə görə belə adlanır. Kəpənək sinqal dilində “samanalaya”dır. Bəzi adlar isə keçmişdə deyilsə də, hal-hazırda istifadə edilmir. Məsələn, Ratnagiri (“ləl-cəvahirat təpəsi”), Samantakuta (“Samanın ayaq izi”), Svaqarohanam (“cənnətə dırmaşmaq”) və s.

Təpədəki ayaq izi buddistlərə görə Buddanın, induistlərə görə Şivanın, xristianlara görə İsa Məsihin həvarisi Tomasın, müsəlmanlara görə isə Adəm peyğəmbərindir.

Mənbələrə görə, ayaq izini ilk dəfə kral Valaqamba (e.ə 104-76) aşkarlayıb. O dönəmdən başlayaraq krallar hakimiyyətə gəldikdən sonra Sri-Padanı ziyarət ediblər. Onlar bütün yolu ac-susuz gedərək xalqa olan sədaqətlərini göstəriblər.

Adam’s-peak_Prathibha_13

"Adəm təpəsi"nə gedən yol

Kral Vicyabahu (1050-1110) hakimiyyətdə olarkən meşəni təmizlədib, dağa gedən yolda körpü və sığınacaqlar tikdirib. Kral Nissankamalla (1187–1196) isə ayaq izini ziyarət edib və qorumaq üçün çevrəsini möhkəmlədib. Sonrakı kralların zamanında isə Devapratiraca yolu salınıb və mütəmadi festivallar təşkil edilib.

Ərəb səyyahı İbn-Bətutə bura ilk gələn ilk müsəlman səyyah olub. O, 1344-cü ildə Seylon adasına gəldikdən sonra kral Battaladan təpəni ziyarət etmək üçün icazə alıb. Səyyah bütün ərazini gəzikdən sonra təpə haqqında geniş və izahlı qeydlər aparıb. Onun yazdığı məlumatlar dövrümüzə qədər gəlib çıxıb.  

İtaliyan səyyah Marko Polo, tanınmış kimyagər Hemfri Devinin qardaşı Con Devi də burada olub. Con Devi qeydlərində daş üzərində oyulmuş və ləl-cəvahiratla bəzədilmiş ayaq izindən bəhs edib. Hətta Makedoniyalı İsgəndərin də buraya gəldiyi iddia edilir.

Qeyd etdiyimiz kimi, bir çox dinlərdə müqəddəs hesab edilsə də, buddistlər və induistlər üçün bura məcburi ziyarətgahdır – islam dinindəki Məkkə ziyarəti kimi.

Ziyarətçilər metal pilləkənlərlə, təxminən, 12-16 saat qalxaraq təpəyə çatırlar. Bu ziyarət aprel ayında olur, çünki digər aylarda güclü külək, aramsız yağış və sıx dumana görə dağa çıxmaq mümkün olmur. Xüsusilə günəşin doğuşunu görmək istəyənlər çoxdur. Buna görə də gecə yola çıxıb səhər günəş çıxana yaxın ora çatmaq istəyirlər. Təpəyə çatmamış insanlar körpüdən keçir, lakin keçməzdən əvvəl paltarlarını dəyişib, yuyunma mərasimi keçirirlər.

“Adəm təpəsi”nin şəkilini çəkmək isə qadağandır. Buna görə də ayaq izini ancaq ziyarətə gedənlər görə bilir. Ayaq izinin uzunluğu 156 sm, eni isə 76 sm-dir. Təpənin düz yanında müsəlmanlar üçün ibadətgah var. Burada həmişə yanar şamlar qoyulur.

Qəmər Şahbaz