Peyvənd üsulu ilə bir ağacdan iki və daha artıq meyvə əldə edilidiyini bilirik. Amerikalı bir professor bu sahədə inanılmaz bir addım atıb. 40 fərqli meyvəni bir ağacda peyvənd edib.
Sirakuz Universitetinin incəsənət professoru Van Eyken (Van Aken) uşaqlıqdan ailəsi ilə birlikdə fermada yaşayıb və təsərrüfat işlərilə maraqlanıb. O öz ixtisası üzrə bildiklərini və fermada öyrəndiklərini birləşdirərək bəhs etdiyimiz 40 meyvəli ağacı ərsəyə gətirib.
Eyken 2008-ci ildə New-York əyaləti kənd araşdırma mərkəzindəki bir meyvə bağçasının ləğv ediləcəyini eşidib. Professor bunun nəticəsini yaxşı bilirdi – yerli meyvə növlərinin yetişdirildiyi 150-200 yaşında olan bu bağça içərisindəki nadir tapılan tingi və ağaclarla birlikdə tamamilə yox olacaqdı. Buna görə də Van Eyken bağçanı alıb və fərqli ağac növlərini bir gövdə üzərində peyvənd etməyə başlayıb.
Ağac 250 növ meyvədən ibarət idi və o, hər birinin çiçəklənmə dövrünü xüsusi dəqiqliklə hesablayıb əvvəlcə ağaca kök peyvəndi, iki il sonra isə göz peyvəndi edib.
Təxminən, beş ildən sonra “40 meyvə ağacı” layihəsi tamamlanıb. Bu ağacdan dünyada hələ ki 16 ədəd var. O, ağacları seçərkən bir-birinə uyğunluqlarını nəzərə alıb. Məsələn, hər ağacda qaysı, ərik, şaftalı, albalı və badam var. Ağaclar muzeylərdə, ictimai yerlərdə, xüsusi sənət kolleksiyalarında, yəni ölkənin hər tərəfində nümayiş olunur. İnsanlar Nyuton, Massaçusets, Paund Ridc, Nyu-York, Şort Hils, Nyu-Cersi, Bentonvil, Arkanzas, Sen Coz və Kaliforniyaya “40 meyvə ağacı”nı görməyə üz tutular.
Van Eyken müsahibələrindən birində deyib: “ İndiyə kimi gördüyüm ilk və ən önəmli sənət əsəridir bu ağac. Layihə genişlənəndə hiss etdim ki, sənayə və əkinçilikdə qida istehsalının müxtəlifliyi azalır. Bizə qalan bu qədim irsi getdikcə itiririk ”.
Bu ağaclar həm kulinariyada, həm də kənd təsərrüfatında böyük marağa səbəb olub.
Layihənin ən yaxşı tərəfi ağacın müxtəlif mövsümlərdə bar verməsidir. Meyvələr iyuldan oktyabr ayına kimi yığılır.
Qəmər Şahbaz