XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 11:08

XX əsrin Fərhadı –hindistanlı  Daştar Manji

dashrath-manjhi2

“Fərhad və Şirin” əfsanəsi Azərbaycan və şərq ədəbiyyatının klassik mövzusudur. Rəvayətdə Fərhadın Şirin üçün Bisutin dağını çapmağı unudulmaz bir eşq hekayəsidir. Lakin bu dünyada sevgisinə görə dağı yaran bir insan yaşayıb. Onun adı Daştar Manji (Dashrath Manjhi) olsa da, dünya onu “dağ adamı” kimi tanıyır.

Manji 1934-cü ildə Hindistanın şərqində Bihar əyalətində yerləşən kənddə kasıb bir ailədə anadan olub. Kəndin yolları yaxınlıqdakı Gehlour dağına görə çox əlverişdiz idi.

Manji 23 yaşında olanda dağın arxasındakı Dhanband kömür mədənində işləyib. Bir gün həyat yoldaşı Falguni Devi ona yemək apararkən qayalıqlardan yıxılıb və çox ağır yaralanıb. Dərhal həkim lazımm idi. Amma ən yaxın tibb məntəqəsi 55 kilometr məsafədə yerləşən qəsəbədə idi və oraya gedəcək hər hansı minik vasitəsi yox idi. Manji məcbur qalıb həyat yoldaşını qucağında xəstəxanaya aparıb. Lakin Falguni elə yoldaca keçinib. Hadisə 1957-ci ildə baş verib.

Manjhi-6

Gehlour dağı olmasaydı, qəsəbəyə gedən yol 15 kilometr qısalar və xəstəni həkimə çatdırmaq olardı.

Həyat yoldaşının ölümündən sonra sarsıntı keçirən Manji bir də heç kim onun yaşadığı faciəni yaşamasın deyə 1960-cı ildə dağı özü təkbaşına yarmağa başlayıb. Ona lazım olan çəkic və kəsici aləti almaq üçün isə həyətindəki yeganə keçini satıb.

Manji 1960-cı ildən 1982-ci ilə qədər dayanmadan hər gün işləyib. O, buldozerin 10 gündə görəcəyi işi 22 ildə əzab-əziyyətlə görüb.

Dağ adamı 2007-ci ildə dünyasını dəyişib. Gördüyü iş sayəsində onu bütün dünya tanıyır. Vaxtilə müxtəlif ölkələrdən jurnalistlər ondan müsahibə almaq üçün gəliblər. Müsahibələrinin birində deyib: “Həyat yoldaşım Falguni Devi mənə yemək  gətirərkən qayalıqlardan yıxılıb yaralandı. Onda mən adi mədənçi idim. Onun ölümündən sonra mən başqa adam oldum. Həmin gün qərara gəldim ki, bütün gücümlə qayaların arasından yol açacam. Sevgilim, həyat yoldaşımın məndəki cəsarəti alovlandırmışdı. Minlərlə kəndlinin təhlükəsizliyi düşüncəsi məni yorulmağa qoymurdu. İşləməyə başlayanda kənd camaatı mənə dəli kimi baxırdı. Amma bu məni daha da cəsarətləndirirdi”.

Daştar Manjinin həyat hekayəsi haqqında 2012-ci ildə “The man who moved the mountain” (Dağın yerini dəyişdirən adam) adlı sənədli film çəkilib. 2015-ci ildə isə “Manjhi the Mountain Man” (“Dağ adamı Manjini”) adlı bədii film çəklib. Filmdə onun obrazını hind aktoru Navazuddin Siddikvi (Nawazuddin Siddiqui) canlandırıb.

Bir neçə il əvvəl isə dünyaca məşhur hind aktyoru Amir Xan (Aamir Khan) Manjinin yaşadığı kəndə gedərək yenə də dünyanın diqqətini bu hekayəyə yönəltdi. Xan deyib: “O bizə heç nəyin imkansız olmadığını göstərdi. Onun hekayəsi inancın və cəsarətin hekayəsidir. Onun həyatından sonsuz ilham alıram”.

Manjini təkcə kəndlilərə yol düzəltmədi, eyni zamanda bütün dünyaya əzmin və iradənin gücünü də göstərdi.

Qəmər Şahbaz